Sosial ədalətin bərpası, kriminalistikada şəxsiyyətin eyniləşdirilməsi

Oxunma sayı: 33

Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində qanunvericiliklə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, qanunvericiliklə nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

Hüquqi şəxslərə tətbiq edilən cəza növləri

Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:

         cərimə;

         xüsusi müsadirə;

         hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;

         hüquqi şəxsi ləğv etmə.

Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur.

Cinayət prosesində kimlər fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs;
  • 14 yaşına çatmamış zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh.

Ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya əqli gerilik nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər.

Məhkəmə öz hüquqlarını və vəzifələrini yenidən müstəqil həyata keçirmək qabiliyyəti əldə etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyətini bərpa edir.

Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

Kriminalistik xətşünaslıq nədir?

Kriminalistik xətşünaslıq – istintaq zamanı əlyazma və imzaların tədqiqini əhatə edən kriminalistika sahəsidir.

Onun əsas məqsədi:

  • Yazının müəllifini müəyyən etmək;
  • Saxtakarlıq faktlarını aşkar etmək;
  • Digər hüquqi məsələlərin həllinə kömək etməkdir.

Əlyazmaların xətşünaslıq tədqiqatı kriminalistik ekspertizanın ən geniş yayılmış növlərindən biridir.

Xətşünaslıq tədqiqatının obyektləri aşağıdakılardır:

  • Əlyazmalar (məktublar, gündəliklər, ərizələr və s.);
  • Qısa qeydlər;
  • İmzalar və paraflar;
  • Rəqəm yazıları.

Şəxsiyyətin eyniləşdirilməsinin məqsədi

Şəxsiyyətin eyniləşdirilməsi məqsədilə xəttin xüsusiyyətləri ilə yanaşı, yazı nitqinin əlamətlərindən də istifadə oluna bilər.

Dırnaq izlərinin cinayətin açılmasındakı rolu

Dırnaq izləri cinayətlərin açılmasında, xüsusilə şübhəli və digər şəxslərin eyniləşdirilməsində mühüm rol oynayır. Dırnaq izləri canlı şəxslərin bədənində, meyitin üzərində və ya bərk olmayan predmetlərdə (gildə, plastilində, şokoladda, yağda və s.) aşkar oluna bilər. Bu izlər adətən qarşılıqlı mübarizə və ya özünümüdafiə zamanı meydana çıxır.

Dırnaq izlərinin mövcudluğu, sayı və yerləşməsi hadisənin müəyyən detallarını aydınlaşdırmağa, istintaq və əməliyyat-axtarış tədbirlərinə istiqamət verməyə kömək edir.Hadisə yerində dırnaq izləri ilə yanaşı, dırnaq fraqmentləri (qırıntıları) və ya tam dırnaq nümunələri də aşkar edilə bilər.

Statitik və dinamik izlər

Dırnaq izləri görünən izlərdir və yaranma mexanizminə görə statik və dinamik izlər kimi təsnifləşdirilir.

Statik izlər obyektin səthinə təzyiq nəticəsində, dinamik izlər isə cırmaq və ya qazıma hərəkətləri zamanı yaranır.

Daktiloskopiyanın məqsədi

Daktiloskopiya insan əlinin, xüsusilə barmaqların kriminalistik tədqiqini aparan elmi sahədir. Daktiloskopiya sözü yunan mənşəlidir. “Daktylos” – “barmaq”, “skopeo” isə “baxıram, tədqiq edirəm” mənasını verir.

Cinayətlərin açılmasında ən vacib sübutlardan biri barmaq izləridir.  Barmaq izləri şəxsin barmaqlarının səth quruluşunu tam əks etdirir və eyniləşdirmə üçün dəqiq məlumat verir. Barmaq izləri unikal olduğuna və zamanla dəyişmədiyinə görə, onlar şəxsiyyəti müəyyən etmək üçün etibarlı sübut hesab olunur. Barmaq izləri vasitəsilə onu qoyan şəxsi müəyyən etmək və beləliklə, onun cinayət hadisəsi ilə əlaqəsini aydınlaşdırmaq mümkündür.

Hazırladı: Rövşanə

Xəbəri paylaş

18 Aprel