Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 11:15

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-33-cü HİSSƏ

MəmmədArazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabından… Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

(Əvvəli ötən buraxılışda)

18-21 oktyabr – S. Rüstəmin 90 illiyini anadan olduğu kənddə – Novxanıda keçirirdilər. Bundan Məmməd bir az təsirlənmişdi:

– Hə, dünyanın işinə bax, Süleymanın gecəsini kənddə – Novxanıda, Səmədin isə Bakıda, özü də geniş miqyasda keçirtdilər.

– Səmədin oğlu Yusif deputatdır, vəzifəsi var, sözü keçir. Süleyman Rüstəmin oğlu Azadın isə ola bilər “dişi kəsmir”. Məmməd Rahimi isə heç yada salmırlar, – əlavə -etdim, öz aramızdır, Rahim elə bir şair də deyildi axı.

– Niyə, lirik şeirləri var. Sosializm-realizm,  deyə bir məfhumu atdılar ortalığa, şairlər də başladılar sosializmi tərifləməyə və beləcə də ölüb getdilər, istedadları da özlərindən əvvəl.

Elman peyk anntenanı quraşdırıb qurtardı.

– Şairlə oturub bir tikə çörək yemək mənim üçün sevincdir. Şairin qulluğunda durmaq hamımızın borcudur, gedən torpaqlarımız da qayıdacaq, biz nəsil görməsək də bizdən sonrakı nəsil görəcək.

Güldüm:

– Torpaqların alınmasını gələcək nəslə saxladığımız üçün qayıdacağına ümid etməyin. Babalarımız da getmiş torpaqların qaytarılmasını bizə ümid edib getmişdilər, ancaq o torpaqların alınmasını yadımıza da salmadıq. Əksinə, almaq əvəzinə bir az da çox verdik. Bizdən sonra gələnlər də həmçinin. Qəribə xalqıq. Torpaqları qoyub qaçır, sonra da başlayırıq bayatı çağırıb, muğamat oxuyub, ağlamağa. Elman, soğan olsun nəğd olsun.

Məmməd də sözlərimi təsdiq etdi.

23 oktyabr – Hər bir sözdən kövrəlməyə başlamışam, içimdə ölən bacım Səyyarə və anamla danışıram. Ağaların zəngi məni xəyalımdan ayırdı:

– Gülxanım bacı, mən ayın 20 Almas İldırımla bağlı görüşə getmədim, amma ayın 18-i  “Müstəqillik günü” münasibətilə yığıncaqda mənə söz verildi, elə ki əminin adını tutdum, zalda bütün səslər kəsildi. Dedim ki, şair özü iştirak edə bilmədi, ancaq salamını yetirir və təzə şeirini də mənə verdi ki, sizlərə oxuyum. “Sınma” şeirini oxudum, bir nəfər şair yavaşca zaldan çıxdı. Elə bil şeir ünvanına düşdü. Sonra da həmən şeiri  aşıq Şəmşirin 90 illiyinə həsr olunmuş banketdə də oxudum. Əlavə etdim ki, bir neçə gün bundan əvvəl şairin görüşünə getmişdim, şairlə qoşa çəkilən ixtiyarin kim olduğunu soruşdum, Aşıq Şəmşirdir – cavabını verdilər. Məclis sözlərimi və şeiri yaman alqışladı. Şəmşirin əmisi oğlu birinci sağlığı kəlbəcərlilərin sağlığına yox, Məmməd Arazın sağlığına içək.  “İçək məğrur şairin sağlığına”,  dedi.

28 oktyabr – Axşama yaxın Məmməd havaya  çıxdı. Saat beşə on beş dəqiqə qalmış telefon səsləndi:

– Alo, Məmməd müəllimi olarmı?

– Evdə yoxdur, qızım, nə deyim?

– Deyin ki, prezident bu gün yazıçıları qəbul edəcək, saat altının yarısında Prezident Aparatında olsun.

Vaxta az qalırdı, binanın ətrafında fırlandım, tapa bilmədim. Bir uşaq mənə sorağını verdi:

– Kişi, tez ol gedək evə, saat 6-nın yarısında sizi Heydər Əliyev qəbul edəcək.

