Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Tezadlar.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Eldəniz Qulamov hüquqlarını müdafiə edən vəkildən imtina etdiyini bildirib. Qulamov bunun səbəbini vəkilin onun müdafiəsini düzgün qurmaması ilə əsaslandırıb.
E. Qulamovun müqavilə bağladığı digər vəkil də məhkəmənin günü və saatı barədə məlumatlı olmasına rəğmən məhkəmə prosesinə qatılmayıb, rayonda olduğunu bildirib.
Hakim Eldar İsmayılov bunu məhkəmənin işini yubadaraq, onu süni şəkildə uzatmaq kimi qiymətləndirib. Hakim xatırladıb ki, vəkil iki prosesdir məhkəməyə gəlmir və əgər növbəti prosesdə iştirak etməzsə, onun barəsində Vəkillər Kollegiyasına təqdimat göndəriləcək.
Növbəti proses 25 noyabr saat 14:00-a təyin olunub.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Gənclər və İdman Naziriyi tanınıb.







