Unudulmaz dizibərk kişi: Feyruz Mustafayev!

Oxunma sayı: 166

(“Təzadlar”dan: bu yazı 2016-cı ildə çap olunub, qəzetin arxivində var. Lakin admin təzələndiyinə görə saytda itib. Oxucuların xahişi ilə bu gün yeniləməli olduq) 

…O, mənim ən sınanmış və inanılmış dostum olsa da xeyli vaxt idi görüşmürdüm. Bunun da iki səbəbi vardı. Bir səbəb o idi ki, biz ayrı-ayrı şəhərlərdə yaşayırdıq: Mən Bakıda o, Gəncədə məskunlaşmışdıq. Digər səbəb də hər ikimizin ahıllığı idi. Mən 77-ni, o isə 82-ni aşırırdı o yana.
Bu günlərdə xəstələnmişdi. Bakıya xəstəxanaya gətirmişdi oğulları. Onda yenidən gördüm, dostumu. Bir ildə çox dəyişmiş, xeyli qocalmışdı. Saçı-saqqalı ağarmış, üz qırışları dərinləşmiş, azman boyu qısalmış, beli azca bükülmüşdü. Əl ağacı söykənəcəyi, divar dirənəcəyi olmuşdu. Bircə dəyişməyən qırğı gözləri, qartal baxışları idi. Yox, deyəsən səhv etdim, bir də şirin dili, lətif danışığı, gümrah səsi idi. Onları ilk tanışlıqda necə duymuşdum, eləcə də qalmışdı. O, xəstəxanadan çıxan günü yenə Gəncəyə qayıtdı. Bakıda qala bilmir.
Gəncənin havası, suyu və bir də Xan çinarlarıdı… O çinar vüqarlı, çinar ömürlü kişini saxlayan bir də orada ömür-gün yoldaşı, ürək sirdaşı, dar gününün gərəyi, gen gününün örnəyi olan və indi də əri kimi qocalıb heydən düşən Şəfiqə xanımla qoşa, əl-ələ, baş-başa yaşayırlar.
Bilirsiniz haqqında söhbət açdığım, həyatının neçə-neçə, döngə-dönəminə bələd olduğum və indi də o acılı-şirinli, qayğılı-qəhərli illərin döngə-dönəmlərində xəyalən dolaşdığım şəxsiyyət, kimdir? O, bir zamanlar – xüsusilə də 70-80-ci illərdə səsi-sorağı respublikammıza darlıq edərək sərhədlərini aşan, qazandığı təsərrüfat nailiyyətləri ilə şöhrəti iqlim-iqlim dolaşan, şəkilləri İttifaq və Respublika qəzet və jurnallarından düşməyən, Sosialist Əməyi Qəhrəmanı, dəfələrlə respublika Ali Sovetinin deputatı seçilmiş Azərbaycan KP Mərkəzi Komitəsinin və Respublika Ali Soveti Rəyasət Heyətinin üzvü, neçə il şöhrətin zirvəsində dayanan və onu bu zirvəyə ucaldan Ulu Öndər Heydər Əliyevin cəsur əsgəri Feyruz Rəcəb oğlu Mustafayevdir.
