Yaponiyada aparılan araşdırma insanların nə qədər yaşayacaqları barədə verdikləri proqnozların bəzi hallarda reallığa kifayət qədər yaxın olduğunu göstərib. Maraqlıdır ki, özünə daha qısa ömür biçənlərin böyük hissəsi gözlədiyindən daha uzun yaşayıb.
Tezadlar.az xəbər verir ki, araşdırmaya görə, özlərinin az yaşayacağını düşünən insanların təxminən 59 faizi proqnozlaşdırdıqları yaşı keçib. Tsukuba Universitetindən alim Şohei Okamoto və komandası Yaponiyanın yaşlanma və sağlamlıq dinamikası ilə bağlı uzunmüddətli araşdırmasının məlumatlarını təhlil edib. Tədqiqata 60 və daha yuxarı yaşda 2447 nəfər qatılıb. İştirakçılardan neçə yaşa qədər yaşayacaqlarını düşündükləri soruşulub. Onlardan 393 nəfər cavab verə bilməyib, digərləri isə 63-dən 120 yaşa qədər müxtəlif rəqəmlər səsləndirib.
28 il sonra nəticələr müqayisə edildi
28 il sonra, 2024-cü ildə tədqiqatçılar bu müddət ərzində vəfat edən 1514 nəfərin vaxtilə verdiyi cavablarla onların faktiki ömür uzunluğunu müqayisə ediblər. Nəticələr göstərib ki, daha uzun yaşayacağını düşünən insanların bir qismi həqiqətən də uzun ömür sürüb.
Bəs buna pozitiv düşüncə səbəb olub?
Alimlər hələlik bunu təsdiqləyə bilmirlər. Çünki araşdırma müşahidə xarakteri daşıyır və nəticələr pozitiv düşüncə ilə uzunömürlülük arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir.
“80” rəqəminin sirri
Tədqiqatçıların diqqətini çəkən məqamlardan biri insanların böyük hissəsinin 80 yaş rəqəmini seçməsi olub. Bu göstərici 1996-cı ildə Yaponiyada qadın və kişilər üçün orta gözlənilən ömür uzunluğuna yaxın olub. Buna görə də iştirakçıların həmin statistik göstəricidən xəbərdar olaraq şüuraltı şəkildə 80 yaş rəqəmini seçməsi ehtimal edilir. Başqa bir ehtimala görə isə özünü sağlam hiss edən və ailəsində uzunömürlülük halları olan insanlar daha uzun yaşayacaqlarına inanmağa meyllidirlər. Araşdırmada qadınların və təhsil səviyyəsi daha yüksək olan insanların öz proqnozlaşdırdıqları yaş həddini daha çox keçdikləri də müəyyən edilib.
Tədqiqatçılar daha uzun müddət təhsil alan insanların 75, 80 və ya 85 kimi 5-ə bölünən “yuvarlaq” yaş rəqəmlərini daha az seçdiklərini də qeyd ediblər. Bununla belə, iştirakçıların əhəmiyyətli hissəsi öz ömür uzunluğunu olduğundan az qiymətləndirib və gözlədiklərindən daha uzun yaşayıb. Araşdırmanın nəticələri göstərir ki, insanların öz sağlamlığı, ailə tarixçəsi və həyat şəraiti ilə bağlı şəxsi qiymətləndirmələri gələcək ömür uzunluğu barədə təxminlərinə müəyyən qədər təsir edə bilər.






