Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Təsəvvür edirsinizmi, Vüqar Rəhimzadə Mətbuat Şurasının iclasında birbaşa dedi ki, belə edəndə bilmirsiniz ki, biri gəlib bıçağı soxar qırnınıza…”
Ötən həftəsonu Azərbaycan Mətbuat Şurasının Şikayətlər komissiyasının təcili toplantısı keçirilib. Toplantıda «Təzadlar»ın baş redaktoru Asif Mərzili də iştirak edib. İclasda qəzetin adının «qara siyahı»ya salınması qərara alınıb. Bəs buna səbəb nədir? Məsələyə münasibət bildirən Asif Mərzili ictimainezaret.som saytına bunları söylədi:
-Məsələnin kökü bəllidir. Hələ 2015-ci ildə məlum oldu ki, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Mirələm Həsənli rektor Ədalət Muradovun əsassız və qanunsuz olaraq universitetin adını UNEC kimi təqdim etməsinə etirazlı xidməti məktubla Ə.Muradova müraciət edib. Eləcə də təklif edib ki, universitetə vaxtilə bu binada təhsil almış görkəmli dövlət xadimi Heydər Əliyevin adı verilsin. Biz professor M.Həsənlini redaksiyamıza dəvət etdik, əməkdaşlarımız onun arqumentlərinin tam əsaslı olduğunu görəndən sonra bu barədə əsaslı yazı dərc olundu. Bundan sonra rektorun barəsində redaksiyaya ənənvi poçt və elektron formada şikayətlər gəldi. Ciddi ittihamlar olduğundan təbii ki, olaraq bu şikayət və materialları Ədalət Muradovun özünə şəxsən göndərdik, mövqeyini bildirməsini xahiş etdik. Hətta həmin materialda məxfilik pozulmasın deyə, rektora hörmət əlaməti olaraq həmin zərfi ona çox yaxın olan Prezident yanında AAK-da məsul vəzifə daşıyan bir şəxs vasitəsilə göndərdik. Ə.Muradov həmin dostuna bizə bu diqqətə görə minnətdarlıq etməklə qısa vaxtda yazılanlara qanun çərçivəsində münasibət bildirəcəyini demişdir….
-Mövqeyini bildirdimi?
-Xeyr. Əksinə, rektor Azərbaycanda ən nüfuzlu şəxsləri belə üstümüzə göndərdi ki, onunla işimiz olmasın. Belə vəziyyətlərdə qarşı tərəfə həmişə izah veririk ki, həmin materialı yazan və göndərən şikayətçi biz münasibət bildirməsək, başqa qəzet və ya saytlara göndərəcək, dərc etdirəcək. Yaxşısı budur qanuna müvafiq olaraq Ədalət Muradov da mövqeyini bildirsin… Amma etmədi, Prezidentin imzaladığı “KİV haqqında” qanunu saymadı… Həmin bu Mətbuat Şurasında başda millət vəkili, hörmətini həmişə əziz tutduğum Əflatun Amaşov olmaqla MŞ-ın əksər üzvləri də rektor Ədalət Muradovun xahişlərini ediblər. Adətən məmur başqa yollarla barəsində olan şikayətin çapının dayandırılmasına redaksiya səviyyəsində nail ola bilmirsə, dərhal kimsə başa salır ki, Mətbuat Şurasına müraciət etsin. Belə olanda dərhal təhlükə ilə qarşılaşdığımızı anlayırıq. Və oradan xahişlər gəlirsə ki, həmin şikayəti, məqaləni dərc etməyək, yaxud saytdan silək, açıq deyirəm, iradəmizin ziddinə də olsa, çalışırıq ki, bunu edək. Çünki Mətbuat Şurasının təzyiqləri KİV üçün olduqca təhlükəlidir…
-Axı bu nə “qara siyahı”dır ki, belə təhlükəli olsun?