***
İndi o xəstədir, həyatdan, zamandan, insanlardan incik və gileylidir. Nədəndi bu cəsur, həyatın hər üzünü görmüş, zamanın, dövrün ən ağır sınaqlarından çıxmış və özü də həmişə qalib gəlmiş mərd kişinin giley-güzarı? Bəlkə onun dolanışığı yetərincə deyil? Xeyr? O, belə xırdalığa getməz. Bir də özünün dediyinə görə yaxşı təqaüd alır və bu təqaüd onun rahat yaşayışı üçün gen-boluna bəs edir. Bəs onun nəylə bağlıdr narazılığı? Bilirik ki, hər hansı bir insanın qarşılaşdığı iki çətinlik var: maddi çətinlik və mənəvi çətinlik. Feyruz Mustafayevin narazılığı mənəvi yoxsulluqdur. İnsanların laqeydliyi, dönüklüyü, unutqanlığı, etibara və inama vəfasızlığıdır. Çünki həyata şüurlu qədəm qoyduğu gündən bəri, o, həmişə qohumcanlı, dostcanlı, elcanlı olub. Onun insanlara inamı da, sədaqət və etilbarı da həmişə başından yuxarıda dayanıb. Hay istəyənə hay verib, yıxılanın qolundan tutub, yol azana düz yol göstərib. Qəlbində, kinə, küdurətə, xəyanətə, xislətə yer verməyib. Sözü də özü kimi bütöv olub onun…
***
Feyruz Mustafayev qəribə taleli insanlardandır. O, həyatın və dövrü-zamanın bütün sınaqlarından keçib. Uşaqlığı çox ağır və məşəqqətli keçib. Yayda yaylaqda, qışla-qışlaqda böyüyüb. Onun atası Rəcəb kişi məşhur Qarabağ mülkədarı Hacı Mustafa ağanın oğludur. O, Hacı Mustafanın ki, onun qoyun sürülərinin, mal-qara naxırlarının, at ilxılarının və əkin sahələrinin qədəri hesabı bilinməyib. 1905-ci ildə Rusiya Dövlət Dumasına Azərbaycanın Qarabağ bölgəsindən nümayəndə seçilib. Deyilənə görə Çar II Nikolayın Qış Sarayındakı teatrımda Hacı Mustafa ağanın xüsusi  kreslosu olub…
Azərbaycanda qurulan Sovet hökuməti çoxları kimi, Hacı Mustafanın da ağalığına son qoyub, varı-dövləti əlindən alınıb, qohum əqrabası sürgünlərdə can çürüdüb. Balaca Rəcəb isə Qarabağdan Samux meşələrinə qaçıb Kürü salla keçərək Ceyrançöl qışlaqlarında mərhəmətli çobanların himayəsində yaşayıb və get-gedə bir növ köhnə Samux rayonunda Qırmızı Samux sovxozunda çoban işləyib. Orada evlənib, oğul-uşaq sahibi olub və omrü boyu da çobanlıq edib.
Balaca Feyruz lap uşaqlıqdan bir növ atasının köməkçisi olub və fitri istedadı ilə bütün sürünün qoyunlarını və quzularını bircə-bircə tanıyırmış. O, ibtidai və orta məktəbi də Qırmızı Samux sovxozunun mərkəzi malikanəsində bitirib və atası Rəcəb kişinin yanında işləmək istəyib. Buna görə də sovxozun direktoruna ərizə ilə müraciət edib.
Direktor Zülfüqar Həsənov onu başdan ayağa süzüb, kinayə ilə deyir:
-A bala, burda sənə veriləsi işim yoxdur get ayrı yerdə iş tap, özünə.
-Yox mən burda, bu sovxozda işləyəcəyəm.
Feyruzun bu sözü kişini əsəbləşdirir:
-Gəlsənə mənim yerimə direktor olasan?!
-Nə bilirsən, bəlkə bir gün direktor da oldum.
Z.Həsənovu od götürür və onu kabinetindən qovur…
Az sonra dostlarının xahişi ilə Feyruz  qoyunçuluq fermasına çoban köməkçisi, («Saqmanşik»), «üçotçik» (hesablayıcı) Çoban briqadirinə köməkçi briqadir olur. Əsgərlikdə Sov.İKP üzvlüyünə qəbul olunur, komsomol və partiya məktəblərində oxuyur. Rus dilini mükəmməl öyrənir. Gəncə Kənd Təsərrüfatı İnstitutunu qutardıqdan sonra Qırmızı Samux sovxozunda zootexnik, baş zootexnik işləyir və sovxoza direktor təyin edilir. Onda Feyruzun cəmi 25 yaşı vardı.
Feyruz direktor təyin ediləndə, başqa rayonda sovxoz direktoru olan və vaxtilə ona iş verməyib, qovan həmin Zülfüqar kişi, şəxsən Feyruzun  görüşünə gəlir və onu təbrik edərək o zaman Feyruzun dediyi: “Nə bilirsiniz, bəlkə burada nə vaxtsa mən direktor olacağam” – deməsini ona xatırladır.
***
Feyruz Mustafayev sovxoza direktor təyin ediləndə 1969-cu ilin yazı idi. Onun təşkilatçılığı ilə həmin il təsərrüfatda çoxlu yonca, arpa, vələmir əkdirir. Camaata çoxlu buğda paylayır. Kəndə asfalt yol çəkdirir, yeni – bərə körpüsü tikdirir. Sosial iaşə obyektləri açır.
