6 Yanvar 2026 / 17:42

Zərərli qidaların – fast food, çipsi və şirniyyatların televiziyada reklamı məhdudlaşdırılır

Böyük Britaniyada televiziyada fast food, çipsi və şirniyyatların reklamı məhdudlaşdırılıb və onlayn qadağan edilib.

Tezadlar.az   bu barədə dw.com-a istinadən xəbər verir.

Böyük Britaniyada zərərli qidaların onlayn reklamını qadağan edən və televiziyada məhdudlaşdıran qanun qüvvəyə minib. 5 yanvar tarixində Böyük Britaniya hökumətinin rəsmi saytında dərc edilən mətbuat açıqlamasına görə, yeni tədbirlər hökumətin “tarixin ən sağlam nəslini böyütməyə valideynlərə kömək etmək” vədini yerinə yetirir.

Yeni qaydalara əsasən, “daha az sağlam qida” reklamının yalnız Britaniya televiziyasında saat 21:00-dan sonra görünməsinə icazə veriləcək.

Böyük Britaniya internet seqmentində isə bu cür reklamlar tamamilə qadağandır.

The Guardian qəzetinin məlumatına görə, məhdudiyyətlər şəkər, yağ və duzla zəngin olan 13 kateqoriyalı məhsula şamil olunur. Xüsusilə, bunlara şəkər əlavə edilmiş içkilər (yoqurt kimi süd məhsulları da daxil olmaqla), çipslər, duzlu krekerlər və peçenyelər, qarğıdalı lopaları və digər şəkərli səhər yeməyi qidaları, popkorn, şokolad, saqqız, dondurma, şəkərli bişmiş məhsullar, pizza və dondurulmuş yeməklər daxildir.

Mediada yer alan xəbərlərə görə, əksər yerli şirkətlər artıq yeni qaydalara riayət etməyə başlayıblar.

Britaniya hökuməti yeni qərarın qəbulunu uşaqlıq dövründə piylənmənin yayılmasını göstərən statistikaya istinad edir. Məsələn, uşaqların 22,1 faizi ibtidai məktəbə başlayanda artıq çəkili və ya piylənmiş olur. Məktəbi bitirənə qədər bu rəqəm 35,8 faizə çatır. Qeyd olunur ki, diş çürüməsi beş-doqquz yaşlı uşaqların həkimə müraciət etməsinin əsas səbəbidir.

Ölkədə uzunmüddətli perspektivdə ictimai səhiyyənin ümumi yaxşılaşması sayəsində yeni qaydaların təxminən 2 milyard funt sterlinqə qənaət etməsi gözlənilir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!