Əsas məzmuna keç

Qərb mediası kimin tərəfindədir: həqiqətin, yoxsa geosiyasi narrativlərin?

Son günlər Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı bəzi xarici media resurslarında yayılan məlumatlar bir daha göstərir ki, informasiya mühiti artıq yalnız hadisələrin ictimaiyyətə çatdırıldığı platforma deyil. Müasir geosiyasi reallıqlarda media ictimai rəyə, beynəlxalq təsəvvürlərə və dövlətlərarası münasibətlərə təsir göstərə bilən mühüm kommunikasiya və təsir vasitəsidir.
Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalının 2 sentyabr tarixində sözügedən hadisə ilə bağlı yaydığı material da bu baxımdan ciddi suallar doğurur. Lokal xarakterli hadisənin təsdiqlənməmiş fərziyyələr üzərindən dövlətlərarası münasibətlər kontekstinə yerləşdirilməsi və hadisəyə siyasi məna yüklənməsi peşəkar jurnalistikanın əsas prinsipləri baxımından müzakirə olunmalıdır.
Burada məsələ hansısa media resursunun tənqid hüququnu şübhə altına almaq deyil. Azad media üçün tənqid, sual vermək və fərqli mövqeləri təqdim etmək fundamental prinsipdir. Lakin tənqid ilə təsdiqlənməmiş siyasi fərziyyənin informasiya faktı kimi təqdim edilməsi arasında prinsipial fərq var.
Xüsusilə Cənubi Qafqaz kimi uzun illər münaqişə və geosiyasi qarşıdurmaların təsirində olmuş bir regionda bu fərq daha böyük əhəmiyyət daşıyır. Çünki informasiya yalnız cəmiyyəti məlumatlandırmır; bəzən siyasi proseslərə, ictimai reaksiyalara və dövlətlərarası münasibətlərə birbaşa təsir göstərir.
Məni daha çox düşündürən məqam isə ayrı-ayrı materiallardan daha geniş olan informasiya dinamikasıdır.
Son dövrdə Azərbaycanla bağlı müəyyən mənfi narrativlərin müxtəlif informasiya məkanlarında bir-birinə yaxın tezislərlə meydana çıxması müşahidə olunur. Xüsusilə Rusiya informasiya məkanında səsləndirilən bəzi iddiaların daha sonra Avropanın müxtəlif media platformalarında fərqli formalarda, lakin oxşar siyasi çərçivə daxilində yenidən gündəmə gətirilməsi diqqət çəkir.
Təbii ki, bu fakt avtomatik olaraq həmin media qurumlarının vahid mərkəzdən idarə edildiyini və ya koordinasiyalı fəaliyyət göstərdiyini sübut etmir. Lakin eyni tezislərin müxtəlif informasiya ekosistemlərində qısa zaman intervalında təkrarlanması mənbələrin, informasiya zəncirinin və ilkin iddiaların necə formalaşdığının araşdırılmasını zəruri edir.
Müasir informasiya mühitində təhlükəli mexanizmlərdən biri də məhz budur: ilkin mənbədə təsdiqlənməmiş şəkildə səsləndirilən iddia daha sonra digər media resurslarında təkrarlandıqca ilkin mənbədən ayrılır və nəticədə auditoriyada onun çoxsaylı müstəqil mənbələr tərəfindən təsdiqləndiyi təəssüratı yaranır.
Bu isə artıq sadəcə jurnalist səhvi deyil, informasiya məsuliyyəti məsələsidir.
Bu baxımdan, xüsusilə özünü yüksək peşəkar və etik jurnalistika standartlarının daşıyıcısı kimi təqdim edən Avropa media qurumlarının məsuliyyəti daha böyükdür.
“The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde”, TVP və digər beynəlxalq media resurslarının Azərbaycana dair materiallarında hansı mənbələrə istinad edildiyi, ilkin informasiyanın haradan əldə olunduğu, qarşı tərəfin mövqeyinin təqdim edilib-edilmədiyi və təsdiqlənməmiş iddiaların hansı formada auditoriyaya çatdırıldığı ciddi əhəmiyyət daşıyır.
Çünki jurnalistikanın peşəkar standartları yalnız demokratik ölkələrdə daxili auditoriyaya münasibətdə deyil, xarici ölkələr haqqında material hazırlayarkən də eyni şəkildə tətbiq olunmalıdır.