…Həmin il qış çox sərt keçir. Bu səbəbdən də Ceyrançöl qışlaqlarında aclıqdan çoxlu qoyun tələf olur. Elə rayonlar olur ki, onun sürülərinin tən yarısı qırılır. Amma Qırmızı Samux sovxozunun 35 min qoyunundan birinin də burnu qanamır. Çünki Qış yemini – otu, yoncanı, qüvvəli yemi, arpanı hələ payızdan daşıtdırıb yığdırmışdı fermaların qapısı ağzına. Məhz bu təşkilatçılığın sayəsində həmin o çətin ildə sovxoz hər 100 baş qoyundan 120 sağlam quzu almışdı.
Bu yüksək təşkilatçılıq fəaliyyəti Azərbaycan KP Mərkəzi Komitəsinə birinci katib seçilən Heydər Əliyevin diqqətindən yayınmadı. Onun tapşırığı ilə Feyruz Mustafayev Xanlar rayonun Aqrar Sənaye Birliyinin rəisi kimi daha məsul vəzifəyə irəli çəkildi.
 Feyruz Mustafayevin gəlişi rayon Kənd Təsərrüfatında böyük dirçəlişə səbəb oldu. Ət və süd planları, heyvandarlığın və əkinçiliyin sənaye əsasında yenidən qurulması, mal-qaranın və qoyunların baş sayının artımı geniş vüsət aldı. Amma…
 Feyruz ürəkdən bağlandığı bu işdə də çox qalmadı. Rayon əhalisi onu Xanlar Rayon XDS İcraiyyə Komitəsinə sədr seçdi. Bu Feyruz üçün tamam yeni sahə idi. Burda əsas rolu insan amili oynayırdı. İnsana xidmət, özü də vicdanla, namusla xidmət ön plana keçirdi.
Xanlar rayonu əhalinin müxtəlifliyi baxımından başqa rayonlardan fərqlənirdi. Burada azərbaycanlılarla birgə, erməni, rus, yəhudi və digər millətlər yaşayırdı və hər millətin də öz milli psixologiyası, milli xarakteri və milli ənənəsi vardı. Gərək hər şeyə diqqətlə və ehtiyatla yanaşasan.
Rayonun bir fərqli xüsusiyyəti də ondan ibarət idi ki, onun ərazisi “Yeddi Qardaş” və Kəpəz dağlarından başlayıb ta Ceyrançölə, Eldar oyuğuna və Acınohura qədər uzanırdı. Həm də Gəncə kimi böyük şəhər Xanlar ərazisinin bir növ mühasirəsində idi və bu da çox zaman öz təsirini göstərirdi.
Digər tərəfdən də Xanlar rayonu kimlərinsə günahı ucbatından, sanki Azərbaycan yox, erməni rayonu idi. Burada çalışan rəhbər işçilərin demək olar ki, yarıdan çoxu erməni millətindən idi. Hətta birinci katib, II katib də erməni idi. Sənaye sahələrində də rəhbər vəzifələrdə ermənilər işləyirdi.
Bütün bu çətinliklərə baxmadan Feyruz Mustafayev işə daha böyük məsuliyyətlə yanaşdı. Bütün kəndləri bircə-bircə gəzdi, hər kəndin sosial problemlərini öyrəndi.
Kənd sakinlərinin arzu və istəklərini dinlədi və işə girişdi. Çox az vaxtda mövcud problemlər aradan qaldırıldı. Məktəblərin, uşaq bağçlarının, mədəni və sosial obyektlərin tikintisinə başlandı. Kəndlərə gedən yollar yenidən quruldu. O, Xanlar camaatına söz vermişdi ki, növbəti seçkiyə qədər götürülən öhdəlikləri, başlayan quruculuq və abadlıq işlərini tam başa çatdıracaqdır.
 Bu dəfə də onun başladığı işi yarımçıq qaldı. Günlərin birində Rayon Partiya Komitəsinin birinci katibini də, RXDS İcraiyyə Komitəsinin sədrini də Bakıya – MK bürosuna çağırdılar. Büro Rayon Partiya Komitəsinin birinci katibi Kasparyanı vəzifədən azad etdi.