-Təəssüflər olsun ki, cənab Prezidentin, eləcə də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xoş niyyətlə xeyir-dua verib fəaliyyətinə yaşıl işıq yandırılmış Mətbuat Şurası bu “qara siyahı” vasitəsilə KİV-lərə Sovet dövrünün senzurasından da pis formada qarşısına qırmızı işıq yandırır. Məsələn, bu siyahıya adı salınan KİV KİVDF-nin layihələrinə qoşula bilmir, mənzil almaq, mükafat almaq və s. kimi sosial hüquqlardan məhrum edilir. Təsəvvür edirsinizmi, tutalım, bir əməkdaşın yazdığı məqalədən MŞ-a şikayət varsa, həmin KİV-in bütün kollektivi bu görünməmiş qanunsuz və əsassız cəzaya məruz qoyulur…
-Yəni, qurunun oduna yaş da yanır…
-Bəli… Özü də MŞ-ın həmin “reket komissiyası” gerçəkdən dələduzluq etmiş hansısa birisi ilə hansısa məmuru arzuolunmaz formada tənqid etmiş KİV-i eyni “standart”larla cəzalandırır, müzakirəyə çıxarır. Əvvəla, barəsində hər şikayət edilən qurumu Vüqar Rəhimzadənin ifadəsi ilə desək, “reket” elan edib adını “qara siyahı”ya salsaydılar, onda gərək hər gün rayonundan Prezident Administrasiyasına onlarla, ayda yüzlərlə şikayət gələn icra başçıları “reket” elan edilsin… Bu nə qanunsuz və əsassız cəzalandırma, gözdənsalma üsuludur. Mən son bir ildə Rusiya, İran və Türkiyədə dövlət səviyyəli tədbirlərdə iştirak edirəm. Həmişə də KİV rəhbərlərindən Vüqar Rəhimzadənin “şikayət yazın, reket elan eliyək” məntiqli cəza üsulunu xəbər alıram. Bizə gülürlər… Deyirlər, kimsə rüşvət alırsa, o artıq cinayətkardır və bunun üçün hüquq mühafizə orqanları var, Mətbuat Şurasının bu məsələyə nə aidiyyəti… Təsəvvür edirsinizmi, Vüqar Rəhimzadə Mətbuat Şurasının iclasında birbaşa dedi ki, belə edəndə bilmirsiniz ki, biri gəlib bıçağı soxar qırnınıza… Bu nə çağırışdır???
-Deməli, rektor Ə.Muradov sonadək sorğunuzu cavablandırmadı…
-Bəli, təkrar edirəm, inadkarlıq etdi…
-Bəlkə həmin sorğunu cavablandıra bilmirdi?
-Sonradan başa düşdük ki, vəziyyət elədir. Çünki həmin ərəfədə universitetdən daxil olmuş şikayətlərdə yazılırdı ki, Ədalət Muradov rektor təyin edilərkən professor olmadığı halda, cənab Prezidentə təqdim edilən sənədlərində saxtakarlığa yol verilərək özünün professor olması barədə qanunsuz sənəddən istifadə etmişdir və s. Həmin şikayət məktubu və materialı yenə də Ədalət Muradovun özünə elektron qaydada və yazılı sorğu məktubu ilə göndərdik, özümüz araşdırmaya başladıq… Lakin Ədalət Muradov «KİV haqqında» Azərbaycan Respublikası Qanunun tələblərini yenə də kobud surətdə pozaraq sorğunu cavablandırmadı, əksinə, yenə də üstümüzə çoxsaylı minnətçiləri saldırdı. Ötən həftəsonu qalmaqallı iclasa sədrlik edən və qəzetin barəsində xüsusilə aqressivlik nümayiş etdirən Vüqar Rəhimzadənin, eləcə də Əflatun Amaşovun, Bəxtiyar Sadıqovun, Müşfiq Ələsgərlinin, Umud Mirzəyevin, Yadigar Məmmədlinin, Aydın Quliyevin diqqətinə sənədlərlə çatdırdım ki, biz qanunun tələblərinə uyğun olaraq, həmişə tələb etdiyiniz kimi, sorğu göndərmişik, cavab verilməyib. Ədalət Muradovun bütün minnətçilərinə də demişik ki, Prezidentin imzaladığı qanuna hörmətlə yanaşsın və sorğunu cavablandırsın. Sonra məcbur olub ona həmin qanunsuz doktorluq və professor diplomlarını vermiş Prezident yanında AAK-ın müvəqqəti sədr əvəzi Vəli Hüseynova sorğu göndərdik. V.Hüseynov da qanunu pozaraq, qəsdən sorğunu