14 İyul 2025 / 15:36

Mətbuat günü – Həsən Bəy Zərdabi

Bəşər yarandığı, insan övladı dünyaya gəldiyi ilk gündən bir-biri ilə ünsüyyət qurmağa, fikrini çatdırmağa, izhar etməyə çalışmışdır. İlk qədim zamanlarda əl hərəkətləri, daha sonralar isə danışıq, nitq mədəniyyəti ilə insan övladı öz fikrini izhar etmişdir. Düzdü ki, əvvəllər qəbilə halında olan insanlar bir-biri ilə dost olsalar da, zaman keçdikcə hansısa bir mülk, torpaq üstündə düşmənə çevrilsələr də son uc olaraq iki insanın və ya iki dövlətin birinin qalibiyyəti, sülh müqaviləsi ilə müharibələrə, düşmənçiliyə son qoyulub. Elə mətbu orqanı olan qəzet və jurnallarda da bu və ya digər xəbərlərdən məlumat verildiyi kimi ürək dağlayan, evləri viran qoyan müharibələr və bu müharibələrin nəticələri barədə mütəmadi olaraq məlumat verilmişdir.

Kaş ki, bu lənətə gəlmiş müharibə sözü, anlayışı heç əvvəlcədən yaranmasaydı… Bu məqamda özümə borc bilirəm ki, dünyada analoqu olmayan, 44 gün ərzində bizə zəfər dolu qalibiyyət yaşadan, anamız Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən, Şəhidliyə yüksələn, əbədi və əzəli torpaqlarımız olan Qarabağımızı yenidən öz sahibinə, yəni bizə qaytaran igid Şəhidlərimizin, eləcə də öz peşəsini yerinə yetirərkən Şəhidliyə yüksəlmiş Şəhid Jurnalistlərimizin nurlu ruhları qarşısında baş əyərək, Ali Baş Komandanımıza və onun dəmir yumruğu ətrafında sıx birləşərək bizə qalibiyyət yaşadan müzəffər ordumuza, yarı əzalı qazilərimizə, veteranlarımıza uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyət diləyərək Uca Rəbbimizə hər zaman etdiyim duanı buradan Sizinlə bölüşmək istəyirəm: “Qoy Uca Rəbbim anamız Azərbaycanı, Türk Dünyası Turanı hər zaman, hər an qorusun, bu dünyada, cahanda sülh bərqərar olsun!”

Dəyərli jurnalist dostlarıma, həmkarlarıma hər zaman xoş günlərdən yazmaq, xəbər vermək niyyətiylə təməli 1875-ci ilin iyul ayının 22-də cənnətlik Həsən Bəy Zərdabi tərəfindən qoyulmuş, nəşr edilmiş “Əkinçi” qəzetinin ilk buraxılışı, elə bu səbəbdən də təqvimdə özünə “Mətbuat Günü” kimi yer almış peşə bayramı münasibəti ilə Jurnalistlər Birliyinin bir üzvü, bir vətənpərvər şair Nazlı Yazar olaraq təbrik edir, yeni-yeni uğurlar, müvəffəqiyyətlər, uzun ömür, can sağlığı arzu edirəm.

Düşünürəm ki, könül oxşayan arzuları bölüşərkən, belə bir əlamətdar gündə dəyərlimiz Həsən Bəy Zərdabi haqqında bildiyim məlumatlardan söz açmasam olmaz.

Azərbaycanın ilk Universitet təhsilli alimi və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzunu, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, İslam Xeyriyyəçilik Hərəkatının banisi, Milli Teatr və Mətbuatın banisi, Azərbaycanda Qızlar Gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan Müəllimlərinin I Qurultayının təşkilatçısı və sədri, böyük maarifçi, vətənpərvər dahi Həsən Bəy Zərdabi…

