Əsas məzmuna keç

XOCALI: Bir Nəslin Bitməyən Həsrəti-Erməni vəhşiliyi!

…Məmmədova Şövkət İbad qızı 1963-cü ildə Azərbaycan Respublikasının Xocalı şəhərində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunduğu gün anası Məmmədova Səltənət Zülal qızı, oğlu Cəfərov Samir Tacir oğlu, bacısı Məmmədova Lətifə İbad qızı və onun oğlanları Əliyev Səbuhı və Əliyev Səlim ilə birlikdə girov götürülüb. Onları Ağdərə rayonunun Vəng kəndinə aparıblar.
Bacısı – Xocalı sakini, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Müəllimləri Təkmilləşdirmə İnstitutunun yataqxanasında məskunlaşmış Qəmbərova Adilə İbad qızı izahatında göstərib ki, Xocalı sakini Cavanşir Hacverdiyev (Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki yataqxanada məskunlaşıb, bacısının adı Bəstidir) həmin gün onları ailəliklə meşədə ocaq ətrafında oturub qızınarkən görüb. Cavanşirin dediyinə görə, onlar meşədə olarkən ətrafda ermənilərin üstü çadırla maşını dayanıbmış. Ermənilər qəribə səslər çıxarıb, azərbaycanlıların yaxınlıqda olduğunu bir-birinə bildiriblər. Cavanşirin qardaşı Şahin ona «Sən get, biz də yavaş-yavaş gəlirik» deyib. O, yoluna davam edib, bir müddət keçəndən sonra dayanıb, onları gözləyib. Nə Şahin, nə də Səltənət ailəsi ilə gəlib çıxmayıb. Sonradan heç kimin onların taleyindən xəbəri olmayıb.
«Beynəlxalq Amnistiya» Təşkilatının Avropa üzrə Təhqiqatlar şöbəsinin müdiri Ann Burlinin 12 avqust 1993-cü ildə verdiyi məlumata görə, Məmmədova Səltənət və onun ailə üzvləri fevral ayının 25-dən 26-na keçən gecə, Xocalının işğalı zamanı erməni hərbçiləri tərəfindən girov götürülüb, Ağdərə rayonunun Vəng kəndində saxlanılıblar.
Fevralın o şaxtalı gecəsində isinmək üçün qalanan ocaq, neçə-neçə soydaşımız kimi Məmmədovlar ailəsinin də son ümid işığı oldu. Erməni vandallarının mühasirəsində sönən o ocaqla birlikdə, bir ananın, körpələrin və bacıların gələcəyi də zülmətə qərq edildi.
Ağdərənin Vəng kəndinə aparılan bu ailədən geriyə nə bir iz qaldı, nə də bir soraq… Bu gün Xocalı torpağı azad olunsa da, o gecə meşənin dərinliyində itkin düşən doğmalarımızın acısı və cavabsız qalan sualların ağırlığı yaddaşımızda bitməyən bir dağ kimi yaşamaqdadır…
(tezadlar.az)
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…