Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru , professor Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi) 2003-cü ilin 29 sentyabrında Bakıda vəfat etmişdir.
Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953-1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.