Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(Əvvəli ötən buraxılışda)
28 sentyabr – Arabir yarımçıq yazılar haqqında verdiyim suallara Məmməd belə cavab verirdi:
– Bunu bil ki, nə çap olunubsa, hamısı olduğu kimi, bir sətrinə belə toxunulmadan çap olunub. Belədə çox yazılarımı evə gətirməmişəm, “Ulduz” və “Azərbaycan” jurnallarında çoxlu yazılarım gedib, kitablara ön söz yazmışam. Tatar şairlərinin tərcümə şeir kitablarında ön söz mənimkidir.
– Sən yerini de, mən tapım, gələcəkdə çap etdirək.
29-30 sentyabr – Gülxanım, məqalələri hazırlayırsan, mənə elə gəlir ki, məqalələrlə bərabər bəzi məktublar da çap olunsa yaxşıdır.
– Özün bilirsən ki, publisistikan şeirlərindən çoxdur, 3 cild olar. Məktubların dərdini çəkmə, onları sonra çap edərik
– Niyə, məktublarımda çox gözəl fikirlər var. Məsələn, İbrahim Bozyelə yazdığım məktublar çox mənalı məktublardır. Gör nə deyirəm: – Dünyada məni şeir qədər ovudacaq haray və təskinlik tapmaram; sənət körpüsündən keçənlər xoşbəxtdirlər, bu körpünü yaradan ululardır; ya da yenə də dağ çayına bənzər təmiz, gur, duru səsini eşitdik, qardaş, dünyada səsin batmasına inana bilməm…
– Bütün bunlar düzdür, amma…
Yazırsan:
… Qələmim dünyaya əmanət olsa,
Gözümün işığı bir gözə töhfə;
Bir də gəlişimə zəmanət olsa –
Gəlməzdim mən belə dünyaya, tövbə!
İnam olacaqdır – dözüm vardısa,
Qəmi dəm eləmək o mənə qaldı.
Bir-iki yaraqlı sözüm vardısa,
Vətəndən almışdım, Vətənə qaldı.
Məmmədin Vətənə qalacaq sözlərinə Fəttah Heydərov havadar çıxdı və 1997-ci ildə “Yol ayrıcında söhbət “ kitabını çap etdirdi.
– Deyəsən yerin sürəti də çoxalıb, ay da tez qurtarır, amma işlərimiz yarımçıqdır, Məmməd Araz.
– Kitabla bağlı baş redaktor Nihadla görüşdüm, ciddi bir kişidir, olar 50-55 yaşı. O dedi ki, bizim nəşriyyat Zəlimxan Yaqubun kitabını yaxşı formatda çap edib, biz istəyirik ki, sənin kitabın ondan da yaxşı olsun, buna çalışırıq.
Sonra məndən misraların sayını soruşdu.
2 oktyabr – Axşam özünün təzəcə yazıb qurtardığı şeiri mənə verdi, əlavə etdi: cəfəng şeirdir.
Oxudum “İt qaya kölgəsində”.
Bütün misraları sətiraltı məna ilə dolu şeiri nə üçün cəfəng adlandırırsan?
– Məndən əvvəl deyilmiş fikirdir, amma məndə təzə formada alınıb.
– Bütün fikirlər müxtəlif vaxtlarda müxtəlif şairlər tərəfindən deyilib. Ustalıq ondadır ki, onu təzələşdirəsən. Bu şeirin əla şeirdir. O biri şeirləri də ver oxuyum.
– Köçürəndə oxuyacaqsan.
– “Circirama” şeirin bənzərsizdir…
Sonuncu nəşəsiylə verib baş-başa
Oxuyar, oxuyar, oxuyar circirama.
Sonra da əbədi yuxulayar cırcırama…
Ömrün son çağında nəğmə oxumaq,
Ölüm ayağında nəğmə oxumaq.
Qəribə ömürdür, qəribə ölüm…
Sonu əvvəlindən xəbərsiz olan:
Əvvəli sonu tək əsərsiz olan,
Birisi söyləyər: bixəbər yazıq,
Birisi söyləyər: bəxtəvər yazıq...
3 oktyabr – Ev işlərini qurtarandan sonra söhbəti yenə Səməd Vurğundan saldım.
– Səmədi bir neçə dəfə yaxından görmüşəm, çıxışlarını dinləmişəm. Bu, elə bil dünən olub, ancaq dəqiq hansı il olduğu yadımda deyil.
