Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiqdir. Xarici siyasət doktrinasında da bu prinsip daim əsas götürülür və Azərbaycan qonşu dövlətlərlə münasibətlərin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsində maraqlıdır”. Siyasi şərhçi Azad Məsiyev tezadlar.az-a açıqlamasında bu barədə danışdı. A.Məsiyev bildirdi ki, Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisindən İrana qarşı üçüncü tərəfin hər hansı fəaliyyəti üçün istifadə olunmasına imkan verilməyəcək. Rəsmi Bakı İranla münasibətlərə hər zaman xüsusi önəm verib. Xatırlatmaq yerinə düşər ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından və hadisələrin gərginləşməsindən sonra Azərbaycan Prezidenti İran səfirliyinə gedərək başsağlığı verib, xüsusi xatirə kitabına qeydlərini yazıb. Eyni zamanda Azərbaycan İran diplomatlarının ölkədən çıxarılması və tranzit məsələlərində də zəruri dəstəyi göstərib. Ümumilikdə Azərbaycan İranla bağlı bütün məsələlərin diplomatik yollarla həllində maraqlı olduğunu daim bəyan edib. İran Azərbaycanın əzəli və əbədi qonşusudur. Xüsusilə nəzərə almaq lazımdır ki, İranda milyonlarla soydaşımız yaşayır. Bu baxımdan Azərbaycan həmişə İranla dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib. Hazırda Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda mövcud problemlərin regional müstəvidə həlli daha məqsədəuyğundur. Məhz bu yanaşmadan çıxış edərək 3+3 əməkdaşlıq formatı irəli sürülüb. Bu təşəbbüsün əsas məqsədi kənar qüvvələrin regiona müdaxiləsinin qarşısını almaq və regional problemlərin region dövlətlərinin iştirakı ilə həll edilməsini təmin etməkdir. Sülhün, əmin-amanlığın bərqərar olunması və mövcud problemlərin aradan qaldırılması məhz bu çərçivədə daha optimal şəkildə mümkündür.
Ekspertin sözlərinə görə, bütün bunlar göstərir ki, Cənubi Qafqaz qlobal güclərin maraqlarının kəsişdiyi mühüm geosiyasi məkandır. Bu səbəbdən regiona kənar qüvvələrin cəlb olunması region dövlətlərinin maraqlarına tam uyğun hesab edilmir. 3+3 formatı çərçivəsində problemlərin daha optimal həlli və maraqların daha tez uzlaşdırılması mümkündür. Bu baxımdan Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüs bölgədə sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın təmin olunmasına yönəlmiş addım kimi qiymətləndirilir. Hesab edirəm ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət regionda sabitliyin möhkəmləndirilməsinə və müxtəlif tərəflərin maraqlarının uzlaşdırılmasına xidmət edir. İranla münasibətlərdə də Azərbaycan hər zaman qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olduğunu nümayiş etdirib.