17 Fevral 2026 / 03:38

Rusiya, ABŞ və Ukrayna danışıqları qapalı qapılar arxasında keçiriləcək

Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar qapalı qapılar arxasında keçiriləcək.

Tezadlar.az bildirir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat verib.

“Media nümayəndələrinə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlarda iştirak etmək qadağandır”, – İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Media üçün InterContinental Otelinin qarşısında mətbuat mərkəzinin yaradıldığı da dəqiqləşdirilib.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov növbəti danışıqlar raundu üçün Cenevrəyə gedən Rusiya nümayəndə heyətinin Moskva və Vaşinqton arasında Ankoric sammitində əldə edilən razılaşmalar çərçivəsində hərəkət etmək üçün dəqiq təlimatlar aldığını bildirmişdi.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Moskva, Kiyev və Vaşinqton arasında danışıqların yeni mərhələsi 17 və 18 fevral tarixlərində keçiriləcək.

Fevralın 5-də Moskva, Kiyev və Vaşinqton arasında Əbu-Dabidə keçirilən danışıqlarda Ukraynada atəşkəs mexanizmlərinin müzakirə olunduğu açıqlandı. Danışıqlar əvvəlki 23-24 yanvar tarixlərindəki danışıqlarda olduğu kimi, mətbuatın iştirakı olmadan qapalı qapılar arxasında keçirildi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!