cavablandırmadı… Məcbur olub AAK-ı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə verdik. Məhkəmədə də aydınlaşdırıldı və bizə V.Hüseynovun cavab məktublarında da qeyd olundu ki, sorğuda tələb olunan cavab məlumatları AAK-ın rəsmi saytındadır, oradan götürə bilərik. Biz isə iddia tələbində AAK rəhbərliyinin yazılı cavab verməsini xahiş edirdik. Bütün bu proseslərdən, yəni KİV qanunvericiliyinin AAK səviyyəsində kobud surətdə pozulmasını görən, bu prosesləri izləyən Mətbuat Şurasının məlum komissiya üzvləri niyə bir dəfə də olsun məhkəməyə gəlmədilər və bizi yox, «KİV haqqında» Qanunu müdafiə etmədilər? Təsəvvür edin, KİV qanunvericiliyini saymayan, kobud surətdə pozan məmurlar haqlı çıxarılır, amma hansısa məmur haqqında bir neçə məqalə vermiş KİV günahkar hesab edilir. Bu nə yanaşmadır? Cənab Prezident ötən günlərdə bir daha bəyan etdi ki, Azərbaycanda sürətli şəkildə köklü islahatlar aparılmalıdır… Mətbuat Şurasının yaranmasının 15 ili tamam olub, hələ də 15 ilki düşüncə və yanaşma ilə işləyənlər var. Mən Mətbuat Şurasının yaranma təşəbbüslərində iştirak edən, fəaliyyət Proqramlarını dəstəkləyən, müzakirələrində fəal olmuş KİV rəhbərlərindənəm. İndi görürəm ki, vaxtilə söz və insan azadlığı uğrunda fədakarlıq etmiş, haqq səsini qaldırmış, 90 faizi keçmiş müxalifətçilərdən ibarət MŞ üzvləri indi KİV-i deyil, rektoru, məmuru müdafiə edir. Başa düşmürəm, Mətbuat Şurası “Məmurların Hüquqlarını Müdafiə Təşkilat”ıdır?” Necə olur ki, Prezident məmurları sərt tənqid edir, Mətbuat Şurası isə məmurların müdafiəsini qurur? Əgər Ədalət Muradov haqlıdırsa, niyə vaxtilə, elə son günlərədk onun, Vəli Hüseynovun xahişlərini edirdilər??? Onları buna məcbur edən nə olub axı? Bütün bunları iclas iştirakçılarının diqqətinə çatdırdım. Hətta bizə qarşı xüsusi aqressivlik edən Vüqar Rəhimzadənin diqqətinə onu da çatdırdım ki, «Vüqar müəllim, axı biz nə etməli idik? Niyə bizə qarşı bu qədər qəzəblisiniz?». O isə deyəndə ki, biz sizə qarşı nə vaxtdan qəzəbli olmuşuq? Dedim, «İzah edim: siz sonuncu dəfə mənə zəng vurub Ədalət Muradovun qanunsuz yolla əldə etdiyi doktorluq və professorluq diplomları ilə əlaqədar AAK rəhbərliyini məhkəməyə verəndə Vəli Hüseynovun xahişini etdiniz, hətta yazının saytdan silinməsini, Vəli Hüseynovdan əl çəkməyimizi tələb edib bizi hədələyəndə də mən sizə dedim ki, Vəli Hüseynov Ədalət Muradov barədə göndərilən sorğunu cavablandırmalıdır, biz saytdan yazı çıxarda bilmərik. Siz mənə hədələyici tonda dediniz ki, deməli, mənim sözümü yerə salırsınız??? Mən də dedim ki, biz qanunun hörmətə minməsini, məmurların qanunlarımızı saymasını istəyirik… Və bundan sonra sizin bizə qarşı münasibətiniz 360 dərəcə dəyişdi. Təbii ki, Vüqar Rəhimzadə bu sözləri eşidəndə MŞ üzvlərinin ona buna “Reket” hədəsi gələn komissiya sədrinin görünməyən əməllərini eşidəndə o, çox qəzəbləndi. “Siz indi məni şantaj edirsiniz???” deyəndə isə yadına tarixinədək saldım ki, SOCAR-la, Rövnəq Abdullayevlə bağlı nə qədər yazıları məcburən, iradəmizin ziddinə olaraq saytdan sildirdiyini, sonuncu dəfə isə iki dəfə zəng edib Vəli Hüseynovun xahişini etməsini boynuna aldı, etiraf etdi. Onun və bizdən Ədalət Muradovun xahişlərini edənlərin yadına “KİV haqqında” Qanunun 59-cu maddəsinin tələblərini də saldım.

