Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün teatrımızın ən parlaq və səmimi simalarından biri, uşaqların sevimli obrazlarını canlandıran, böyüklərin isə dramatik rolları ilə qəlbinə yol tapan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Prezident mükafatçısı Asya Atakişiyeva ilə həmsöhbətik. Rejissorluq təhsili alsa da, taleyin onu aktrisalıq sənətinə yönləndirməsi və bu yolda qazandığı uğurlar haqqında maraqlı söhbətimizi təqdim edirik.
• Asya xanım, siz Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmisiniz. Maraqlıdır, rejissor olmaq istəyən gənc xanımın aktrisa kimi fəaliyyətə başlaması bir təsadüf idi, yoxsa seçim?
Əslində, bu, olduqca maraqlı bir təsadüf idi. Universitetin dördüncü kursunda oxuyarkən atam məni rejissor Hüseynağa Atakişiyevin yanına apardı. Hüseynağa müəllim həm də mənim əmim idi. O, məni görəndə gülümsəyərək sadəcə bir cümlə işlətdi: “Niyə bu qədər gecikmisən?”
Ərizəmi yazanda dedi “yaz ki, aktyor ştatına qəbul olunmaq istəyirəm”. Düzünü desəm, mən elə bilirdim ki, bu, sadəcə sənəd üzərində olan rəsmi bir prosedur kimi qalacaq və mən rejissorluğa davam edəcəyəm. Heç ağlıma da gəlməzdi ki, sənət fəaliyyətimə həqiqətən aktrisa kimi başlayacağam.
• Siz həm də bir müddət Moskvada yay məktəbi təhsili almısınız. Bu təcrübənin yaradıcılığınıza təsirləri barədə bir az danışa bilərsiniz?
Bəli, Moskvada keçdiyim o qısamüddətli, lakin olduqca zəngin yay məktəbi təhsili mənim sənət həyatımda çox önəmli bir iz qoydu. Köklü ənənələrə malik Moskva teatr məktəbində, fərqli pedaqoqlardan dərs almaq bir aktrisa kimi dünyagörüşümü genişləndirdi. Orada biz müasir teatr texnikalarını, bədən dilini və psixoloji analiz metodlarını praktiki şəkildə mənimsədik.
Fərqli ölkələrdən olan həmkarlarımla təcrübə mübadiləsi aparmaq sənətimə daha qlobal bir pəncərədən baxmağa imkan verdi. Oradan qayıdanda qazandığım vərdişləri və yaradıcılıq enerjisini bu gün də səhnə fəaliyyətimdə tətbiq edirəm. Bu növ beynəlxalq təcrübələr aktyoru qəliblərdən çıxarır və daha cəsarətli eksperimentlər etmək üçün güc verir.
Bundan əlavə mən Qazaxıstanda “Beynelxalq akustik teatr məktəbi” də keçmişəm.
• İlk dəfə Teatrda işə qəbul olanda qarşınıza qoyulan ən böyük tələb nə idi?
Məndən tələb olunan yeganə və ən mühüm şey səhnədə saxta aktyorluqdan qaçmaq, sadəcə “özüm olmaq” və canlandırdığım obrazı bütün varlığımla, daxilən hiss etmək idi. Bu mənim sonrakı yaradıcılığımın bünövrəsinə çevrildi: Rolu sadəcə oynamaq deyil, onu ruhunla yaşamaq.
• Rejissor təhsili almağınız aktrisa kimi rollarınızı analiz edərkən sizə necə kömək edir?
Mən aktrisalıqla rejissorluğu bir-birinə qarışdırmamağa çalışıram. Çünki səhnədə hadisələrə tamamilə rejissor gözü ilə baxsam, bəlkə də hər şeyi fərqli edər, tamaşanı fərqli qurardım. Əlbəttə ki, rejissorluq təhsili mənə tamaşanın strukturunu dərindən anlamağa kömək edir, lakin səhnədə olarkən bunları kənara qoyuram. Çünki bir aktrisa kimi əsas vəzifəm rejissorun ideyasını reallaşdırmaqdır. Ona görə də rejissorun məndən nə tələb etdiyinə və qurduğu yaradıcılıq mühitinə fokuslanıram. Həm də biz rejissorluq oxuyarkən aktyorluq da keçmişik bu da mənə səhnədə böyük kömək edib.