«Feyruz Mustafayev daha böyük enerji ilə isə başladı, ilk əvvəl Heydər Əliyevin xüsusi tapşırığı ilə rayonu yad ünsürlərdən təmizlədi…»
Bu Heydər Əliyevin təşəbbüsü idi. Rayondakı “erməniləşmə” məsələsindən xəbəri vardı. Və onun da günahkarı uzun illər Xanlarda birinci katib işləmiş həmin Kasparyan idi.
Elə həmin büroda Heydər Əliyevin göstərişi ilə Feyruz Rəcəb oğlu Mustafayev Azərbaycan KP Xanlar Rayon Komitəsinin birinci katibi seçildi. Müzakirə zamanı Heydər Əliyev Feyruzdan soruşur:
Feyruz Mustafayev, bilirsənmi Xanlarda neçə erməni kəndi var?
Mustafayev dərhal cavab verir:
-Yeddi kənddir, Heydər Əliyeviç.
-Bəs nə qədər Azərbaycan kəndi var?
-Əllidən artıqdır.
-Bəs necə olur ki, rayon əhalisinin az qala 70 faizini təşkil edən azərbaycanlıların dövlət idarələrində sosial, iaşə sahələrində fəaliyyətləri gözə dəymir?
Heydər Əliyev sözünün ardını demir. Amma  Feyruz Mustafayev onun nə demək istədiyini havadaca tutur:
-Hər şey sizin istədiyiniz kimi olacaq, yoldaş Əliyev!
Heydər Əliyev Mustafayevin əlini sıxır:
-Təbrik edirəm. Gedin inamla işləyin. Partiyanın sizə göstərdiyi böyük etimadı doğruldun. Üzümçülüyün, heyvandarlığın, quşçuluğun sənaye əsasında inkişafına nail olun. Bu sahədə nəyə ehtiyacınız olsa, birbaşa mənə məlumat verin. Mən sizin təşkilatçılığınıza inanıram. Özüm də düz bir ildən sonra Sizin rayona gələcəyəm. Orada gördüyün quruculuq, tikinti və mədəni sosial sahəsində gördüyünüz işlərə şəxsən özüm qiymət verəcəyəm.
-Mən də partiyamızın mətin əsgəri kimi öz komandirimin strategiyasına, taktikasına və siyasi qüdrətinə inanıram, Heydər Əliyeviç!
…İki gündən sonra Xanlar Rayon Partiya Komitəsinin plenumu çağrılır və Feyruz Rəcəb oğlu Mustafayev Xanlar Rayon Partiya Komitəsinin birinci katibi və büro üzvü seçilir  (əvvəlcə də büro üzvü idi).
Feyruz Mustafayev daha böyük enerji ilə isə başladı. İlk əvvəl Heydər Əliyevin xüsusi tapşırığı ilə rayonu yad ünsürlərdən təmizlədi. Bacarıqlı, işgüzar, bilikli və savadlı azərbaycanlıları vəzifələrə təyin etdi. Heyvandarlığın, üzümçülüyün və quşçuluğun sənaye əsasında sürətli inkişafına başladı. Yeni südçülük, donuzçuluq kompleksləri, quşçuluq fabrikləri, kökəltmə birlikləri, yemçilik, toxumçuluq təsərrüfatları yaratdı. Xanlar Şərab və Konyak zavodları yenidən tikildi. Üzümçülük təsərrüfatlarında şərabın ilkin emalı müəssisələri quruldu. Kəndlərin sosial problemləri həll edildi. Dörd kənddə yeni məktəb binaları tikildi və s. və i.a.
Düz bir ildən sonra Heydər Əliyev vədinə əməl edib Xanlar rayonuna gəldi. Yeni tikilən heyvandarlıq komplekslərinə və donuzçuluq fermasına, kökəltmə birliyinə, şərab və konyak zavodlarına baxdı. Üzüm sahələrini gəzdi və hər yerdə yüksək əmək coşğunluğunun şahidi oldu. Və birinci katibin işindən və ictimai-siyasi fəaliyyətindən razı qaldı.
