Əsas məzmuna keç

SON VİDALAŞMA MƏDƏNİYYƏTİNƏ İNSANLIQ, ADƏT VƏ ZƏMANƏ PRİZMASINDAN BAXIŞ…

(Hüzn mərasimlərində insani münasibətlər, mənəvi məsuliyyət, dəyişən adət-ənənələr və həyat tərzləri haqqında düşüncələr) “ŞƏXSİYYƏTLƏR VƏ  Z  A  M  A  N” seriyası…

 Bəzən insanı düşündürən, narahat edən, hətta illərlə daxilində gəzdirdiyi sualları yenidən gündəmə gətirən bir hadisə baş verir. Həmin hadisə özlüyündə yeni olmasa da, onun yaratdığı təəssürat, müşahidə etdiyin münasibətlər və şahidi olduğun davranışlar sənə çoxdan düşündüyün məsələlərə bir daha qayıtmaq zərurəti yaradır. Bu günlərdə Füzuli rayonu Zobucuq qəsəbəsində yaşayan 60 yaşlı kiçik qardaşım Mikayıl Qaraca oğlunun gözlənilməyən vaxtsız vəfatı (https://www.facebook.com/alovsat.qaraca.aliyev), onunla son vidalaşma, dəfn mərasimi, doğmaların, qohumların, dostların və tanışların münasibəti, sonrakı günlərdə baş verənlər məni bir sıra məsələlər haqqında yenidən düşünməyə vadar etdi. Bu yazının ideyası da, yazılma səbəbi də məhz həmin günlərin yaşantılarından, müşahidələrimdən və uzun illərdir cəmiyyətimizdə rastlaşdığım bəzi münasibətlərə dair şəxsi düşüncələrimdən yaranıb.

Əvvəlcədən bir məqamı vurğulamaq istəyirəm. Məqsədim yas mərasimlərini, milli adət-ənənələrimizi və insanların öz doğmalarına ehtiramını tənqid etmək deyil. Əksinə, xalqımızın kədərli gündə bir-birinə dayaq olmaq, dərdi bölüşmək, yas sahibinin yanında olmaq kimi nəcib xüsusiyyətlərini yüksək qiymətləndirirəm. Ancaq hər bir adət kimi, bu münasibətlərin də insanın mənəvi ehtiyaclarına, həyatın reallıqlarına və zamanın tələblərinə uyğun dəyərləndirilməsinə ehtiyac var. Ola bilsin ki, əsas məsələni bu cür ifadə etsək, daha məntiqli olar: biz adəti yaşadırıqmı, yoxsa bəzən adət naminə insanı, onun vəziyyətini, imkanlarını və iradəsini arxa plana keçirirərək faktiki olaraq onu istismar edirik?

Son vidalaşma borcmu, yoxsa könüllü mənəvi ehtiyac?

 İnsan dünyasını dəyişəndə onun yaxınlarının üzərinə ağır bir kədər düşür. Belə məqamda doğmaların, qohumların, dostların, həmkarların, qonşuların başsağlığı verməsi, yas sahibinin yanında olması təbii və insani davranışdır. Bu, yalnız ənənə deyil, həm də mənəvi ehtiyacdır. Lakin bu münasibət könüllü olmalıdır. İnsan kiminsə yasına ürəyindən gəldiyi, onu tanıdığı, sevdiyi, ehtiram bəslədiyi və ya ailəsinə mənəvi dayaq olmaq istədiyi üçün getməlidir. Yoxsa getmədiyinə görə qınanmaq, gələcəkdə öz yasına gəlməyəcəklərindən narahat olmaq, qohumluq və tanışlıq münasibətlərinin formal hesabını aparmaq üçün deyil.

Mənəvi münasibətlərin də öz ölçüsü var. Ancaq bu ölçü kilometrlə, iştirakçıların sayı ilə, avtomobillərin markası ilə, gətirilən maddi yardımın məbləği ilə müəyyən edilmir.Bəzən insan yüzlərlə kilometr yol qət edib yas sahibinin yanında olur. Bu, təqdirəlayiq diqqətdir. Bəzən isə başqa bir insan zəng edir, bir neçə səmimi cümlə ilə dərdinə şərik olduğunu bildirir. Hər iki davranışın öz dəyəri var. Əsas məsələ niyyətin səmimiliyidir.

