Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Avqust 2025 / 14:00

HƏFTƏBECƏR

Müğənni Röyanın keçmiş əri, 3 dəfə ailə qurub boşanmış Anar Cəlilov əvvəlki xanımlarına acıq verərək belə deyib: “Heyif deyil subaylıq? Gecə ikinin yarısıdır, özüm üçün gəzirəm. Zəng vuran yox, söyən və dava edən yoxdur. Neynirsən, kiminləsən – soruşan yoxdur”.

P.S. Əvvəla, Anar bəy, 3 dəfə evlənib boşanmağından görünür ki, az aşın duzu deyilsən. Ona görə də keçmiş xanımların həmişə səndən “neynirsən, kiminləsən” – deyə soruşublar. İkincisi də, belə götürəndə düz deyirsən, subaylıq əla şeydir. Vaxtilə Röyanı alanda sən yazığın günü gün olmayıb.  “Neynirsən, kiminləsən” sualları yeyib-içdiyini, gəzdiyini burnundan gətirib. Röyanın özü də heç evdə tapılırdı ki, arvadlıq edib, Anar bəyə yemək bişirsin və ya qarşısına bir stəkan çay qoysun. Bir də ki, rəhmətliyin oğlu, Röyadan arvad olar? Bunu əvvəldən fikirləşməyən Anar bəy indi subaylığın kefindən danışır. Ay sənin məzən olsun, Anar bəy!

***

Məlumatlara görə, Zəngəzur dəhlizinə indi də ABŞ-ın hansısa şirkəti nəzarət etmək iddiasındadır. Rusiya bir tərəfdən, İran, Fransa o biri tərəfdən, ABŞ şirkəti də bu tərəfdən Zəngəzur dəhlizinə sahib çıxmaq istəyirlər.

P.S. Belə bir situasiya İkinci Dünya Müharibəsi haqqında bir lətifəni yada salır. Deməli, almanlar bir meşəni tuturlar. Sovet qoşunları güc toplayıb, meşəni geri alırlar. Almanlar əlavə qüvvə hesabına yenidən meşəni ələ keçirirlər. Sovet qoşunları yenə də əks hücuma keçib meşəni almanlardan geri alırlar. Bu zaman meşəbəyi gəlib hər ikisini qovaraq meşədən çıxardır. İndi Zəngəzurun meşəbəyisi, yəni bizlər, ora göz tikənlərin gözlərini ovmalıyıq ki, dədə-baba torpağımıza özümüz sahib çıxaq və çıxacağıq da.

***

Xəbər verilir ki, Moskvada milyonçular məhəlləsində, müğənni sayılan Afət Fərmanqızı 3 mərtəbəli, dəbdəbəli bir villa alması ilə öyünür və bunu da sosial şəbəkədə paylaşıb.

P.S. Əvvəla, ay rəhmətliyin qızı, ilin günün bu vaxtında, azərbaycanlıların sıxışdırıldığı, döyüldüyü, hətta öldürüldüyü, bazarların dağıdıldığı, azərbaycanlı qadının saçından tutub sürüdükləri bir vaxtda, Moskvada o boyda bahalı villa almaq ağılsızlıq deyilmi? Bu dinsiz, imansız, cəllad ruslar, villanı əlindən ala da, hələ, ən yaxşı halda, səni saçından tutub yerlə sürüyə də bilər.  İkincisi də ki, neylək, eybi yoxdur. Afət xanımın səsi, sənəti olmasa da, barı qoy desinlər villası var.

***

Xəbər verilir ki, Rusiyada azərbaycanlı ovu davam edir.  Tutulan soydaşlarımıza polislər işgəncə verib döyürlər, hətta öldürürlər. Solovyovlar, Sorokinalar, zatı qırıq Zatulinlər, Marqarita Simonyalar isə Rusiya efirindən azərbaycanlılara qarşı dayanmadan “atəş” açırlar.

P.S. Ukrayınadaki müharibədə, Qərbin sanksiyaları sayəsində Rusiya görün nə qədər zəyifləyib, cılızlaşıb və nə qədər rəzil günə düşüb ki, Azərbaycan dövlətinin uğurlu xarici siyasətinə qarşı dayanmağa, ona təsir etməyə heç bir mexanizmi, arqumenti yoxdur deyə, onun acığını Rusiyada yaşayan soydaşlarımızdan çıxır. Belə bir dövlət, əlbəttə, dağılmağa məhkumdur. Bir dövlətin ki, danışan dili Solovyov, Sorokina, Zatulin, Simonyan ola, o dövlət çoxdan dağılmalı idi. Necə deyərlər, yeznəsi gülüm olanın başına külüm olar.

***

Aygün Kazımovanın məclislərin birində az qala lüt görünən geyim tərzi və omba rəqsi sosial şəbəkələrdə müzakirələrə və marağa səbəb olub.

