Dillər Universitetinin rektoru Kamal Abdulla bəzi dilçilərin Azərbaycan dilinin rus və ingilis dilində danışanların sayəsində əldən gedəcəyi və s. kimi fikirlərinə cavab verib ki, əgər 3-5 adamın yad dildə danışması ilə Azərbaycan dili itib-batacaqsa, elə dünəndən batıb getsə yaxşıdır…
Professor Saleh Məmmədov K.Abdullanın bu qənaətinə dair maraqlı fikirlərini səsləndirib:
– Çox dəqiq diaqnozdu, təşəkkür edirəm hörmətli professor Kamal Abdulla bəyə. Bu dil min illər boyu ərəb, fars, rus və s. basqısı altında öz bütövlüyünü qoruyub saxlayaraq tam müstəqilliyə gəlib çatıbsa bundan sonra 3-5 nəfərin başqa dildə danışması ilə özünü itirməsi mümkün deyil. Bu əsil müdrik ziyalı baxışıdı, mütəxəssis dünyagörüşüdü. Bu dövriyyədə gəzən “boş ziyalı”lara da tutarlı cavabdır. Bu dil xalq tərəfindən formalaşıb və əsasən başqa xalqların alimləri-zİyalıları tərəfindən elmi cəhətdən formalaşmışdır. 10 min illərlə tarixi olan dilimizin ilk klassik yazılı elmi dərsliyinin müəllifi də bu millətdən deyil, hazırda virtual- rəqəmsal Azərbaycan dili dərsliyinin müəllifi də bu millətdən deyil. İlk klassik Azərbaycan dili dərsliyinin müəllifi böyük insan, ruhu şad olsun Ćernyayevski A.O.. Bütün Azərbaycan xalqı bu insana borcludur elmi dilimizi yaratdığına görə. O zaman ərəb qulları – mollaların qorxusundan bir nəfər Azərbaycanlı çıxmadı ki, molla üsyanını yatırsın və dilimizin elmi dərsliyini yaratsın. İndi də eyni situasiya yaranıb, qalstuklu mollalar rus, ingilis və ya başqa dildə danışanların ovuna çıxıb, amma rəqəmsal Azərbaycan dilinin smart dərsliyinin yazılmasını bu dəfə Amerikalılar yazır: GOOGLE, MİCROSOFT …
Dil canlı orqanizm kimidir, gərək gündəlik qidalandırasan, başqa dillərlə müqayisəsini aparasan, yeni sözlər gətirəsən, daimi təkmilləşdirərəsən. Bunun üçün isə nə qədər mümkündürsə daha çox dil öyrənmək lazımdır. Hər hansı dili öyrənmək və daimi yaddaşda saxlamaq üçün gərək o dildə də daimi danışasan. Bu bədbəxt, cahil qalstuklu mollalar elə bilir ki, başqa dildə danışanlar keyfindən danışır. Yalnız azı iki dildə danışan adamlar bilir ki, bir dili bir neçə ilə istifadə etməsən o tamamilə yaddan çıxacaq. Dili öyrənməyin birinci şərti onda danışmaqdır. Bizim üçün ingilis və rus dillərini öyrənmək məcburiyyət halına gətirilməsi daha yaxşı olardı. Bu millətin sürətli inkişafı və digər qohum xalqlarla qovuşmağa kömək edəcək
***
Bəli, əcnəbilərin dilini bilməyimiz nəinki yaxşı haldır, həm də çox yaxşı haldır. Amma bu o demək deyil ki, məsələn, rus dilində danışmaq Azərbaycan dilinin məhvinə gətirib çıxaracaq…
A.Məmmədli