8 Sentyabr 2025 / 16:22

Azərbaycana gətirilən zəhərli ərzaqlar və dərmanlar – DTX VƏ BAŞ PROKURORLUĞUN DİQQƏTİNƏ!

Zəhərli ərzaqların gizli marşrutu: sürücünün qan donduran acı etirafları

Azərbaycanın süfrəsinə gələn əksər ərzaqların, içkilərin necə bir yol keçdiyini bilsəydiniz, bəlkə də iştahınız qaçardı. Bəzən ən etibarlı sandığımız məhsulların hansı yollardan, hansı oyunlardan keçərək süfrəmizə düşməsi barədə bir tır sürücüsünün qan donduran etirafları vəziyyətin miqyasını göz önünə gətirir.

***

Bəli, bu acı həqiqətləri eşidəndə bir sual beynimizi deşir: artıq kimə güvənək axı? İnsan sağlamlığı ilə bu qədər oynamaq, ölümlə nəticələnə biləcək qədər məsuliyyətsiz davranmaq necə mümkün olur? Bu işlərə göz yuman, nəzarət etməli olduğu halda susan şəxslər mütləq və mütləq məsuliyyətə cəlb olunmalıdır.

İnsan həyatı bu qədər ucuz və dəyərsiz olmamalıdırmı? Bir qrup işbazın, rüşvətə meyilli məmurun qazancı naminə yüzlərlə, minlərlə vətəndaşın sağlamlığını riskə atmaq təkcə cinayət deyil, həm də cəmiyyətin mənəvi dəyərlərinə xəyanətdir. Axı biz eyni ölkədə, eyni torpaqda yaşayırıq. Bu gün kimin süfrəsinə zəhər qoyulursa, sabah həmin zəhər başqa birinin, elə göz yumanların öz ailəsinin də qapısını döyə bilər.

Ona görə də bir daha deyirik: onlar ən sərt formada məsuliyyətə cəlb olunmalıdırlar! Həm də elə ciddi şəkildə ki, hər kəsə görk olsun. Bu cəmiyyətin heç kimə güzəştə gedəcək borcu yoxdur. Sağlamlıqla, həyatla zarafat olmaz.

Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə ərzaq və dərman təhlükəsizliyi ilə bağlı narahatedici iddialar səsləndirilir. Bir tır sürücüsü Azərbaycana gətirilən yüklərlə bağlı şahidi olduğu faktları bölüşərək ciddi fəsadlara yol aça biləcək halları ictimailəşdirib.

“Sərhədi guya xəstəlik gəlməsin deyə bağlayırlar, amma xəstəliyi biz özümüz tırlarla ölkəyə daşıyırıq…”

Onun dedikləri, əslində, qida təhlükəsizliyi, gömrük nəzarəti və ümumiyyətlə, insanların sağlamlığı ilə bağlı ciddi suallar doğurur. Sitat: “Mən bir tır sürücüsü kimi sizə bir sirrin üstünü açacam, Azərbaycana gətirilən zəhərli ərzaqlarla bağlı. “Sonuncu səfərdə Saratovda yük axtararkən bizə bildirdilər ki, iki maşın marqarin gətirməliyik. 44 ton marqarin yüklədik, az sonra isə əlavə olaraq daha üç maşın  (ümumilikdə 100 tondan çox) marqarin sifariş olundu.Məni ən çox təəccübləndirən isə zavodda gördüklərim oldu. Xatırlayırsınızsa, əvvəllər marqarin kvadrat qablaşdırmada, açıq ağ rəngdə olardı. Amma indi bizim buradakı sifarişçilər Moskvaya zəng edib xüsusi tapşırıq veriblər ki, məhsul 25 kiloqramlıq qutularda, sap-sarı kərə yağına bənzər rəngdə olsun. Beləcə, sanki əsl kərə yağına oxşayan məhsul hazırlandı və biz onu Bakıya gətirdik. “Meyvəli”də gömrük yoxlaması zamanı maşının arxası açıldı və yükdən analiz götürüldü. Mən də fürsətdən istifadə edib yağın dadına baxdım. Əsl kərə yağı kimi idi, ilk anda keyfiyyətli təsiri bağışladı. Hətta düşündüm ki, evə də bir az aparım. Amma sənədlərə göz yetirəndə məlum oldu ki, bu, marqarin deyil, onun əvəzedicisidir, təmiz kimyəvi maddə. Yükü daha sonra Hökməlidəki anbara boşaltdıq. Orada maraqla soruşdum ki, bu qədər marqarini nə edirsiniz? Hələ üç maşın da yoldadır… Müdür isə soyuqqanlı şəkildə, qısa cavab verdi ki, “Tort bişiririk.” Öz-özümə düşündüm ki, 110 ton marqarinlə neçə milyon tort hazırlamaq mümkündür? Axı bütün Azərbaycan gündə üç dəfə tort yeyir? Nəysə, müdür gedəndən sonra fəhlələrdən biri mənə yaxınlaşdı və gizlicə dedi ki, “Atamın goruna and olsun, yalnız bir müştərimiz var. Həftədə 30 ton bu yağdan götürür, öz aparatında doğrayır və sonra onu “Yeni Zelandiya yağı”, “Anchor”, “Belarus yağı” adı altında 15-16 manata satır.””  Bu etiraf məni daha da sarsıtdı. Deməli, camaatın baha qiymətə aldığı “kərə yağı”nın çoxu, əslində, kimyəvi marqarindir. Və nəticədə ölkədə şəkərli diabet, xərçəng, yüksək təzyiq və digər xəstəliklərin kütləvi artmasının səbəblərindən biri də budur.

