Lerik rayonunda Hamarmeşə və Bibiyani yaşayış məntəqələrini birləşdirən 5,2 kilometrlik avtomobil yolunda yenidənqurma işləri aparılır.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində yolun torpaq yatağının hazırlanması və genişləndirilməsi, həmçinin suötürücü boruların tikintisi artıq tamamlanıb.
Hazırda yolun 4,8 kilometrlik hissəsində iri dənəli asfalt-beton örtüyünün döşənməsi yekunlaşıb, qalan hissələrdə isə asfaltlanma işləri davam etdirilir.
Yol infrastrukturu ilə yanaşı, marşrut üzərində yerləşən körpü də yenidən qurulur. Körpüdə svay və bünövrə işləri tam başa çatdırılıb, kənar dayaqların inşası isə yekun mərhələdədir.
Layihənin tamamlanması Hamarmeşə və Bibiyani kəndləri arasında nəqliyyat əlaqəsini daha rahat və təhlükəsiz edəcək, sakinlərin gediş-gəliş imkanlarının yaxşılaşmasına xidmət göstərəcək.