-Həmin maddədə nə yazılır?
– Həmin maddədə yazılır: “Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət. Kütləvi informasiya vasitələrinin əməkdaşını (jurnalisti) informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən imtinaya məcbur etmək… Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər”.
Mən istəməzdim Vüqar Rəhimzadənin məlum hədələyici zənginin səs yazısını ictimailəşdirim. Amma Vüqar Rəhimzadə həmişə SOKAR-la bağlı problemli yazı olan kimi həmişə bizə zəng edib, yazının saytdan silinməsini, yəni jurnalist olaraq iradəmizin ziddinə getməyə bizi məcbur edib. Biz də etiraf edim ki, hər dəfə Mətbuat Şurası üzvlərindən gələn belə xahişli zənglərdən bax bu günkü iclasın qərarının olacağı qorxusundan çəkinərək susmuşuq, xahişlərini nəzərə almışıq.
-Bunları söyləyəndə iclas iştirakçılarının mövqeyi necə oldu?
-Təbii ki, xoş olmadı. Xüsusən də Vüqar Rəhimzadə üçün… Ən pisi odur ki, Azərbaycan Mətbuat Şurası uzun müddətdir məmurların müdafiəsini qurmaq uğrunda ixtisaslaşıb. Kimin reketçiliklə məşğul olduğunu deyə bilmərik, hər kəs öz əməlinə görə cavab verməlidir, bunun üçün hüquq mühafizə orqanı var, qoy günahkarı həbs etsin. Amma hər adi tənqidə görə məmurun müdafiəsinə qalxıb yetənə “reket” demək vicdandan çox uzaq işdir…Cənab Prezident hər bir çıxışında nöqsanları tənqid edir, Prezidentin dəstəyi ilə fəaliyyət göstərən Mətbuat Şurası isə tənqidi jurnalistikanın qarşısını alır, məhv edir. Bunu necə başa düşmək olar? Tanınmış media ekspertləri, xüsusən də professor Qulu Məhərrəmli dəfələrlə bəyan edib ki, Mətbuat Şurası məmur-KİV arasında körpü rolunu oynamalıdır, daha bir tərəfin tərəfini tutaraq digər tərəfi cəzalandırma yolu tutmamalıdır. Mətbuat Şurasında isə Prezidentə saxta məlumat verən rektor Ədalət Muradovun müdafiə edilməsi, onun sifarişi ilə bizə qara yaxılması bağışlanılmaz səhvdir. İclasda da deyildi ki, mən 2 həftə əvvəl MŞ-ın gizli toplantısı keçiriləndə Türkiyənin Kahramanmaraş şəhərində Xocalı abidəsinin və parkın açılışına getmişdim, özü də öz vəsaitim hesabına… Bunu xatırladanda Bəxtiyar Sadıqov ironiya ilə deyir ki, bəs niyə deputat Elman Məmmədovun parkın açılışına gedə bilmədiyini yazırsınız? Deyirəm ki, əvvəa, bu yazı deyil, DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədovun ictimainezaret.com saytına müsahibəsidir. İkincisi də, biz belə məlumatı niyə yaymamalıyıq? Yəni, MŞ İdarə Heyət üzvlərinin böyük əksəriyyətinin məqsədi budur ki, onların yaza bilmədiklərini biz yazırıqsa, qarşısı alınmalıdır, məmurlar müdafiə edilməlidir. İclasda onu da dedim ki, niyə mənim peşə fəaliyyətimlə bağlı mənzilim, avtomobilim yandırıldı, 2016-cı ildə Əflatun Amaşova müraciət etdim, məni yox, jurnalistikamızı müdafiə edərək bir dəfə də olsun iclas çağırmadınız? Belə çıxır ki, bura ancaq məmurların müdafiə meydanıdır?!
-Bu məsələyə nə dedilər?