Ayrılarkən Ulu öndər Feyruz Mustafayevin əlini sıxaraq deyir:
Feyruz Rəcəb oğlu! Mən heç zaman zənnimdə yanılmıram. Sən doğrudan da çox cəsur, bacarıqlı və işgüzar partiya rəhbərisən. Mənə belə gəlir ki, siz bu rayona sığışmırsınız, elə deyilmi?
-Xanlar mənim doğma rayonumdur, Heydər Əliyeviç. Mən burada doğulub böyümüşəm. Əmək fəaliyyətimə də burada başlamışam. Və sizin rəhbərliyiniz altında müxtəlif vəzifələrdə işləmişəm. İndi də…
-Yaxşı, yaxşı, ögeylik, doğmalıq söhbətini salma, işlə. Amma mənim dediyimi də unutma. Sən doğrudan da çox şeyə layiq rəhbər işçisən.
 İki il sonra Heydər Əliyev dediyini elədi. Feyruz Mustafayevi Respublikada ən böyük üzümçülük, heyvandarlıq və taxılçılıq rayonu olan Şamaxıya birinci katib göndərdi.
***
…Həmin dövrdə Şamaxıda çox ağır, dözülməz vəziyyət yaranmışdı. Rayon Partiya Komitəsinin birinci katibinin rəhbərə yaraşmayan qeyru-qanunu hərəkətləri nəticəsində rayonun təsərrüfat, səhiyyə, maarif, təhsil, mədəniyyət, ticarət və sair sahələrində çatışmazlıqlar aşkar olunmuşdu. Elə bu səbəbə görə də Respublikanın bütün dövlət strukturlarının, – Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin Xalq Nəzarəti Komitəsinin, ayrı-ayrı nazirliklərin əməkdaşları rayona gəlib təsərrüfatlara, müəssisələrə səpələnmişdilər. Rayonda böyük qorxu, narahatlıq ab-havası var idi. Azı 500 nəfərdən artıq insan istintaqa cəlb olunmuşdu və onların sayı gündən-günə artırdı. Bu ağır şəraitdə işləmək qeyri-mümkün idi.
Feyruz Mustafayev dərhal Heydər Əliyevlə əlaqə saxlayıb, onunla görüşür. Gərgin vəziyyəti birinci katibə danışır və çəkinmədən bütün məsuliyyəti öz üzərinə götürərək, istintaq və nəzarət idarələrinin işçilərini rayondan çıxaracağını deyir və əlavə edir.
-Yoldaş Əliyev, əgər mənə inanıb etibar edirsinizsə, işin ən optimal variantı budur. Bir nəfərin yanlış siyasətinə görə 500 nəfəri gözükölgəli qoymaq olmaz. Tam arxayın olun… Kim günahkardır cəzasını alacaq.
 O, dərhal, rayona qayıdıb, bütün istintaqçıları rayondan çıxartdı. Adamlardan qorxu hissini götürdü. Ayıq başla, soyuq ürəklə hər şeyi yoluna qoydu. 500 adam əvəzinə vur-tut 15-16 nəfər istintaqa cəlb edildi. Və bütün qüvvələri rayonun təsərrüfat və sosial inkişafına yönəltdi. Çox az vaxtda – cəmi iki-üç il ərzində üzüm istehsalını 240 min tona çatdırdı, üzüm bağlarının sahələrini yeni məhsuldar sortlar hesabına xeyli genişləndirdi. Hər il rayonda, özü də dəmyə şəraitində, 80-100 min ton taxıl istehsal olundu. İribuynuzlu mal-qaranın sayı 25 minə, davarların sayı 240 min başa çatdırıldı. Ömrü boyu su üzünə həsrət qalan Şamaxının dəmyə torpaqlarının 20-25 min hektarı sututarlarda yaradılan 39 süni gölün hesabına suvarılan sahələrə çevrildi. Şamaxı şəhərinə  azı 40 kilometr aralıda olan “Qırx bulaq”dan içməli su, 18-20 kilometr uzaqdan axan “Qozlu çay”dan Mərəzə qəsəbəsinə su çəkdirdi. Şamaxı şəhərinin bir tərəfində dərin – çalanı torpaqla doldurtdurub orada geniş, bütün standartlara cavab verən stadion tikdirdi. Ağsu çayından dağlara, bağlara, əkin sahələrinə çox çətin şəraitdə suvarma və içməli su qaldırdı. Kəndlərdə, qəsəbələrdə yeni-yeni məktəblər, xəstəxanalar uşaq baxçaları, sosial və iaşə obyektləri inşaa etdirdi.