Mən özüm də qardaşımın dəfni ilə bağlı Bakıda yaşayan dostlara, həmkarlara və tanışlara xüsusi müraciət etmişdim: sırf mənə görə uzun yol qət etməyə ehtiyac yoxdur, telefonla, mesajla, sosial şəbəkə vasitəsilə başsağlığı vermək kifayətdir. Bu, heç də onların iştirakını istəməməyimdən irəli gəlmirdi. Sadəcə, hər kəsin vaxtını, işini, ailə və şəxsi şəraitini nəzərə almağı vacib hesab edirdim.

Sonrakı günlərdə bəzi həmkarlarımın iş otağıma gəlib qısa müddət mənimlə oturması, çay içərək qardaşım haqqında söhbət etməsi, xatirələrini bölüşməsi mənim üçün xüsusi mənəvi dəyər daşıdı. Onlar bəlkə də cəmi on-onbeş dəqiqə vaxt ayırmışdılar. Amma həmin diqqətin səmimiyyəti və insaniliyi yadda qaldı. Deməli, vidalaşma mədəniyyətinin əsas göstəricisi mərasimin miqyası deyil, münasibətin keyfiyyətidir.

Yas sahibinə düzgün ehtiram  mədəniyyət nümunəsidir

 Adətən yas mərasimində diqqət daha çox mərhuma və onun ailəsinə yönəlir. Bu, təbiidir. Ancaq yas sahibinin də öz iradəsi, şəxsi sərhədləri, ailə qayğıları, maddi və fiziki imkanları var. Onun kədərli vəziyyətindən istifadə edərək əlavə tələblər irəli sürmək, nə etməli olduğunu diktə etmək, mərasimin təşkilinə müdaxilə etmək doğru deyil. Yas sahibinin qonaqları qarşılamaq, onlara təşəkkür etmək, diqqət göstərmək kimi mənəvi məsuliyyəti ola bilər. Lakin bu, onun hər kəsin istəyinə uyğun davranmağa borclu olması demək deyil.

Eyni zamanda, yas mərasiminə gələnlər də öz davranışlarına diqqət yetirməlidirlər. Kiminsə gəldiyini, nə qədər yol qət etdiyini, hansı avtomobillə gəldiyini, nə qədər maddi yardım etdiyini qabartmaq, bunu üstünlük kimi təqdim etmək, yaxud başqalarının iştirakını və yardımını müqayisə etmək mənəvi münasibətin mahiyyətinə uyğun deyil. Yas yeri özünü göstərmək, nüfuz nümayiş etdirmək, kiminsə üzərində mənəvi üstünlük qazanmaq məkanı deyil. Orada insanın davranışını onun sadəliyi, təmkini, diqqəti və səmimiyyəti müəyyən etməlidir.

Mənə elə gəlir ki, həm yas sahibinin, həm də mərasimə gələnlərin bir-birinə ehtiramı qarşılıqlı olmalıdır. Heç kəs öz iştirakını borc kimi təqdim etməməli, heç kəs də başqasının iştirakını və ya iştirak etməməsini mühakimə etmək haqqını özündə görməməlidir.

