Əsas məzmuna keç

“Azərbaycanın tarixi izlərinin silinməsi sülh prosesinə xələl gətirir”

“Ermənistan dövləti Azərbaycanın qədim torpaqları hesabına yaradılmış bir dövlətdir. Bu dövlət yarandığı gündən həmin ərazidə yaşayan azərbaycanlıların qədim yer adlarını, kəndlərin və rayonların adlarını, hətta tarixi abidələrin adlarını dəyişdirməklə Ermənistan ərazisində Azərbaycan izlərini silmək məqsədilə dövlət səviyyəsində siyasət həyata keçirir. İstər indiki Ermənistan ərazisində, istərsə də ermənilərin Qarabağda törətdiyi əməllər bunu açıq şəkildə göstərir”. Siyasi ekspert Azad Məsiyev bu sözləri tezadlar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, indi də Ermənistanda yerləşən məscidin adını dəyişdirmək və ona müəyyən adlar verməklə Azərbaycan izlərini, türk xalqının bu torpaqlardakı qədim tarixi mövcudluğuna dair izləri silməyə çalışırlar. Bu cür siyasət Ermənistan tərəfindən hər zaman həyata keçirilib. Təbii ki, Azərbaycan ictimaiyyəti baş verən hadisələrə biganə qalmamalıdır. Biz dəfələrlə müsahibələrimizdə, müxtəlif kütləvi informasiya vasitələrində və digər tədbirlərdə bildirmişik ki, Azərbaycan öz tarixi torpaqlarını unutmur. Qərbi Azərbaycan İcmasının Qayıdış Proqramı da gündəmdədir. Bu baxımdan, Ermənistanda azərbaycanlıların tarixi izlərini silmək məqsədilə atılan addımlar qəbuledilməzdir və ictimaiyyət buna öz etirazını bildirməlidir. Bildiyiniz kimi, məscid ibadət evi olmaqla yanaşı, dini və tarixi əhəmiyyətə malik bir məkandır. Onun siyasi alət kimi istifadə edilməsi qəbuledilməzdir. Təəssüf ki, Ermənistan bu cür addımlar atmaqla iki dövlət arasında yaranmış yumşalma prosesinə xələl gətirir. Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılıb və Ermənistan tərəfindən konstruktiv addımlar atılmasını gözləyirik. Lakin buna baxmayaraq, Ermənistan bəzi məqamlarda qonşularla münasibətləri yumşaltmaq əvəzinə, gərginləşdirmə siyasəti həyata keçirir. Bu addımlardan biri də məscidə erməni şairinin adının verilməsidir. Hesab edirəm ki, bu, Azərbaycan türklərinin tarixi izlərini silmək məqsədi daşıyır. Təbii ki, Azərbaycan ictimaiyyətində bu proseslərə qarşı həmişə etiraz olub və bu gün də davam edir. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi də bu məsələyə dini qiymət verməlidir. Diplomatik münasibətlər baxımından yanaşdıqda isə indiki mərhələdə diplomatik addımlar atmaq məqsədəuyğun deyil. Çünki Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması ərəfəsindəyik və qarşılıqlı münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atılır”.

Ekspertin fikrincə, bütün Azərbaycan ictimaiyyəti öz etirazını bildirməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi də bu məsələdə mövqeyini ortaya qoymalıdır. Ermənistan tərəfinin reaksiyasını öyrəndikdən sonra buna uyğun adekvat cavab tədbirləri görülə bilər. Ermənistan tarix boyu azərbaycanlılara qarşı qərəzli davranış nümayiş etdirib. İstər musiqimizi, istər xalq mədəniyyətimizi, istərsə də digər mədəni dəyərlərimizi mənimsəyərək özününküləşdirməyə çalışır. Bunu da məqsədyönlü şəkildə həyata keçirir. Ermənistan həmişə yalan üzərində həqiqət yaratmaq siyasəti aparıb. Bu gün də dini məkanları, yəni ibadət ocaqlarını bu cür siyasi alətə çevirərək azərbaycanlılara qarşı növbəti təxribat törədir. Bu, əvvəlcədən hesablanmış bir təxribatdır. Bu cür təxribatlar Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasına maneçilik törədə biləcək amillərdəndir. Məqsəd cəmiyyətdə narazılıq yaratmaq, Azərbaycan cəmiyyətinin reaksiyasını gözləmək və bundan istifadə edərək dövlətlərarası münasibətləri gərginləşdirməkdir. Bu cür təxribatlara yol vermək olmaz, lakin cəmiyyətimiz də buna münasibət bildirməlidir. Ermənistanın apardığı bu cür siyasət məqbul sayıla bilməz.

“Ermənistanda bir çox məscidlərin, kənd və rayonların adları dəyişdirilib. Bütün bunlar məqsədyönlü şəkildə həyata keçirilir. Məscidin ibadət ocağı olmaqdan əlavə tarixi əhəmiyyət daşıdığı halda, onun adının dəyişdirilərək tanınmış erməni şairinin adına verilməsi və bunun nümayişkaranə şəkildə təqdim edilməsi növbəti təxribatdır. Bu, açıq-aşkar provokasiyadır. Ermənistan tərəfi Azərbaycan cəmiyyətinin və Azərbaycan dövlətinin reaksiyasını gözləyir. Onlar istəyirlər ki, Azərbaycan dövləti buna kəskin reaksiya versin. Hesab edirəm ki, bu gün Azərbaycan ictimaiyyəti, Qərbi Azərbaycan İcması, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi öz mövqeyini bildirməlidir. Ermənistan dövləti başa düşməlidir ki, bu cür təxribatlarla qarşıdan gələn sülh sazişinin imzalanmasına maneçilik törətmiş olur. Bu addımlar dövlətlərarası münasibətləri yumşaltmaq əvəzinə, gərginlik yaratmaq məqsədi daşıyır. Bu, bilərəkdən və düşünülmüş şəkildə atılmış bir addımdır”, – deyə ekspert əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…