-Heç nə… Əflatun Amaşov sakit təbiətli, humanist insandır, gerçəkdən böyük hörmətim var, özü də iclasda dedi ki, biz uzun keçmişdən mətbuatın azadlığı yolunda çətin yolları birgə keçmişik. Prezidentin köməkçisi, profesor Əli Həsənovun bu istiqamətdəxi xidmətləri danılmazdır. Əli müəllim ötən ilin oktyabrında Türkiyənin Kayseri şəhərində Xocalı heykəli və parkının açılışında məni görəndə təəccübləndi ki, mən bu qədər məsafəni necə gəlmişəm. Çünki orada keçirilən tədbirə gedib iştirak etmək, qalmaq, qayıtmaq böyük əziyyət, xərc tələb edir. Mən bunları Azərbaycan adına, Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək vermək üçün etmişdim. Həmin açılışdan hazırladığım yazı, sağ olsun, Vüqar Səfərlinin rəhbəri olduğu KİVDF-nin yazı müsabiqəsinin qalibi oldu, mükafatlandırıldım. Mətbuat Şurası isə Vəli Hüseynov, Ədalət Muradovla bağlı sonuncu qanunsuz xahişini nəzərə almadığımız Vqar Rəhimzadənin əli ilə “Təzadlar”ı cəzalandırır. Bir sözlə, ADİU rektoru Ədalət Muradov necə sifariş vermişdisə, hələ belə qızğın müdafiə və müzakirə görməmişdim… Mən ikinci dəfə fevralın 12-də Türkiyənin Kahramanmaraş şəhərində Xocalı parkının açılışında olan gün belə bir iclas çağrılımışdı və mənim Azərbaycanda olmamağımdan istifadə edərək məlum qanunsuz qərar vermək istəmişdilər. Sağ olsun, Əflatun Amaşovun, Rəşad Məcidin, Aydın Quliyevin, eləcə də MŞ Aparatının rəhbəri Şəmsəddin Əliyevin sayəsində həmin qanunsuz iclasın qarşısı alınmışdır. Lakin bizə böyük zərbə vurulmuşdur, belə ki, Vüqar Rəhimzadənin bu cəhdlərindən qorxuya düşən redaksiya əməkdaşları məcbur olaraq qəzetin bir nömrəsinin çapını dayandırmalı olmuşdular. Biz istədik ki, bu qanunsuz hərəkətdən cənab Prezidentə müraciət edək, prokurorluq orqanlarına şikayət edək, amma yenə də həmkarımızdır deyib, hələki bunu etmədik. Vüqar Rəhimzadə bizimlə elə davranır ki, sanki dövlət çevrilişinə görə həbs edilmişik… Bir daha xatırladıram ki, rektor Ədalət Muradov 1998-ci ildə Ukraynada doktorluq elmi işini müdafiə etsə də, doktorluq diplomu 16 il sonra- 26.12.2014-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında tanınmışdır. Halbuki mövcud Əsasnaməyə görə, doktorluq işi 10 il ərzində tanınmırsa, təkrar müdafiə edilməlidir. Dəhşətlisi budur ki, bundan bir ay əvvəl- 21.11.2014-cü ildə isə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında ona professor diplomu verilmişdir. Bu isə Azərbaycan Prezidenti yanında AAK-ın Prezident tərəfindən təsdiq olunmuş «Əsasnamə»sinin tələblərinə ziddir, sənəd saxtalaşdırma cinayətinin tərkib hissəsini yaradır. Vüqar Rəhimzadənin və ona bu işdə dəsdək verənlərin nəzərinə çatdırıram ki, Ə.Muradov məhz qanunsuz və əsassız olaraq professor diplomu əldə edəndən xeyli əvvəl Prezident cənab İlham Əliyevin sərəncamı ilə ADİU-ya rektor təyin olunmuşdur. Bu da prezidentə yalan məlumat verilməsi deməkdir. Hansı cəsarətlə??? Halbuki bu zaman Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin və eyni tarixli Fərmanla təsdiq olunmuş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (VII. Nostrifikasiya və təkrar attestasiya) 49, 50, 51, 52 və 53-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında AKK haqqında «Əsasnamə»nin və «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında» «Əsasnamə»nin tələblərinə görə isə, Ədalət Muradov əvvəlcə Ukraynada 1998-ci ildə müdafiə etdiyi doktorluq işi əsasında aldığı elmi dərəcə diplomunu AAK-da tanıtmalı idi, sonra isə ona professor diplomu verilə bilərdi. Bundan başqa, Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də qanunsuz yolla professor diplomu alsa da, o, hələ 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etməklə yüksək məbləğdə maaş almışdır. 15 il ərzində Azərbaycanın AAK-ı tərəfindən professor diplomu tanınmamış bir şəxs dövlət büdcəsindən külli miqdarda maaşı necə almışdır? Bu qeyd edilən məlumatlar AAK-ın və ADİU-nun rəsmi saytlarında öz əksini tapıb. Ədalət Muradov bu barədə sorğuları cavablandırmayandan sonra biz bu barədə yazmışıq. Günah işlətmişik, yoxsa qanunsuz iş tutmuşuq? Mətbuat Şurası isə məqalənin niyə yazılmasını, əsaslı olub-olmasını deyil, Ədalət Muradovun sadəcə, şikayət etməsini əsas tutub qərar verir. Adicə məhkəmələrdə belə hakim ilk növbədə şikayətin əsaslılığını araşdırır, sübutları toplayır. Niyə Ədalət Muradova demirlər ki, yazılan yalandırsa, buyur, təkzib et, sübut et!