Qohumluq münasibətlərinin görünməyən sərhədləri

 Cəmiyyətimizdə qohumluq münasibətlərinə böyük əhəmiyyət verilir. Bu, milli-mənəvi dəyərlərimizin mühüm xüsusiyyətlərindəndir. Ancaq qohumluğun özü bütün hallarda eyni səviyyədə ünsiyyət, yaxınlıq və qarşılıqlı öhdəlik yaratmır. İnsanların bir-birinə münasibəti təkcə nəsil şəcərəsi ilə deyil, illər ərzində formalaşmış şəxsi əlaqələrlə, qarşılıqlı diqqət və qayğı ilə müəyyən olunur. Bəzən uzaq qohum yaxın dostdan daha doğma olur, bəzən isə yaxın qohumluq münasibəti faktiki olaraq formal xarakter daşıyır. Ona görə də hər kəsdən bütün qohumların yasına eyni səviyyədə getməyi, hər mərasimdə iştirak etməyi, hər bir adəti eyni formada yerinə yetirməyi tələb etmək düzgün deyil. İnsan öz imkanına, münasibətinə, vicdanına və şəxsi qərarına uyğun davranmalıdır. Qohumluq münasibətləri məcburiyyətlə deyil, qarşılıqlı hörmətlə möhkəmlənir. Əgər bu münasibətlər yalnız toyda, yasda, müəyyən mərasimlərdə görünürsə, onda onların mənəvi məzmunu haqqında da düşünməyə dəyər.

 Adətin vaxtı, yoxsa insanın vəziyyəti?

 Yas mərasimləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də üçüncü, yeddinci, qırxıncı gün və digər anım mərasimlərinin vaxtıdır. Bu mərasimlər xalqımızın yaddaşında müəyyən ənənəvi yer tutur. İnsanlar öz yaxınlarını yad etmək, onların ruhuna dualar oxumaq, xatirələrini bölüşmək üçün bir araya gəlirlər. Bunların hamısında insani və mənəvi məna var. Lakin burada da bir sual meydana çıxır: mərasimin tarixi insanın real həyat şəraitindən üstün tutulmalıdırmı?

Məsələn, üç, yeddi, qırx mərasimlərinin bir gün əvvələ və ya sonraya keçirilməsi hansısa ailə üzvünün iş qrafiki, səhhəti, səfər imkanı və ya başqa obyektiv səbəblərlə bağlı ola bilər. Belə bir dəyişiklik mərasimin mahiyyətini aradan qaldırmır. Əgər məqsəd mərhumu yad etmək, onun xatirəsinə ehtiram göstərməkdirsə, bu məqsəd bir təqvim gününün dəyişməsi ilə yox olmur.

Bununla belə, dini ayinlərlə xalq arasında formalaşmış məişət adətlərini də bir-birindən fərqləndirmək lazımdır. Hər bir ənənəni dəyişməz dini tələb kimi təqdim etmək doğru olmaz. Konkret dini hökm barədə danışılırsa, onun əsasını müvafiq dini mənbələr və bilikli mütəxəssislər əsasında müəyyənləşdirmək lazımdır. Mənim iradım mərasimin keçirilməsinə deyil, bəzən onun vaxtının və ya müəyyən formasının dəyişdirilməsini az qala mənəvi qüsur, hörmətsizlik və ya ailə, tayfa, el-oba, region ənənəsinə qarşı əks çıxmaq, onu saymamaq kimi təqdim edən düşüncə tərzinədir. Ənənə insanı çətin vəziyyətə salmaq üçün deyil, ona mənəvi dayaq olmaq üçün mövcuddur.

Yas bitir, həyat və məsuliyyət davam edir

 Bu məsələnin mənim üçün daha bir tərəfi var: insanın dəfndən sonra öz işinə, peşə fəaliyyətinə və gündəlik həyatına qayıtmaq hüququ. Mən qardaşımın dəfnində iştirak etdikdən sonra Bakıya qayıtdım və işimi davam etdirdim. Bunun səbəbi qardaşımın itkisini zəif hiss etməyim deyildi. Əksinə, yaxın insanın vəfatı hər kəs üçün ağırdır. Sadəcə, insanın şəxsi kədəri ilə yanaşı, peşə və ictimai məsuliyyətləri də mövcuddur.

Mən alim, müəllim, tədqiqatçı, elmi kollektivdə işləyən bir insanam. Mənim də dərs, elmi iş, görüş, təşkilati və digər öhdəliklərim var. Bu öhdəlikləri müəyyən müddətə təxirə salmaq mümkün olduğu kimi, bəzən mümkün olmayan halları da olur. Bəs nə üçün insan dəfndən sonra mütləq bir neçə gün yas yerində qalmalı, işindən uzaqlaşmalı, rəhbərliyindən icazə almalı, yaxud hər bir mərasimdə iştirak etməlidir? Nə üçün onun öz həyat ritmini bərpa etməsi bəzən laqeydlik kimi qiymətləndirilməlidir?

