Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Dahi bəstəkar son günlərini yaşayırdı. Yanına gəlib-gedənlərin ardı-arası kəsilmədiyindən narahatçılığı get-gedə artırdı. Heç kimlə görüşmək iqtidarında deyildi. Yalnız tək qalıb keçmişə boylanmaq, ağrılı-acılı günlərini xatırlamaq istəyirdi. Lakin heç vəchlə asudə vaxt tapa bilmirdi…
…Axşama yaxın gediş-gəliş səngimişdi, ətrafda sakitlik hökm sürürdü. Sərt payız küləyi əssə də, lakin otaqda divar sobası yandığından bayırdakı soyuqluq hiss olunmurdu. Məleykə xanım da adəti üzrə bəstəkarın otağında olan müxtəlif səpkili yazıları səliqəyə salmaqla məşğul idi. İşlərini başa çatdırdıqdan sonra bəstəkarın yuxuya getdiyini zənn edib, barmaqlarının ucu ilə sakitcə otağı tərk etdi.
Bəstəkar otağda tək qaldığına əmin olduqdan sonra uzandığı dəmir çarpayıdan yarı qalxmış vəziyyətdə yastığa söykəndi. O ətrafına yenidən göz yetirdi, heç kəsi görməyəndə dərindən nəfəs aldı, ürəyi bir az sancdı və ani olaraq dostu Səməd Vurğuna nə vaxtsa dediyi sözü xatırladı: “Köçmək gərək bu dar fənadan yayaş-yavaş”. Sonra da nədənsə ixtiyarsız olaraq kövrəldi… və bir anlığa acılı-şirinli günlərinə boylanmalı oldu.
Bəstəkarı ilk professonal əsər yazmağa həvəsləndirən böyük ədib, “Əkinçi” qəzetinin redaktoru olmuş Həsən bəy Zərdabinin “Sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar” sözləri indi də qulaqlarından getmirdi. Bir müddət sonra dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında məşhur “Leyli və Məcnun” operası tamaşaya qoyulsa da, lakin çox təəssüflər olsun ki, ustadın bu arzusu onun ölümündən 45 gün sonra həyata keçir…
Əsərin səhnəyə yol tapması bəstəkara o qədər də asan başa gəlmədiyini xatırlayır. O ilk növbədə operada oynanılacaq rollara aktyor tapmaq üçün gözəl səsə malik olan ifaçılar cəlb etməli idi. Ələlxüsus tamaşada oynanacaq qadın rolu üçün ifaçı tapmaq müşkül məsələ idi. Məlum məsələ idi ki, o dövrdə qadın rollarını yalnız kişilər oynamalı idi. Uzun axtarışlardan sonra çayçı şagirdi olmuş Əbdürrəhim Fərəcov Leyli rolunu oynamağa razı salır. Lakin biləndə ki, o qadın paltarı geyinəcək, xüsusilə də bığlarının üstü örtüləcək bu işə heç bir vəchlə razı olmurdu. Çünki belə bir qiyafə kişi üçün ən alçaq, rəzil hal sayılırdı…
Gözlənilən gün gəldi. 12 yanvar, 1908-ci il. Azərbaycan musiqi mədəniyyəti tarixinə qızıl həriflərlə yazılacaq gün. Həmin gün “Nicat” cəmiyyətinin təşəbbüsü ilə H.Z.Tağıyev teatrında, Azərbaycan dilində dahi şair M.Füzulinin məhəbbət dastanı olan “Leyli və Məcnun” əsəri ilk dəfə olaraq geniş səhnə həyatı yaşayır. Əsərin oynanılmasına üç gün qalmış Şamaxıdan Abbas Səhhət tamaşaya baxmaq üçün lojada ona yer saxlamağı da xahiş etmişdi. Bəstəkar tamaşa haqqında tərif dolu məqalələrlə yanaşı haqsız, qərəzli yazıları da xatırladı. Onun bu xatirələr işığında hiss olunmayacaq dərəcədə dodağı qaçdı, üzündə acı bir təbəssüm yarandı…
***
Dövrünün qaragüruhçu, xəbis insanların ona qarşı etdiyi haqsızları vərəqlədikcə əsərin səhnəyə qədəm qoymasından bir əsirdən çox keçməsinə baxmayaraq Üzeyir bəyə hücumlar səngimək bilmir. Həmin hadisələrdən bir əsirdən çox keçməsinə baxmayaraq artıq indi Üzeyir bəyin yuxarıdakı acı təbbəssümünü başa düşmək çətin deyildu.