Paltarını geyindirdim və taksi tutub getdik. Girəcəyə çatmamış Musa Yaqub və Cabirlə rastlaşdıq. Polis işçisi yuxarıya zəng çalıb məni içəriyə buraxmaq üçün icazə aldı. Beşinci mərtəbəyə qalxıb gözləmə zalında oturduq. Söhbət Naxçıvandan düşdü, dedim ki, Cabir, Naxçıvanda olanda Qabilin bütün danışıq və hərəkətlərini gündəliyimə yazmışam.

– Əşşi, Qabil qiyamətdir, – deyə Cabir və Musa gülüşdülər.

Bir az keçmiş Elçin də gəldi, söhbətə başladı:

– Məmməd, yadındadır, rəhmətlik əmim Tofiqlə bizə gəldin. Atamın görüşünə gəlmişdiniz. Oturub vurduq, hayıf o günlər, bir də o günlərə,  Yazıçılar Birliyinin gur vaxtlarına qayıda biləcəyikmi?

– Mənim İlyas müəllimə çox böyük hörmətim var. 50 il Azərbaycan səhnəsini o saxladı. Çox alicənab adam və böyük dramaturqdur – söylədi Məmməd.

Yazıçılar bir-bir yığışdıqdan sonra zala keçdik. Fatma xanım Məmmədi prezidentə yaxın oturtdu; Anar, Yusif Səmədoğlu, sonra Məmməd. Prezident ədəbiyyat haqqında, qurultay haqqında giriş sözü söylədi. Sonra yazıçıların qurultayı ilə əlaqədar Anara söz verildi. Anar bu 10 ilin içində birliyin sədri işləməsindən, Yazıçılar Birliyinin parçalanmasına yol verilmədiyindən, 150 nəfər gənc yazıçının İttifaqa üzv olmaq üçün ərizə verdiklərindən danışdı. Keçmişlə müqayisədə İttifaqın indiki məhdudiyyətlərindən də söhbəıt açdı. Sonra Əkrəm, Qabil, Mirvari xanım danışdı. Söz Sabir Rüstəmxanlıya verildi. Sabir nisbətən mövcud problemlərə toxundu. Əliyev arada durub Məmmədə yaxınlaşdı, ondan nəsə soruşub yenə yerinə qayıtdı. Məni fikir götürmüşdü,  Heydər Əliyevə necə yaxınlaşım ki, ev məsələsini yadına salım, iclas qurtaran kimi o, gedə bilər.

Prezident yekun sözündə birliyin işindən razı qaldığını, cavan yazıçılarla sabah görüşmək istədiyini söylədi. Yazıçılara ev istəyən Anarın xahişinə cavab olaraq dedi ki, indi dövlət ev tikmir. Yenə də bir iş fikirləşərik, bir “Heydər Əliyev fondu” yaradaq və həmin fonddan yazıçılara, qəzet və bədii jurnallara kömək edəm. Hal-hazırda mənim iki mənzilə imkanım var, onlardan birini Bəxtiyara, birini də Məmməd Araza verirəm. İki xalq şairinə, bu, mənim qurultaya hədiyyəmdir.

Sonra Rəfaeli çağırdı, ona sabahdan evin açarlarının mənzil sahiblərinə verilməsini tapşırdı. Hamı dağılışdıqdan sonra Bəxtiyarı və bizi özünün oturduğu kabinetə dəvət etdi. Söhbət əsnasında dedim ki, ev məsələsində hamıdan çox mən sevindim, çünki ev sarıdan çox əziyyət çəkmişəm və hal-hazırda da narahat bir evdə yaşayırdıq. Heydər Əliyev gülə-gülə soruşdu:

– Çox sevindinmi?

Təbii ki, Məmməd də, Bəxtiyar müəllim də ona öz təşəkkürlərini bildirdilər.

– Möhtərəm Prezident, biz çoxdan sizinlə görüşmək istəyirdik, amma bizi sizinlə görüşdürmürdülər – əlavə etdim.

Heydər Əliyev:

–  Nİyə, ev üçün deyildimi? – soruşdu.

Özümü itirdiyimdən dedim:

– Bəli, ən çox ev üçün, bir də elə-belə dərdləşmək üçün…

Heydər Əliyev cənabları güldü və söylədi:

– Əvvəl hələ bir köç, sonra dərdləşərik.

Evə çatanda Məmməd sevindiyini gizlətmədi:

– Vallah, yatıb yuxuda da görməzdim ki, 30 il həsrətində olduğum bir yerdən mənə ev verilər.

29 oktyabr – Ağalar xəbər verdi ki, birinci proqramdan “Qələm” adlı veriliş gedir, “Sınma” şeirini orada oxumuşam, baxın.

