Pokrovskın süqutu cəbhəyə az təsir göstərəcək; əsas təhlükə başqa yerdədir – “The Telegraph”

Sırf hərbi baxımdan Rusiyanın Pokrovskdakı qələbəsi döyüş meydanında dönüş nöqtəsindən daha çox təbliğat uğuruna bənzəyir

Təxminən 17 ay davam edən ağır döyüşlərdən sonra Rusiya Pokrovskı ələ keçirmək üzrədir.

Tezadlar.az xəbər verir ki, “The Telegraph” qəzetinin köşə yazarı Samuel Ramaninin yazdığına görə, Pokrovskın süqutu qısa müddətdə cəbhədəki dinamikaya az təsir göstərsə də, müharibə zamanı Ukraynanın əhval-ruhiyyəsi və birliyi üçün nəticələr daha əhəmiyyətli ola bilər.

Rusiyanın Pirrik qələbəsi

Nəşrin məlumatına görə, hərbi analitiklər arasında üstünlük təşkil edən fikir budur ki, Moskva Pokrovskda böyük itkilər üzündən Pirrik qələbəsini əldə edib.

Eyni zamanda, hərbi baxımdan Rusiyanın Pokrovskı ələ keçirməsinin açıq-aşkar taktiki üstünlükləri olacaq. Pokrovsk Donetskin qərb hissəsində əsas logistika mərkəzidir. Dəmir yolu xəttinin mövcudluğundan əlavə, Pokrovsk şərqdən Kostyantinivka və Donetskə, qərbdən isə Dnepr və Zaporojyeyə aparan yolların kəsişməsində yerləşir: “Ukraynanın Pokrovskdakı məğlubiyyəti Rusiyaya görünməmiş bir lojistik üstünlük verəcəkdi. Ukrayna qoşunları artıq mövqelərinə çatmaq üçün təhlükəli ərazidən 10-15 kilometr keçmək məcburiyyətində qalır və yaralıları cəbhə xəttindən təxliyə etməkdə çətinlik çəkirlər.”

Lakin strateji baxımdan mənzərə aydın deyil. Müharibə Tədqiqatları İnstitutu qeyd edib ki, Rusiya artıq 2025-ci ilin iyul ayında Ukraynanı Pokrovskdan lojistik mərkəz kimi istifadə etmək imkanından məhrum edib və şəhərin ələ keçirilməsi bu uğuru yalnız cüzi dərəcədə artıra bilər. Ukrayna həmçinin Slavyansk və Kramatorsk üzərində möhkəm nəzarəti saxlayır. Bu o deməkdir ki, Kreml Donetskə tam nəzarət etmək məqsədinə çatmaqdan çox uzaqdır.

Əsas təhlükə başqa yerdədir

Sırf hərbi baxımdan Rusiyanın Pokrovskdakı qələbəsi döyüş meydanında dönüş nöqtəsindən daha çox təbliğat uğuruna bənzəyir, lakin Ramani qeyd edir ki, bunun tamamilə yalan olduğunu iddia etmək səhv olardı: “Rusiya Pokrovski ələ keçirməklə Zelenski ilə yüksək rütbəli hərbi rəhbərlik arasındakı gərginliyi daha da artıra və Ukraynanın onsuz da zəifləmiş əhval-ruhiyyəsini daha da sarsıda bilər.”

Analitik xatırladır ki, Baxmutun müdafiəsi Zelenski ilə o vaxtkı Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında gərginliyi daha da artırıb. Zelenski “Baxmut qalası” strategiyasına sadiq qalıb və əmin idi ki, şəhərdə qalmaqla Ukrayna qoşunları rusiyalı həmkarlarına qeyri-mütənasib dərəcədə ağır itkilər verəcəklər. Zalujnı Ukrayna işçi qüvvəsi uğrunda mübarizənin kəskinləşməsinin qarşısını almaq üçün Baxmutdan taktiki geri çəkilməni dəstəklədi: “Cəbhə xəttindəki vəziyyətlə tanış olan Ukrayna mənbələri ilə əlaqələrimə əsasən, oxşar mübarizə Pokrovskda da davam edir… Ukrayna ordusunun ali komandanlığı qüvvələrinin 1000 kilometrlik cəbhə xətti boyunca çox az səpələndiyindən qorxur. Zelenski qətiyyətlə Pokrovskda “heç kimin xarabalıqlar naminə ölməyə məcbur edilmədiyini” bildirsə də, bu sözləri taktiki geri çəkilməyə çevirməməklə hərbçiləri qıcıqlandırdı.”

Ramani qeyd edir ki, Pokrovskın yaxınlaşan itirilməsi – saatlarla davam edən elektrik kəsintiləri, Qərbin qeyri-sabit yardımı, elektrik sektorundakı yüksək səviyyəli korrupsiya qalmaqalı və hərbi xidmətdən yayınan ukraynalı kişilərin kütləvi mühacirəti ilə birlikdə – “Ukrayna əhval-ruhiyyəsini işğalın ilk günlərindən bəri ən aşağı nöqtəyə endirib.”

Pokrovsk – Son xəbərlər

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski rusların Rusiya prezidenti Vladimir Putinin Pokrovsk və Kupyansk şəhərlərini ələ keçirmək üçün verdiyi son tarixə əməl etmədiklərini bildirmişdi. O, əlavə etmişdi ki, son tarix yenidən təxirə salınıb.

Eyni zamanda, “ISW” qeyd edib ki, ruslar artıq Pokrovsk-Mirnoqrad aqlomerasiyasında daha geniş Ukrayna körpü başlığını mühasirəyə almağa cəhd etməkdənsə, Pokrovsk şəhərini ələ keçirməyə tam diqqət yetirirlər.

E.ŞİRİNOV

 

Xəbəri paylaş

Xəbər lenti