…Artıq bu addım da atıldı: Gürcüstanda surroqat analığın (daşıyıcı ananın) qadağan edilməsi ilə bağlı qərar qəbul edilib və müvafiq qanun layihəsinin yaxın vaxtlarda parlamentə təqdim olunması planlaşdırılır. Bu qərar fonunda ölkədə surroqat analıq xidmətlərinin qiyməti və proqramların şərtləri də gündəmə gəlib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, araşdırmalara əsasən, Gürcüstanda reproduktiv xidmət göstərən şirkətlərin açıq qiymət siyahılarında surroqat analıq proqramlarının dəyəri orta hesabla 55-65 min ABŞ dolları arasında dəyişir. Zəmanətli proqramların qiyməti isə 73 min dollara və daha yüksək məbləğə çata bilər. Qiymət əsasən embrionun yaradılması üçün valideynlərin öz yumurta hüceyrələrindən, donor yumurta hüceyrələrindən və ya əvvəlcədən dondurulmuş embrionlardan istifadə edilməsindən asılıdır. Proqramın şərtləri və əlavə tibbi ehtiyaclar da ümumi məbləğə təsir göstərir.
Açıq şəkildə yayımlanan təkliflərə əsasən, Gürcüstanda bu xidmətin bir neçə növü mövcuddur: Dondurulmuş embrionlarla surroqat analıq – təxminən 56 min ABŞ dollarından başlayır. Bu proqram artıq yaradılmış və dondurulmuş embrionları olan cütlüklər üçün nəzərdə tutulub. Öz yumurta hüceyrələri ilə surroqat analıq – qiyməti təxminən 59 min dollardan başlayır. Bu halda embrion gələcək ananın yumurta hüceyrəsi və partnyorunun sperması əsasında yaradılır. Donor yumurta hüceyrələri ilə surroqat analıq – proqramın qiyməti təxminən 65 min dollar təşkil edir. Zəmanətli proqram – ən yüksək büdcəli təkliflər sırasındadır və qiyməti təxminən 73 min dollardan başlayır. Belə proqramlar, şərtlərdən asılı olaraq, uşağın doğulmasına qədər bir neçə IVF dövrünü və embrion transferini əhatə edə bilər.
Proqramın qiymətinə hansı xidmətlər daxildir?
Tam proqramın dəyərinə yalnız surroqat ananın ödənişi daxil deyil. Məbləğə, adətən, aşağıdakı xidmətlər də daxildir: – Süni mayalanma (IVF) və embrionun yaradılması; – Proqramda nəzərdə tutulduğu halda embrionun dondurulması və saxlanılması; – Surroqat ananın seçilməsi və tibbi müayinəsi; – Embrionun köçürülməsi; – Hamiləliyin monitorinqi, dərman preparatları və həkim xidmətləri; – Surroqat ana ilə müqavilənin bağlanması və notariat xidmətləri; – Doğuşla bağlı xərclər; – Uşağın doğum sənədlərinin hazırlanması və digər təşkilati məsələlər. Bəzi proqramlara şəxsi koordinator, yaşayış yeri, hava limanından transfer və xarici pasiyentlər üçün əlavə xidmətlər də daxil edilir. Bununla belə, bütün proqramlarda xidmətlərin siyahısı eyni deyil.
Surroqat ana nə qədər ödəniş alır?
Açıq qiymət təkliflərinə əsasən, Gürcüstanda surroqat analara təxminən 23-28 min ABŞ dolları məbləğində ödəniş nəzərdə tutulur. Bu məbləğ hamiləliyin müxtəlif mərhələlərində hissə-hissə verilə bilər. Bundan əlavə, proqramın şərtlərindən asılı olaraq yaşayış, nəqliyyat, tibbi müayinələr, dərman preparatları və geyim xərcləri də qarşılana bilər. Qiymət siyahılarından birində surroqat ana üçün doğuşdan sonra 25 500 dollar, hamiləlik müddətində isə hər ay 500 dollar ödəniş nəzərdə tutulub. Eyni təklifdə hamiləliklə bağlı tibbi xidmətlər və digər xərclər ayrıca göstərilib.
Qeyd edək ki, göstərilən qiymətlər reproduktiv xidmət sahəsində fəaliyyət göstərən şirkətlərdən birinin açıq təkliflərinə əsaslanır.