Bu harasıdır, ADİU-nun rəsmi saytındaca yazılıb ki, Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AKK-da İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor adı verilmişdirsə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləmişdir? Axı, qaydalara və AAK-ın “Əsasnaməsi»nə görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilərlər. Ədalət Muradov isə 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq diplomunu yalnız 2014-cü ilin dekabr ayında AAK-da tanıtmışdır və bundan bir ay əvvəl qanunsuz olaraq professor diplomunu almışdır. Qoy indi Azərbaycanın KİV və hüquq ictimaiyyəti desin: kim haqlıdır??? Bizim günahımız nədir? Vüqar Rəhimzadənin Vəli Hüseynov və Ədalət Muradovla bağlı qanunsuz tələblərini yerinə yetirməmək??? Biz hətta müvafiq sənədləri toplayaraq Baş Prokurorluğa göndərmişik. Baş Prokurorluqdan bizə verilən cavab məktubunda da qeyd edilib ki, məsələ araşdırılır. Vüqar Rəhimzadənin məntiqi ilə, belə çıxır ki, jurnalist araşdırmasını dərhal dayandırmalıyıq. Nə üçün, niyə? Niyə Azərbaycan mətbuatı gözüqıpıq edilir? Ölkənin siyasi rəhbərliyi mətbuata hərtərəfli dəstək olur, MŞ-da özünə mövqe tutanlar isə əksinə, tənqidi mətbuatı bozğmaqla məşğuldurlar. Təkrar edirəm, kimsə cinayət əməli törədibsə, qanun qarşısında cavab versin, bu məsələyə Mətbuat Şurası niyə qarışmalıdır? Yox, əgər kiminsə hansısa yazıdan narazılığı varsa, qoy məhkəməyə müraciət etsin. Məlum iclasda da dedim ki, əgər deputat Bəxtiyar Əliyevin, rektor Ədalət Muradovun narazılığı varsa, məhkəməyə müraciət etsin. Etmirlər…
-Niyə?
-Ona görə ki, məhkəmədə hüquqşümaslar, peşəkarlar olacaq və şikayət araşdırılıb sübutlar toplananda məlum olacaq ki, deputat Bəxtiyar Əliyevin 1998-ci ildə müdafiə etdiyi və ermənilərlə qardaşlığımıza həsr olunmu. Namizədlik işi hansı səbəbdən yoxa çıxarılıb, tapılmır…
-Səbəb nə ola bilər?