“Natəvan” adına klubda mərhum Cəfər Xəndan məruzə elədi. Məruzə ətrafında qızğın mübahisə başlandı. Səməd şeirimizin ümumittifaq miqyasında yerindən, çəkisindən və bəzi qüsurlarından danışdı. Bəzi çıxış edənlərə üzünü tutub dedi ki, balam, aladağdan, qaradağdan misallar gətirirsiniz, bizim poeziyamızın uğurlu addımları azmı? Niyə bunlardan bizim cavan yazıçılarımız öyrənməsin? Bir neçə qələm dostumun adını çəkdi. Qoy bir dəfə qeyri-təvazökarlıq edim, axı bu poeziyanın S. Vurğunu da var. “Vaqif”i o yazıb. Həmin vaxt nə ilə əlaqədarsa bu aforizm dilindən qopdu, indiki kimi yadımdadır. Dedi – “kiçik xalqın böyük şairi olunca, böyük xalqın kiçik şairi olasan”.
4 oktyabr – Səhər yeməyindən sonra Əli Bayramlıya getdik. Bizi qonaq çağıranın oğlu qarşıladı. Məclisdə məlum oldu ki, ev sahibləri ailə qurduqlarının 30 illiyini qeyd edirdilər. Həmişə kimi yenə də Məmməd tərifləndi, onu Pir adlandırdılar. Ailənin Məmmədi ilahiləşdirməsi, onu dəfələrlə Pir adlandırması Məmmədin gözlərini yaşartdı.
Sonra Kür qırağına gəzintiya çıxdıq. Məmməd ot basmış asfaltı göstərib dedi:
– Gülxanım, bura Əli Bayramlının bulvarıdır. Vaxtilə Tofiq Bayram, Rüfət Zəbioğlu və mən buralara çox gələrdik. Burada adam əlindən tərpənmək olmazdı. Yaxşı poeziya sevəndirlər. Sabirabadda da həmçinin. Burada gözəl poeziya gecələri keçirərdik.
10 oktyabr – Axşam yazdığı təzə şeirlərini köçürməyə verdi. “Sınma, şair” şeirini köçürdükdən sonra soruşdum:
– Bu şeiri yekunlaşdırmısan, səncə tamdırmı?
– Hə.
– Mənə elə gəlir ki, şeir hələ tam deyil. Bəlkə,
“Əzil, xışlan, sınma qəti,
Sınıq salma bir milləti.”
– misralarını axıra salasan, ya da təkrar yazasan.
– Olar, təkrar olsa şeir bitgin olar və həmin misralardan sonra “sınma şair” – əlavə elə.
Sonradan “Sınma” şeirinə çox əlavələr olundu.
– Bura bax, “Azərbaycan” adlı şeirin yaxşı mahnılıqdır. Bəstəkar girişsə, himn kimi səslənən sözlərdir.
11 oktyabr – Gedib “Təzadlar” qəzetini aldım. Xudu Məmmədov haqqında çoxları öz ürək sözlərini yazmışdı. Hamısını Məmmədə oxudum:
– Bəxtiyar hamımızdan səmimi yazıb – dilləndi Məmməd
Sonra qəzetdə olan atmacaları oxudum. Birində belə yazılmışdı: “Azərbaycandan gedənləri əli çomaqlı çoban heykəli yola salır. Gələnləri isə qoç qarşılayır. Görəsən, azərbaycanlılar haqqında xaricilər nə düşünürlər?”.
– Məsələ düzgün qoyulub. Qoyun, çoban və s. bunları yığışdırmaq lazımdır, – əlavə etdi Məmməd.
Büküb atdığı qəzetin kənarında iki misra vardı:
Nə gəldi qəlbinə, gətir dilinə,
Dilindən qəlbinə səd çəkmə, ey mən.
14-15 oktyabr – Məmməd Araz, doğum gününü təbrik edirəm. Yeyib-içməyə hara gedirik?
– Hara istəsəniz.
Ağalar Bayram telefonla məlumat verdi:
– Bacı, ayın 20-də Almaz İldırımın 90 illiyinə aid xatirə gecəsi keçiriləcək. Məmməd müəllimə həm dəvətnamə var, həm də məktub, sabah onları gətirəcəyəm. Eyni zamanda, əminin təzə şeirlərini də verərsiniz.
– Var, icazə versə götürərsən.
Ağalar dəvət və məktubu Məmmədə verdi, məktubda yazılmışdı:
“Hörmətli Məmməd Araz!