Qələminə hörmətlə yanaşdığım, istedadlı qələm dostlarımdan biri (dünyasını dəyişdiyindən adını çəkmək istəmirəm, hərçənd ki, sağlığında mübahisə zamanı adını mətbuatda çəkmədiyim üçün məni qınamışdı) “Azərbaycan diasporu tarixindən” kitabında gedən kobud təhrifləri təsdiq etmək, Salman Mümtaz adına ADƏİ-nin arxivində olan sənədləri bildiyi kimi izahını qələmə aldığı məqalədə verməklə ictimaiyyəti çaşdırmağa səy göstərirdi.
Müəllif məqaləsində iddia edir di ki, Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operasını guya kiçik qardaşı Ceyhun bəylə birgə yazmışdı. Yazını oxuduqca təəccüb məni bürüdü. Dostum “Leyli və Məcnun” opera ilə bağlı (ruhu məni bağışlasın) elə təhriflərə yol verirdi ki, istər-istəməz onun bu məqaləsinə məndə bir hissi təəssüf yaratdı. Birtəhər yazını oxuyub başa çıxandan sonra öz-özümə dedim:- Üzeyir bəy, yaşadığın qanlı-qadalı bir dövrdə bu qədər əzab-əziyyətlərə, böhtanlara məruz qalmamısan, lakin biz övladlar sənin kölgəni də qılınclaya-qılınclaya çapırıq. Bu qədər də simasızlıq, nankorluqmu olar? Nə vaxta qədər biz sənin dünya şöhrətli əsərlərinə yamaq vuracağıq? Nə vaxta qədər böhtan dolu yazılarımızla bizə qoyduğun ədəbi irsinə böhtan atmaqla sənə meydan oxuyacağıq. Guya ki, biz sənin Azərbaycan xalqına qoyduğun zəngin irsdən çox iş görmüşük?..
Qeyd etmək lazımdır ki, ilk Azərbaycan operasının yaranmasında Ceyhun bəyin fəaliyyətini danmaq olmaz. Həmin əsərin tamaşaya qoyulmasında nəinki xüsusi xidmətləri olmuş, hətta gözəl musiqi duyumuna və səsə malik olan Ceyhun bəy əsərdə İbn-Səlamı da oynayıb. Müəllifə haqq qazandırmaq olar ki, Ceyhun bəyin həm müəllif kimi adı o dövrün afişalarında, proqramlarında yazıldığı halda, lakin 1922-ci ildən sonra yalnız Üzeyir bəyin adı saxlanılıb. Oxucuların nəzərini “Leyli və Məcnun” operasının səhnə üzü görməsindən üç gün əvvəl, yəni 1908-ci il yanvar ayının 9-da “Kaspi” qəzetində çap olunan xəbərə yönəltmək istərdim. Orada deyilir: “Nicat” müsəlman xeyriyyə cəmiyyəti ən yaxşı dram və opera əsəri üçün müsabiqə elan edib. Bu günlərdə o, tatar (Azərbaycan – A.K.) dilində gənc publisist və musiqiçi Ü.Hacıbəyovun tərtib etdiyi “Leyli və Məcnun” operasının quruluş və nəşr haqqını almışdır. Bu, müsəlman aləmində ilk operadır. Özü də şənbə günü, yanvar ayının 12-də Tağıyev teatrının səhnəsində oynanılacaq”.
Sual olunur, Ceyhun bəy əgər 16 yaşında opera yazmışsa, nə üçün “Leyli və Məcnun”dan əvvəl və ya sonra bir dənə də olsun nəinki opera, heç mahnı da bəstələləmişdi? Axı ilk operadan sonra Ceyhun bəy ömrünün qalan 54 ilində ona bir musiqi əsəri yazmağa nə mane olurdu? Bu dövr ərzində Ceyhun bəyin musiqi yazmamağının səbəbini bilmək üçün vaxtı ilə Azərbaycana qonaq gəlmiş nəvəsi Ceyhun bəyin (Jan Klimanın) 8 noyabr 2001-ci il tarixli “Bizim əsr” qəzetinə verdiyi müsahibəsini xatırlatmaq istərdim:
“Sual: Babanızın musiqi təhsili var idi?
Cavab: Xeyr! O heç bir musiqi alətində çala bilmirdi. Sadəcə, babamın çox gözəl musiqi duyumu var idi.O bilirdi ki, harada “Bayatı-Şiraz”, harada “Şur” oxumaq lazımdır”.
***
Bəs səbəb nə idi ki, operada bir müddət Ceyhun bəyin adı əsl müəllifin adı ilə birgə yazılırdı?
(Davamı var)
Aslan KƏNAN,
Tədqiqatçı
(Xüsusi olaraq “Təzadlar” üçün)