booked.netbooked.net booked.net  

Avroviziya təmsilçimiz olmuş və həmişə soyunmaqla gündəmə gələn müğənni Səmra Rəhimli bu dəfə çox abırlı, ismətli sözlər söyləyib. Televiziya verlişlərinin birində qaynanasını öldürdüyünü bildirən Əfsanədən danışarkən Səmra bir sayta belə deyib: “Bir-birinin arvadına göz dikməyi türk seriallarına baxıb, öyrəniblər. Əsl biqeyrətlik budur. Ərin, uşağın varsa, mələksən demək deyil. İndi bir çox ərlilər ərsizlərdən betərdirlər”.

P.S. Bax buna deyərlər, dəlidən doğru xəbər. Zalımın qızı qızıl xırdalayır, mən ölüm. Amma bir məqamı deməyi Səmra yadından çıxardıb. Məsələn, Səmra deməli idi ki, ərli qadınlar başqa ailəli kişiləri yoldan çıxararaq, əxlaqsızlığı yayan elə o şou əhlidir də. Ailəsi, uşağı ola-ola, iş adamının oğlu Anarı arvad-uşağından ayırıb, özünə ər edən Röya Ayxan deyildimi? Ümumiyyətlə, başqasının ərinə, arvadına göz dikmək şou biznesin qızıl qaydalarından biridir. Şou əhli arasında kimin əli, kimin cibində olduğu bilinmir. Cəmiyyətə bütün əxlaqsızlıqları yayan, abır, ismətlərini çoxdan unudan, gənclərin mənəviyyatını korlayan məhz şou əhlidir.

***

Xalq artisti Tünzalə Ağayevanın sosial mediada paylaşdığı göbəyi açıq şəkli guya izləyicilərin marağına səbəb olub.

P.S. Mən başa düşə bilmirəm, burada marağa səbəb olan nə var axı? A başınıza dönüm, Tünzalənin ürəyi açıq olduğundan, göbəyi də açıq olur da bə... Allah Tünzalənin xasiyyətini kəssin. Zalımın qızının ürəyi o qədər açıqdır ki, ona görə də gah göbəyini, gah baldırlarını, gah sinəsini, gah da kürəyini açır. Bir gün də görəcəyik ki, Tünzalə xanım ümumiyyətlə, paltardan imtina etdi. Tünzaləyə nə var, ondan nə desən çıxar, mən ölüm. Ürəyi açıq olmaq da belədir də, adama yüz şəbədə qoşurlar.

***

Məlum olduğu kimi, sürücülərin qanını içən Bakı Nəqliyyat Agentliyi (BNA) bölünərək, bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), bir hissəsi Nəqliyyatın İntelektual İdarə etmə Mərkəzi isə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

P.S. Bu, başqa məsələ... Deməli, BNA-nı parçaladılar. Görəsən, ən yağlı tikə kimə düşdü? Deyəsən, yağlı tikə BŞİH-ə düşüb. Çünki adında bişirmək sözünə yaxın olan BŞİH BNA-nı bişirib həzm eləməkdə çətinlik çəkməyəcək. Nəticədə bir tikə çörək üçün çöllərə düşən yazıq taksi sürücülərinin də canları dincələcək.

***

İngiltərənin Ermənistandakı səfiri Con Qalaher babat qatıqlayıb. Bu Qalaher deyib ki, Dağlıq Qarabağ münaqişəsi hələ bitməyib.

P.S. Bu Qalaherdi, çalaherdi, nə bilim kimdi, yuxudadırmı, kordumu, “tpoy”dumu, nədimi bilmirəm. Bildiyim odur ki, bu Qalaher bədbəxt oğlu görmür ki, onun sevdiyi Ermənistan 44 günlük savaşda əvvəl geri verdi, sonra şalvara? Daha bitməmiş nə qaldı ki, ay erməni tulası? Həə... Xankəndini deyirsənsə, bir az səbrli ol, rəşadətli Azərbaycan Ordusu tezliklə sənin arzunu yerinə yetirib, o işi bitirəcək və onda Qarabağ münaqişəsini bitmiş sayarsan, a Qalaher...

