Əsas məzmuna keç

HƏFTƏBECƏR- TEZADLAR.AZ TƏQDİM VERİR

Neçə vaxtdır Türkiyə jurnalistləri və siyasətçiləri ilə Azərbaycan jurnalistləri və siyasətçiləri arasında İsrail dövləti və hicabla bağlı gedən söz savaşında atəşkəs elan olunub. Buna səbəb Türkiyə prezidenti cənab R.T.Ərdoğanın Azərbaycan prezidenti cənab İlham Əliyevi əvvəlki isti və qardaş münasibətilə Türkiyədə keçiriləcək Türkdilli Dövlətlərin Sammitinə dəvət etməsi oldu. Eyni zamanda cənab R.T.Ərdoğan Azərbaycan əlehyinə sərt danışan öz baş müşaviri Oktay Saralı işdən qovub.

P.S. Bu, o deməkdir ki, ay Rusiya, ay İran, ay Ermənistan, hər iki ölkədə olan cəsuslarınız nə qədər özlərini öldürsələr də, Türkiyə və Azərbaycan qardaşlığına bir zərrə qədər də olsa, təsir edə bilməzlər. Deyəsən, mənim burnuma nəsə pis qoxu gəlir. Demişdim axı, ətlə dırnağın arasına girən iylənib çıxar. Artıq ətrafı üfunət bürüyüb, mən ölüm…

 

pasinyan ni

Ermənistanın baş naziri Nikol Paşınyan Azərbaycanla sülh sazişinin əvvəl 2031-ci ildə, bir neçə gün bundan sonra isə, 2027-28-ci illərdə imzalana biləcəyini bildirib.

P.S. Bu Paşik əsl bizim Bakı küləyi kimi hər tərəfə əsir, mən ölüm. Ay Paşik, sən o Köçaryanın və Sarkisyanın, sənin üçün “əziz” olan o başlarına and verirəm, konkret bir söz de və üstündə də dur. Yaxşı yadıma düşdü, ara, Paşik canı, sən belə elə: gəl o Köçaryanla Sarkisyanı “çerez” Gürcüstan ver bizə və sənin də canın onlardan qurtarsın, bizim də. Onda sənin də, bizim də işimiz olar super. Onlarla bir baaaaalaca işimiz olacaq. Ara, qorxma e… öldürməyəcəyik. Sadəcə, başqa işimiz var…

*  *  *

Olkəmizdə xırda-para etirazlarla müşahidə olunan hicab aşıqlərinin köpü, deyəsən, daha alınıb.

P.S. Alınar dəəə… Gördülər ki, bu saxtakar dindarların, ya da dini darların, Allahdan, dindən xəbərləri yoxdur. Məgər Allah və Qurani-Kərim buyurur ki, get məktəbin şüşələrini sındır, maşını yandır, məktəbin direktorunu söy, yumuruqla? Axı, nə Quranda belə şey var, nə də Allah belə buyurub. Bunlar hamısı İranın kölələri və dini darlardır. Hökümətimizin qətiyyətini görəndən sonra, dillərini qoyublar dinməz yerlərinə. Necə deyərlər, Allah belələrini özü başa salır!

*  *  *

Mətbuatdan məlum olur ki, ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.

P.S. Əşi, bu İsraili başa düşdük ki, balaca dövlətdir və İrana gücü çatmır. Amma ötən müharibələr göstərdi ki, İran bu balaca dövlətin qarşısında acizdir. İndi bunu bir kənara qoyaq. Bəs dünyaya meydan oxuyan o boyda ABŞ İranın öhdəsindən niyə gələ bilmir? Ukraynaya gücü çatmayan Putin mülki binalar və dinc insanları qırdığı kimi, Tramp da vurub dağıtmaqla məşğuldur. Amma İranda konkret hədəfə çata bilmir və nəticədə dünyadaki hegemon nüfuzu zədələnib. Tramp indi də istəyir ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə səs qazanmaq üçün yenə İrana hücüm etsin. Hər iki cəbhədə seçkilərdə və İranda nəticə olacaqmı? Mən şəxsən, inanmıram.

e

Müğənni sayılan Vəfa Şərifova olduğu məclisin birində canlı ifa edib ki, bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir dəstə izləyicilər Vəfanın səsi olduğunu, bir çox izləyicilər də səsinin olmadığını bildirərək, müğənnini tənqid ediblər.