-Biz araşdırmışıq və axtarmışıq, həmin namizədlik işi heç bir yerdə yoxdur. Prezident yanında AAK-a da sorğu göndərilib, yoxdur. Bizə verilən məlumata görə, hətta həmin namizədlik işini Rusiyada erməni əsillilər yazıb və orada görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyəti illəri sərt tənqid edilib və s. Bunlar bizə yazılan məlumatlardır. Amma Bəxtiyar Əliyev həmin dissertasiya işini ortaya çıxartmır ki, həqiqət bilinsin. Hətta Ziya Bünyadov prospektində 4 mərtəbəli binanın üzərinə “Psixologiya Elmi-Tədqiqat İnstitutu” sözü yazılıb. Bəxtiyar Əliyev əməkdaşımızı dəfələrlə qəbul etməkdən imtina edib, açıqlama vermir ki, bu institutun statusu nədir, AMEA-da qeydiyyatdan keçibmi, vergi ödəyicisidirmi??? Bu barədə də aidiyyəti dövlət qurumlarına, eləcə də Bəxtiyar Əliyevin namizədliyini müdafiə etdiyi Rusiya ali təhsil müəssisəsinə rəsmi sorğu göndərmişik… Vüqar Rəhimzadə belə bir məmurun şikayətini müzakirə edir, amma araşdırmaq istəmir ki, bu şikyətində B.Əliyev haqlıdırmı? Ola bilsin bu müsahibədən sonra, necə ki, Elşad Abdullayevin məlum əsassız şikayətindən sonra biz MŞ-ın əsassız qərarına cavab haqqımızdan istifadə etmişdik, dərhal Vüqar Rəhimzadə və Bəxtiyar Sadıqov AzTV-yə çıxaraq əməllərinə haqq qazandırmağa çalışdılar. Amma zaman 3 ildən sonra bizim haqlı olduğumuzu ortaya qoydu, yəni o yalanların ömrü heç 3 il də çəkmədi. Onu da deyim, Vüqar Rəhimzadənin bizə qarşı aqressivliyinin bir səbəbi də budur ki, redaksiyaya Prezident Yanında AAK-ın 6 komissiya üzvü olan professorların imzası ilə cənab Prezident İlham Əliyevə ünvanlı, surəti “Təzadlar” qəzetinə göndərilmiş şikayət daxil oldu. Araşdıranda məlum oldu ki, AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov qurumda olmazın qanunsuz əməllərlə məşğuldur. Onları bir-bir sadalamaq əsaslandırılmış yazı dərc olundu. Vüqar Rəhimzadə məndən təcili olaraq bu yazıları saytdan silməyi tələb etdi… Sən demə, Vüqar Rəhimzadənin həmin vaxt AAK-da doktorluq işi keçməli imiş Və birdən Akademik Ramiz Mehdiyevin sədrliyi ilə AAK-da təcili iclas keçirilir, Vəli Hüseynov vəzifəsindən kənarlaşdırılır, AAK-a yeni tələbkar rəhbərlik gəlir. Bu səbəbdən də Rəhimzadənin doktorluq işinin müdafiəsi təxirə salınır… Vəli Hüseynovu biz işdən çıxarmamışıq ki! O, əməllərinin qurbanı olmuşdu…
-Mətbuat Şurasının əsassız və qanunsuz bu qərar və islasından harasa şikayət verəcəksinizmi?
-2009-cu ildə Mətbuat Şurası bizə qarşı oxşar qanunsuz addım atmışdı, o vaxt da həmin işə rəhbərliyi Vüqar Rəhimzadə etmişdi. Onlar bağlanmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin şikayəti əsasında onun xeyrinə olmuş bir yazını bəhanə edərək bizə qarşı qanunsuz və əsassız qərar çıxarmışdılar. Ardınca da Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıçın MŞ-a müraciətini bəhanə edin qəzetin adını “qara siyahı”ya salmışdılar. Buna səbəb o idi ki, (2008-2009-cu illərdə Abdulla Gül Prezident olanda Ermənistana futbol yarışına da baxmağa getmişdi), Türkiyə Ermənistanla sərhədi açılmaq istəyirdi. Prezident İlham Əliyev böyük siyasi jest edərək belə olarsa, Türkiyə ilə münasibətlərə yenidən baxılacağını bəyan edərək Türkiyəyə növbəti səfərini təxirə salmışdı. Azərbaycanın bütün KİV-ləri Türkiyə rəsmilərinin məlum hərəkətinə pis münasibət