İran Hörmüz boğazından keçməyə cəhd edərkən “qaydaları pozduğuna” görə daha 11 gəmini qara siyahıya saldığını açıqlayıb və gələcəkdə boğazdan keçidin cərimə, həbs və ya müsadirə ilə qarşılaşacağını bildirib.
Tezadlar.az xəbər verir ki, Hörmüz boğazından keçidin idarə olunmasından məsul olan İran orqanı olan “Fars Körfəzi Boğazı İdarəetməsi”nin (PGSA) veb saytında paylaşılan məlumata görə, “qaydaları pozduğuna” görə qara siyahıya daha 11 gəmi əlavə edilib və bununla da qara siyahıya salınan gəmilərin ümumi sayı 56-ya çatıb.
PGSA veb saytında “Hörmüz boğazı üçün İran protokollarını pozan gəmilər gələcək keçidlərində cərimə, həbs və ya müsadirə daxil olmaqla məhdudiyyətlərlə üzləşəcəklər” deyilib.
Həmçinin, siyahıda olanlarla əməkdaşlıq edən digər gəmilərin də qara siyahıya salınacağı bildirilib.
Son yeniləmə ilə İran 2 sentyabr tarixinə qədər LNG, LPG və xam neft tankerləri də daxil olmaqla cəmi 56 gəmini qara siyahıya salıb. Bunlara BƏƏ-də yerləşən ADNOC Logistics, onun törəmə şirkəti Navig8 və Səudiyyə Ərəbistanı Bahri şirkətinə məxsus gəmilər daxildir. Çinlə əlaqəli iki gəminin də siyahıya daxil edilməsi diqqətçəkəndir.
24 avqustda İran Hörmüz boğazında “naviqasiya qaydalarını pozduğuna” görə 45 tankeri qara siyahıya saldığını açıqlayıb.
Tehran administrasiyası 28 fevralda ABŞ-İsrail hücumlarından sonra başlayan müharibədən sonra Hörmüz boğazından keçidi əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı. 17 iyunda İran və ABŞ arasında anlaşma memorandumu imzalandıqdan sonra keçidə icazə verildi. Lakin memorandumun tətbiqi ilə bağlı ABŞ ilə fikir ayrılıqları səbəbindən müharibə 8 iyulda yenidən alovlandı və İran 12 iyulda yenidən boğazı bağladı.
ELBAR