• Gənc Tamaşaçılar Teatrına gəlişinizlə yaradıcılığınızda sanki yeni bir səhifə açıldı. Bu teatrın mühiti sizi bir aktrisa kimi necə formalaşdırdı?
Bəli, tamamilə haqlısınız. Gənc Tamaşaçılar Teatrı mənim üçün sadəcə bir iş yeri deyil, əsl yaradıcılıq məktəbi və sənət yolumda yeni, daha parlaq bir mərhələnin başlanğıcı oldu.
Bu teatrın özünəməxsus, səmimi və eyni zamanda son dərəcə intizamlı bir mühiti var ki, bu da hər bir yaradıcı insan üçün böyük bir stimuldur.
Bu teatr məni həm kollektivlə işləmək, həm də fərqli janrlarda özümü sınamaq baxımından çox formalaşdırdı. Gənc Tamaşaçılar Teatrının auditoriyası çox fərqlidir – burada həm uşaqlar, həm gənclər, həm də böyüklər üçün oynayırıq. Mən burada anladım ki, aktyor üçün “kiçik rol” yoxdur, hər bir personajın arxasında böyük bir insan taleyi dayanır.
Həmçinin Gənc Tamaşaçılar Teatrı mənim üçün sadəcə iş yeri deyil. Mən oranı sanki ikinci evim, kollektivimizi isə doğma ailəm hesab edirəm. Teatrın ərsəyə gəlməsində zəhməti olan hər bir şəxsə və bütün həmkarlarıma böyük hörmət və sevgi bəsləyirəm.
• İlk baş rolunuz – “Kim deyir ki, Simurq quşu var imiş” tamaşasındakı Gözəl qız obrazı idi. Həmin debüt həyəcanını necə xatırlayırsınız?
“Kim deyir ki, Simurq quşu var imiş” tamaşasındakı Gözəl qız obrazı mənim yaradıcılığımın təməli, teatr həyatıma açılan ən işıqlı pəncərə idi. Debütdə baş rolu canlandırmaq həm böyük bir etimad, həm də çiyinlərimə qoyulan ağır məsuliyyət yükü idi. Səhnəyə çıxmazdan əvvəl keçirdiyim o həyəcanı sözlə ifadə etmək çətindir, lakin səhnə elə bir məkandır ki, ilk addımı atan kimi tamaşaçının enerjisi o narahatlığı sehrli bir güclə əvəz etdi.
Obrazın saflığını və əzmini tamaşaçıya çatdırmaq üçün hər kəlməmə xüsusi həssaslıqla yanaşırdım. Bu debüt mənə öyrətdi ki, səhnədə yaşamaq üçün yalnız texnika kifayət deyil, gərək ruhunu da o işıqların altına qoymağı bacarasan. Gözəl qız hər zaman qəlbimin ən özəl küncündə yaşayacaq.
• Yaradıcılığınızda uşaq tamaşalarının xüsusi yeri var. Uşaqların sevgisini qazanmaq, böyüklərin rəğbətini qazanmaqdan daha çətindir?
Xeyr, mən bunun çətin olduğunu düşünmürəm, çünki uşaqları çox sevirəm. Bu sevgi mənim daxilimdən gələn təbii bir hissdir. Maraqlısı odur ki, uşaqlar bu səmimiyyəti dərhal hiss edirlər və eyni sevgi ilə mənə qarşılıq verirlər.
Bu doğmalığı tamaşalar zamanı daha dərindən duyuram. Tamaşadan sonra onların mənə yaxınlaşması, balaca əlləri ilə gül dəstələri uzatmaları, qucaqlayıb şəkil çəkdirmək istəmələri mənim üçün ən böyük təşəkkürdür. Böyüklərin rəğbəti əlbəttə ki, dəyərlidir, lakin uşaqların o heç bir maraq güdməyən, təmiz və günahsız sevgisi sənətkar üçün tamam başqa bir mənəvi qidadır.
• “Yatmış gözəl” tamaşasından sonra rejissorların diqqətini daha çox çəkməyə başladınız. Sizcə, bu tamaşada hansı “sirr” var idi?