Həsən Bəy Məlikov (Zərdabi) bəzi mənbələrə görə 1837, digərlərinə görə isə 1842-ci ildə Göyçay Qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə, mədrəsədə alan Həsən Bəy Zərdabi sonra təhsilini Şamaxı və Tiflisdə təhsilli məktəbdə davam etdirir. Daha sonra təqaüdlə Moskva Universitetinin fizika-riyaziyyat fakultəsində təbiət elmləri üzrə təhsil alır. 1869-cu il, noyabr ayının 18-də Bakı Realni Gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə təyin edilən Həsən Bəy Zərdabi burada da öz xeyriyyəçiliyindən qalmır, burda  oxuyan kasıb və yetim uşaqlara kömək etmək, küçələrdə səfil dolaşan uşaqları məktəbə düzəltmək məqsədi ilə Xeyriyyə Cəmiyyəti təşkil edir.

Həsən Bəy Zərdabi 1873-cü ildə Nəcəf Bəy Vəzirovun, Əsgər Bəy Adıgözəlovun yaxından iştirakı ilə Bakı Realnı Gimnaziyasının otaqlarından birində dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin Hacı Qara komediyasının tamaşaya qoyur. Bununla da Azərbaycan Milli Teatrının əsası qoyulur.

“Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Maarifdən, elmdən məhrum bir xalq işıqdan olur” deyə düşünən Həsən Bəy Zərdabi Bakı qubernatoruna müraciət edir. Siyasətdən deyil də, ancaq və ancaq əkin və zirafət xəbərlərinin verilməsi baxımından xəbər verə biləcək qəzetin işıq üzü görməsinə icazə verən qubernatorun sözü ilə bu qəzet “Əkinçi” adı alır. Yalnız bu halda türkcə qəzetin çıxması mümkün ola bilərdi. Xeyli zəhmətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda Qubernator Mətbəsində Azərbaycan dilində “Əkinçi” həm Azərbaycan, həm də o vaxtkı bütün Rusiyada dərc olunan ilk türk dilli qəzetdir. “Əkinçi” tək əkinçilikdən danışmırdı, həm də maarifçilik funksiyasını yerinə yetirərək insanları elmə, biliyə səsləyir, çar Rusiyasını sətiraltı ifadələrlə tənqid edirdi. Elə buna görə də çar Rusiyası onu Bakıdan uzaqlaşdırdı. 1875-ci ildə fəaliyyətə başlayan “Əkinçi” qəzeti 1877-ci ildə öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Həsən Bəy Zərdabi doğulduğu Zərdab kəndinə gedərək, orda da maarifçilik əqidəsinə sadiq qalır, hətta öz evini belə məktəb kimi istifadə edir. Vətənpərvər dahi Vətən övladlarına təmənnasız elm öyrətməyi özünə borc bilir.

1906-cı ildə Bakıda keçirilən Azərbaycan Müəllimlərinin I Qurultayının təşkilatçısı və sədri olan Həsən Bəy Zərdabi Azərbaycanın ilk maarifçi xanımlarından olan Hənifə Məlikova ilə ailə qurur, iki oğlu və iki qızı dünyaya gəlir.

Azərbaycanın parlaq şəxsiyyətlərindən olan Həsən Bəy Zərdabi 1907-ci ildə iflic olur və dünyasını dəyişir. Elm, maarifçilik Günəşi tək şəfəq saçan Həsən Bəy Zərdabi:  “Mənim üçün təntənəli dəfn mərasimi düzətməyin” deyə vəsiyət etsə də, onun dəfn mərasimi böyük bir izdihamla müşahidə olunur.

Bəli, doğurdan da Həsən Bəy Zərdabi dövrünün elm və maarif Günəşi idi, köksündə Vətənlə döyünən bir parlaq ürək daşıyırdı. Neçı-neçə ilklərə imza atan Həsən Bəy Zərdabi doğurdan da cənnətini bu dünyada qazanmış əsl Vətən Övladı, Vətən Dahisi olmuşdur.

Məkanın daim cənnət, məqamın uca, ruhun şad, bizə əmanət qoyub getdiyin Mətbuat günü bayramın mübarək Dahi Həsən Bəy Zərdabi.                 

Nazlı Yazar

AJB-nin üzvü

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!