16 Fevral 2026 / 14:46

Orbanın əsas rəqibi Ukraynaya qarşı Aİ ölkələri ilə gizli sövdələşmədən danışıb

Macarıstanın müxalifət lideri Peter Magyar Polşanın Baş naziri Donald Tusk və digər Avropa liderləri ilə Ukraynanın Avropa Birliyinə (AB) sürətləndirilmiş qoşulmasını dəstəkləməmək barədə razılığa gəldiyini bildirib.

Tezadlar.az xəbər verir ki, o, bunu sosial media platformasında yazıb.

“Biz Polşanın Baş naziri və digər liderlərlə razılaşdıq ki, Ukraynanın Aİ-yə sürətləndirilmiş qoşulmasını dəstəkləmirik”, – deyə siyasətçi bildirib və bunun yaxşı qarşılandığını qeyd edib.

Onun sözlərinə görə, Aİ liderlərinin əksəriyyəti hesab edir ki, bütün namizəd ölkələr bloka qoşulmazdan əvvəl meyarlara cavab verməlidir.

Magyar həmçinin qeyd edib ki, Macarıstan qanunsuz miqrasiyaya qarşı sərt mövqe tutacaq və bu mövqeyə avropalı tərəfdaşları etiraz etməyib.

Bir müddət əvvəl Macarıstanın Baş naziri Viktor Orban Ukrayna lideri Vladimir Zelenskini ölkənin seçki kampaniyasına müdaxilə etməkdə günahlandırıb və Ukraynanın Avropa Birliyinə (AB) daxil olmasının qarşısını alacağına söz verib. O, Zelenskinin Budapeştin Ukraynanın Aİ-yə sürətləndirilmiş qoşulmasını dəstəkləmədiyi üçün Macarıstan hökumətinə qarşı çıxdığını iddia edib.

Baş nazir xatırladıb ki, 2025-ci il referendumunda macarların əksəriyyəti Ukraynanın Aİ-yə daxil olmasına qarşı səs verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!