“Təzadlar”ın Dövlət İmtahan Mərkəzinə qarşı apellyasiya şikayəti sərəncama götürülüb

Oxunma sayı: 24

Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənovun qanunsuz və əsassız qərardadına hüquqi qiymət verəcək…

Xəbər verdiyimiz kimi, fevralın 14-də Bakı İnzibati Məhkəməsində “Təzadlar” qəzetinin  Dövlət İmtahan Mərkəzinə qarşı inzibati iddiasına baxılmışdır. Məhkəmənin İş№-2-1(112)-17311/2024 saylı, 28.12.2024-cü il tarixli SƏRƏNCAM-ı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sübutlar hakim Orxan Həsənovun icraatına verilmiş, feralın 14-də Azərbaycan Respublikası İPM-nin 47-ci və 49-cu maddələrinə əsasən, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə iddia ərizəsinə Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənovun sədrliyi ilə baxılmışdır.

Hakim iddianın baxılmasının mümkünsüzlüyü barədə (e-2-1(112)-5911/2025 nömrəli iş üzrə) 14.02.2025-ci il tarixdə qanunsuz və əsassız qərardad qəbul etmişdir.  Redaksiya məhkəmənin həmin qanunsuz qərarından apellyasiya şikayəti vermişdir. Artıq Bakı Apellyasiya Məhkəməsi şikayəti icraata götürmüşdür. Məhkəmənin hazırlıq iclası aprelin 22-nə təyin edilmişdir.

***

Xatırladırıq ki, “Təzadlar” qəzetinin rəsmi nümayəndəsi Asif Mərzili apellyasiya şikayətində yazır: “Bildirirəm ki, Bakı İnzibati Məhkəməsi (İş № e-2-1(112)-5911/2025) “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, 14 fevral 2025-ci il tarixli qərardad qəbul etmişdir. Qərardad qəzetin rəsmi nümayəndəsi olaraq tərəfimdən dəfələrlə tələb edildikdən sonra mənə məxsus elektron məhkəmə portalına yalnız 17 fevral 2025-ci il tarixdə daxil edilmişdir.

Apelyasiya şikayətinin hüquqi əsasları:

Bakı İnzibati Məhkəməsi (hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq əsassız olaraq “İddia tələbinin mümkün sayılmaması” barədə Qərardad qəbul etmişdir.  Məhkəmə iddia ərizəsini və iş materiallarındakı digər sənədləri nəzərdən keçirmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq sübutları nəzərə almadan (gizlədərək) əsassız olaraq hesab edib ki, iddiaya baxılması mümkün sayılmamalıdır.   Məhkəmə iş materiallarındakı maddi prosessual sübutları deyil, cavabdehin məhkəmənin 14 fevral 2025-ci il tarixli hazırlıq iclasında mənə və məhkəməyə təqdim etdiyi “İddia tələbinə etiraz” məktubunda yazılanlara bir-bir istinad edərək qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə qərardadından sitat: “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda… iddia mümkün sayılır”. Məhkəməyə təqdim etdiyim həm iddia ərizəsində, həm də iddiaya əlavə edilmiş maddi prosessual sübutlarla inzibati orqan olan Dövlət İmtahan Mərkəzinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində qəzetin (jurnalistlərin) “Media haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarla qorunan hüquqlarının və media maraqlarının kobud surətdə pozulduğunu bildirmiş, bunu sübutlarla əsaslandırmışam. Lakin məhkəmə isə nümunə göstərdiyi İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərinə zidd olaraq qəzetin və jurnalistlərin qanuni maraqlarının pozulduğunu qəsdən nəzərə almamışdır. Belə ki, “Media haqqında” Qanunun 5-ci (Maddə 5. “Media azadlığı”) maddəsində yazılır: “5.1. Azərbaycan Respublikasında media azaddır.

5.2. Media sahəsində dövlət senzurası…

5.3. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır”.

Qanunun 6-cı (“Maddə 6. Jurnalist fəaliyyətinin təminatı”) maddəsində yazılır:

“6.1. Jurnalistlər müstəqillik, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər.