  1. İsa da həmişəki hay-küylə yeni ev almağımızı təbrik etdi.

– Ay İsa, heç olmasa qoca vaxtımızda dincəldik. Mən də yazıçı kimi prezidentin qəbulunda oldum.

– Ən “böyük” yazıçı sənsən, Gülxanım bacı, –   dedi,  İsa.

30 oktyabr – Saat birə işləmiş bizə bildirdilər ki, evə baxmaq üçün dalınızca maşın göndəriləcək. Getdik. Evə xeyli tanımadığım adamlar toplaşmışdı. Rafael müəllim də gəlib çıxdı. İçəridə icra başçısı Rüstəmi də gördüm. Rafael müəllim mənə dedi:

– Gülxanım bacı, indi gördünüz ki, mənim qaçmağımın səbəbi nə idi. O kişi evi şairə özü verməli, bu işi özü görməli idi. Gördünüz ki, o, nə dedi? Dedi ki, bu, tarixdə görünməmiş  işdir ki, mən elədim, hökümət işçiləri olan binadan şairlərə ev verdim. Burda da birincilik etdim.

1 noyabr – Səhər çörək alanda bir neçə qəzet də aldım. “Azadlıq” qəzetində olan bir başlıq diqqətimi cəlb etdi:  “Şair, hökmdarın hüzurundasan”. Və epiqraf kimi yazılmışdı: – “Azərbaycan Yazıçılar Birliyinin X qurultayı Anarı ömürlük sədr seçdi”. Məqaləni Məmmədə oxudum. Məqalənin bir yerində belə yazılmışdı: – “…Heç kimə sirr deyil ki, bizdə hamı (?) şeir yazır. Şair də, yazıçı da, prokuror da, polis də. Məhkəmə öz hökmünü şeirlə oxuyur. Kəndli buğda əvəzinə qələm götürüb şeir “əkməklə” məşğuldur. Əsgərlərimiz düşmənin bağrını şeirlə yarırlar. Gözəldir. Onunçün də Azərbaycan Yazıçılar Birliyinin bir “Şəhriyar” klubu qədər üzvü var. Dəstə-dəstə cavanlar da üzv olmağa hazırlaşırlar. (Yazıq polis indən belə kimdən nə ala biləcəksən? Hamının cibindən yazıçı vəsiqəsi çıxacaq. Vay,vay…)

Elə bütün bunlara görə də bizim camaat “şair məsələsinə” çox həssasdır. Dövlət başçısı da düz üç gününü şairlərə həsr elədi. Yazıçı sözünü ona görə işlətmirik ki, bizim xalqda yazıçı məsələsi o qədər də dəb deyil. Kimdir roman, povest oxuyan?! Əsas şeirdir: – döşəyirsən gedir. Redaktorumuz Gündüz Tahirli demişkən (indi hamı öz rəhbərindən sitat gətirir, mənə nə gəlib?) bizim jurnalistlər də xəbəri (informasiyanı) şeir kimi yazırlar. Bir də özünüz təsəvvür edin: tutaq ki, Anar televizorda çıxıb yeni povestini oxuyur. Zülm olar, vallah! Həm tamaşaçılara, həm də Anar müəllimə. Dövlət başçısı da ona görə evləri şairlərə – Bəxtiyar Vahabzadəyə, Məmməd Araza verdi, heç gör Əkrəm Əylisliyə ev təklif edən oldu…” (“Azadlıq”, 1 noyabr 1997)”

Bu məqalənin müəllifi Hacı Zamin ağa görəsən niyə belə əsəbləşib, bu cənab bilmir ki, adını tutduğu Əkrəm dəniz qırağında yaxşı şəraitli mənzildə yaşayır, amma Məmməd Arazın yazı masasını qoymağa yeri yoxdur.

Məqalənin məzmununu Aqilə danışdım:

Axşam Heydər Əliyevin yazıçılar qurultayındakı nitqinə qulaq asan Məmməd:

– Rəhbər belə olar! – dedi.

memmed ar

6 noyabr – Televizorda dilimizin gözəlliyindən danışırdılar

– Heç bilmirlər nə danışırlar, hər xalqa öz dili gözəldir, – acıqlandı Məmməd.

