Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
ABŞ-da yaşayan və fəaliyyət göstərən tanınmış alim, Professor Tariyel Azərtürk “Təzadlar”a göndərdiyi araşdırma yazısını belə adlandırır: “DİLİMİZƏ QADIN CİNSİNİN ŞƏXS ƏVƏZLİYİNİ VƏ YENİ İŞARƏ ƏVƏZLİYİNİ GƏTİRMƏKLƏ ONA YENİ NƏFƏS VERMİŞ OLURUQ. ONU ÜÇCİNSLİ DÜNYA DİLLƏRİ SƏVİYYƏSİNƏ QALDIRIRIQ”.
Professor yazır: “YAZIÇI MÜƏLLİMƏ HƏCƏR PAŞAYEVA (BAKI) SORUŞUR: “… Bir dənə də sualım var sizə: Niyə “o”, demirsiz, bəzən “a”, bəzən “u” deyirsiz? O nə deməkdir? Çox maraqlıdır. Əslində, çox maraqlı və dəyərli həmsöhbətsiz, amma mən sizi çoxlu suallarla incitmək istəmirəm. Sizə cansağlığı və uğurlar arzu edirəm”.
Tariyel Azərtürk: –Yaxşı sualdır, Həcər xanım. Bu “xasiyyətim” Oğuz Türkünün mixi yazılarından enir. Bu həm də bizdə yeganə təksəsli söz olsa da, öz cansız cismində 6 funksiya(!) daşıyan “O” səsi ilə bağlıdır.
Axı bu “O” nə böyük Əlahəzrətdir ki, 6 funksiyanı götürüb çiyinlərinə?! Millət ona bu boyda etibar göstərib? Dediyim kimi, təksəsli yeganə söz olmasına baxmayaraq dildə bu qədər dominantlıq edir? Təksəsli kimi NÜBAR olanda məgər bu qədər ərköyünlük etmək nəyə lazım? Həm də dilə sonradan qonmadır! Kökdə, yəni mixi yazı dövrlərində türkün ümumiyyətlə, “O” adında səsi olmayıb. Fərasətə bax bir səsdə!.. Sonradan dilə gələsən və mixi yazılı kökdə geninə-boluna işlədilmiş “A” və “U” adlı digər iki təksəsli saitlərimizi və onların yaratdıqları vacib kəlmələri (ana, anu, anun, una, unu, unun və s. -mixi yazılarda bunların cəminə (anlar, unlar) hələlik rast gəlinməyib) və bu qədər vəzifəni həyata keçirib, əsil sözlərimizi dildən sıxışdırıb çıxarasan.
Bir də Azərbaycan poeziya dilində təkhecalı sözlərə ehtiyac həddən ziyada çoxdur. İltisaqi (aqqlütinativ) dil olduğundan irihəcmli kəlmələrlə zəngin dilimizdə poetik səhnə yaratmaq çətindir. Çünki ritmik şeirlərin tarazlanmasında tək və qısahecalı sözlərə böyük ehtiyac duyulur. Lakin onlar çox azdır. Təksəslimiz isə yeganə “O”-dur.
Hələ lap tələbəlik illərindən, dəqiq yadımdadır, hətta ikinci kursdan (1962) həmişə istəmişəm ki, bizim dildə də qadın cinsinin öz şəxs əvəzliyi olsun. Heç olmasa u zaman həm orta məktəbədə, həm institutda keçdiyim fransız, ingilis, rus dillərindəki kimi:
Al. Er – o; Sie – (zi) o (qadın)
Fr. İl – o; Elle – (ele) o (qadın);
İng. He – o; She – (şi) o (qadın);
Rus. Он – o; Она –(ana) o (qadın), eго, ее, ему, ей və s.
Çox axtarmışam. Yalnız gil yazıların türkcə tərcüməsi ilə məşğul olandan sonra (Sietl 1994), gördüm ki, Əcdadlar “A” və “U” dan geniş istifadə ediblər. Amma, dediyim kimi, “O” səsini heç tanımayıblar. Ondan sonra qadın cinsi üçün 30 ildən çox axtardığım kəlməni tapa bildim: Bu, “A” idi. Gil yazılardakı “U”-nu isə bütün cansızlar üçün işarə əvəzliyi kimi istifadəyə gətirməyi qərara aldım. (“Əcdad”, Sietl, 1997, 378- 386 səh.). [1]
Bu, doğulduğum Nüvədi kəndinin şivəsində ən çox işlənən səs idi (od əvəzinə ud, ot>ut, otaq>utaq, oğul>uğul, oldu>uldu, oturmaq>uturmax və s. Bizdə, “Şumer” dövrü türklərindəki kimi, “U” səsi dominantlıq edir, “O” səsi bir növü yad, yannangəlmə (bir çox sözlərdə a səsinin o`laşmasında məs., nar – naor (nor), yardımçı səs qismində işləyirdi. [2]
Mən də ilk kitabım olan “Əcdad”ın nəşrindən sonra kitablarımla, bütün yazılarımla dilçilərimizə, ictimaiyyətə təklif edirəm ki, gəlin A-nı və U-nu dilimizə qaytaraq. Onlar bizim olub və hətta 14-15-ci əsrlərə kimi yaşayıblar. Onlardan İ.Nəsimi də, M.Füzuli də istifadə edib:
“Hǝr aşiqin ki, yar ilǝ oldu çǝravü çün,
Arif qatında adı anın bülfüzul ola.” İ. Nəsimi [3]
***
“Tutub rahi-ədəm, bulmuş dəhanından könül kamın,
Mənə həm cəzmdir ol əzm, mən həm qalmazam andan.”
