5 Sentyabr 2025 / 21:25

MƏKTUB ÜZEYİR BƏYƏ NİYƏ YETİŞMƏDİ?- İLK DƏFƏ “TƏZADLAR”DA

-Üzeyir Hacıbəylinin anadanolmasının 140 illiyinə-

Məktub yetişmədi

  …Vaxtilə arxivdə araşdırma apararkən Azərbaycan milli musiqi mədəniyyətinin qurulmasında və inkişafında əvəzsiz xidməti olmış, dərin muğam bilicisi, böyük bir tarzən nəsli yetişdirən, pedaqoq, xalq çalğı alətləri ansamblın yaradıcısı və bəstəkarı kimi iz qoymuş Əhmədxan Bakıxanovun dahi bəstəkar Üzeyir bəy Hacıbəyliyə yazdığı bir məktub qarşıma çıxdı.

Məktubun məzmunundan məlum olur ki, Əhmədxan müəllim çətin durum keçirir və bu çətin durumdan çıxmaq üçün güman yeri hər bir şəxsə köməyini əsirgəməyən bəstəkar Üzeyir bəy Hacıbəyli olur. Həyatının ağır anlarınıbəstəkara bildirmək üçün ürək bu məktubu yazmaq qərarına gəlir. Lakin Ə.Bakıxanova məlum deyildi ki, güman yeri bildiyi böyük insan ölüm yatağında son günlərini yaşayır.

    Məktubun yazılmasından 9 gün sonra – 23 noyabr 1948-ci ildə “sapı özümüzdən olan” xainlərin, simasızların üzündən Üzeyir bəy dünyasını dəyişir...

XXX

    Əhmədxan Bakıxanov 1892-ci ildə Bakıda anadan olmuşdu. İlk musiqi təhsilini Əhmədxan Bakıxanov İran Azərbaycanında yaşadığı müddətdə məşhur muğam ustası Əbülhəsən xandan dərs almaqla muğamatın sirlərinə dərindən yiyələnib. 1920-ci ildə Azərbaycanda məlum hadisələrdən sonra Əhmədxan Bakıya köçür və burada musiqi məclislərdə və konsertlərdə çalmaqla yanaşı, müəllimlik də edir. Ə.Bakıxanov milli musiqimizin gözəl sənətkarı olmaqla yanaşı dərin muğam bilicisi, mahir tarzən, xalq çalğı alətləri ansanblının yaradıcısı və bəstəkar kimi musiqi tarixinə düşüb.

     Ü.Hacıbəyli ilə tanışlıq Ə.Bakıxanovun yaradıcılığına böyük təsir göstərmişdi. Beləki Ü.Hacıbəylinin xahişi ilə bir çox muğamlar onun ifasında səslənmişdi. 1929-cu ildən Üzeyir bəyHacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib. Əhmədxan Bakıxanovun ifasından bir çox instrumental Rast“, “Şur“, “Bayatı-Şiraz“, “Segah-Zabul“, “Rahab”, “Şüştər“, “Hümayun“, “Şahnaz” muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. . Ə.Bakıxanov bir çox fəxri adlara layiq görülmüşdi.

    Ə.Bakıxanov tarı solaxay çalırdı. Bu cür çalmaq çətin olsa da, o, nəinki bacarmış, hətta ifası ilə məşhurlaşmışdı. Azərbaycanın xalq artisti Teymur mustafayev mənə danışırdı ki, Əhməd müəllim çox üzüyumuşaq insanimiş. Tələbələri hər dəfə Əhməd müəllimin üzüyumşaqlığından istifadə edib tarını götürüb gedirdilər. Gələcəkdə  bu təkrarlanmasın Əhməd müəllim tarı sola çevirir.

    Deyildiyinə görə Əhməd Bakıxanov təkcə Azərbaycanda deyil, bütün Şərq yeganə solaxay tarzən olmuşdu. Əhmədxan Bakıxanov 1973-cü ildə vəfat etmişdi.

   Musiqisevərlərin, və geniş oxucuların marağına səbəb olacağını nəzərə alıb Əhmədxan Bakıxanovun Üzeyir bəy Hacıbəyliyə yazdəğı məktubun məzmunu ilə oxucuları tanış etməyi məqsədəuyğun saydıq. Məktubu olduğu kimi təqdim edirik:

 “Üzeyir bəy! Familiyası Azərbaycan xalqının azadlıq mübarizəsi ilə ayrılmaz surətdə bağlı olan Azərbaycan xalqının fəxri, böyük alim və maarifçi  Abbasqulu ağa Bakıxanova ən yaxın olan bizim ailədən yalnız iki nəfər qalmışdır. Həcər və bacım. Abbasqulu ağa Bakıxanov 100 il bundan qabaq yazmış və hələ heç kəsə məlum olmayan bir çox əlyazmaları varsa da məktubları Azərbaycan kəndlərindən  polkovnik Bakıxanovun adına yazılsa, bir çox şikayətlər, ərizələr indiyə qədər bizim ev kitabxanasında saxlanmışdır ki, bunlar da xalqımızın tarixi üçün ən qiymətli  materialdır. Təəssüf ki, tale bunları mənə çap etdirməyə imkan vermədi.