***
…Hazır şərab məhsullarını il boyu Bakıya daşımaq üçün böyük vaxt və güclü texniki vasitələr və enerji tələb olunurdu. Bu çətin işi də yoluna qoydu, Feyruz Mustafayev. Tiflis Bakı dəmir yolunun Padar stansiyasından Şamaxıya doğru 25 kilometrlik dəmir yol xətti çəkdirdi. Şamaxıdan yeni dayanacağa avtomobil yolu çəkildi və şərab birbaşa həmin dayanacağa daşındı. Beləliklə, şərabdaşımada vaxt itkisi azı beş dəfə azalıb, məsafə isə 100 kilometr qısaldı.
 Bu vüsəti görmək üçün Heydər Əliyev hər il Şamaxıya gəlir və hər gəlişi ilə də orada yaradılan bir yeniliklə qarşılaşıb sevinirdi.
Bu minvalla Feyruz Mustafayev Şamaxıda on il rayon partiya komitəsinin birinci katibi işlədi və sözün əsl mənasında, rayonu respublikanın ən gəlirli iqtisadi bölgəsinə çevirdi. Partiya və hökumət bu cəfakeş əmək adamının çoxsahəli fəaliyyətini yüksək qiymətləndirib Sosialist Əməyi Qəhrəmanı Fəxri adına layiq gördü və özünü isə Bakıya çağırıb Respublika Aqrar Sənaye Kompleksi sədrinin heyvandarlıq üzrə müavini təyin etdi.
«O, çalışırdı ki, istəyinə nail olsun və Heydər Əliyev yenidən hakimiyyətə gətirilsin…»
Daha sonra o, Respublika quşçuluq sənayesi baş idarəsinə rəis və Dağlıq Qarabağdan və Ermənistandan qovulan ailələrin yerləşdirilməsi üzrə yeni yaradılan Respublika Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinə sədr, həmçinin Azərbaycan Respublikası baş nazirinin müavini təyin edildi. F.Mustafayev ən çətin anlarda Respublika Nazirlər Kabinetinə rəhbərlik etdi. Həmin dövrdə Azərbaycanda çox acınacaqlı vəziyyət yaranmışdı. Bacarıqsız adamların təcrübəsizliyi, işbilməzliyi, baş verən hadisələrin həddən artıq gərginliyi respublikada əsl xaos “bezpridel” yaratmışdı. Mütəllibov prezident kürsüsündən qovularaq məcburi istefaya göndərilmişdi. Ermənilər Xocalıda  dəhşətli faciələr törətmiş, Şuşa və Laçın erməni qəsbkarlarının işğalına məruz qalmışdı. Belə bir çətin vəziyyəti ancaq və ancaq Heydər Əliyev kimi mətin insanlar düzəldə bilərdi. O, çalışırdı ki, istəyinə nail olsun və Heydər Əliyev yenidən hakimiyyətə gətirilsin. Amma hakimiyyətə Heydər Əliyev yox, yenidən Mütəllimov gətirildi və onun 14 saatlıq hakimiyyətinin ilk ağır zərbəsini də Feyruz  Mustafayevə vurdu. Hakimiyyət kürsüsündən, Milli Məclisin iclas salonunda əyləşən Feyruz Mustafayevə tərəf barmaq silkələyərək ucadan dedi:
-Bu çətin anlarda baş nazir Feyruz Mustafayev ölkədə “besprideli” aradan qaldırmaq, Şuşanın, Laçının müdafiəsini təşkil etmək əvəzinə siyasi oyunlarla məşğul olub. Heydər Əliyevi hakimiyyətə gətirmək istəyirdi. Bu andan mən, Azərbaycan Respublikasının Prezidenti kimi, Feyruz Mustafayevi Respublika Nazirlər Kabinetinin sədri vəzifəsindən azad edirəm və onun yerinə Rəhim Hüseynovu təyin edirəm. Çünki mən iki ay evdə oturanda, təkcə Hüseynov idi  məni yoxlayan və vəziyyətimdən xəbər tutan…
 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdanda, Feyruz Mustafayevi çağırıb, çox təkiddən sonra ona həmin dövrdə çətin və acınacaqlı sahə olan Azərbaycan Dövlət Taxıl Şirkətinə – “Azərtaxıla” prezident təyin etdi.
