Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əliağa Vahid o dünyada ola-ola, bu real dünyamızda zibil içində qalıb…

…Masazır qəsəbəsində yerləşən görkəmli şair Əliağa Vahidin büstünün ətrafı zibilxanaya çevrilib. Əraziyə baxan kimi ilk təəssürat insanı məyus edir – sanki sənətkara ucaldılmış abidənin yanında yox, adi bir məhəllə zibilxanasının qarşısındasan. Yığılmış tullantılar, baxımsızlıq və səliqəsizlik büstün varlığına kölgə salır və görkəmli şairin xatirəsinə hörmətsizlik təsiri bağışlayır. Ərazidən çəkilən görüntülər ictimaiyyət arasında ciddi narazılıq doğurub.
***
Gəlin, bu böyük sənətkar haqqında qısa xatırlatma edək: Əliağa Vahid XX əsr Azərbaycan qəzəlinin ən görkəmli nümayəndələrindən biri hesab olunur. O, 1895-ci ildə Bakının qədim İçərişəhərində sadə bir ailədə dünyaya göz açıb. Atası İsmayıl kişi kiçik sənətkarlıqla məşğul olurdu, ailənin maddi durumu zəif idi. Lakin Vahid gənc yaşlarından ədəbiyyata böyük maraq göstərib, klassik qəzəl janrını XX əsrdə yaşadan ən parlaq şairlərdən birinə çevrilib. O, klassik qəzəlin formasını saxlayaraq ona yeni mövzular – dövrün sosial problemləri, insan münasibətləri, məhəbbət və ictimai mövzuları qəzəllərində əks etdirdi . Füzuliyə olan böyük məhəbbəti və davamçılığı səbəbindən çox vaxt onu “XX əsrin Füzulisi” adlandırırdılar. Onun yaradıcılığı həm ədəbi məclislərdə, həm də xalq arasında geniş yayılıb və sevilib.
Əliağa Vahid 30 sentyabr 1965-ci ildə dünyasını dəyişib, xatirəsinə ehtiram əlaməti olaraq Bakının Fəxri Xiyabanında dəfn olunub. Onun yaradıcılığı və şəxsiyyəti xalqımız üçün bu qədər əziz olduğu halda, təəssüf ki, bugünkü mənzərə tam əksini göstərir.

Axı niyə biz öz sənətkarımıza, Azərbaycan poeziyasının böyük nümayəndəsinə belə hörmətsizlik göstəririk? Bu büstün təmiz və səliqəli saxlanılması hər bir vətəndaşın mənəvi borcu olmalıdır. Bəs torpaq satmaqda ad çıxarmış Masazır bələdiyyəsinin sədri hara baxır?
Görün, biz nə edirik – görkəmli sənətkarı yaşatmaq üçün qoyulan büstün ətrafını zibilliyə çeviririk. Bu, təkcə laqeydlik deyil, həm də milli-mənəvi dəyərlərimizə qarşı sayğısızlıqdır. Bunu edənlər, əllərindəki tullantını gətirib bura atanlar heç olmasa bir anlıq dayansınlar, utansınlar, gözlərini qaldırıb büstə baxsınlar və xəcalət çəksinlər. Çünki onların atdığı hər bir zibil, sanki sənətkarın xatirəsinə atılmış təhqirdir. Onun ruhu bəlkə də indi oralarda dolaşır, kənardan bu mənzərəni seyr edib içində heyfsilənir…
***

Belə bir vəziyyətin yaranması, xüsusən də aidiyyəti qurumların gözləri qarşısında baş verməsi ikiqat üzücüdür. Onu da qeyd edim ki, Masazır bələdiyyəsi Əliağa Vahidin büstündən cəmi 300 metr aralıda yerləşir. Onlar doğrudanmı bu mənzərəni görmürlər? Yoxsa, görüb də görməməzlikdən gəlirlər? Küçələrin təmizliyi üçün vəsait ayrılır, üstəlik, ən çox da yaşlı qadınlara gündəlik ağır zəhmət hesabına küçələri süpürtdürürlər. Amma görünür, bir nəfər işçini də bura göndərib abidənin ətrafını təmizlətmək onların vecinə deyil.
Bu, sadəcə diqqətsizlik deyil, açıq-aşkar hörmətsizlikdir! Həm sənətkara, həm mədəniyyətimizə, həm də bütün cəmiyyətə. Əliağa Vahid kimi bir dahi şairin-qəzəlxanın xatirəsini belə laqeyd münasibətlə ayaq altına atmaq hər kəs üçün utanc olmalıdır.
Bir sözlə, görkəmli şəxsiyyətimiz Əliağa Vahid o dünyada ola-ola, bu real dünyamızda zibil içində qalıb. Bu mənzərə nəinki bələdiyyənin, həm də bütövlükdə cəmiyyətin üzqarasıdır. Əgər biz öz sənətkarımıza sahib çıxmırıqsa, deməli, dəyərlərimizi də yavaş-yavaş itiririk.
Nə deyim, vallah, söz tapmaq olmur… Bu, sadəcə diqqətsizlik deyil, açıq-aşkar laqeydlikdir. Bu laqeydlik isə təkcə təmizlik məsələsi deyil, həm də bizim mədəniyyətimizə, sənətkarımıza, ədəbiyyat tariximizə olan münasibətimizin göstəricisidir.
Əliağa Vahidin öz qəzəllərində də insanların bir-birinə biganəliyi tez-tez tənqid olunurdu. Şairin aşağıdakı misraları sanki bu günkü mənzərəyə işarə edir:
«Gör ki, nə gündədir bu cahan, biganədir insan,
Fərdi öz işindədir, yadın dərdindən xəbər yox.
Dünya dolubdur zalım ilə, yox mərhəmət izləri,
Sədaqət deyən tapılmaz, insanda vəfa qalmışmı?»
Bu misralarla Vahid göstərirdi ki, insanın insana qayğısı azalıb, hər kəs öz dərdini güdür, başqasının dərdinə şərik olmur.
Gəlin öz dəyərlərimizi qoruyaq, onlara hörmət edək. Mən ümid edirəm ki, aidiyyəti qurumlar, xüsusən də Abşeron rayon İcra Hakimiyyətindəki məsul şəxslər bu vəziyyəti görəcək və bu biabırçılığa son qoyulacaq.
Elşad FƏRMANOĞLU