Bu səhər ruslar Odessa vilayətinin Çornomorsk şəhərindəki bazara dronla zərbə endirib, iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə Odessa Xüsusi Əməliyyatlar Komandanlığının rəisi Oleq Kiper məlumat verib.
İlkin məlumatlara görə, iki nəfər ölüb, daha yeddi nəfər yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.
“İtkilər barədə məlumatlar dəqiqləşdirilir”, – Kiper əlavə edib.
Zərbə nəticəsində şəhər meydanına, mağaza vitrinlərinə və şəxsi nəqliyyat vasitələrinə ziyan dəyib. Partlayış dalğası yaxınlıqdakı kollecin pəncərələrini sındırıb.
Xilasedicilər və bütün müvafiq xidmətlər hadisə yerində işləyir.
Şahidlər sosial mediada bildiriblər ki, dron kartof satıcısının maşınına çırpılıb və çöldə bir sıra insanlar dayanıb. Onlar iddia edirlər ki, dron qəsdən ruslar tərəfindən hədəfə alınıb.
Rusiyanın Ukraynaya hücumu
Bu gecə Rusiya Kiyevə və ətraf bölgəyə böyük dron və raket hücumu həyata keçirib. Paytaxtda dörd nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Dnepr, Podolski, Şevçenkivski, Solomyanski, Qoloseyevski, Svyatoşinski, Darnitski, Desnyanski və Obolonski rayonlarında təxminən 30 yaşayış binasına ziyan dəyib.
Həmçinin, bu səhər rus işğalçıları Sumı şəhərinə doğru “Tsirkon” gəmi əleyhinə raketi atıblar. Atış Krım ərazisindən həyata keçirilib. Hərbi Hava Qüvvələri Komandanlığının rabitə rəhbəri Yuri İqnat bildirib ki, Rusiya artıq bu raketlərdən bir neçə dəfə istifadə edib. O, rusların “Tsirkon” raketlərinin real döyüş şəraitində necə işlədiyini öyrənməsi ehtimalını istisna etmir.
E.ŞİRİNOV
