Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Təzadlar” komandası olaraq bu dəfə Şəki- Qax magistral avtomobil yolunun sağında- hündür dağların döşündə, meşəlik ərazidə yolçuların diqqətini kənardan cəlb edən kilsəni yaxından görmək və bu tarixi abidə barədə ictimaiyyəti daha ətraflı məlumatlandırmaq qərarına gəldik.
Əvvəlcədən onu da deyim ki, bu tarixi abidəyə gedən yol və səmt barədə magistral yolun kənarında heç bir məlumat lövhəsi yoxdur. Görəsən niyə?
Turistlər və ya Azərbaycan yolçuları yalnız kənardan dağın zirvəsində belə bir abidənin olduğunu görüb şəxsi marağı ilə kilsəyə doğru yol axtarmaq qərarına gəlməli olurlar.

Elə biz də ərazidə yaşayanlardan məbədə gedən yolun haradan başlandığını öyrənirik. Təxminən 1 km- lik yol dağın sinəsi ilə kilsəyə doğru uzanır. Meşə ərazisindən keçən yol isı olduqca dar və bəzi yerlərdə keçilməsi çox təhlükəlidir. Yəni, bu yoxuşlu və uçurumlu yolu piyada, yaxud adi avtomobillə getmək mümkünsüzdür. Xüsusən də yağmurlu, çiskinli havalarda. Əsasən, “NİVA”a tipli və ya “CİP” avtomobilləri ilə bu çətin yolu getmək olar. Lakin burda da bir ciddi problem var. Əgər kimsə bu yolu qeyd etdiyimiz avtomobillərlə gedərsə və birdən qarşıdan- kilsə tərəfdən üzü aşağı avtomobil gələrsə, həmin dar və sıldırımlı yolda bir- birinə yol verilməsi qeyri- mümkündür. Çünki, qeyd etdiyimiz kimi, yol hər tərəfdən meşə ağacları ilə əhatələnib və aşağıya doğru sərt sıldırım mövcuddur. Adi bir səhlənkarlıq faciə ilə nəticələnə bilər…
XXX
Beləliklə, məbədə doğru piyada getməli oluruq…
Bu da qədim kilsə. Təəssüf ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu tarixi abidənin sahibsizliyi burada da diqqəti cəlb edir. Yəni, əgər kilsəyə gedən yol normal olarsa və ilin istənilən iqlim şəraitində keçilən olarsa, ən vacibi, kilsədə turistlərə bilgi verən kimsə olarsa, buraya turist axını yetərincə olar. Və məbədin daxilində həm də bölgənin tarixini əks etdirən mədəniyyət nümunələri, eksponatlar olarsa, pullu ziyarətdən daxil olan vəsaitlə oranın baxımsızlığı aradan qalxar, abidəyə nəzarət edilər, təmizliyə riayət olunar və s. Nəticədə, kilsə ziyarətçiləri Azərbaycanın keçmiş tarixinin bir parçası olan bu məbədin sayəsində əlavə bilgiyə və tarixi məlumatlara malik olarlar.

Tarixi abidəyə nəzarət yoxdur…
Onu da diqqətə çatdıraq ki, kilsə ərazisində məlumatlandırıcı lövhəyə rast gəlmədik… Bu bir yana, həm də bu tarixi abidəyə adi nəzarət belə yoxdur. Yalnız burada ziyarətçilərdən savayı bir yerli qadına rast gəldik(videokadrlarda görüntülənib). Hiss olunurdu ki, ziyarətçilərdən ianə almaq məqsədi ilə buradadır, amma kameramızı görəndə çəkindi, onu göstərməməyimiz üçün kənara durdu, özünü gizlətməyə çalışdı. Sonra həmsöhbət olanda isə bildirdi ki, guya o, kilsənin təmizliyinə nəzarət edir və s. Amma təəssüflər olsun, kilsənin ətrafında isə hər cürə tullantılara rast gəlmək mümkün idi- su butulkalarından tutmuş, sellofan kisələrədək, hər şey var idi.
Kilsənin içərisində isə xristian dininə sitayiş edənlər tərəfindən şamların yandırıldığının şahidi olduq. Görünür, bizdən əvvəlki ziyarətçilər tərəfindən yandırılmışdı… Kilsənin ətrafında isə niyyət tutub arzu edənlər tərəfindən ağac budaqlarına bağlanmış çoxsaylı rəngli lentlərə də rast gəlmək mümkün idi.

Mədəniyyət və Turizm Nazirliyinin saytında kilsə haqqında hər hansı məlumata rast gəlmədik. Sosial media resurslarında isə öyrəndiklərimiz bunlar idi:
-Barəsində söhbət açdığımız kilsə (Kürmük məbədi– Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir .
Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə “kur” (quyu, çuxur, çala) və “-mux” isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyinbütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır.
2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.
Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün “Qafqazda Xristianlığın Bərpası İdarəsi” vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir.[4]Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825–1918) təyin edilib. Sovet dövründə bina kinoteatr kimi istifadə edilib.
Gürcü Pravoslav Kilsəsi tərəfindən Qax və Kürmük yeparxiyasının ikinci böyük kafedralı hesab olunur. Azərbaycan Mədəniyyət Nazirliyinə əsasən isə Kürmük alban kilsəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən «Kürmük» məbədi tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür. Rəsmi olaraq dini abidə sayılmasa da, burada hər il Kürmükoba bayramı keçirilir.
XXX
Beləliklə, videogörüntülərimiz kontrastTV- də yayımlanacaq. Deməyimiz budur ki, biz tariximizə sahib çıxmadıqdaş onu öyrənmədikdə, ərazimizdəki tarixi abidələrə hörmətlə yanaşmadıqda, ona sahib çıxanlar peyda olacaq! İnanmaq istərdik ki, Mədəniyyət və Turizm Nazirliyi balanslnda olan bu tarixi abidəyə ziyarətçi- turist cəlb edilməsində maraqlı olacaq.
Asif MƏRZİLİ
(Bakı- Qax- Bakı)