Onları dildə işlək alətə çevirməklə, əvvəla, dilimizi daha iki təksəsli kəlmə ilə – muxtar qrammatik vahidlə zənginləşdirir ki, təkhecalı üç kəlməmiz olur: A, O, U. Mən hələ onların ismin 6 halı üzrə derivatlarını (10) və üstəgəl, onların hər birinin öz növbəsində aqqlütinativ yolla sözdüzəldici şəkilçilər qəbul edib yaradacaqları (məs. anun, anlarunku, anlarunkundan) yeni kəlmələri saymasam da, bir xeyli söz sahibinə çevrilirik. Onların vasitəsilə dilimizə yüzlərlə yeni işlək söz gətirəcəyimizə əminəm.
İkincisi, şeir dilimizin ehtiyacını az da olsa ödəyərik.
“Mixi yazılı Azərbaycan türk dilinin qrammatikası” [5] kitabının müəllifi kimi qrammatikamıza dil daşıyıcılarına heç bir çətinlik yaratmadan aşağıdakı bir neçə növ novator maddələri daxil etməyi və onları elm ictimaiyyətin və cəmiyyətin diqqətinə yönəltməyi borc bilirəm:
O – tarixən ona məxsus 6 funksiyadan ikisini – kişi şəxs və kişi cinsi üçün
işarə əvəzlikləri mahiyyətini özündə saxlayır;
A-dan qadın cinsinin şəxs və işarə əvəzliyi kimi istifadə edirik.
U-nu cansızlar üçün işarə əvəzliyi kimi işlədirik (sonuncu bəndə bax).
U – işarə əvəzliyi ilə məlum olan bütün cansız cisim kəlmələrini orta cinsə aid etmək olar. Bu nə danışıqda, nə yazıda elə bir çətinlik törətmir. Ancaq dilimizi üç cinsli dillər səviyyəsinə qaldırır
U-nun funksiyalarından danışdıqda, qrammatika kitablarında bir qeyd kimi keçir:
“Azərbaycan dilində bütün cansız cisimlərə aid kəlmələr dilin orta cinsinə
aid olub, “U” işarə əvəzliyi ilə göstərilirlər”:
“U kitab, u ev, u kənd, u şəhər, u dağ, u dağa, u dağın, u dağı, u dağda, u dağdan, u yer, u yerdə, u yerdən” və s.
Bununla tarixən cins nə olduğunu bilməyən və çox vaxt dəqiqliyi olmadığından, əhalisinin əksər hissəsi, öz dediyində “həqiqəti” söylədiyini təsdiqləmək üçün məişətdə dolanan zəngin, lakin çox vaxt vicdandan kənarda qalan yalançı and içmələrə (Dədəmin goru haqqı!) və hətta özünə, ailə üzvlərinə lənət yağdırmağa (Lənət (Nahlat) olsun mənə, əgər yalan deyram!, “U nübar qardaşım ölsün!..) və ya söyüşə (Zatıma nahlat əgər yalan deyrəm) əl atır.
Cins və işarə əvəzliklərini dilimizə daxil etməklə biz, Azərbaycan türk dilində birdən birə üç cins yaratmış oluruq
KİŞİ VƏ QADIN CİNSLİ ƏVƏZLİKLƏRİN TƏKDƏ VƏ CƏMDƏ HALLANMALARINA NƏZƏR SALAQ:
TƏKDƏ (O-kişi, A-qadın)
Hallar Kişi cinsi Qadın cinsi
Adlıq O A
Yiyəlik Onun Anun
Yönlük Ona Ana
Təsirlik Onu Anu
Yerlik Onda Anda
Çıxışlıq Ondan Andan
CƏMDƏ (ONLAR-kişi, ANLAR-qadın)
Hallar Kişi cinsi Qadın cinsi
Adlıq Onlar Anlar
Yiyəlik Onların Anlarun
Yönlük Onlara Anlara
Təsirlik Onları Anlaru
Yerlik Onlarda Anlarda
Çıxışlıq Onlardan Anlardan [5]
Qadın cinsinin şəxs əvəzliyi həm təkdə, həm də cəmdə, həm də qadın cinsi üçün (dişi heyvanlar da daxil olmaqla) İŞARƏ ƏVƏZLİKLƏRİ funksiyasını yerinə yetirirlər.