Yas saxlamaq insanın daxili yaşantısıdır. Onun müddətini, formasını və dərinliyini kənardan müəyyənləşdirmək olmaz. Bir insan itkisini sakit yaşayır, digəri saşın yolaraq, haray çəkərək, ağı deyərək, göz yaşı tökərək daha açıq ifadə edir. Biri işə qayıtmaqla özünü toparlayır, digəri bir müddət tək qalmağa ehtiyac duyur. Bunların heç biri insanın mərhuma sevgisinin ölçüsü deyil. Məncə, yas mədəniyyətinin mühüm göstəricilərindən biri də insanın kədərinə və şəxsi həyatına hörmət etməkdir.

 Söz çox, əməl az olanda…

İnsani münasibətlərdə məni narahat edən başqa bir məqam da var. Bəzən kimlərsə gündəlik həyatda yaxınlarının real ehtiyaclarına lazımi diqqət göstərmirlər. Onların səhhəti, müalicəsi, dərmanları, gündəlik problemləri ilə maraqlanmaq, konkret kömək göstərmək məsələsində passiv olurlar. Ancaq hansısa mərasim, adət və ya təşkilati məsələ ortaya çıxanda birdən-birə son dərəcə prinsipial mövqe nümayiş etdirir, hamıya yol göstərməyə, qərar verməyə, öz sözünü qəbul etdirməyə çalışırlar. Belə davranışlarda bir ziddiyyət görürəm: insanın gündəlik həyatında qayğı göstərmək çətin, mərasimdə isə qayğıkeş görünmək asan olur.

Əlbəttə, heç kəsin başqasına kömək etmək imkanını əvvəlcədən ölçmək, onun davranışına hökm vermək olmaz. Hər kəsin öz şəraiti var. Ancaq mənəvi məsuliyyət yalnız sözlə, mərasimdə iştirakla və ya adətlərin müdafiəsi ilə məhdudlaşmamalıdır. Yaxınlıq insanın çətin günündə, xəstəliyində, ehtiyacında, gündəlik həyatında da hiss olunmalıdır. Əsl qayğı bəzən bir dərmanı vaxtında almaq, bir müalicəni təşkil etmək, bir telefon zəngi etmək, bir problemin həllinə kömək göstərməkdir. İnsan münasibətlərində nümayişkaranə davranışdan daha çox, səssiz və əməli qayğıya ehtiyac var.

Yas mərasimlərinin digər tərəfləri: ehsan, süfrə, təntənə…

Yas mədəniyyətində diqqət yetirilməli olan məsələlər yalnız mərasimin vaxtı və iştirakçıların münasibəti ilə məhdudlaşmır. Ehsan süfrəsi, uzun məsafələri qətetmədəki yol hadisələri, hər ailədən xeyli sayda adamın məcburi iştirakı, qonaqların məclisdə davranışı, nümayişkaranə pul yazdırılması, süfrədən narazılıq, dəfn yerinin seçilməsi-nəqliyyat xərcləri, şəhər-region fərqləri, qadın-kişi mollaları ilə sövdələşmə, regiona səfərdə gecələmək, mərasimlərdə çatışmazlıq və ya izafi təntənə də müəyyən düşüncə və yanaşma tələb edir. Ehsan, ilk növbədə, xeyirxahlıq və mərhuma ehtiram niyyətinə xidmət etməlidir. Onun mahiyyəti süfrənin zənginliyi, yeməklərin sayı və ya qonaqların razılıq dərəcəsi ilə ölçülməməlidir. Ehsan süfrəsi yas sahibinin imkanlarına uyğun, sadə və mənəvi məzmunlu olmalıdır.

Qonaqların məclisdə sərbəstliyi də qarşılıqlı ehtiram çərçivəsində başa düşülməlidir. Yas yerində insan özünü ev sahibi kimi aparmamalı, süfrədən narazılığını bildirməməli, mərasimin təşkili ilə bağlı iradlarını yas sahibinə əlavə yükə çevirməməlidir. Belə məqamda əsas məsələ qonağın rahatlığı deyil, kədər yaşayan ailənin mənəvi vəziyyətidir.