Məncə, həmin tamaşanın uğurunun əsas sirri hamıya tanış olan klassik bir nağılı son dərəcə səmimi yanaşma tərzi idi. “Yatmış gözəl” sadəcə bir uşaq tamaşası deyil, hər bir detalı incəliklə işlənmiş bütöv bir sənət nümunəsi kimi ərsəyə gəlmişdi.
Rejissorların diqqətini çəkməyimə gəlincə, düşünürəm ki, bu, canlandırdığım obrazda özümü bir aktrisa kimi tam ifadə edə bilməyimdən irəli gəlirdi. Həmin rol mənə daxilimdəki potensialı üzə çıxarmaq üçün geniş imkanlar yaratdı. Mən o obrazı sadəcə oynamadım, onun hər bir duyğusunu, hər bir hərəkətini özününküləşdirərək səhnədə yaşadım.
• “Mənim ağ göyərçinim”də Turan, “Mən səni sevirəm”də Nazı… Bu qədər fərqli xarakterləri özünüzdə necə birləşdirirsiniz?
İnanıram ki, hər bir insanın daxilində minlərlə xarakterin toxumu var. Aktyorluq isə həmin gizli duyğuları tapıb onlara can vermək bacarığıdır. Turan və Nazı bir-birindən tamamilə fərqli dünyaların insanlarıdır. Birində daha güclü, inadkar və bəlkə də daha sərt bir ruh var, digərində isə sonsuz bir zəriflik, kövrəklik və sevgi…
Hər yeni rola başlayanda mən daxili dünyamda bir səyahətə çıxıram. Nazını oynayanda öz içimdəki ən həssas tərəfimi, Turanı canlandıranda isə güclü ruhumu oyadıram. Mən onları özümdə birləşdirmirəm, əksinə, özümü onların içində bölürəm. Bir aktrisa kimi ən böyük şansım odur ki, səhnədə yaşadıqca özümün belə xəbərsiz olduğum tərəflərimi kəşf edirəm.
• “Sara xatun” tamaşasında Feodora obrazı üzərində işləyərkən tarixi kontekst sizi nə dərəcədə maraqlandırırdı?
Tarixi obrazlar üzərində işləmək ciddi məsuliyyətdir. “Sara xatun” tamaşasındakı Feodora obrazı mənim üçün tarixin tozlu səhifələrindən gələn bir taleyi yenidən yaşatmaq fürsəti idi. Bu rola hazırlaşarkən personajın davranışlarını anlamaq üçün onun yaşadığı dövrün siyasi və sosial mühitini, qadına baxış bucağını dərindən araşdırdım.
Lakin tarixi reallıqla bədii səhnə arasındakı o incə balansı qorumaq olduqca vacib idi. Məqsədim tarixin quru faktlarını deyil, həmin faktların içində döyünən canlı bir ürəyi tamaşaçıya çatdırmaq idi.
• Sizin üçün bir aktrisa kimi hansı rejissorla işləmək daha rahatdır?
Əslində, mən bu məsələdə heç vaxt fərq qoymuram; mənim üçün işlədiyim hər bir rejissorla ortaq dil tapmaq çox önəmlidir. Çünki hər bir rejissorun özünəməxsus dəst-xətti, fərqli iş texnikası və hadisələrə tamamilə özünəməxsus baxış bucağı var. Biz aktyorlar isə hər bir rejissorun qurduğu yaradıcılıq dünyasına uyğunlaşmağı bacarmalıyıq.
Hər yeni rejissor mənim üçün yeni bir məktəb, yeni bir təcrübə deməkdir. Biri daha sərt nizam-intizama üstünlük verir, digəri isə aktyora səhnədə geniş improvizasiya imkanları tanıyır. Mən hər iki yanaşmadan zövq almağı və öyrənməyi bacarıram.
• Səhnədə uşaq olmaqmı daha çətindir, yoxsa drammatik rolları canlandırmaq?
Əslində, hər bir rolun özünəməxsus çətinliyi və aktyordan tələb etdiyi fərqli fədakarlıqlar var. Uşaq rolları deyəndə çoxları elə bilir ki, bu daha asan və əyləncəlidir, lakin reallıq tam başqadır. Məsələn, “Buratino” tamaşasında baş qəhrəmanı canlandırarkən mən həm də bir oğlan uşağının plastikasını, hərəkətlərini və enerjisini verməli oluram. Bu cür fiziki yüklənmədən sonra bədənimdə elə ağrılar olur ki, təsiri iki-üç gün davam edir. Yəni uşaq rolları aktyordan daha çox fiziki dözüm və sarsılmaz bir enerji tələb edir.