Əgər bir media qurumu Azərbaycanda baş verən hadisə barədə material hazırlayırsa, həmin hadisənin siyasi kontekstə yerləşdirilməsi üçün kifayət qədər faktoloji əsas təqdim etməli, iddia ilə faktı bir-birindən ayırmalı, müxtəlif tərəflərin mövqeyinə müraciət etməli və oxucuya hadisənin tam kontekstini görmək imkanı yaratmalıdır.
Şəffaflıq da məhz burada xüsusi əhəmiyyət kəsb edir.
İctimaiyyət bilməlidir: informasiya haradan gəlib, ilkin mənbə kimdir, hansı faktlar təsdiqlənib, hansı məqamlar ehtimaldır və hansı siyasi nəticələr jurnalistin deyil, mənbənin fərziyyəsidir.
Əks halda media özünün xəbər vermək funksiyasından kənara çıxaraq, istəmədən və ya bilərəkdən siyasi narrativlərin daşıyıcısına çevrilə bilər.
Bu məsələni Azərbaycanın regionda formalaşdırmağa çalışdığı yeni siyasi reallıqdan da ayrı təsəvvür etmək olmaz.
Cənubi Qafqazda münasibətlərin normallaşması, qarşılıqlı etimadın formalaşdırılması və uzunmüddətli sabitliyin təmin olunması son dərəcə həssas prosesdir. Belə bir mərhələdə dövlətlərarası münasibətlərə təsir göstərə biləcək hadisələrin təsdiqlənməmiş məlumatlar əsasında siyasiləşdirilməsi heç bir tərəfin maraqlarına xidmət etmir.
Əksinə, bu cür yanaşmalar onsuz da həssas olan informasiya mühitində əlavə gərginlik yarada və cəmiyyətlər arasında etimadın formalaşmasına mənfi təsir göstərə bilər.
Mən hesab edirəm ki, Avropa mediasının Azərbaycana münasibətdə ən böyük üstünlüyü məhz onun peşəkar standartlara sadiqliyindən irəli gəlməlidir. Əgər Avropa mediası digər ölkələrdə dezinformasiya, hibrid informasiya təsiri və media manipulyasiyası təhlükəsindən haqlı olaraq danışırsa, eyni prinsiplər özünün hazırladığı materiallara münasibətdə də tətbiq edilməlidir.
Standart universal olmalıdır !
Bir informasiya iddiasının Rusiyada, Avropada və ya başqa bir coğrafiyada meydana çıxması onun avtomatik olaraq doğru və ya yanlış olması üçün meyar deyil. Meyar faktın özüdür, mənbənin etibarlılığıdır, sübutun mövcudluğudur və həmin məlumatın peşəkar şəkildə yoxlanılmasıdır.
Bu gün informasiya məkanında ən təhlükəli məsələ müxtəlif siyasi maraqların media dili vasitəsilə normallaşdırılmasıdır. Bir ölkəyə münasibətdə eyni mənfi çərçivənin müxtəlif platformalarda təkrar-təkrar istifadəsi zaman keçdikcə ictimai şüurda “məlum həqiqət” effekti yarada bilər. Halbuki onun ilkin əsası heç vaxt obyektiv şəkildə yoxlanılmamış ola bilər.
Məhz buna görə mən hesab edirəm ki, Azərbaycanla bağlı material hazırlayan xarici media resurslarının üzərinə xüsusi məsuliyyət düşür: faktı fərziyyədən, jurnalistikanı siyasi narrativdən, tənqidi isə manipulyasiyadan ayırmaq.
Azərbaycanın beynəlxalq media məkanında tənqid olunması normaldır və belə tənqid demokratik informasiya mühitinin ayrılmaz hissəsidir. Lakin tənqid nə qədər sərt olursa-olsun, onun faktoloji və peşəkar əsası olmalıdır.
Bu gün regionda sülh və normallaşma istiqamətində əldə olunan hər bir irəliləyişin qorunması yalnız diplomatik masalarda deyil, informasiya məkanında da məsuliyyət tələb edir.
Çünki bəzən bir diplomatik proses aylarla formalaşdırılan etimad üzərində qurulur, lakin həmin etimadı zədələmək üçün cəmi bir manipulyativ başlıq kifayət edir.
Ona görə də Avropa mediasına münasibətdə gözlənti çox sadədir: eyni jurnalist standartları, eyni şəffaflıq, eyni fakt yoxlaması və eyni məsuliyyət.
Bu, yalnız Azərbaycanın haqq etdiyi yanaşma deyil. Bu, peşəkar jurnalistikanın universal prinsipidir.
Yeganə Haciyeva,
Mətbuat Şurası İdarə Heyətinin üzvü
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…