P.S. Əvvəla, Allah Aygünün xasiyyətini kəssin. 54 yaşlı qadın da özünü belə çöldə qoyar? İkincisi də ki, 54 yaşlı bir arvadın omba rəqsi niyə müzakirələrə və maraqa səbəb olur? Aygün belə lütlənib oynadığı omba rəqsini 40 ildir göstərir. Rəhmətliyin uşağı, Aygünü lüt vəziyyətdə elə bil birinci dəfədir görürlər. Ətiniz tökülsün elə…

***

Bu il yanvarın 1-dən və iyulun 1-dən təqaüdlər, müavinətlər, sosial yardımlar və pensiyalar artırıldı. Amma döyüş tapşırığını axıra qədər yerinə yetirib, azad olunan torpaqlarda bayrağımızı sancan, xalqımıza bununla da qələbə sevinci yaşadan və diri şəhidlər olan Qarabağ veteranlarına 2019-cu ildən təyin edilən 80 manat hələ ki yerində sayır. Bu 80 manat veteranlara kommunal, rabitə və nəqliyyat xərcləri üçün nəzərdə tutulub. Amma ötən bu 6 ildə həmin xidmətlər ən azı 3 dəfə artsa da, 80 manat artmır ki, artmır…

P.S. Mən bu məsələdə Sahil Babayevdən şübhələnirəm. O, əmək və əhalinin sosial müdafiəsi naziri işlədiyi dövrdə veteranlara verilən 80 manata cadu elətdirdiyi barədə məlumatlar var. İndi bu cadunu sındırmaq üçün, əvvəlcə Sahil Babayevin inadını sındırmaq lazımdır. Sonra da yalvarıb-yaxaraq ki, bu veteranlara yazığın gəlsin. O, falçı və cadugara de ki, cadunu geri oxusun və illərdir yerində sayan 80 manat da artırılan təqaüdlərin sırasına daxil edilsin. İnanıram ki, dəyərli Sahil müəllim veteranların bu yalvarışlarını eşidər…

***

Teleaparıcı sayılan Humay Muxtarova  adlı birisinin hansısa istirahət məkanındakı hövuzdan çimərlik geyimində videosunu sosial şəbəkədə paylaşması guya marağa səbəb olub.

P.S. Ay başınıza dönüm, bu şou əhli xanımlar ilin bütün fəsillərində səhnəni, efiri hovuz bilib elə az qala çimərlik paltarında olurlar dayna. İndi yay da bədənlərinin bütün əzalarını göstərmək üçün bir bəhanə olub, vallah! Məşədi Kazımın ruhuna and olsun, bunların hamısının belə lütlənməsi sponsor axtarışından başqa bir şey deyil.

***

İranın türk əsilli prezidenti Məsud Pezeşkian bu günlərdə sensasion açıqlama verib. O, Zəncan ziyalılarrı ilə qörüşdə Azərbaycan-İran münasibətlərindən danışarkan belə deyib: “Azərbaycan bizim qohumumuz və doğmamızdır. Necə ola bilər ki, mən ora gedib razılaşma əldə etməyim? Amma İsrail gəlib bu işi görsün. Bizim problemlərimiz nədədir ki, öz bacı-qardaşlarımızla dostyana, sağlam əlaqə qura bilməmişik? İsrail isə gəlib orada nüfuz qazanıb. Günahkar bizik. Onlarda təqsir yoxdur…”.

P.S. Molla rejiminin Azərbaycana olan “sevgisini” hələ indiyə qədər heç bir İran rəsmisi belə açıq-aşkar şəkildə dilə qətirməmişdi. Hələ növbəti çıxışında “İndiyə qədər erməniyə dəstək verəndə, bununla Azərbaycanı özümüzdən uzaqlaşmağa məcbur edəcəyimizi bilməli idik” deməsi isə, molla rejiminə vurulan babat tərs şapalaqdır. İndi görək bu şapalaq molla rejimini ayıldıb xristian yox, müsəlman olduqlarını dərk etməyə və Azərbaycanla münasibətdə buraxdıqları səhvi düzəltməyə yetərli olacaqmı? Bu çıxışından sonra, molla rejiminin şillə vuranlarının Pezeşkianı “top atəşinə” tumaqlarını görəndə, məşhur atalar sözünü deməkdən başqa çarəmiz qalmır: “Qozbeli qəbir düzəldər”.

***

Teleaparıcı Nigar Fərhad köhnə kişilərlə indiki kişiləri müqayisə edərək, belə deyib: “Əvvəlki kişilər qızın əxlaqına diqqət edərdi. İndiki kişilər isə, qızın pul qazanmağına önəm verirlər. Müasir dövrün kişiləri qadınlara “məni saxla” deyirlər”.

P.S. Yaxşı eləyib bəzi kişilər pullu xanımlara deyir ki, “məni saxla”. Pullu xanımlar adətən şou-əhli xanımlardır. Onların da pulunu balta kəsmir. Gorlarına aparmayacaqlar ki, o qədər pulu. Vaxtilə estradamızın “vor zakonu” olmuş, indi isə, o dünyada “Qır qazan” MMC-nin sahibi İlhamə Quliyeva özü ilə heç nə aparmadı. Yığdığı pulları, var-dövləti də qohumları bölüşdürdü, müəyyən hissəsi də dövlətin hesabına keçirildi.  Ona görə də bu pullu xanımlar elə bəzi müasir kişilərə pul xərcləsələr, həm kişilərin maddi tələbləri ödənər, həm də özlərinin canı rahat olar.

ELÇİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!