Pul yazdırılması və maddi yardım məsələsinə də ehtiyatla yanaşmaq lazımdır. Yardım könüllü və səmimi olmalıdır, qarşılıqlı hesablaşma və gələcək öhdəliklər siyahısına çevrilməməlidir. İnsanların imkanları fərqlidir; göstərilən yardımın məbləği onların mərhuma və ailəsinə münasibətinin ölçüsü ola bilməz.

Dəfn yerinin seçilməsi də nüfuz və üstünlük nümayişi ilə əlaqələndirilməməlidir. Mərhumun dəfn olunduğu məkanın böyüklüyü, görünüşü və ya yerləşməsi onun xatirəsinin dəyərini müəyyən etmir. Əsas olan mərhumun ehtiramla dəfn edilməsi və yaxınlarının rahat şəkildə onu yad edə bilməsidir. Yas mərasimlərində izafi təntənə, nümayişkaranəlik və rəqabət isə mərasimin mənəvi mahiyyətini zəiflədə bilər. Dəbdəbəli süfrələr, həddindən artıq təşkilati xərclər və başqaları ilə müqayisə yas sahibinə əlavə maddi və psixoloji yük yaradır.

Bütün bu məsələlərə münasibətdə bir prinsip əsas götürülməlidir: yas mərasimi insanın dərdini yüngülləşdirməli, onu əlavə qayğı və öhdəliklərlə ağırlaşdırmamalıdır.

 Boş qəbirin səssiz fəlsəfəsi: insan, fanilik və mənəvi hesabat

 Qəbiristanlıq insanı düşündürən məkanlardan biridir. Orada insan həyatın sonluluğunu, zamanın sürətini, ömrün nə qədər qısa olduğunu daha aydın hiss edir. Bir vaxtlar yaşayan, çalışan, sevinən, mübahisə edən, özünü başqalarından üstün tutan insanların hamısı indi bir məzar daşının arxasında xatirəyə çevrilib. Amma mənim diqqətimi çəkən yalnız dolu qəbirlər deyil. Bəzən boş qəbir yeri də insana çox şey deyir.

Boş qəbir – hələ kimsənin son mənzili olmayan, lakin bir gün hər hansı insanın da yerinin ola biləcəyini xatırladan səssiz bir işarədir. Onun fəlsəfəsi ölümün özündə deyil, sağlığımızda necə yaşamağımız barədə verdiyi sualdadır.

İnsan dünyaya gələndə özü ilə heç nə gətirmir – bələyə bələnir, dünyadan köçəndə də heç nə aparmır – kəfənə  bükülür. Vəzifə, titul, sərvət, şöhrət, qohumluq əlaqələri, süni nüfuz və üstünlük iddiaları qəbiristanlıqda öz mənasını itirir. Orada hamı eyni torpağın qarşısında dayanır, eyni torpağın altında basdırılır.

Bəs sonda insandan nə qalır? İnsanın əməlləri, başqalarının yaddaşında qoyduğu iz, göstərdiyi xeyirxahlıq, etdiyi yaxşılıq, kiminsə qəlbini qırıb-qırmaması, ehtiyacı olana əl uzadıb-uzatmaması…

Boş qəbirin mənəvi mesajı budur: insan sağlığında özünü və başqalarını daha düzgün dəyərləndirməyi bacarmalıdır. Bir-birimizə münasibətdə bu qədər iddialı, sərt, tələbkar və güzəştsiz olmağa ehtiyac yoxdur.

Bir mərasimin bir gün dəyişməsinə görə mübahisə etməyə, kiminsə iştirakını hesablayıb qiymətləndirməyə, özünü başqasından üstün tutmağa dəyməz. Qəbiristanlıqda insanın qarşısında açılan əsas sual başqalarının nə etdiyi deyil, özünün necə yaşadığıdır.