Sizin kimi vətəndaş bir şairi bu təntənəli tədbirə dəvət etmənin sevinci içindəyik. Əgər gəlmək imkanınız olmasa, xahiş edirik ürək sözlərinizi bir neçə cümlə ilə ifadə edib yeni şeirlərinizlə birlikdə gecəmizə göndərəsiniz.
Vətəndaş sayğılarıyla;
Güney Azərbaycan “Aydınlar” cəmiyyəti adından Böyük Rəsuloğlu.”
Məmməd fikirli-fikirli əlavə etdi:
-1992-ci il martın 1-də nakam şair Almaz İldırıma həsr olunmuş bir radio verilişi gedirdi. Onun bu misrası məni dəhşətə gətirdi. “Mən tufanla doğulmuşam, tufanla da öləcəyəm”. Bu bədbəxt öz faciəsini necə obyektiv, necə də poetik harayla oxucuya çatdırır. O, hər şeydən keçməyə hazırdır, təki doğma torpağın bircə qarışında yaşaya bilsin. Onun bütün harayları bircə nöqtədə duruş tapır: “Axı mən neyləmişdim Vətənə? Vətəni sevmişdim. Vətəni sevməyə görə də insanı öz yurdundan didərgin salarlarmı?” Bu şair həqiqətən ildırımdır.
Ağalar Məmmədin təzə yazılmış “İt qaya kölgəsində”, “Sınma”, “Azərbaycan”, “Mat-məəttəl qalmışam” şeirlərini oxudu.
– Əmi, “Sınma” şeirini aparım, elə Almas İldırımın gecəsi ilə yaxşı səslənər. İndi keçən dəfəki kimi etmərəm, çap etmək istəyən qəzetlərin heç birinə şeiri vermərəm.
Heydər Həsənoğlu da gəldi, yaxşı ki söhbətimizdə iştirak edir, “Müsavat” partiyasının 80 illiyini keçirirdilər, mənə söz verildi. Elə əminin yanından getmişdim gecəyə. “Dilənçi qaçqın” şeirini özümlə götürmüşdüm. Zala müraciət etdim:
– Hörmətli dinləyicilər, elə bu saat böyük şairimiz Məmməd Arazın yanından gəlirəm, onun salamını sizə yetirirəm və təzə yazdığı şeiri sizə oxumaq istəyirəm. Şeiri oxumağa başladım, zal elə susmuşdu ki… Şeirin axırıncı misraları qurtarmamış, zalda bir alqış, bir gurultu qopdu ki, hamı ayağa qalxmışdı, arada ağlayanlar da vardı. Yığıncaq qurtarandan sonra qəzetlərin nümayəndələri məni əhatəyə alıb şeiri çapa istədilər. Aqil də məni məcbur etdiyinə görə şeiri “7 gün” qəzetinə verdim.
Ağalar gedəndən sonra Heydərdən soruşdum:
– Mükafatı kimə verməli oldun?
– Elə danışdığımız kimi Nizami Xudiyevi nəzərə almışıq, bu saat onun yanından gəlirəm. Ssenarini yazacaqlar, Nizami çalışır ki, gözəl bir gecə olsun, bütün elita – bir sözlə bütün rəhbər işçilər orada olacaq. Təxmini bir 20 günə hər şey qaydasına düşəcək.
17 oktyabr – Almas İldırımın xatirə gecəsinə yazdığı təbrik itməsin deyə gündəliyimə köçürtdüm.
“Təbrik edirəm.
Bu gözəl təşəbbüsün hörmətli müəllifləri, Almas İldırımın poeziyası işığına yığışan sənət adamları, şeirsevər oxucular, şairin qohum-əqrəbaları, Sizin hamınızı ürəkdən təbrik edirəm. Məni bu tədbirdə iştirak etməyə dəvət etdiyiniz üçün sizə təşəkkürümü yetirirəm.
Almas İldırımın taleyi nə cür olub, o, zamanın hansı fırtınalarına tuş olub – hamısı aydındır. Taleyin fırtınası bircə onun qəlbində gizlətdiyi doğma ocaq niskilinə, doğma yurd həsrətinə, poeziya havarına toxuna bilməyib. Səhhətim imkan vermədiyinə görə tədbirdə iştirak edə bilmədim. Almas İldırımın böyük nəfəsli poeziyasına baş əyirəm.
Dərin hörmətlə M. Araz”
Bu da yeni deyimdir, yoldaş M. Araz, “taleyin fırtınası”.
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