P.S. Adama deyərlər, ay Vəfa xanım, illərdir fonoqramla oxuyub bir tikə çörək pulunu qazanırdın dəəə… Səndən xahiş edən var idi ki, özünü belə gücə sal? Rəhmətliyin qızı, “fləşkanı” taxırdn aparata, sən də bu yanda əlində mikrafon, ağzını açıb-yumurdun və babat da pul gəlirdi, dayna… Gərək indi hamı biləydi ki, səsin yoxdur? Belə yerdə deyiblər e, adamın özü özünə elədiyini külli aləm yığışa, eləyə bilməz. Di get. Sənə bu da azdır. Bir də olmayan səsinlə canlı ifa etmək eşqinə düşüb özünü biabır eləmə.

e

Müğənni Xumar Qədimova sinəsi çöldə qalan bir şəkil paylaşıb. Bu barədə bir sayt isə belə təqdimat verib: “Müğənni sinə dekolteli geyimi ilə diqqət mərkəzinə düşüb. Sənətçinin paylaşdığı görüntülər izləyicilər arasında müzakirələrə səbə olub”.

P.S. Belə izləyiciləri mən çay aşağı axıdım, çay yuxarı axtarım. Rəhmətliyin uşağı, bu ilin aprelində 60 yaşı olan Xumar xanımın sinəsini çöldə qoymasının nəyi müzakirələrə səbəb olub? Bir nəfər çıxıb demir ki, ay Xumar xanım, 60 yaşa çatdın, amma… Eyni tonda, eyni musiqi əhəngində oxuyan Xumar xanımın 60 yaşında açıq-saçıq geyinməsi, sinəsini çöldə qoyması “müğənni sinə dekolteli geyimi ilə diqqət mərkəzinə düşüb” kimi təqdim olunmalı deyil e, yazılmalı idi ki, müğənni bu yaşında imicini çöldə qoyub. Necə deyərlər, ayıbdır, vallah ayıbdır.

 

e

Müğənni Nüşabə Ələsgərli özünün alim olması  barədə bir sayta danışarkən belə deyib: “Mən pedaqoq olmaqla yanaşı, aliməm, sənətşünaslıq üzrə fəlsəfə doktoruyam”.

P.S. Sonra da deyirik, elmimiz niyə Biləcəridən o tərəfə gedə bilmir. Müğənnisi alim olan ölkədə, elm indiki kimi durğunluq dövrünü yaşamalıdır dəəə… “Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam” deyənə bax. Əcəb qurultulu səslənir. Əgər Nüşabə xanım “fəlsəfə” sözünün açmasını demirəm önündə ki, “f” hərfindən xəbəri varsa, mən qələmi yerə qoyub jurnalist fəaliyyətindən əl çəkərəm. Məlumat üçün deyim ki, fəlsəfə qədim Yunan sözü olub iki hissədən ibarətdir: “filo” –sevirəm, “sofya” –hikmət, müdriklik, deməkdir. Nüşabə xanımın fəlsəfə doktorluğunun nəinki hikməti, heç Məmədqulusu da yoxdur, mən ölüm.

e
         

Avroviziya təmsilçimiz olmuş Samirə Əfəndi səhhətindəki problemdən danışarkan bir sayta belə deyib: “Məni həqiqətən sevənlər göbəkli-göbəksiz sevir. Bəli, mənim sağlamlıq problemlərim var. Amma bu, heç kəsə nə lağ, nə qarğış etməyə, nə də ki, artıq-əskik danışmağa haqq qazandırır. Ağıllı olun!”.

 P.S. Samirə xanım, əvvəla, Allah tezliklə şəfa versin! İkincisi, deyirsən ki, “məni həqiqətən sevənlər göbəkli-göbəksiz sevir”. Neynək, qoy belə olsun. Ətövbə, heç bir ehtirazım yoxdur. Sadəcə bilmək istəyirəm ki, Samirə xanım, səni göbəkli sevənlər çoxdur, yoxsa göbəksiz? Bilirsən, əzizim, göbəyi çöldə olmayan müğənniyə heç kim qulaq asmır. Nöşün ki, belə müğənninin səsi –sənəti onsuz da yoxdur. Ona görə də göbəyini çöldə qoymalıdır ki, baxış sayı çox olsun və sevilsin. Göbək sənətdə irəli getmək üçün ən təsirli mexanizmdir. Elə sponsor da ən çox göbəyə qiymət verir də… İndiki zamanda göbəyi görünməyən müğənninin heç üzünə də baxan yoxdur. Sən də dövrün nəbzini tutaraq göbək müxanizmindən çox məharətlə istifadə edirsən. Sən bu göbəklə hələ çox irəli getməyi haqq edirsən, Samirə xanım.  Halaldır, mən ölüm.

ELÇİN

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…