Onda doğrudan da ölkənin iqtisadi  vəziyyəti həddindən artıq gərgin idi. Azərbaycan Rusiya tərəfindən blokadaya alınmışdı. Təkcə Gürcüstan yolu açıq idi. Ölkədə ərzaq, xüsusən çörək çatışmırdı. Mağazaların önündə əhali saatlarla növbəyə dayanırdı.
Feyruz Mustafayev yenə də qolunu çırmayıb işə girişdi. Ağır şəraitdə Respublikaya xaricdən un və taxıl gətirilməsini qaydaya saldı. Amma…
***
…Burada da namərdlər ona işləməyə imkan vermədilər və taxıl prezidentindən Dövlət prezidentinə “donoslar” ötürməyə başladılar. 1994-cü il 4 oktyabr qiyamı ləğv edildi.
«…Mustafayev ayağa durub uca səslə dedi:
-Cənab Heydər Əliyev, möhtərəm prezident! Vəzifəmdən azad edib məni dövrənizdə cəm olan quldurlardan qurtardığınıza görə Sizə təşəkkür edirəm…»
 Surət Hüseynova dəstək verənlər işdən çıxarıldı. O cümlədən də kimlərinsə təkidi ilə Feyruz Mustafayev də tutduğu vəzifədən azad olundu.
Yaxşı yadımdadı, gərək ki, oktyabr ayının ortaları idi. Prezidentin yanında keçirilən iclas  birbaşa respublika televiziyası ilə transilyasiya edilirdi. Heydər Əliyev Feyruz Mustafayevin vəzifədən çıxarılması qərarını deyəndə, Mustafayev ayağa durub uca səslə dedi:
-Cənab Heydər Əliyev, möhtərəm prezident! Vəzifəmdən azad edib məni dövrənizdə cəm olan quldurlardan qurtardığınıza görə Sizə təşəkkür edirəm. Onlar mənim kimi, sizin də düşmənlərinizdir. Özünüzü qoruyun bu düşmənlərdən…
Heydər Əliyev təəccüblə Feyruz Mustafayevə baxdı:
-Hansı düşmənlərdən, Feyruz Mustafayev?
Mustafayev barmağını Rəsul Quliyevə, Fuad Quliyevə və daha bir nəfərə tuşlayıb dedi:
-Bax bu düşmənlərdən… Onların sizi məhv etmək qəsdləri var, -deyib iclası tərk etdi.
 Feyruz Mustafayevin proqnozu cəmi bir ildən sonra özünü doğrultdu. Ulu Öndər Heydər Əliyevin mətin iradəsi və siyasi gücü ilə onların biri xarici dövlətə sığındı. Biri Moskvaya qaçdı, üçüncüsü isə Bayıl türməsinə salındı.
 Həmin vaxtdan, ən yaxşı təşkilatçı, bacarıqlı təsərrüfat rəhbəri, əla mütəxəssis, torpağın və mal-qaranın dilini bilən, gözüyumulu hansı torpaqda hansı bitkinin yetişdiyini, əlini heyvan belinə çəkməklə onun yaşını, növünü, çəkisini müəyyən edən Feyruz Rəcəb oğlu Mustafayev işsiz qaldı. Əslində, ona iş yox, onun bilik və bacarığından istifadə lazım idi… O, 22 ildir bu vəziyyətdədir… Və o, ömrünün 82-ci baharını qarşılayır. Özü də dostdan, tanışdan uzaqda Gəncədə. Süleyman Vəzirov küçəsindəki xudmani evində.
Ömrü boyu həyatının ən çətin anlarında, əli işdən, qəlbi qurmaq, yaratmaq, insanlara imkanı daxilindən köməyini, qayğı-sayqısını əsirgəməyən qeyrətli, hünərli, təpərli bir kişi 22 ildir həyətindəki stulda oturub gözləri yol, ürəyi iztirab çəkir. Cənab Heydər Əliyev demiş, vaxtı ilə ona salam vermək üçün kəndarında növbəyə düzülən nankorlar isə bircə yol onu arayıb – axtarmırlar.
