Ailə münaqişəsində həmişə uşaqlar qurban verilir və onların taleyi bəzən Allahın və qanunların ümidinə qalır… Boşanmalardan sonra isə ortada görün nələr qalır: təkcə ötən il alimenti ödəməyən 2 298 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bəlli olur ki, 2024-cü il ərzində 113 806 aliment işi üzrə mütəmadi və ya müəyyən gecikmələrlə aliment ödənilib, 4 974 iş üzrə ödəniş edilməyib. Nazirlikdən verilən məlumata görə, alimentin qərəzli şəkildə ödənilməməsinə görə borclular inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. 2025-ci ilin birinci rübü üzrə aliment ödəyənlərin sayı 115 265 nəfər, ödəməyənlərin sayı 5731 nəfər olub. 2025-ci ilin birinci rübündə aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülüb.
İndi təsəvvür edin ki, 2024-cü il ərzində 113 806 aliment işi olubsa, bu nə qədər uşağın acı taleyi deməkdir! Deməli, boşanmalara qarşı xüsusi tədbirlər görülməlidir…
A.Məmmədli