Dramatik rollar isə tamam başqa bir dünyadır. Burada çətinlik fiziki deyil, daha çox mənəvi və psixoloji xarakter daşıyır. Məsələn, “Leyli və Məcnun” tamaşası mənim üçün olduqca ağır və dərindir. Səhnədə yaşadığımız o faciə, o emosional gərginlik tamaşa bitdikdən sonra da ruhumuzu tərk etmir. Elə olur ki, tamaşadan sonra evə gedirəm, saatlarla oturub boşluğa baxıram. Yorğun olsam da, yata bilmirəm, beynimdə hələ də obrazın çırpıntılarını hiss edirəm. Sonra birdən özümə gəlirəm ki, niyə hələ də o ab-havadan çıxmamışam?
Düşünürəm ki, bir aktrisanın yaradıcılığında bu iki janr balanslı şəkildə olmalıdır. Fiziki çətinliyi olan uşaq rolları bizi çevik saxlayırsa, dramatik rollar mənəvi dünyamızı zənginləşdirir və peşəkar yetkinliyimizi artırır. Hər iki halda səhnə aktyordan bütün varlığını ortaya qoymağı tələb edir.
• Bir aktrisa kimi “arzuların rolu” deyə biləcəyiniz bir obraz varmı?
Hal hazırda yoxdur. Amma uşaqlıqdan bəri Cülyetta obrazını oynamaq mənim ən böyük arzum olub. Şekspirin bu ölməz əsərini hər oxuyanda xəyallara dalar, özümü Verona küçələrində gəzirmiş kimi hiss edərdim. İtalyan mədəniyyəti, o dövrün ruhu və estetikası məni hər zaman özünə çəkib. Nəhayət, Cənnət xanımın bu əsərə quruluş verəcəyini eşidəndə keçirdiyim həyəcanı sözlə ifadə edə bilmərəm. Daxilimdə bir tərəddüd və böyük bir ümid var idi: “Görəsən, Cülyetta kim olacaq?”
Təsəvvür edin, mən bu rola təsdiq olunandan düz bir il sonra tamaşa ərsəyə gəldi. Mən o bir ilin hər günümü Cülyetta ilə yaşadım. Şekspirin orijinal mətnlərini dəfələrlə oxudum, İtaliyanın orta əsrlər tarixinə, o dövrün adət-ənənələrinə dair materialları araşdırdım, müxtəlif ekran işlərini izlədim. Özümü tamamilə orta əsrlər havasına kökləmişdim.
Hətta o dövrün kübar xanımlarının zərifliyini və solğun obrazını qorumaq üçün ən xırda detallara belə diqqət yetirirdim. Məsələn, günəşə çıxmırdım ki, dərimin rəngi qaralmasın; çünki xəyalımdakı Cülyetta günəşdən yanmış, tünd dərili ola bilməzdi. Bu, bəlkə də kənardan bir az qəribə görünə bilərdi, amma bir aktrisa üçün obrazın vizual və ruhsal bütövlüyü hər şeydən üstündür. Cülyetta mənim üçün sadəcə bir rol deyil, gerçəkləşmiş ən gözəl xəyalımdır.
• 2023-cü ilin may ayında Prezident Mükafatına layiq görüldünüz. Bu mükafat sizin sənətə baxışınızda və məsuliyyətinizdə nələri dəyişdi?
Mükafat – hər bir sənətçi üçün illərdir çəkdiyi zəhmətin dövlət tərəfindən ən ali şəkildə dəyərləndirilməsidir. 2023-cü ildə Prezident Mükafatına layiq görülməyim mənim üçün sonsuz bir qürur mənbəyi idi. Bu, sadəcə bir uğur deyil, həm də sənətə olan bağlılığımı təsdiqləyən böyük bir stimul idi.
• Aktyor üçün ən böyük mükafat alqışdır, yoxsa rəsmi təltif?