***

Fevralın 7-də Ermənistana təhvil verilən 8 erməni hərbçisini İrəvana çatan kimi polisə aparıblar və 8 saat dindiriləndən sonra bəziləri barədə cinayət işi açılacağı bildirilir. İrəvanda hərbi əsrlərin incidilməsi o deməkdir ki, Ermənistan öz vətəndaşlarını yedizdirib, içizdirə bilmir. Onların Azərbaycan türməsində qalması, ermənilər üçün ən yaxşı azadlıqdır. Ermənilər açıq mətnlə bildirirlər ki, hərbi əsirlər onlara lazım deyil.

***

Sabiq millət vəkili Qulamhüseyn Əlibəyli Ermənistanla əlaqələrimizdən danışarkən mətbuata belə deyib: “Ermənistanla vasitəçisiz təmaslara keçmək lazımdır”.

P.S. Qulamhüseyn bəy düz deyir dayna... Erməniləri yıxıb, kürəyini yerə vuraraq, məsələni birdəfəlik həll etmək üçün Azərbaycan əsgərinin yengə nəyinə lazımdır? Bir də ermənilərin ağası rusların özlərinin belə bir məsəli var: üçüncü artıqdır.

***

Xəbər verilir ki, 2050-ci ilə kimi tam kor insanların sayı 3 dəfə artaraq, 120 milyona çatacaq.

P.S. Bu məlumatı yayanların özləri tamam kordurlar. Rəhmətliyin uşağı, 30 ildir erməni işğalında qalan torpaqlarımızı görməyən, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana fərq qoymayan, Qarabağ həqiqətlərini nəinki görməyən, hətta eşitməyən və BMT-nin 4 qətnaməsini görməzdən gələn Avropa dövlətlərinin başbilənləri hələ 30 il bundan əvvəl həm kor, həm də kar olublar. İndi görün belə korların sayı neçə milyonlarla ölçülür? Bu bədbəxtlər isə, utanmadan yazırlar ki, 2050-ci ildə korların sayı 3 dəfə artacaq. Ətiniz tökülsün elə.

***

Müğənni Nigar Camal instaqramda gecə geyimində şəkil və video paylaşıb. Bunu da izləyicilər babat tənqid ediblər ki, bəs belə görünüşü sənə yaraşdırmırıq.

P.S. Ayə, belə yazan izləyicilər Məşədi Kazımın ruhuna and olsun, savadsız və ağılsızdırlar. A qıvlasızlar, necə olur ki, Nigar Camalı gündüz nə elədiyini, nə dediyini, nə yediyini görüb, bilmək istəyirsiniz, amma sevimli müğənnilərinin gecə həyatı ilə maraqlanmaq istəmirlər? Sizdən soruşuram, niyə cavab vermirsiniz, ay izləyicilər? Hər kəsin sevimli sənətkarı olduğu üçün biz bilməliyik görək Nigar xanım gecə nə geyinir, kiminlə nə danışır, kimdən nə alır, necə yatır, necə durur və s. Bunların hamısını bilmək nigarsevərlər üçün olduqca vacibdir. Ona görə də imkan verin Nigar Camal gecə həyatını bütün gözəlliyi ilə bizlərə göstərsin dəə...

***

Aparıcı Zümrüd Bədəlovanın baldırları yuxarıyacan çöldə qalan paltarını nəzərdə tutaraq, bir sayt belə yazıb: “Zümrüd dərin yarıqlı libası ilə diqqət çəkib”.

P.S. Ətin tökülsün, a bunu yazan jurnalist. Rəhmətliyin oğlu, heç olmasa yaz ki, Zümrüd xanım imkansızlıqdan parçanı çox ala bilməyib və ona görə də donu tikdirərkən qabağ hissəsinə çatmayıb. Bu səbəbdən də yazığın baldırları düz yuxarıyacan çöldə qalıb. Elə sosial şəbəkədə yayılan şəkildən də görünür ki, Zümrüd xanım baldırlarının çöldə qalmasından əməlli-başlı utanır. Yazıq neyləsin, kasıbçılıq eyib deyil axı... Bu yerdə mərhum şair Söhrab Tahirin “Moddur indi” şeirindən bir bənd yada düşür:

Qız, gen biç qızın donun sən,

Qalxsın göyə don küləkdə.

Canın yansın paltar tikən,

Ətək beldə, bel kürəkdə.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN