(povest)
Əvvəli:
5.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli-4/
4.https://tezadlar.az/172125-2/
3.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli-3/
2.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli-2/
1.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli)
Hərbi hissənin buraxılış məntəqəsindən içəri keçən məqamda atamın səsində azacıq kövrəklik duyulan səs tonu hiss etdim.
–Evdə qardaşın, balaca bacın və ömrləri qocalığa doğru yırğalanan anan, atan yolunu gözləyirik ha! Kişi kimi xidmətini başa vur və sağ-salamat evimizə dön, oğlum!
Qəhər boğazımı elə düyünləmişdir ki, bir söz belə deyə bilmədim. Eləcə atama əsgər duruşuyla hərbi salam verib, tez içəriyə keçdim. Nizami bölməyə sənədlərimi təqdim etdikdən sonra əsgər yataqxanasının yolunu tutar-tutmaz öz-özümə fikirləşib, hələ güldüm də. Anamla atam məni elə yola salırdılar ki, elə bil hərbiyə yenicə gəlmiş gənc əsgərəm. Halbuki, xidmətimin dörd ayı geridə qalmışdı. Bu müddət ərzində hərbin nizam-intizamına düzgün əməl edib, qüsursuz xidmətimə görə “Baş əsgər” hərbi rütbəsilə təltif olunmuşdum da. Nə etməli valideyn ürəyi; “Axı mən hardan bilim bu ürəyin narahatçılığını? Gərək özüm valideyin olam ki, valideynlərimin keçirdiyi hissləri dərk edə bilim” – dodaqaltı mızıldanaraq bölüyə çatırdım ki, baş gizir Çompuzovla toqquşdum. Cəld özümə düzəliş verib, farağatda dayandım. Baş gizir Çompuzov “Azad”- komandası verib, məni qucaqladı. Bu anı elə hiss etdim ki, hələ də valideynlərimdən ayrılmamışam. İndi məni fərqli bir həyat qarşılayırdı. Əsgər çəkməsinin havada sayrışan qoxusu, asfalt örtüklü meydançanın qır qoxusu, 72%-li əsgər sabununun qoxusu və əsgər yeməkxanasının bacasından buğlanan yarmanın qoxusu məni spirt, yod, xlor qoxulu havadan əməllicə ayırmışdı. Gözlərim hər tərəfdə çavuş Sarıyevi axtarırdı. Niyyət etmişdim ki, hərbi hissəyə qayıdan da ilk qol-boyun olub qucaqlaşacağım şəxs Sarıyev olacaq. Amma niyyətim özümdən xəbərsiz pozulmuşdu. Buraxılış məntəqəsindən Qərargah binasının araxasına gedən ensiz cığırda ilk qarşıma çıxan gizirimiz Çompuzov olmuşdu. Artilleriya divizionunun önündə dayanıb, nəfəsimi dərdim. Üst-başıma düzəliş verib içəriyə daxil oldum. Olmaz olaydım. O günü bölük yoldaşım Nəzərov üç gün idi ki, dalbadal olaraq, yeməkxanaya köməkçi çıxırdı. Əsgərlikdə əsgərlərin heç sevmədiyi növbətçi xidmət əsgər yeməkxanası idi. Kimki nizamnamədə qanun pozuntusuna mübtəla olardı və yaxudda komandirlərin nəzərində yanlış hərəkətə sərbəstlik verərdisə həmin əsgəri cəza olaraq yeməkxanaya gün sonunadək işləməyə cəlb edərdilər. Bizim baməzə Nəzərov da o günün qurbanı olmuşdur. Beləki: Divizionun enli dəhlizinə yenicə çatmışdım ki, gün növbətçisi missiyasını yerinə yetirən Nəzərov postdan uca səslə: “Farağat!”-komandası verdi. Hərbin daxili nizamnaməsində belə bir maddə var; əgər bölüyə – əsgər yataqxanasına yüksək rütbəli zabit daxil olardısa, gün növbətçisi “Farağat” komandası verərək bölüyün növbətçisini xəbərdar edər, bölük növbətçisi də dərhal dəhlizə çıxıb, yüksək rütbəli zabitə məruzə etməlidir. Bu qayda hərbi hissənin Yeməkxanasında, Tibb məntəqəsində, Nizami bölmədə, Qaravulxanada da keçərli idi. Birtək Qərargahda fərqli idi: əgər hərbi hissə komandiri otağında deyilsə, Qərargaha daxil olan yüksək rütbəli zabitə “Farağat” komandası, yox əgər hərbi hissə komandiri Qərargahdadırsa o zaman Qərargahın postunda dayanan gün növbətçisi “Növbətçi çıxışa” komandası verməlidir. Məxfi hissə bölməsində isə bu komandaların heç biri keçərli deyildi. Adından da bilindiyi kimi orda məxfi sənədlər saxlanılırdı. Birtək Məxfi hissə bölməsinin rəisi sərbəst həmin bölməyə daxil ola bilərdi. Hətta hərbi hissə komandiri də Məxfi hissə bölməsinin rəisi olmadan qapıya vurulmuş möhürü qırıb, bölməyə daxil ola bilməzdi. Uzun sözü qısası Nəzərov məni görəndə sevincinin yüyənini cilovlaya bilməmişdi və var gücü ilə mənə “Farağat” komandasını vermişdi. Elə bu komanda qulaqlarımda yenicə cinglidəmişdi ki, bölüyün növbətçisi çavuş Sarıyev qaranəfəs dəhlizə tullanıb, məruzəyə hazırlaşdı. Qarşısında yüksək rütbəli zabit yerinə baş əsgər Alıyev Rəvanı gördü. O an Sarıyev vaxt itirmədən şahin kimi ayaqlarını yerdən üzüb, üstümə şığıdı. Uzun qollarını qollarımın arasından salıb, məni havaya qaldırdı. Qabırqalarımı elə sıxdı ki, az qaldı ciyərlərim ağzımdan çıxsın. Bir-iki dövrə məni qolları arasında var gücü ilə havada fırladı sonra yerdən üzülən ayaqlarımı yerə çırpıb, qol budlarımı pələş əlləri ilə bərkdən sıxdı. Gözlərini gözlərimə zilləyib bir müddət hərəkətsiz baxışdıq:
–Nəhayət qarşımdasan! Rəvan, səni diviziona gəldiyin ilk günki kimi xatırlayıram! Həmin günü qarşımda gənc əsgər olaraq farağat komandasında necə dayanmışdınsa bu gün də o formada dayanmısan! Gözümüz aydın! Səni qarşımda sapsağlam gördüyüm üçün gözlərimə minnətdaram!
Bəli, Sarıyev xidmətə məndən üç ay əvvəl gəlmişdi. Mən gənc əsgər olaraq yenicə hərbi hissəyə gətiriləndə bölgü zamanı Özüyeriyən artilleriya divizionuna düşdüm və Sarıyevin çavuşu olduğu bölüyün əsgəri oldum. Mənsur Sarıyevin: “Biz bu hərbi hissədən xidmətimizi birlikdə tamamlayıb təxris olacayıq!” – kəlməsi, əslində, “Mən səni burada tək qoymayacağam. Sənin xəstəliyin, çəkdiyin əzablar və aramızdakı üç aylıq fərq bizim birliyimizi poza bilməz. Mənim üçün təxris olunmaqdan daha vacibi səninlə birlikdə bu ağır günləri adladıb, sonuna çatmaqdır”- mənasını verirdi.
–Mənsur, qardaşım, elə bilmə orada da tək idim. Səni də özümlə aparmışdım!
–Dəyərli qardaşım, yaxşı ki, səni bu həyatda tanıdım. Bundan sonra da tanımağa davam edəcəm!
–Dostu qazanmaq asandır, onu davam etdirməksə çətin. Sən məni qazanmaqla bərabər bu qazancı da qısqanccasına davam etdirirsən!
Elə bil hərbi hissəyə hind filmlərinin məşhur aktyorları gəlmişdi. Bütün divizion başımıza yığışıb, ikimizin bir-birimizə həsrət gidərən dialoquna tamaşa edirdi. Sonra mən növbə ilə əsgər yoldaşlarla salamlaşıb, qucaqlaşdıq. Bu arada Sarıyev postda dayanan Nəzərova tərs baxaraq: “Yeməkxanada görüşmək ümüdü ilə, Nəzərov” – deyib, baş geyimini başından dartıb çıxardı. Bölüyə doğru gedərkən geri dönmədən pələş əlini havada yelləyib: “Alıyev, açıq olsun yoxsa tünd?” – deyərək içəriyə keçdi. Mən də etməyib tənbəllik dərhal cavab verdim.
–Həmişəki kimi tünd. Dovşan qanı.
Bu arada postda dayanan Nəzərov, Sarıyevin ardınca boylanıb onun içəriyə keçməsinə tam əmin olduqdan sonra, xidməti yerindən düşüb, boynuma atıldı. Biz dəhlizdə qucaqlaşıb, bir-birimizi öpdük.
–Nəzərov, sən neylədin?
–Alıyev, inan mənə sənin üçün buna dəyərdi. Lap üç ay dalbadal yeməkxanaya növbətçi xidmət mənlikdir!
Biz xısın-xısın gülüşüb, yenidən qucaqlaşdıq. Çox xoşbəxt idim. Hərbiyə gəldiyim dörd ayın içində divizionda bu qədər əsgərin sevgisini qazanmışdım. Bu hər əsgərə nəsib olmur məncə. Biz o günü səhərədək bölükdə oturub, çay içdik, şirin-şirin söhbət etdik. Təsadüfə bax ki, xidmətə dönüşüm şənbə gününə dəng gəlmişdi. Deməli sabah bazar idi. Əsgərlərin istirahət günü. Ona görə o gecəni usanmadan uzatmağa çalışıb, səhəri yubatmaq istəmişdik. O gecə hərbi hissə növbətçisinin köməkçisi baş leytinant Tapdıqlı idi. Onun da bir sərt taktikası var idi. Vay o gündən hərbi hissədə “Yat” komandası veriləndən sonra hər hansı əsgər yataqxanasının pəncərəsindən işıq boylanardı, o gecəni həmin bölük “Qalx” komandasınadək meydançada “qazyerişi” yuxarı-aşağı sürünərdi. Sarıyevdə hiylə işlədib, əsgər yataqxanasının meydançaya baxan dörd pəncərəsini perişinkl rəngli yun adyalla bağladı ki, içərinin işığı Tapdıqlının gözünə sataşmasın. Yazıq hardan bilərdi ki, adyallardan birinin tən ortasında düymə boyda dəlik var. Rahatca bölüyün işığını yandırıb, adyallarla örtülü pəncərənin önündə oturub, kefimizin dadını qıdıqlayırdıq. Baş leytinantın gözündən yayınmağı bacaran hər kəs sanki Atlantik okeanını üzüb, Şimal Buzlu Okeanına çatmış hesab olunurdu. Vəzifəsini icra edən Tapdıqlı havada bergamot ətrinin qoxusunu alıbmış kimi divizionun pəncərəsinə bağladığımız adyalın dəliyindən bayıra sızan işığı görür.. O gecəni divizion üfüqdə günəş mürgülü gözlərini ovuşdurub açanadək meydançada “qazyerişi” süründük. Bütün bunlar hamısı mənə görə idi. Qayıdışımı qeyd edən bölük həmin gecəni Baş leytinant Tapdıqlının süprizi ilə qarşılaşmışdılar. Maraqlısı bu idi ki, meydançada sürünərkən hamımız bulyoda (pirjamada) idik. Elə vəziyyət yaranıb ki, Sarıyevlə mən yanbayan sürünürük. Bu həngamədə Sarıyev təngənəfəs mənə pıçıldayırdı.
–Qardaşım, sənə görə buna dəyər!
Fəqəd ikimiz olsaydıq dərd yarı. Bütün divizionun o gecəki “zülmü” uzanan gecəni bir az da uzatmışdı. Cəzamızı başa vurub, yataqxanaya geri dönəndə utandığımdan başımı qaldırmadan küncdəki çarpayıma qaçıb, üzü üstə düşdüm. Çox keçmədi əsgər yoldaşlarım bir-bir mənə yaxınlaşıb, məni bu xəcalətdən xilas edərək, bütün edilən “əziyyətləri” mənə ithaf etdiklərini səmimi dilə gətirdilər. Artıq səhər nurlanmışdı. Baxmayaraq ki, səhərin birinci fəcrindən sonra günəş üfüqdə gərnəşmişdi amma göy üzünün ağarmasına doğru boz sıx buludlar günəşi oğurlamışdı. Tutqun bir bazar günü. Bölükdə bir süstlük hökm sürürdü… Kimisi kitelinə ağ boyunluq tikir, kimisi sabahkı sıra baxışına çəkmələrini parıldadır, kimisi anasından almış məktubu həyəcanla oxuyur hərdən də məktubu burnuna sıxıb, sətrlərdəki mürəkkəbin qoxusunu ciyərlərinə çəkir, kimisi güzgünün qarşısında dayanıb, üzündə kölgələnmiş qılları sayırdı, kimisi şəxsi qamotunu səliqəyə salırdı, eləsi də vardı corablarının deşilmiş burnunu büzüşdürüb tikməyə cəhd edirdi. Bir necə dəqiqə küncündəki çarpayımdan ətrafı süzdüm. Hərənin bir məşğuliyyəti var idi. Belə də olmalı idi. Axı sabah yeni həftə başalyırdı. Nədənsə gözümə Sarıyev dəymədi. Nəzərov bunu sağa-sola döyükən gözlərimdən hiss edib, mənə yaxınlaşdı. Yanımda səliqəli oturub, əlini öz səmtinə yaxın olan dizimin üstünə qoydu.
–Çavuş Mənsur Sarıyevi Qərargahdan çağırdılar
Elə bu sözü eşitmişdim yerimdən dik atıldım. Gözlərimi bilaixtiyar bərəldib, Nəzərova dikildim.
–Yoxsa dünən gecəki həngaməyə görə raport yazdırırlar?!
Nəzərov oturduğu yerindən qımzanmadan olduqca arxayın vəziyyət aldı.
–Yox əşşşi, Sarıyev elə də asand kitab deyil hər oxuyan onu dərk etsin.
Nəzərov elə danışdı ki, bir anlıq elə bildim qarşımda çağdaş ədəbiyyatın görkəmli nümayəndəsi dayanıb. Onun bu cümləsi məni bir az sakitləşdirdi. Təkrar çarpayıma oturdum. Bu dəfə Nəzərov qalxdı. Bir söz belə demədən, yalnız əli ilə çiynimə vurub getdi. Hə indi çarpayımla baş-başa, hisslərimlə qol-boyun oldum. Uzanıb əllərimi başımın arxasında daraq edərək balışla peysərim arasında sədd yaratdım. Ayağımı ayağımın üstünə aşırıb, gözlərimi yumdum. Göz qapaqlarımın altındakı oyaq gözlərim sağa-sola, yuxarı-aşağı elə çabaladı ki, sanki azadlıq sevən bülbülü qəfəsə dustaq etmişdin. Xəyalım atına minərək dördnala Bakıya çapdı. Anamın sorağına tələsdi. Evdən ayrılarkən qapımızın kəndarındakı mənzərəni filmtək izləməyə başladım. Son dəfə ana-bala bir-birimizi qucaqlayıb, qoxulamağımızı, ayrılıq dəmini anlayıb yaşla dolan gözlərimizin bir-birimizdən gizlətməyini, daha sonra xəyalımı bir az da irəli çapıb, güzgü önündə kitelimin boyunluğunu səliqəyə salan əllərin titrəməsini, pıçıltı ilə arzularımızdan danışmağımızı. Ürkək baxışlarımızı göydən yerə uzanan ipə bənzədərək, o iplə yerdən göylərə qalxmağımızı. Bir müddətdən sonra xidmət darıxdırıcı gəldi mənə. Düzdür yaxın dostlarım Sarıyevin, Nəzərovun ətrafımda pərvanətək fırlanmaqları məni darıxmağa qoymasa da eləki onlardan aralanırdım anamın həsrəti qovurudu məni. Sarıyev havasının bulanlıq olduğu bazar günündə mənə süpriz etmişdi. Elə Qərargaha da ona görə gedibmiş. Şəxsi heyətin siyahısı yazılmış jurnalda iki hərbi rütbənin vakant olmasını görmüş, dabanına tüpürərək bir baş üz tutubmuş Qərargaha. O günü Nəzərovla mən çavuş rütbəsi ilə təltif olunmuşduq. Bu təltifin səbəbkarı isə Sarıyev idi. Artıq məni də gənc əsgərlər kiçik çavuş Alıyev deyə çağırırdılar. Hərbi rütbəni günlük kamuflyajın sol qoluna, çiyindən dörd barmaq aşağı olan hissəsinə yerləşdirdiyim gün gənc əsgərləri bölükdə bir cərgə düzüb, onlardan “Əsgərin vəzifələri”ni əzbər soruşmuşdum. Sonra qarşımda farağatda dayanan gənc əsgərlərin duruşunda, evdən ayrılarkən son dəfə anamın müqabilində farağatda dayanıb hərbi salam verdiyimi xatırlayıb, gülümsəmişdim də. Hər gecə yatağıma girərkən yuxuma beyət edirdim ki, “Qalx” komandasına qədər məni bişirəcək yuxuda anamı görüm. Fəqət hər gecə də yuxum beyətinə dönük çıxırdı. Heç hospitalda olduğum bir ay boyunca gördüyüm müəmmalı yuxuları da görmürdüm. Sanki xəstəxanadan təxris olarkən o yuxuları, 47 nömrəli palatadakı çarpayımda unutmuşdum. Sarıyev növbəti həftəsonu gün məzuniyyəti aldı və hərbi hissənin sərhəd postlarına bitişik olan balaca bir kənddən sadə “Motorolla” markalı telefon təşkil etdi mənimçün. İndi uzaq yolları telefonda gözlə-qaş arasındakı məsafə kimi qət edirdim. Eləki diviziona “Yat” komandası verilirdi gözlərim kirpiklərimin arasından gizir Çompuzovun bölüyü tərk etməsini səbrsizliklə gözləyirdi. Xoşbəxtlikdən hər dəfəsində də bu intizar çox çəkmirdi. Bir zənglə hicrana qovuşurdum. Evimizlə doyunca danışırdım. Bəzən əlehimə işləyən saatın əqrəblərini unudub, telefonda anamla “Qalx” komandasınadək danışırdım. Hərdən də telefonun o biri başında səs kəsilirdi. İlk başlanğıcda bunun setlə əlaqədar olduğunu düşünürdüm. Telefonu söndürüb, təkrar zəng edirdim. Sonralar hiss etdim ki, mən telefonun bu başında xidmətimin duzlu-məzəli, bəzən də boğucu günlərindən danışdıqca, telefonun o başında anam xısın-xısın ağlayırmış. O anlarda da telefonun başına atam keçirdi…
(Davamı var)
23.11.2026



