İranın Hörmüzgan əyalətində yerləşən Sirik şəhəri ABŞ-nin zərbəsinə məruz qalıb. Tezadlar.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Zərbə nəticəsində dağıntıların, ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib. “Azad İran” “Telegram” kanalının məlumatına görə isə son saatlarda şəhər sakinləri bir neçə dəfə partlayış səsi eşidiblər. Səslərin mənbəyi hələlik müəyyən edilməyib. Bir sıra mənbələr səslərin gəmiçilik qaydalarını pozan gəmilərə xəbərdarlıq məqsədilə açılan atəşlə bağlı ola biləcəyini bildiriblər. Qeyd edək ki, daha əvvəl İran ordusu Hörmüz boğazında iki neft tankerində partlayış baş verdiyini açıqlayıb.
“Nour News” agentliyinin məlumatına əsasən, ABŞ-ın hücumlarından sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus Hava-Kosmik Qüvvələri ABŞ ordusunun Bəhreyndə yerləşən radar sistemini hədəfə alıb. Bildirilib ki, bir neçə saat öncə SEPAH qüvvələri Sirik şəhərinə edilən hava hücumuna cavab olaraq hərəkətə keçib. Nəticədə ABŞ-nin Bəhreyndəki erkən xəbərdarlıq radar sisteminə zərbə endirilərək qurğu tamamilə sıradan çıxarılıb.