   1942-ci ildən üzərində işləməkdə olduğum və bitməmiş qalan “Odlu diyar” (“Strana oqney”) adlı operanın sözləri üzərində davam etdirirəm. Həcər ilə o zamanlar bu opera haqqında sizin fikrinizi bilmək üçün hüzurunuza gəlməyə can atırdım. Lakin tez-tez  xəstəliyim sonra da belə elə məni sizi görmək arzusunda məhrum etdi. İndi mənim bütün gələcəyim varlığım, yoxluğum sizdən və yenə sizdən asılıdır. İndi siz mənim həyatıma hakimsiniz. Bəs Sizə, Azərbaycan xalqının ən nəcib oğluna müraciət edərək mənim məsələm haqqında Azərbaycan Sosialist Sovet Respublikası Ali Sovetinin katibi, Səftər Cəfərov ilə danışmağınızı, daha doğrusu mənim bağışlanmağımın, danışmanızı çox-çox rica edir və səmimiliyinizi möhkəm sanıram.

    Üzeyir bəy! Mənim yaxın bir adamım olmadığından belə atəş içərisində yanıram. Bütün arzular, ümidlər açmadan solur.

    Çox hörmətli Üzeyir bəy! Gecənin bir yarsında qəlbimdə məhəbbətini gəzdirdiyim  Sizə məktub yazmağa cəsarət etdim. Bağışlayın. Göz yaşlarımın şahidi, könlümün  atəş ilə yazılmış bu məktub həqiqi olaraq  öz taleyindən şikayət edir.

Tutuşdu qəm oduna şad gördüyün könlüm

Aşdı məhbəsi azad gördüyün könlüm.

 Artıq bir həqiqətdir ki, dünyanın yaraşığı olan insan öz həqiqi mənasını yalnız Stalin (SSRİ-nin başçısı – A.K.) epoxasında (əsrində – A.K.) ala bilmişdir. Adam sözü yalnız bizim ölkədə böyük vüqar və əzəmətlə səslənir. Sovet adamı bütün dünyanın zəhmət adamları üçün yer üzərində ən xoşbəxt bir adamdır. Lenin (proletariatın rəhbəri-A.K.) və Stalin həmişə təsadüfi hadisələr nəticəsində dolaşan kadrları cəsarətlə mühafizə etməsi onları ayağa qaldırmışdır.

    Əziz Üzeyir bəy!

    Mərhəmətli olmaq hər kəs üçün lazımdır. Tarix həmişə mərhəmətli olanları yaşatmışdı. Mərhəmət insanın aynasıdır. Lakin bir çoxlarında mərhəməti yarada biləcək xüsusiyyətlər yoxdur. Şübhəsiz ki, Siz mənim ərizəm ilə tanış olduqda görəcəksiniz ki, mənim ali əsərlərimin yalnız biri vəziyyət nəticəsində baş vermiş cinayətdən nəinki çox-çox ağırdır, bəlkə də çox qiymətlidir. 9 ildən bəri üzərində çalışdığım “Stalinə” və “Şaumyan” əsərləri bitməmiş qaldı. Həcərlə yalnız son illərdə biz 1941-ci ildə Azərbaycan Dövlət Darülfünün qurtardıqdan sonra biz elmi sahəyə atılmış və 12-ə qədər elmi-tənqidi əsər hazırlamışam.

    Əziz Üzeyir bəy!

    İndi bildim ki, həyatda ən şirin bir şey varsa o da azadlıq, yenə azadlıq. Bütün həyat, varlıq, insanlıq  ondadır. Belə bu saata öz həyatımı Sizə təsir etməyə çətinlik çəkirəm. Zavallı bacım xəstə olaraq yatır. Bu da mənim üçün ən ağır bir dərd olmuşdur. Heç şübhə yoxdur ki, kimsəsiz qalan bacım əbədi olaraq gözlərini yumacaqdır. Mən də burada məhv olacağam. Budur gəncliyimizin son qərərgahı. 29 yaşına qədər əzab, əziyyət içərisində oxuyub-qurtardıqdan sonra zavallı bacımı sevindirmək mümkün olmadı. Həyat gəncliyimi də çox gördü.

    Möhtərəm Üzeyir bəy!

    Son arzumu tamam etmək üçün mənə köməklik etmənizi çox-çox rica edirəm. Böyük minnətdarlıq ilə əlinizi möhkəm sıxıram.

    Əhməd  Bakıxanov.

14 noyabr 1948-ci il”.

Böyük sənətkarın vaxtsız ölümü nəticəsində məktub ünvanına yetişmir…

ASLAN KƏNAN,

Araşdırmaçı

(Xüsusi olaraq “Təzadlar”üçün).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!