sərgilənən yazılar dərc etmişdi. Belə bir məqamda Hulusu Kılıç “Azərbaycan” nəşriyyatına gələrək Türkiyə rəsmiyyətinin bəlli addımına qarşı yazan KİV redaksiyalarını gəzib onlara hədiyyələr paylamışdı. Biz bu hədiyyələri həmin KİV-ləri ələ almaq kimi qiymətləndirmişdik. Səfirin MŞ-a xahiş müraciəti Bəxtiyar Sadıqov başda olmaqla, Vüqar Rəhimzadə və bəziləri üçün göydəndüşmə oldu və qəzeti cəzalandırmaq üçün fürsət tapmışdılar. Biz bəyanatla çıxış edərək Prezidentə, digər qurumlara müraciət etdik. Və sonra məni səfirliyə dəvət etdi, məlum oldu ki, səfir MŞ-a bizi cəzalandırmaq üçün deyil, məlum mövzuda sərt yazmamağımız üçün müraciət edibmiş… Sonra MŞ-ı məhkəməyə verdik, 3 il məhkəmə prosesi getdi. ABŞ Departamenti 2010-cu il üzrə mətbuat və söz azadlığı hesabatında (hesabat jurnalı “Təzadlar”a da göndərilib, redaksiyada var) MŞ-ın bizə qarşı bu cür hərəkətinə qarşı 3 səhifəlik yer ayrılmışdır. Mətbuat Şurasının son iclasında da dedim ki, vaxtilə belə bir iclası rektor Elşad Abdullayevin hüquqlarının müdafiəsinə qurmuşdunuz, indi də rektor Ədalət Muradovun hüquqları canfəşanlıqla müdafiə edilir. Edin! Elşad Abdullayevin Fransadan üzü bəri Azərbaycan və Azərbaycan dövləti, Prezidenti əleyhinə nə işlərlə məşğul olduğunu bilirsiniz… Elə olmasın ki, iki həftədən, bir aydan… sonra eyni mənzərə ilə qarşılaşasınız və təəssüf hissi keçirməyəsiniz. Amma biz yenə də Vətənimizdəyik, dövlətimizləyik! Bilirsiniz niyə: çünki bizim bir vətənimiz var, onların iki vətəni. Onlar birində pul qazanırlar, o biri vətənlərinə isə dara düşəndə qaçırlar… Vüqar Rəhimzadənin yaydığı tələm-tələsik məlumatında yazılır ki, “Sözügedən nəşr barədə (“Təzadlar”.Red.) Azərbaycan Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub, həmçinin qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb”. Yuxarıda dedim, PA-ya icra başçılarından, məmurlardan hər gün minlərlə şikayət gəlir. Milli Məclis şikayətlərin təsnifatı ilə bağlı qanun qəbul edib, insanların şikayət yazmaq Konstitusion hüquqdur. Barəsində hər şikayət olunana cəza tətbiq olunsa, onda gərək PA-nın məsul işçiləri iş-gücünü atıb hər gün “qara siyahı” tərtib etməklə məşğul ola, məmurların sosial və digər hüquqları məhdudlaşdırıla. İlk növbədə araşdırılmalıdır ki, bu şikayət əsaslıdırmı? MŞ isə bəzi məmurların diktəsi ilə içləyir. Qayıdıram sualınıza, artıq ölkənin ən tanınmış 20-yə yaxın vəkilindən və tanınmış ziyalılardan, xarici ölkələrdəki çoxsaylı ziyalılardan bizə dəstək var. Bəli, məsələ o həddə gəlirsə, məhkəməyə verəcəyik. Məhkəmədə bütün sübutlarımızı ortaya bqoyacağıq ki, bizə qarşı silah kimi istifadə edilən məqalələrdə nə doğru deyil, “KİV haqqında” qanunun hansı tələbini pozmuşuq. Əksinə, məlum olacaq ki, kimlər “KİV haqqında” Qanunun 59-cu maddəsinin, digər maddələr, eləcə də Konstitusiyamızın hansı maddələrində təsbit olunan söz və insan hüquqlarımız kobud surətdə pozulub. Lazım gəlsə, Avropadan, Rusiyadan, Türkiyədən… də ekspertləri də bu proseslərə dəvət edəcəyik… Nədənsə, söhbətimizin bu yerində tanınmış iqtisadçı alim, ADİU-nun professoru Şamil Qafarovun neçə il əvvəl Almaniyada çap olunmuş “Pulun diktaturası” kitabı yadıma düşdü… İnanın ki, sonda həmişə ədalət zəfər çalıb! Ədalət Muradovlar yox… Bu bir həyat fəlsəfəsidir…
Dinlədi: Sadiq