15 Dekabr 2025 / 08:39

Terrorçunu zərərsizləşdirən xəstəxanalıq oldu

Sidneydə Bondi Çimərliyindəki hücum zamanı silahlı şəxslərdən birini təkbaşına zərərsizləşdirən meyvə köşkü sahibi Əhməd əl-Əhməd güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Tezadlar.az bildirir ki, bu barədə əmisi oğlu Mustafa Seven News-a məlumat verib.

Daha əvvəl internetdə 43 yaşlı Əhmədin hücum edənlərdən birinə gizlicə yaxınlaşdığı, onu arxadan tutduğu, tüfəngini götürdüyü, silahlı şəxsə tuşladığı və sonra qaçan terrorçuya daş atdığı görüntülər yayılmışdı.

“O, xəstəxanadadır və içəridə nə baş verdiyini dəqiq bilmirik. Amma həkimlər onun yaxşı olduğunu dedilər. Növbəti iki saat ərzində Əhmədi görmək üçün içəri girməyə icazə veriləcək. O, hələ də əməliyyatdadır”, – Mustafa deyib.

Onun sözlərinə görə, iki uşaq atası olan Əhmədin xüsusi təlimi yoxdur və o, təsadüfən faciə yerində tapılıb. Terrorçu ilə qarşıdurma zamanı qolundan və ayağından iki güllə yarası alıb. Vəziyyəti stabildir, lakin əməliyyata ehtiyacı var.

Hadisə 14 dekabrda baş verib. Atışma nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb. Qurbanlar arasında uşaqlar və polis əməkdaşları da var. Silahlı şəxslərdən biri öldürülüb. Atışmanın şahidlərindən biri 40 atəş səsi eşitdiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!