6.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

6.3. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir”.

Nəhayət, bu qanunun 17-ci maddəsində ((“Maddə 17. Məlumat almaq hüququ”), həmçinin “İnformasiya əldə etmək haqqında” Qanunun 24-cü maddəsində) deyilir:

“17.1. Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.

17.2. Dövlət orqanları (qurumları), bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər.

17.3. İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

17.4. Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir”.

Bakı İnzibati Məhkəməsinin icraatında olan iş materiallarındakı sübutlar bir daha göstərir ki, iddia tələbi təmin olunmalı və məhkəmə DİM üzərinə sorğunu cavablandırmaq öhdəliyini qoymalı idi. Mən təmsil etdiyim media subyektinin iddia ərizəsində xüsusi olaraq qeyd etmişəm və məhkəmənin hazırlıq iclasında da diqqətə çatdırmışdım ki, Dövlət İmtahan Mərkəzi rəhbərliyinin sorğumuzu cavablandırmaması qəzetin və jurnalistin “Media haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarda nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozulmasına, həmçinin peşə fəaliyyətinə ciddi maneçilik törədilməsi əməlidir. Çünki redaksiya əməkdaşlarının bu məzmunda hazırladığı araşdırma yazısının əsas predmetlərindən biri də DİM-ə göndərilmiş həmin sorğunun cavablandırılması idi. DİM rəhbərliyinin sorğunu cavablandırmaması peşə fəaliyyətimizə mane olmaqla yanaşı, qanunvericilikdə nəzərdə tutulduğu kimi, düzgün və dəqiq informasiya almaq hüququmuz üzərinə senzura tətbiqi və peşə fəaliyyətimizə ciddi maneçilik deməkdir.

Jurnalistin peşə fəaliyyətinə maneçilik Azərbaycan Cinayət Məcəlləsinin 163-cü maddəsində sanksiyalaşdırılıb. Həmin maddəyə əsasən, “…jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni jurnalisti məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya məcbur etmə 500 yüz manatdan min manatadək miqdarda cərimə və ya 1 (bir) ilədək müddətə islah işləri ilə cəzalandırma nəzərdə tutulub. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 (üç) ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya 1(bir) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

İNZİBATİ QANUNUN TƏLƏBLƏRİNİN POZULDUĞU HALLAR:

Qeyd edim ki, Azərbaycan Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında deyilir: “İddiaya baxılmasının mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd);

İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirməni səciyyələndirir (1.4-cü bənd);

Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin nəyi bildirməsindən asılı olmayaraq, məhz özünün xidməti vəzifəsinə görə yoxlamalı, qərar verməlidir (2.1-ci bənd);

Adı çəkilən qərarda, eləcə də Azərbaycan Respublikası İPM-nin tələblərində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını… yoxlamalıdırlar (2.3-cü bənd)”.

Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. O da nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Təəssüflər olsun, İnzibati-Prosessual Məcəllənin iddia tələbinə mahiyyəti üzrə qətiyyən dəxli olmayan maddələrini söz xatirinə Qərardadında təkrarlayaraq və hüquqi əsaslar olmadığı halda, ardınca iddianın mümkünsüzlüyünü əsaslandırmağa çalışmışdır. Halbuki mövcud qanunvericilik aktlarında aydın şəkildə yazılıb:  “Hüquqi maraq- şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir”. Təmsil etdiyim qəzetin iddia tələbində hüquqi maraq aydın şəkildə, sübutlarla, qanunvericiliyin üzərimizə qoyduğu vəzifələrin təsviri ilə ifadə edildiyi halda, Bakı İnzibati Məhkəməsinin hakimi tamamilə fərqli əsasları sadalamışdır.

Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılıdır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə, qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa, iddia mahiyyəti üzrə qiymətləndirilməlidir.

Çox təəssüflər olsun, məhkəmə iş materiallarını oxuyub təhlil etmədən, sübutları qiymətləndirmədən və nəzərə almadan, qabaqcadan özünü qanunsuz və əsassız qənaətə gəlməyə və buna uyğun qərardad qəbul etməyə kökləmişdir.