Boş qəbir insanı qorxutmaq üçün deyil, həyatın dəyərini xatırlatmaq üçündür. O, bizə ölüm haqqında deyil, sağlığımızda insan olmağın məsuliyyəti haqqında düşünməyi təklif edir.

 Ənənənin ruhu qorunmalı, forması zamanla yenilənməlidir

 Hər bir xalqın adət-ənənələri onun tarixi yaddaşının, mənəvi dünyasının və kollektiv təcrübəsinin bir hissəsidir. Ənənəni birdən-birə inkar etmək, onu lazımsız hesab etmək doğru deyil. Ancaq ənənənin yaşaması üçün onun mahiyyəti ilə zahiri forması arasındakı fərqi də görmək lazımdır. Yas mərasimlərinin əsas mənası mərhuma ehtiram, ailəyə mənəvi dəstək, insanların bir-birinə dayaq olmasıdırsa, bu dəyərləri qorumaq lazımdır. Lakin həmin məqsədlərə xidmət etməyən, insanlara əlavə yük yaradan, formal rəqabətə və qarşılıqlı narazılığa səbəb olan davranışlar yenidən nəzərdən keçirilməlidir.

Müasir həyat insanlardan vaxtı daha səmərəli idarə etməyi, peşə və ailə öhdəliklərini uzlaşdırmağı tələb edir. Rəqəmsal kommunikasiya vasitələri də başsağlığı vermək, insanın dərdinə şərik olmaq və əlaqə saxlamaq üçün yeni imkanlar yaradıb. Əlbəttə, heç bir mesaj səmimi görüşün, insanın yanında olmağın yerini bütün hallarda tuta bilməz. Amma hər kəsin fiziki iştirak imkanının olmadığı şəraitdə telefon zəngi, mesaj və digər ünsiyyət formaları da diqqət və ehtiramın ifadəsidir.

Yeni texnologiyalar, rəqəmsal transformasiya və süni intellekt dövründə yaşayırıq. Həyatın bir çox sahəsində dəyişikliklərə uyğunlaşdığımız halda, insan münasibətlərinin bəzi formalarını da zamanın reallıqları baxımından düşünməliyik. Burada söhbət milli-mənəvi dəyərlərdən imtina etməkdən deyil, onların mahiyyətini qoruyaraq daha çevik və insani formalar seçməkdən gedir.

Ənənələr  insanı ayırmamalıdır, onları birləşdirməlidir. İnsanların bir-birinə yaxınlaşmasına xidmət etməlidir, onların arasında inciklik və narazılıq yaratmamalıdır.

 Yas və son vidalaşma mədəniyyətinə ədəbi-kulturoloji baxış

 Ölüm, ayrılıq, itki və xatirə bəşəriyyətin bütün dövrlərində ədəbiyyatın, poeziyanın, musiqinin və təsviri sənətin əsas mövzularından biri olub. İnsan ölüm qarşısında yalnız kədərini deyil, həyatın mənasını, faniliyi və mənəvi dəyərləri də dərk etməyə çalışıb. Azərbaycan ədəbi-mədəni irsində də bu mövzu zəngin ənənəyə malikdir. “Kitabi-Dədə Qorqud” dastanlarında yas, ağı və mərhuma münasibət xalqımızın qədim mənəvi dünyasını əks etdirir. Füzulinin əsərlərində kədər, fədakarlıq və mənəvi ucalıq dərin bədii ifadəsini tapır. Klassik poeziyamızda insan ömrünün faniliyi, dünyanın keçiciliyi və əməllərin qalıcı dəyəri daim xatırladılır.

Dünya ədəbiyyatında da bu mövzu müxtəlif fəlsəfi və bədii yanaşmalarla işlənib. Lev Tolstoyun bir povestində insanın həyatın sonunda öz ömrünü və münasibətlərini yenidən dəyərləndirməsi xüsusi məna daşıyır. Bu əsər bir daha göstərir ki, insanın həyatının dəyəri zahiri mövqeyi və sosial nüfuzu ilə deyil, yaşadığı ömrün mənəvi məzmunu ilə ölçülür.

