7 İLDƏN SONRA BU FESTİVALIN XATİRƏSİNİ AŞIQ SƏLCUQ ŞƏHBAZİNİN DİLİNDƏN EŞİTDİK:
– İran Aşıqları Birliyin təsis etdikdən sonra keçirilən dördüncü beynəlxalq festival – ustad və haqq aşığı Dədə Şəmşirin əziz xatirəsinə həsr olunaraq Tehran şəhərində təşkil olundu. Bu mənəvi və sənət dolu festival, 2016-ci ilin May ayının 4-u, çərşənbə axşamı axşam saatlarında, Tehranın Bəharan Mədəniyyət Evində baş tutdu.
Azərbaycan, Türkiyə, Gürcüstan və İranın müxtəlif bölgələrindən olan aşıqlar bu tədbirdə iştirak etdilər. Bu, eyni mədəniyyətin fərqli dillərdəki səslənməsi idi – bir könül, bir saz, bir dil…
İcazə verin əvvəlcə Dədə Şəmşir haqqında bir neçə kəlmə deyim;
Dədə Şəmşir o dahilərdəndi ki, adını təkcə sazda deyil, könüllərdə də daşa-daşa apardı. Onun nəfəsi hələ də Arazın hər iki sahilində eşidilir.
Dədə Şəmşir 1893-ci10 iyunda, Sovet inqilabından öncə, Arazın hər iki sahilində dini-ideoloji, mədəni və sənət əlaqələrinin sıx olduğu dönəmdə, Qarabağın Kəlbəcər rayonunun Dəmirçi kəndində, elm və mədəniyyət dolu bir ailədə dünyaya göz açdı. Atası dövrünün dəyərli sənət və ədəbiyyat adamlarından biri idi.
Aşıq sənətində bənzərsiz istedadı, ilahi səsi, vətənə, təbiətə və insana olan dərin məhəbbəti ilə 86 illik şərəfli həyatında “Dədə” – yəni irfani ustad adını aldı. Arazın hər iki tərəfində yaşayan xalq, bu adı ona könüldən bağışladı. Onun adı və nəfəsi xalqın yaddaşında əbədi olaraq qaldı.
Yaxşı yadımdadır, 1983-ci ildə Tehranın Nemətabad məhəlləsində ilk saz emalatxanamı və aşıq sənətini öyrətmək üçün mərkəzimi açanda, adını “Dədə Şəmşir” qoydum. Qapısının üstünə böyük hərflərlə yazmışdım: “Dədə Şəmşir Musiqi və Ədəbiyyat Tədris Mərkəzi”.
O mərkəzdə Dədə Şəmşirin şeirləri ilə yaşayırdım. Onun bir şeirini ilk dəfə Bakı radiosundan, öz səsi ilə eşitmişdim. Oxuyurdu:
Cavanlar oynaşır yalda yamaçda
Mən də pəncərədən baxıram evdə
Dizim tutmur qocalığın əlindən
Canımı odlara yaxıram evdə
Yoxuş olub indi mənə dolayım
Hanı başımdakı məclis, halayım
Elə bil sürtülüb gedib qalayım
Köhnə qazan kimi paxıram evdə
Şəmşirəm, ağarıb saçım, saqqalım
Qocalıq üz verib, dəyişilib halım
Bir yorğun ovçuyam, qaçıb maralım
Tüfəngi yalandan çağırıram evdə
O sədalar ruhumu qanadlandırdı. Elə bil kainatın bütün duyğuları o səsdə cəmlənmişdi.
Emalatxanada hər axşam dostlar, tanışlar, işdən yorğun gələnlər gəlirdilər, bir az otururdular, mahnı istəyirdilər. Mən də sevə-sevə ifa edirdim.
Bəziləri işsiz və ya təqaüddə olan yerli sakinlər idi. Emalatxana küçənin kənarında idi, səs çölə yayılırdı. Yol keçənlər dayanar, dinləyərdilər. Mən də yorulmazdım çünki bir insan enerjili və saz aşiqidirsa, necə yorula bilər axı?.
Bəli, bir az da şöhrət və məqama baz adamam düzün deyim.
kim musiqini, şeiri məndən yaxşı bilirdi və o adam məni tərifləyirdisə, ucalırdım və deyirdim mənimdə başım başlar içində görünür məndə.
