15 Dekabr 2025 / 16:27

Rusiyanın ən böyük neft emalı zavodlarından biri dron hücumu səbəbindən bağlandı

Ötən  cümə günü Ukrayna dronları tərəfindən hücuma məruz qalan Rusiyanın Yaroslavl bölgəsindəki (Moskvadan 250 km məsafədə) “Slavneft-YANOS” neft emalı zavodu yanacaq istehsalını dayandırıb. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, yanğın zavodun tutumunun üçdə birini təşkil edən AVT-4 qurğusuna ciddi ziyan vurub. Neft yükləmə dayağı da zədələnib. “The Moscow Times” qəzetinin məlumatına görə, Rusiyada ən böyük beş zavoddan biri olan və “Rosneft” və “Qazprom”a məxsus olan bu neft emalı zavodu dekabr ayında istehsalı dayandıran ikinci böyük neft emalı zavodu olub. Keçən il zavod 2,6 milyon ton benzin, 4 milyon ton dizel yanacağı və 4,7 milyon ton mazut istehsal edib. Bir həftə əvvəl, ildə 8,5 milyon ton tutuma malik “Rosneft”in “Sızran” neft emalı zavodu da dron hücumu səbəbindən neft emalı əməliyyatlarını dayandırıb.
Xatırladaq ki, Ukrayna DTX-nin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzindən qalxan uzaqmənzilli dronlar Lukoil-Nijnevoljskneft şirkətinə məxsus Filanovski neft platformasına da zərbələr endirib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!