Bakı İnzibati Məhkəməsi Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən Qərarının tərəfimdən verilmiş iddia tələbinə heç bir aidiyyəti olmayan maddələrini sadalayaraq qeyd edir ki, “Hazırkı halda şəxsin hansı təhsil müəssisəsinə qəbul olunması barədə informasiyanın əldə edilməsinə yönələn iddiaya münasibətdə hər hansı hüquqi marağın mövcudluğu istisna edilməlidir”.

Axı mən yuxarıda hüquqi marağın nədən ibarət olmasını həm iddia ərizəmdə, həm də məhkəmənin hazırlıq iclasında aydın şəkildə məhkəmənin diqqətinə sübutlarla çatdırmışam. Hakim isə əsassız olaraq, “Məhkəmə və hakimlər haqqında” Qanunun tələblərini pozaraq məhkəmənin iclas zalında cavabdehə tutalqa verən sorğu-sualla məndən dəfələrlə soruşmuşdur ki, “Sizin bu məlumatı əldə etməkdə məqsədiniz nədir?”. Ardıncı eyni sualı mənə cavabdehin nümayəndəsi vermişdir. Sanki məhkəmə hakimi cavabdehin niyyət və məqsədini əsaslandırmaq üçün ona vəkillik edirdi, dəstək verirdi. Mən konkret sübutlarla və qanunvericiliyin tələblərini göstərməklə məhkəmənin diqqətinə çatdırmışam ki, “Tələbimiz DİM-dən hansısa informasiyanın istənilməsi də deyil, tələbimiz- Bağırov Nahid Rza oğlu adlı şəxsin özü tərəfindən vəzifə tutduğu dövlət qurumunun rəsmi saytında yayımladığı faktın təsdiqidir!” (Foto-1).

Burada hər hansı qəliz, yaxud mürəkkəb bir hüquqi məntiq varmı?

Məhkəmə qeyd edir ki, “Subyektiv hüququn mövcud olmaması baxımından da iddia mümkün iddia hesab edilmir”.

Niyə? Axı mən həm DİM-ə göndərdiyim rəsmi-yazılı sorğuda, həmçinin iş materiallarındakı mötəbər maddi sübutlarla aydın şəkildə izah etmişəm ki, mövcud subyektiv hüquqlar nələrdən ibarətdir! Bəli, qanunvericilikdə subyektiv hüququn tərifi verilib: “Subyektiv hüquq-şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Hazırkı növ məlumatın əldə edilməsinə münasibətdə məhkəmə hesab edir ki, şəxsin subyektiv hüququnun mövcudluğundan söhbət gedə bilməz”.

Axı bunun iddia tələbinə nə dəxli və iddia tələbinə nə aidiyyəti var? Sübutlar ki ortadadır.

Məhkəmə tamamilə əsassız, qanunsuz olaraq belə bir qənaətə gəlmişdir ki, “Hüquqi şəxsin mətbuat orqanı olması da, göstərilən növ məlumatın xarakteri nəzərə alınmaqla əldə edilməsinə hər hansı subyektiv hüquq yaratmır. Nəzərə alınmalıdır ki, şəxsin (barəsində məlumat istənilən N.Bağırovun.Red.) hər hansı, eləcə də ictimai əhəmiyyətli vəzifə tutması ona dair bütün növ məlumatların əldə edilməsinə subyektiv hüquq yaratmır. Şəxsin hər hansı təhsil müəssisəsinə qəbulu və buna dair əlaqəli məlumatlar iddiaçı üçün tələb edilməsinə münasibətdə subyektiv hüquqla ehtiva olmayan məlumat hesab edilir ki, göstərilən səbəbdən də iddia mümkün hesab edilməməlidir”.

