İnsanlarla dialoq mədəniyyətinin gücləndirilməsi, vətəndaşları dinləmək bacarığı və onların fikirlərinə əsasən qərar qəbul etmək dövlət qurumlarının əsas prinsipi olmalıdır.
Tezadlar.az Özbəkistan mediasına istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çərşənbə günü dövlət qurumlarının ictimaiyyətlə ünsiyyətinin səmərəliliyinə həsr olunmuş iclasda bildirib.
Dövlət başçısı vurğulayıb ki, ölkədəki dəyişikliklər vətəndaşların müraciətlərinə baxılması üçün təkmilləşdirilmiş sistem, ictimai qəbul şöbələrinin imkanlarının genişləndirilməsi və onların işinə müasir yanaşmaların tətbiqi, eləcə də qərar qəbuletmədə nəzərə alınması üçün ictimai rəyin dərindən öyrənilməsi ilə müşayiət olunmalıdır.
Prezident dövlət qurumlarının diqqətinə çatdırıb ki, əhalinin hisslərini, ehtiyaclarını və gözləntilərini dəqiq və hərtərəfli anlamaq üçün müasir peşəkar sosioloji və analitik metodlardan istifadə olunmalıdır.
O, bunu islahatların effektivliyi barədə obyektiv məlumat əldə etmək və uzunmüddətli inkişaf proqramlarının hazırlanması üçün vacib amil adlandırdı.
Şavkat Mirziyoyev bir daha catırladıb ki, hökumət və inzibati orqanların əsas vəzifələrindən biri təkcə sorğulara operativ cavab vermək deyil, həm də onları sistematik şəkildə təhlil etmək, sosioloji tədqiqatların nəticələri ilə müqayisə etmək və lazımi həll yollarını hazırlamaq, eləcə də ümumilikdə dialoqun keyfiyyətini artırmaq və dövlətlə cəmiyyət arasında etimadı gücləndirməkdir.
Xatırladaq ki, aylar öncəsi Özbəkistan Prezidenti ictimai qəbul mərkəzlərinin işini tənqid etmiş və onları sorğuları dövlət qurumlarına yönləndirən “dispetçer otağına” çevrildiyin bildirmişdi.
JASMİN