Mənim üçün bu iki mükafat bir-birini tamamlayan dəyərlərdir, lakin səmimi etiraf etməliyəm ki, alqış – aktyor üçün əvəzedilməzdir. Tamaşanın sonunda gələn o gur alqış səhnədə yaşadığımız “kiçik ömür”ün ən böyük təsdiqidir; o, yorğunluğu unutdurur və bizə yeni motivasiya verir. Tamaşaçının simasındakı bir damla yaş və ya xoş təbəssüm heç bir maddi dəyərlə ölçülməyən bir sərvətdir.
Digər tərəfdən, rəsmi təltiflər sənətkarın illər boyu çəkdiyi zəhmətin dövlət tərəfindən rəsmiləşmiş qiymətidir. Bu, həm böyük qürur mənbəyi, həm də sənətə göstərilən qayğının təzahürüdür. Yekun olaraq deyə bilərəm ki, rəsmi təltif statusumuzu sənədləşdirirsə, alqış ruhumuzu qidalandırır.
• Sənətdə “mən artıq zirvədəyəm” dediyiniz bir an olubmu?
Xeyr, heç vaxt. Düşünürəm ki, bir sənətkar nə zaman “mən artıq zirvədəyəm” deyirsə, elə həmin an onun yaradıcılığının sonu başlayır. Sənət elə bir sonsuz ümmandır ki, orada hər zaman öyrənilməli yeni bir dalğa, fəth edilməli daha uca bir zirvə var. Mənim üçün sənət bir mənzil deyil, ömür boyu davam edən bir yoldur.
• Rejissorluq iddianız hələ də qalıbmı? Gələcəkdə özünüzü bir tamaşanın quruluşçu rejissoru kimi görə bilərik?
Bilirsiniz, bu fikir zaman-zaman beynimdən keçir, amma hazırda ona tamamilə fərqli bir prizmadan yanaşıram. Əgər bu sualı mənə iki-üç il öncə versəydiniz, bəlkə də daha iddialı şəkildə “bəli” deyərdim. Lakin sənətdə təcrübəm artdıqca, rejissorluğun nə qədər nəhəng bir məsuliyyət, nə qədər dərin bir bilik və geniş həyat təcrübəsi tələb etdiyini daha aydın dərk edirəm.
Bəlkə də gələcəkdə, özümü buna mənəvi və peşəkar cəhətdən tam hazır hiss etdiyim zaman, təcrübəli bir ustad rejissorla birgə çalışaraq və ya onun məsləhətləri işığında bu sahədə ilk addımımı ata bilərəm. İndi isə hələ ki, öyrənməyə, müşahidə etməyə və bir aktrisa kimi rejissorların vizyonunu yaşatmağa üstünlük verirəm.
• Aktyorluq sənəti çox böyük enerji və fədakarlıq tələb edir. Yorulduğunuz anlarda sizi nə motivasiya edir?
Aktyorluq həqiqətən də kənardan göründüyü kimi sadəcə alqışlardan və işıqlı səhnədən ibarət deyil; bu sənətin pərdəarxasında böyük bir fiziki və mənəvi gərginlik, tükənməz fədakarlıq dayanır. Təbii ki, hər bir insan kimi mənim də enerjimin tükəndiyi, ruhən yorulduğum anlar olur. Lakin belə anlarda məni yenidən ayağa qaldıran bir neçə əsas motivasiya mənbəyim var.
İlk növbədə, tamaşaçıların o sonsuz sevgisi və gözlərindəki səmimi parıltı mənim ən böyük dayaq nöqtəmdir. Səhnəyə çıxıb o enerjini hiss edəndə sanki bütün yorğunluğum bir anda buxarlanıb yox olur. Digər tərəfdən, canlandırdığım hər bir obrazın taleyi məni həyəcanlandırır. Mən düşünürəm ki, əgər mən bu gün yorulsam, o obrazın səsi eşidilməz qalar, onun hekayəsi yarımçıq qalar. Bu məsuliyyət hissi mənə yeni bir güc verir.
• Hüseynağa Atakişiyevın qardaşı qızı olmaq sənət yolunda sizə “yaşıl işıq” yandırdı, yoxsa daha çox məsuliyyət yüklədi?