Məhkəmə yalan olduğunu bilə-bilə, qəsdən “Şəxsin hər hansı təhsil müəssisəsinə qəbulu və buna dair əlaqəli məlumatlar iddiaçı üçün tələb edilməsi…” məsələsini qərardadının əsaslandırıcı hissəsində bildirir. Axı mən DİM-dən vətəndaş N.Bağırovun hər hansı təhsil müəssisəsinə qəbulu və ya buna dair əlaqəli məlumatların verilməsini xahiş etməmişəm. Məhkəmə bunları haradan uydurmuşdur??? Yəqinki məhkəmənin iclas protokolunun videoyazı görüntülərində də vardır ki, hakim sorğunun vərəqdə təqdim olunmasını istədi, mən məhkəmə zalında ona təqdim etdim, məzmununu da bildirdim. Təkrarən izah etdim ki, biz DİM-dən şəxs barədə hər hansı fərdi məlumatı, yaxud onun hansı Ali təhsil müəssisəsinə qəbul olunub-olunmaması barədə məlumat istəməmişik.

“Hüquqi şəxsin mətbuat orqanı olması da, göstərilən növ məlumatın xarakteri nəzərə alınmaqla əldə edilməsinə hər hansı subyektiv hüquq yaratmır…” deməklə məhkəmə niyə bu  qədər gülməli olsa, belə bir absurd nəticəyə gəlmişdir. Halbuki 1993-cü ildən nəşr edilən, Dövlət Reyestrində təmsil olunan, Beynəlxalq mükafatlara layiq görülən, Avropa Mətbuat Federasiyasının üzvü və Avropanın 38 ölkəsində akreditə hüququ alan, hüquqi şəxs- “Təzadlar” qəzetinin mətbuat orqanı olması, əksinə, onun tələb edilən məlumatın təsdiqini DİM-dən tələb etməsinə bütün prosessual hüquqları yaratmışdır! Həmin hüquqlar “Media haqqında” Qanunda ətraflı ifadə edilmişdir.

Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının diqqətinə çatdırıram ki, iddia tələbi tamamilə əsaslıdır. Çünki mən iddia tələbində vətəndaş N.Bağırovun özü tərəfindən təmsil olunduğu rəsmi dövlət qurumunun- İsmayıllı rayon İH-nin rəsmi saytında yayımladığı məlumatın DİM tərəfindən təsdiqini istəmişəm.

FAKTLARIN MÖTƏBƏRLİYİ VƏ İDDİA TƏLƏBİNİN ƏSASLILIĞI

Məhkəmənin diqqətinə çatdırıram ki, N.Bağırov özünün sosial mediada və İsmayıllı RİH-nin rəsmi saytında yayımladığı məlumatında bildirir ki, o, 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmişdir. Sorğulayaraq əldə etdiyimiz rəsmi cavab məlumatında isə yazılır: “Azərbaycan Beynəlxalq Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almışdır. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdir. 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə fəaliyyəti üçün yenidən lisenziya almışdır. Universitetdə bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutulmuşdur”.

N.Bağırov rəsmi məlumat lövhəsində yazır: “Bağırov Nahid Rza oğlu: 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub, orta təhsilini Bakı şəhəri 242 və 151 saylı məktəblərdə alıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirmişdir”.

Göründüyü kimi, o, 1997-ci ildə fəaliyyətə başlamış ABU-nu 1999-cu ildə bitirmişdir. Hansı ki, Nazirlər Kabinetinin və Ədliyyə Nazirliyinin qərarında ABU-da bakalavr təhsilin müddəti 4 il nəzərdə tutulmuşdur. Elə isə, şəxsə 2 ilə ali təhsil diplomu verilə bilməzdi.

Beləliklə, təqdim edilən və iş materiallarındakı maddi prosessual sübutlar bir daha təsdiq edir ki, iddia tələbi tamamilə əsaslıdır, iddiaya inzibati məhkəmədə baxılması mümkün sayılmalıdır.

Beləliklə, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq məhkəmədən

XAHİŞ EDİRƏM: – “Təzadlar” qəzetinin Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin (İş № e-2-1(112)-5911/-2025) iddia tələbinin mükünsüzlüyü barədə qəbul etdiyi 14 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin;

– İş materialları yenidən baxılması üçün ilkin baxış mərhələsinə qaytarılsın”.

Elçin Məmmədli

Xəbəri paylaş

22 Aprel