Siyarto Macarıstan nümayəndə heyətinin Moskvaya səfərinin məqsədini açıqlayıb

Macarıstandan böyük bir nümayəndə heyəti sanksiyalardan sonrakı dövrdə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya gedir.

Tezadlar.az bildirir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə səfərdən əvvəl Facebookda məlumat verib.

“Müharibə bitdikdən sonra qlobal iqtisadiyyat normal vəziyyətə qayıda biləcək və beynəlxalq ticarət münasibətlərində yeni, nəhəng imkanlar açılacaq. Sanksiyalar həmişə bizimlə olmayacaq”, – diplomat qeyd edib.

Buna görə də Macarıstan yeni dövrdə güclü başlanğıc mövqeyi tutmağa hazır olmalıdır. Siyarto yekun olaraq bildirib ki, nümayəndə heyəti məhz buna görə Moskvaya səfər edir.

Bir müddət əvvəl Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyinin 2030-cu ilə qədər Ukraynanı birliyə qəbul etməyi planlaşdırdığını və bunun Rusiya ilə birbaşa hərbi münaqişəyə səbəb ola biləcəyini bildirmişdi. O, həmçinin xatırladıb ki, bir AB üzv dövlətinin ərazisindəki münaqişə avtomatik olaraq digər AB ölkələrini ona qoşulmağa məcbur edir.

Daha əvvəl Orban qarşıdakı günlərin Ukrayna münaqişəsi üçün həlledici və ən təhlükəli günlər olacağını bildirmişdi.

E.ŞİRİNOV

Xəbəri paylaş