 Bu yerdə yadıma Feyruz Mustafayevlə bağlı bir hadisə düşdü. Mən təsadüfənmi və ya nədənsə bu hadisənin canlı şahidi olmuşam. Birinci katibin kabinetindəydik. Köməkçi məlumat velrdi ki, filan bölgədən bir mötəbər yoldaş gəlib.
-Qapıda saxlama, gəlsin içəri, -dedi.
Onu dərhal tanıdım. Vaxtı ilə bir rayonda katib işləyirdi. İndi Muxtar Respublikada nazirliklərin birinə rəhbərlik edir.
Feyruz Mustafayev dərhal yerindən qalxıb onu kabinetin ortasında qarşılayıb, əlini hərarətlə sıxdı və hövləng soruşdu:
-Səndən nə əcəb, dostum.
O isə cavab  vermək əvəzinə uşaq kimi hönkürdü.
Mustafayevi təəccüb qarışıq maraq bürüdü:
-Ayə, uşaq deyilsən. Kişi ağlamaz. Bir de görüm nə olub?
O hıçqıra-hıçqıra dilləndi:
Feyruz müəllim, ölmüşəm, məni yerdən götürün.
-Açıq söylə nə olub sənə?
-«Obkom»un birinci katibi məni işdən qovur. Kömək əlinizi uzadın. Qoymayın məhv etsin o, məni.
Feyruz Mustafayev bərk şaqqanaq çəkdi:
-Sağ olmuşun oğlu! Mən də deyirəm görəsən nə olub, – deyərək onun qoluna girdi. – Yol gəlib yorulmusan, əvvəl gedək çay içək, çörək yeyək, sonra…
Birlikdə raykomun yeməkxanasına getdik. Nahardan sonra həyətdəcə mənə dedi:
-Sən qonaq evində dincəl. Mən iki-üç saata qayıdıram.
O, həmin adamla maşına minib birbaşa Bakıya gəldi. Onu həyətdə qoyub MK-nin katibi Puqaçovun katibinin yanına gedir. Dostunun başına gələn hadisəni danışır.
Puqaçov da sağ olsun, Feyruz Mustafayevi  diqqətlə dinləyib, hökumət telefonuna əl atır.
«Obkom»un birinci katibinə salam verib, yek kəlmə deyir:
-Filankəslə işin olmasın. O, öz vəzifəsində işləməlidir!
***
…Dünən Feyruz Mustafayevin önündə uşaq kimi ağlayan həmin adam bu gün mötəbərlərin mötəbəridir. Necə deyərlər, qılıncının qabağı da kəsir, dalı da. Və kəsdiyi başın da sorğu-sualı olmur. Hamıya ağıl, bilik dərsi deyir. Özü də yaman yellidir, havalıdır. Ayağı yerə dəymir. Göylə gedir… Nankorların qaydası belədir. Bir vəzifəyə qalxıb, mövqeyə minən kimi gözü ayağının altını seçmir. Şübhəsiz ki, onun ağlından baş verən o hadisə çoxdan çıxıb və heç bilmir ki, Feyruz Mustafayev adında hünərli, təpəri, qüyrətli, qürurlu bir şəxsiyyət var imiş, ya yox?!
***
Böyük Azərbaycan şairi Şəhriyar necə də gözəl və müdrikcəsinə deyib bu hikməti: “Avropa bizdən ona görə qabaqdadır ki, orada həmişə işi iş bilənə tapşırırlar”.
Bir də onu deyib ki, böyük şair:
“Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı-sözlü “bəxtiyar” var imiş,
Odlar sönüb, onun odu sönməyib.
Fələk çönüb, onun çərxi çönməyib”.
Üzünə gələn təzə baharın mübarək, əziz dost! Qəm yemə. Onsuz da bu dünyanın şəfasından cəfası, aqilindən nadanı, yaxşısından yamanı daha çoxdur… Bunu da mən deyirəm.
Məmməd Əfşan
(18.03.2016, “Təzadlar”)
Xəbəri paylaş

30 Aprel