“Bir dəfə də Moskvadan 6 fura “Pepsi Cola” gətirdik. Yükün təyinat ünvanı isə Bakıda yerləşən “Coca-Cola” zavodu idi…”

 Sərhədi guya xəstəlik gəlməsin deyə bağlayırlar, amma xəstəliyi biz özümüz tırlarla ölkəyə daşıyırıq. Bəs dövlət orqanları, sanitariya xidməti hara baxır? Gömrük bunu necə buraxır, necə olur ki, analizlərdən keçir? Xalq bilməlidir ki, süfrəsində “kərə yağı” adı ilə əslində marqarin əvəzedicisi yeyir.” Amma bu, təkcə yağla bitmir. Qida sahəsində rast gəlinən saxtakarlıqların miqyası daha genişdir. Bir dəfə də Moskvadan 6 fura “Pepsi Cola” gətirdik. Yükün təyinat ünvanı isə Bakıda yerləşən ‘Coca-Cola’ zavodu idi. Yolda sənədlərə baxanda dəhşətli bir fakt ortaya çıxdı: həmin içkilərin istehsal tarixindən artıq 2 ay keçmişdi, yəni onların saxlama müddəti bitmişdi. Halbuki hər bir butulkanın üzərində istehsal tarixi açıq-aşkar qeyd olunur və bu, hamının görə biləcəyi sadə bir məlumatdır. Yükü zavoda boşaldanda isə gözlərim inanmadığım bir mənzərəyə sataşdı: 30-40 qadın bir sırada oturmuşdu, hərəsinin əlində spirtli pambıq. Onlar butulkaların üzərindəki köhnə tarixi silib, yerinə yeni tarix yazır, sonra da möhür vururdular. Beləcə, saxlama müddəti 2 ay əvvəl bitmiş içkilər yenidən qablaşdırılaraq “təzə mal” kimi satışa hazırlanırdı. O an başa düşdüm ki, biz sadəcə Rusiyanın zibilini daşıyır, ölkəmizə gətiririk və nəticədə xalqımız isə onu ağız şirinliyi ilə içir. Amma təkcə içkilər deyil, dərmanların da aqibəti fərqli deyil.

“İndi təsəvvür edin: 25 gün istidə qalan o “sistem”lər sonradan hansı xəstənin damarına vuruldu? O mayelərin tərkibi çoxdan pozulmuş, sudan zəhərə çevrilmişdi…”

Bir dəfə də Türkiyədən yük gətirirdim. Yolda 4-5 azərbaycanlı tır sürücüsü ilə tanış oldum. Onların yükü “sistem” – yəni damar daxili dərman məhlulları idi. 3-4  fura dolusu gətirirdilər. Onsuz da xalqın çoxu xəstədir, kimin qızdırması, öskürəyi varsa, qaçıb sistem vurdurur. Yəni, Azərbaycanda sistem “xadavoy mal”,  gündəlik, ən çox işlədilən vasitələrdən biridir. Amma məsələ burasındadır ki, belə dərmanlar mütləq soyuduculu, xüsusi şəraitli maşınlarla daşınmalıdır. İsti havada onların tərkibi dərhal pozulur. Dispetçerlər isə 500-600 manat qənaət etmək üçün bu dərmanları adi çadırlı maşınlara yükləyirdilər. Mən sizə ötən ilin yayın ən qızmar günlərindən danışıram. Çadırlı maşının içində elə dözülməz istilik olurdu ki, nəfəs almaq mümkün deyildi. Günəşin altında 40-50 dərəcə olan temperatur maşının içində üçqat artıq yüksəlirdi. Belə şəraitdə maye dərmanların tərkibi tamamilə sıradan çıxır, onların istifadəsi isə əslində qəti şəkildə qadağan olunmalıdır. Hətta bir dəfə belə maşınlardan birinin motoru xarab oldu və yük 10 gün Türkiyədə qaldı. Nəticədə, fura ümumilikdə 25 günə, ancaq Bakıya çatdı. İndi təsəvvür edin: 25 gün istidə qalan o “sistem”lər sonradan hansı xəstənin damarına vuruldu? O mayelərin tərkibi çoxdan pozulmuş, sudan zəhərə çevrilmişdi. Və həmin zəhər, “dərman” adı altında insanların qanına yeridildi. Bu, sadəcə səhlənkarlıq deyil – bu, insanların həyatına birbaşa qəsddir.”

***

 Bütün bu faktlar isə bir sualı ortaya çıxarır: belə məhsullar necə olur ki, gömrükdən keçir? Laboratoriya analizləri necə olur ki, “normal” nəticə göstərir? Bu, sadəcə təsadüf ola bilməz. Deməli, hansısa yerdə bilərəkdən göz yumulur, hansısa qapılar bilərəkdən açıq buraxılır.  Bəli, bu halları düşmən belə bizə etməz. Təəssüf ki, bunu “sapı özümüzdən” olanlar edirlər. Gömrük idarəsi, qida təhlükəsizliyi qurumları hara baxır? Necə olur ki, laboratoriya nəticələri saxtalaşdırılır? Xalq bilməlidir: bəzən süfrəsinə qoyduğu yağ, içdiyi içki, hətta xəstəxanada damarına vurulan sistem belə, tamamilə zəhərli və yararsız məhsuldur…

Elşad FƏRMANOĞLU

P.S.Biz “Təzadlar” olaraq bu məsələni gündəmə gətirdik, ictimailəşdirdik. İnanmaq istərdik ki, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bu məsələni kökünə qədər araşdırıb bu “daxili düşmənlər”i əməllərinə görə cəzalandıracaq…

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!