Telefonda Mirvari xanımın kövrək səsini eşitdim və telefonu Məmmədə verdim:

– Evimizi təbrik etdi, mənə ürək-dirək verir, deyir ki, məni o gecə güclə maşına mindirib evə yetirə bildilər, bərk sancılanmışdım, bir neçə dəfə operasiya olunmuşam, ruhdan düşmək lazım deyil. Axır vaxtlar yazdığın şeirləri də təbrik edirəm, mən həmişə sənin yaradıcılığına hörmətlə yanaşmışam, məhəbbətlə yanamışam. Evə gün düşürmü, təzə evinizi soruşuram, çünki gün düşməyən ev nəm olur.

Mən Mirvari xanımın suallarına belə cavab verdim ki, hər iki tərəfə otaqlarımız var.

Mirvari xanımın sözlərini Məmməd mənə belə çatdırdı.

10 noyabr – Axşam xəbərlərində Məmmədin Heydər Əliyevə vurduğu teleqramı oxudular. Teleqram belə qurtarırdı:

“… Sizə ucalıq yaraşır, böyüklük yaraşır. Uca olun, zirvə olun!”.

Hələ cavanlıqdan Məmmədin torpaq və təsərrüfat haqqında söhbətlərinə maraqla qulaq asardım. Neft kontraktlarının həyata keçməsi haqqında verilən məlumata münasibətini Məmməd belə bildirdi:

– Neft əvvəl-axır qurtaracaq, ona arxalanmaq olmaz. Təsərrüfatımızı qaldırmaq üçün pambıq və üzümə çox yer verməliyik, respublikanı bunlar üzərində kökləməliyik, çünki onlar tükənməz sərvətdir.

12 noyabr – Axşam Nemət Pənahlı gəldi, xeyli söhbətdən sonra Meydana aid kitab yazdığını söylədi:

– Yazacağım kitab 700 səhifəyə yaxın, iri həcmli bir kitab olacaq. Bütün meydan hadisələrini olduğu kimi göstərmişəm.

Nemət çox adamların, tanıdığımız məşhur şəxslərin adını çəkdi. Onların meydanda etdikləri çıxışları ilə MK-ya verdikləri danosların bir-birinə əks olduqlarını söylədi, xalqı çaşdırıblar,  dedi.

Dilimi dinc qoymadım:

– Nemət, sənin xalq adlandırdıqların sənə də irad tutur. Deyirlər ki, Nemət meydanda yığılan pulları götürüb aradan çıxıb, əvvəl İrana, sonra da Türkiyəyə gedib. Nə oldu, əgər o, təmiz adamdırsa, sərhədi necə keçə bildi.

Nemət bəzi suallarıma cavaba olaraq dilləndi:

– Bacı, hamısına kitabımda cavab vermişəm, hadisələri öz dilimdən yox, olduğu kimi, kim necə çıxış edib, necə hərəkət edib sənədlərlə birlikdə kitabımda verirəm. Oxuyarsan, baxarsan.

Məmməd Nemətə dönə-dönə tapşırdı ki, sakitliyi pozmağa çalışmayın, qoyun ölkə başçısı işini görsün, hamımız onun ətrafında birləşməliyik ki, rəhbər də bir iş görə bilsin. Dedi-qodu dalınca getməyin.

15 noyabr – Şeirlərin axırıncı hissəsini də redaktə etdim. Bir şeirini Məmmədə oxudum. O, özündən razılıqla – “Sonuncu qorumla od qalamışam” – əla demişəm, ümumiyyətlə, belə fikirləri tənqidçilər görmürlər, – dedi.

Şair olan özümüzdən şair olmayan özümüzü bir cərrah dəqiqliyi və cəsarəti ilə qoparmaq ədəbi sağlamlıqdır. Bu əməliyyatı ədəbi tənqid müntəzəm aparmalıdır: səmimiyyətlə, qayğı və cəsarətlə.

– Yaxşı, yaxşı, tərif istəyirsən?

– Yox, amma rəhmətlik Süleyman Rəhimov haqqında kiçik tərifli cümlə söyləyəndə belə sevinərdi, necə deyərlər, görürsünüz, haqqımda necə deyirlər,  söylərdi. Ancaq mənim haqqımda lap bir neçə səhifəlik tərif yazsalar da sevinmərəm.

– Ona görə ki, səni çox tərifləyiblər, ta tərifdən doymusan, özümüz arasıdı, ancaq yenə də tərif istəyirsən.

– Hə, qocaldıqca adam tərif xoşlayır,  deyə güldü Məmməd…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!