Burada yeganə mane olan söz AN-dır – ləhzə, cik (mixi sözüdür – cüzi) boyda vaxt, zaman kəsiyi, moment. Onunla qarışdırmamaq üçün hallanmada həm tək, həm cəm əvəzlikləri yiyəlik və təsirlik hallarında sonda “u” səsi ilə yazılırlar.
Gəlin dediyim şəxs əvəzliklərinin yiyəlik və təsirlik hallarındakı formalarına istisna ixtiyarı verək.
An (ləhzə) kəlməsi bu hallarda öz nativliyini saxlayır:
anı, anın, anları, anların. [6]. Məs.:
Baharın girmə anın xüsusi şənliklə qeyd edirik.
Baharın girmə anı Azərbaycanda bayramdır.
Cəmdə: U anları kim unudar ki?
U anların əvəzi vardımı heç?! və s.
HEYVANLAR ÜÇÜN İŞARƏ ƏVƏZLİKLƏRİ:
Erkək heyvanlar, quşlar, böcəklər üçün şəxs əvəzliyi kimi “O” öz yerində
qalır. Dişi heyvanlar üçün işarə əvəzliyi qismində A işlədilir. Məs:
A maya (mixi yazıda), madyan at, O köhlən at, A inək, O öküz, O buğa, A camış, O kəl, O qoç, A qoyun, O təkə, A keçi, O dağ təkəsi, A dağ keçisi, A ceyran, və s. Cinsi bilinməyən heyvanlar üçün nitqdə də, yazıda da hələlik “O” işarə əvəzliyi saxlanılır. Cinsi məlum olandan sonra differensiasiya əvəzliyi tətbiq edilir.
DİLİMİZİ HƏM DƏ YENİ İŞARƏ ƏVƏZLİYİ İLƏ TƏMİN EDƏK
Təkcə elə 8 minillik piktoqram, 6 minillik mixi yazı sistemi olan dünya boyda yaşa malik bir planetlə eyni sinnin sahibi TÜRK dilinin qadın və ya cansız cisimləri göstərən ayrıca işarə əvəzliklərinin olmaması dilimizə başucalığı gətirən amil deyil, daha bir ən çatışmayan cəhətidir. Onun semantik zəifliyidir. Onu digər zəngin dillər ilə (ərəb, ingilis, rus və s.) müqayisə etdikdə bu çatışmazlıq daha qabarıq nəzərə çarpır. Çoxumuzun danışa bildiyimiz rus dilində bir-birini təkrar etməyən, ismin adlıq halında 18, ərəb dilində 17, ingilis dilində 11 işarə əvəzliyi olduğu halda, türk dilində cəmi-cümlətanı 8 muxtar işarə əvəzliyi var:
Mən, sən, o, onlar, biz, siz, bu, bunlar. [7].
Biz yeni təklifimizlə (A, Anlar, U, Unlar) sonuncuların sayını 12-yə çatdırır və bu sahədə heç olmasa ingilis dilini qabaqlayırıq.
“U, UNLAR” İŞARƏ ƏVƏZLİKLƏRİNİN HALLANMASI
Hallar TƏKDƏ CƏMDƏ
Adlıq O U Onlar———–Unlar
Yiyəlik Onun Unun Onların Unların
Yönlük Ona Una Onlara Unlara
Təsirlik Onu Unu Onları Unları
Yerlik Onda Unda Onlarda Unlarda
Çıxışlıq Ondan Undan Onlardan Unlardan
Əgər türkdilli xalqların əvəzliklərinə nəzər salsaq (bu ayrı mövzudur), şahidi olarıq ki, mixi yazılı babalarımızın işlətdikləri “a” və “u” şəxs və işarə əvəzliklərinin əks-sədası hələ də Turandan (Qırğızıstan, Uyqurstan) gəlir. [8]
Dünyanın ən qədim dillərindən biri olan dilimizi CİNS ƏVƏZLİKLƏRİ ilə zənginləşdirək, əbədiyyətə dəqiqləşdirək, yeniləndirək, onun gələcək daşıyıcılarını sevindirək.
Əminəm ki, cəmi bir əsrdə dörd dəfə dəyişdirilmiş ƏLİBASINI mənimsəyən bir xalq üçün şəxs və işarə əvəzliklərini öyrənmək və yerli-yerində işlətmək qəti şəkildə çətin olmaz.
Ona görə, mən, yazılarımda “A“, “U“, “O” əvəzliklərinin üçünü də işlədirəm, hörmətli Həcər xanım, mövcud qrammatikanın çatışmayan qanunların pozsam da. Axı kimsə bu yolun əziyyətin ilkin dəf etməlidir…[9].
Ədəbiyyat