Xeyr “yaşıl işıq” yandırmadı. Bilirsiniz, sənətdə ilk addımlarımı atanda, hətta teatrda çalışdığım ilk zamanlarda heç kəs bilmirdi ki, Hüseynağa Atakişiyev mənim əmimdir.
Amma daxilən hər zaman o məsuliyyəti hiss etmişəm. Çünki Hüseynağa Atakişiyev Azərbaycan teatr tarixində silinməz izlər qoymuş nəhəng bir sənətkardır və onun qardaşı qızı olaraq səhnədə zəif olmaq, işinə səthi yanaşmaq mənim üçün imkansız idi. Hər rolumda, hər çıxışımda sanki onun ruhu qarşısında da bir imtahan verirdim.
Eyni zamanda, mən hər zaman böyük bir fəxr hissi ilə deyirəm ki, belə bir dahi sənətkarın ailəsinin bir parçasıyam. Onun sənətə baxışı, teatra olan sonsuz sevgisi mənim üçün hər zaman ən uca örnək olub. Onun adını və soyadını daşımaq mənim üçün ən böyük şərəfdir.
• Gənc həmkarlarınıza və ya bu sənətə yeni gələnlərə verdiyiniz ən mühüm məsləhət nə olardı?
Bu sənətə yeni qədəm qoyan gənclərə ilk və ən vacib məsləhətim odur ki, öz üzərlərində işləməkdən, araşdırmaqdan və məşq etməkdən bir an belə yorulmasınlar. Aktyorluq sənəti daim təzələnməyi və inkişafı tələb edir; burada “mən artıq oldum” dediyiniz an, əslində sənətdə geriləməyə başladığınız andır. Odur ki, hər bir yeni rolun arxasında böyük bir zəhmətin, mütaliənin və sonsuz müşahidələrin dayanması vacibdir.
Mən və əminəm ki, bütün təcrübəli həmkarlarım hər zaman gənclərə dəstək olmağa, öz bilik və bacarıqlarımızı onlarla bölüşməyə hazırıq. Teatr bir ailədir və bu ailənin sağlam gələcəyi məhz gənclərin öz işinə nə qədər məsuliyyətlə yanaşmasından asılıdır. Yolun başındakı çətinliklərdən qorxmasınlar, çünki səmimiyyət və əzmlə atılan hər bir addım sonda öz layiqli bəhrəsini verir. Sənəti sevin, ona xidmət edin və hər zaman öyrənməyə açıq olun.
• Sizin üçün sənətin iki böyük qolu olan kino, yoxsa teatr daha önəmlidir? Hansı sahə ruhunuza daha yaxındır?
Şübhəsiz ki, teatr. Teatr mənim üçün sadəcə bir səhnə deyil, ruhumu təmizləyən ikinci evimdir. Kinonun da öz estetikası var, lakin teatrda yaşanan o canlı ünsiyyəti, tamaşaçı ilə eyni anda döyünən ürəklərin enerjisini heç bir ekran əvəz edə bilməz.
Səhnədə hər şey “burada və indi” baş verir; səhv etmək şansınız yoxdur, hər duyğu səmimidir. Kinoda montaj köməyimizə çatsa da, teatr hər dəfə yenidən doğulmağı tələb edir. Pərdə açılan andan tamaşaçı ilə qurulan o görünməz bağ məni sənətə daha möhkəm bağlayır. Kino mənim üçün bir eşqdirsə, teatr ömrümü həsr etdiyim əsl həqiqətdir.
• Bir çox ulduzun çəkiliş zamanı özəl tələbləri olur. Bəs Asya Atakişiyeva üçün ‘olmazsa olmaz’ qaydalar hansılardır?
Əslində, mənim elə bir xüsusi, çətin və ya qeyri-adi tələblərim yoxdur. Sənət yoldaşlarım və birlikdə çalışdığım insanlar da hər zaman kaprizli bir aktrisa olmadığımı vurğulayırlar. Mənim üçün ən vacib olan şey yaradıcılıq mühitindəki qarşılıqlı hörmət və işin keyfiyyətidir.