O günlərdə bəzi kəndçilərim, məsələn Bəhruz Muradi, Mənsur Muradi, Oruc Bəkasayi – ki, çox dərin və bəm səsi vardı – tez-tez yanıma gəlirdilər. Bəkasayi Dədə Şəmşirin şeirlərini gözəl bilirdi. Mən ifa edərkən sükutla dinləyərdi. Əgər bir səhv etsəydim, deyərdi:
“Olmadı, olmadı!” – və mən gülərdim, bilirdim haqlıdır.
O özü çox oxumazdı, amma oxuyanda. Allaha and olsun, ləzzət alardım. Dədə Şəmşirin şeirlərini sevirdi. Dəfələrlə deyirdi:
“Ay Şahbazi, kaş Bakı yolu açıq olaydı, bir yerdə gedəydik, Bakı aşıqlarını və Dədə Şəmşirin evladları göreydik mən diyərdim tələsmə görəciyik və mənim arzımdı gedəm muqəddəs məzarının kanarında oturam doyunca ağlıyam saz çalam və sora oturam məzarın ayaq tərəfində diyəm ay dədə dur mənən danış axı irandan gəlmişəm sənə qonağam durmaseydi diyəm dədə səndən acığ edirəm küsürəm. bir dədə bala kimi məzarında danışmağım gəlir,oruc kişi diyərdi sən allah getsən mənidə apar haaa, diyərdim mən getsəm məzarın üstündə bu sözləri deyib ağlıyacıyam haaa mənə gülmüyəsən, oruc dedi zalım oğlu elə danışırsan mən indidən ağlıyıram gülmək nədir?
Təəssüf ki, oruc kişinin ömrü imkan vermədi dünyasını tez dəyişdi .
Dədə Şəmşirin o məşhur şeirini oxuyanda deyərdi:
“Bərkdən oxuma, qoy mən də səninlə bir oxuyum. Diyərdi QOCALIQ şeiri çox
sevirəm!”
Adətən deyərdi “Mənsuriya havasında oxu”, amma özü “Qurbəti havasında” ifa edərdi.
Qayıdaq festival gününə. Dədə Şəmşir festivalında Azərbaycan, Türkiyə, Gürcüstan və İranın müxtəlif bölgələrindən gələn aşıq qrupları – Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qum, Əlborz, Tehran, Mərkəzi vilayəti, Fars, Gilan və Xorasandan gələn Aşıqlar Dədə Şəmşirin şeyirilərini oxuyurdular məndə qanad açırdım.
Bu mənəvi gecədə, ölkənin müxtəlif bölgələrindən olan altıustad aşığa Dədə Şəmşir diplomun verdim.
Baharan Mədəniyyət Evi, çərşənbə axşamı günü saat 19-dan 23-dək sənət aşiqi olan insanlar ilə dolu idi. Salon o qədər dolmuşdu ki, hətta ayaq üstə qalmağa da yer yox idi. Salonun eşigində yüzlərlə insan monitordan ifaları izləyirdi.
***
…Dədə Şəmşirin doğma yurdundan – gəlmiş təxminən 10 nəfər aşıq da bu festivalda iştirak edirdi. Proqramın videosu çəkildi və geniş bir raport Dədə Şəmşirin nəvəsi – Cavid Qənbəroğlu, Azərbaycanın yol naziri və istedadlı şairinə təqdim edildi.
Cavid Qənbər oğlu Dədə Şəmşirin nəvəsi ki, adımı eşitmişdi, videoları izlədikdən sonra belə demişdi:
“Ustad Şahbazini dəvət edin, mənim hesabımla Bakıya gəlsin, görmək istəyirəm.”
Bakıya dəvət olundum. Orada məni səmimi və isti bir şəkildə qarşıladılar. Mənə qiymətli hədiyyə verdi və dedilər:
“Nə vaxt Bakıya gəlsəniz, nazirliyin qapısı üzünüzə açıqdır.””
***
Bəli, Allaha min şükür, indi nəinki nazirliyin qapıları, həm də otuz illik işğaldan azad edilmiş Qarabağın-Şuşanın, Xankəndinin, Xocalının, Ağdamın, Laçının… və Dədə Şəmşirin dünyaya göz açıb oxuduğu Kəlbəcərin dolanbac yolları vətənpərvər, Azərbaycansevər Səlcuq Şahbazlının üzünə açıqdır!
SONDA: ustad Aşıq Səlcuq Şahbazlı söz verdi ki, əhd edib, quru yollar açılan kimi aşıqlar dəstəsi ilə Şuşada, Kəlbəcərdə… Qarabağnamə dastanından nəğmələr qoşub-oxuyacaq…
Təqdim etdi: Asif MƏRZİLİ