Poeziyada, ağı və mərsiyələrdə, muğamda və xalq musiqisində ölümə münasibət yalnız kədərin ifadəsi deyil, həm də insanın yaddaşda yaşaması ideyasıdır. Mərhumun xatirəsini yaşatmaq, onun yaxşı əməllərini yada salmaq, həyatından mənəvi nəticə çıxarmaq yas mədəniyyətinin ən dəyərli tərəflərindəndir. Ədəbiyyat və incəsənətin bizə verdiyi əsas mesajlardan biri budur: ölüm qarşısında insanın zahiri təntənəsi deyil, mənəvi izləri əhəmiyyətlidir. Buna görə də son vidalaşma mədəniyyətimizdə bədii və mənəvi irsimizin bu humanist ruhunu qorumaq, mərasimin formasından daha çox insanın xatirəsinə və yaxınlarının dərdinə diqqət yetirmək vacibdir.

 İnsanlıq adətdən üstündürmü?

 Mənim gəldiyim qənaət budur ki, yas və son vidalaşma mədəniyyətinə yenidən baxmaq ehtiyacı var. Bu, yalnız bir mərasimin təşkili ilə bağlı məsələ deyil. Əslində, söhbət insan münasibətlərinin keyfiyyətindən, qarşılıqlı hörmətdən, fərdi seçimə ehtiramdan və mənəvi məsuliyyətdən gedir.

İnsanların kədərli günlərində bir-birinə dayaq olması, qohumluq və dostluq əlaqələrini qoruması, mərhuma ehtiram göstərməsi vacibdir. Ancaq bunlar məcburiyyətə, nümayişə, müqayisəyə, iddiaya və qarşılıqlı tələbə çevriləndə öz ilkin mənəvi məzmununu itirə bilər. Məncə, hər bir insanın yas mərasiminə münasibəti onun vicdanı, imkanı və şəxsi qərarı ilə müəyyən olunmalıdır. Yas sahibi də öz ailəsinin vəziyyətinə, imkanlarına və istəyinə uyğun qərar verməkdə sərbəst olmalıdır. Heç kəs başqasının kədərinin formasını, müddətini və ifadə tərzini diktə etməməlidir.

Bizim ənənələrimizin ən gözəl tərəfi dərdi bölüşmək, çətin gündə bir-birimizin yanında olmaq, ehtiyacı olana əl uzatmaqdır. Bu dəyərlər yaşadılmalıdır. Amma onların adı ilə insanlara əlavə yük yaratmaq, münasibətləri formal öhdəliklərə çevirmək, mərasimləri nüfuz və üstünlük nümayişinə çevirmək ənənənin ruhuna uyğun deyil.

Bir xalqın birliyi yalnız böyük hadisələrdə, ümummilli məqsədlər ətrafında deyil, gündəlik həyatda da – ailədə, qohumluqda, dostluqda, qonşuluqda, iş kollektivində, hətta yas mərasimində də özünü göstərməlidir. Birliyimizin rəmzi olan “Dəmir yumruq” yalnız çətin tarixi məqamlarda deyil, insanların bir-birinə münasibətində də həmrəyliyin, qarşılıqlı dəstəyin və məsuliyyətin ifadəsi olmalıdır.

Sonda bir fikri xüsusi vurğulamaq istəyirəm: insanın dəyəri onun yasına neçə nəfərin gəlməsi ilə deyil, sağlığında neçə insanın qəlbində yer tutması ilə ölçülür. Həmçinin bizim insanlığımız da başqalarının mərasimlərində necə görünməyimizlə deyil, onların həyatında necə iştirak etməyimizlə müəyyən olunur.

Adətlərimizi qoruyaq, amma insanı adətə qurban verməyək. Ənənənin formasını deyil, onun insani mahiyyətini yaşadaq. Çünki hər bir adətin, hər bir mərasimin və hər bir ictimai münasibətin mərkəzində İNSAN dayanmalıdır.

Əlövsət Qaraca Əliyev,

professor

Bakı-Füzuli-Zobucuq- Şükürbəyli-Bəhmənli-Əhmədbəyli-Bakı

21-25 noyabr 2026 il.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…