Şəxsi vərdişlərimə gəlincə, bəlkə də tək “fərqli” cəhətim çəkiliş prosesində çox az yemək yeməyimdir. Bu, artıq mənimlə çalışan komandaların alışdığı bir xüsusiyyətdir; sanki daxili bir nizamla özümü tamamilə işə kökləyirəm və artıq qidalanma ehtiyacı ikinci plana keçir. Lakin mənim üçün həqiqətən “olmazsa olmaz” olan tək bir qayda var:
Məsuliyyət. Mən işimdə həddindən artıq intizamlı və detallara qarşı həssas insanam. İstəyirəm ki, görülən hər bir iş, qurulan hər bir mizan saat mexanizmi kimi dəqiq olsun. Ola bilsin ki, bu tələbkarlığım kənardan sərt görünsün, amma bu, yalnız və yalnız ortaya çıxacaq nəticənin – istər tamaşanın, istərsə də çəkilişin – mükəmməlliyi üçündür. Sənət fədakarlıq və ciddiyyət tələb edir, mən də bu prinsiplərimdən heç vaxt güzəştə getmirəm.
• Mütləq baş rolda olmaq kimi bir hədəfiniz var, yaxud kiçik, amma yadda qalan bir obrazla da çıxış edə bilərsiniz?
Sənətdə mənim üçün obrazın həcmi deyil, mahiyyəti və ötürdüyü mesaj daha önəmlidir. Əlbəttə, hər bir aktyor baş rol arzulayır, lakin bəzən kiçik bir epizod tamaşanın bütün fəlsəfəsini özündə cəmləyir.
Mənim hədəfim səhnədə göründüyüm o qısa anlarda belə tamaşaçının yaddaşına həkk olunmaqdır. Kiçik bir rolu elə səmimiyyətlə ifa etmək olar ki, tamaşaçı teatrı tərk edəndə sənin personajını da özü ilə “evə aparsın”. Əsl uğur rolun böyüklüyü yox, onun tamaşaçının ruhundakı əksidir.
• Teatrın gələcəyini necə görürsünüz? Texnologiyanın inkişafı canlı ifanın yerini ala bilərmi?
Xeyr, mən qətiyyən düşünmürəm ki, texnologiya canlı ifanı əvəz edə bilər. Əksinə, mən teatrın gələcəyini çox parlaq görürəm. Texnoloji inkişaf teatrın rəqibi deyil, onun imkanlarını genişləndirən möhtəşəm bir vasitədir. Biz bu gün də səhnədə bir çox məqamları vizual olaraq gözəl təsvir edirik. Lakin müasir həllər sayəsində səhnədəki yağış, duman və ya şimşək kimi təbiət hadisələrini daha real təsvir edərək, tamaşaçını hadisələrin mərkəzinə çəkən güclü bir atmosfer yarada bilərik.
Amma bütün bunların mərkəzində yenə də insan dayanır. Texnologiya nə qədər inkişaf etsə də, səhnədəki canlı aktyor enerjisinin, o anlıq duyğu mübadiləsinin yerini heç bir rəqəmsal effekt verə bilməz. Texnologiya sadəcə bizim yaratdığımız o sehrli dünyanı daha da zənginləşdirən və canlandıran bir rəngdir.
• Müsahibələrinizin birində qeyd etdiyiniz kimi, “aktyor həmişə axtarışdadır”. Hazırda Asya Atakişiyeva nəyi axtarır?
Mən inanıram ki, aktyorun işi sadəcə səhnəyə çıxıb mətni söyləməkdən ibarət deyil. Əsl yaradıcılıq – canlandırdığın obrazın daxili dünyasına enmək, onun ruhunu və xarakterini dərindən araşdırmaqdır. Obrazı daha təsirli canlandırmaq üçün onun haqqında öyrənməli, hər bir xırda detal üzərində saatlarla düşünməlisən. Aktyor sanki bir detektiv kimi personajın niyə məhz belə davrandığını kəşf etməlidir.
Hazırda mən hər yeni rolumda həm özümü həm də canlandırdığım personajın tamaşaçıya görünməyən gizli tərəflərini axtarıram. Mənim üçün ən böyük axtarış – səhnədəki o mütləq həqiqəti tapmaqdır. Bu elə bir prosesdir ki, heç vaxt nöqtə qoyulmur; çünki öyrəniləcək hər yeni detal məni daha da zənginləşdirir.
