Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Gürcüstanın bir sıra ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb. Tezadlar.az xəbər verir ki, saat 20:10-dən etibarən paytaxt Tbilisi də daxil olmaqla bir neçə şəhərdə işıq yoxdur. Sosial şəbəkələrdə yayılan məlumatlarda ölkənin əksər yerlərində elektrik enerjisinin kəsildiyi bildirilir. Gürcüstanın elektrik enerjisi sisteminin tam söndürülməsi “Enqurhes”də aparılan planlı testlərlə əlaqələndirilir. Energetika və Su Təchizatı üzrə Tənzimləmə Komissiyasının üzvü Giorgi Pangani bildirib ki, hazırda baş verən hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün ətraflı təhlil aparılır. Onun sözlərinə görə, dövlət elektrik sistemi “Enqurhes”in aqreqatlarında planlaşdırılmış testlər həyata keçirib. Testlərin məqsədi 24 və 25 iyul tarixlərində baş verən qəzalar nəzərə alınmaqla sistemdə mövcud zəif nöqtələrin aşkarlanması və qiymətləndirilməsi olub. Test çərçivəsində Gürcüstanın elektrik enerjisi sisteminin izolyasiya olunmuş rejimdə işləməsi də nəzərdə tutulub. Bu rejim isə ciddi texniki risklərlə, o cümlədən sistemin tam söndürülməsi ehtimalı ilə bağlı olub. “Artıq məlum olduğu kimi, test prosesi zamanı Gürcüstanın elektrik enerjisi sistemi tam söndü. Hazırda hadisənin detallı analizi və qiymətləndirilməsi aparılır ki, qəzanın dəqiq səbəbləri müəyyən edilsin və gələcəkdə oxşar halların qarşısı alınsın”, – deyə Giorgi Pangani sosial şəbəkədə qeyd edib.