• Xarici rejissorlardan film layihələrində iştirak etmək üçün dəvətlər almısınızmı?
Bəli, zaman-zaman xarici ölkələrdən də maraqlı təkliflər alıram. Məsələn, bir müddət əvvəl Türkiyədən bir film layihəsi üçün dəvət almışdım. Lakin ssenari ilə tanış olduqdan sonra hiss etdim ki, bu layihə mənə uyğun deyil. Bir aktrisa kimi sadəcə xaricdə çəkilmək xatirinə bəyənmədiyim bir işin parçası olmaq istəmədim və bu təklifi geri çevirdim.
Pandemiya dövründə isə Moskvadan kifayət qədər ciddi və maraqlı bir təklif gəlmişdi. Layihə məni çox həyəcanlandırmışdı və hər şey çox perspektivli görünürdü. Təəssüf ki, həmin vaxt bütün dünyanın üzləşdiyi sərhəd məhdudiyyətləri və pandemiyanın gətirdiyi digər çətinliklər səbəbindən bu əməkdaşlıq baş tutmadı.
• Sizi hal-hazırda niyə televiziya seriallarında görə bilmirik?
Əslində, televiziya layihələrindən tam uzaqlaşmamışam, lakin ekranlarda görünməməyimin iki əsas səbəbi var: ssenari keyfiyyəti və peşəkar əməyə verilən qiymət. Birincisi, təqdim olunan ssenarilər arasında məni bir sənətçi kimi həyəcanlandıracaq obrazlar çox azdır.
İkinci önəmli məsələ isə qonorar mövzusudur. Aktyorluq böyük fədakarlıq tələb edən bir peşədir, lakin təklif olunan qonorarlar bəzən bu əməyin qarşılığını tam əks etdirmir. Hətta illər öncə aldığım qonorar səviyyəsinin indiki layihələrdə təmin olunmadığı görürəm. Öz peşəmə və təcrübəmə hörmət etdiyim üçün əməyimin layiqincə qiymətləndirilməsini istəyirəm. Gələcəkdə həm keyfiyyətli ssenari, həm də yaxşı qonorar verən bir təklif olarsa, məmnuniyyətlə yenidən seriallarda yer ala bilərəm.
• Kənar rəylər sizin üçün nə qədər önəmlidir? İnsanların düşüncələrinə əhəmiyyət verirsinizmi?
Əlbəttə önəmlidir, lakin hər rəyi eyni tərəziyə qoymuram. Sağlam tənqid aktyorun inkişafı, özünü kənardan görə bilməsi üçün əvəzsiz bir mühərrikdir. Mənim üçün yalnız səmimiyyətinə güvəndiyim və yaradıcılığımı obyektiv təhlil edəcəyinə inandığım insanların fikri həqiqətən dəyərlidir.
Bəzən tamaşaçılar və ya kənar müşahidəçilər səhnə arxasında nələrin baş verdiyindən, rejissorun bizdən əslində nə tələb etdiyindən və o obrazın hansı çətinliklərlə ərsəyə gəldiyindən xəbərsiz olurlar. Bu məlumatlara sahib olmadan aparılan təhlillər çox vaxt yanlış və birtərəfli olur. Mən qeyri-peşəkar rəylərin məni ruhdan salmasına və əhvalıma mənfi təsir etməsinə qətiyyən icazə vermirəm.
• Sonda oxucularımıza və sizi sevən tamaşaçılara ürək sözləriniz…
Sənəti sevin, teatra gəlin. Gəlin birlikdə gülək, birlikdə kədərlənək və birlikdə düşünək. Unutmayın ki, bizim ərsəyə gətirdiyimiz hər bir obraz, hər bir səhnə əsəri məhz sizin o bir anlıq alqışınız və səmimi təbəssümünüz üçündür. Həyatda nə olursa-olsun, daxilinizdəki səmimiyyəti heç vaxt itirməyin. Sevginiz və diqqətiniz üçün minnətdaram!
Gözəl həmsöhbətimiz Asya xanıma səmimi cavabları üçün təşəkkür edirik. Biz hələ çox uğurunuza şahidlik edəcəyimizə əminik. Səhnəniz həmişə nurlu, alqışlarınız isə bol olsun!
Səbinə Bağırova