Məzarı bu gün də tapılmayan Cümhuriyyət qurucusu Aslan bəy Səfikürdski: “Xalq məhkəməyə deyil, məhkəmə xalqa xidmət etməlidir”
Bu bizik?!
20 sentyabr Cümhuriyyətin poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri (14 aprel 1919 – 22 dekabr 1919) Aslan bəy Səfikürdskinin 55 yaşında vəfat etdiyi gündür.
Səfikürdski Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1919-cu il iyunun 9-11-də AXC-nin ali səlahiyyətli fövqəladə orqanı – Dövlət Müdafiə Komitəsi (DMK) yaranır. Səfikürdski də həmin qurumun üzvlüyünə daxil olur. 1919-cu il sentyabrın əvvəllərində İstanbul Konfransına AXC-nin nümayəndə heyəti də dəvət olunmuşdu. 1918-ci il sentyabrın 6-da Bakınnı xilaskarı Ənvər paşa İstanbul danışıqlarında iştirak edən nümayəndə heyətimizi Türkiyədə yenicə hakimiyyətə gəlmiş sultan IV Məhəmmədə təqdim etmişdi. Sultana təqdim olunan nümayəndə heyətinin tərkibində Aslan bəy də var idi…
İlk həbsi “Eser partiyasının Zaqafqaziya təşkilatının işi” üzrə ittihamla baş verir və Səfikürdski üç il azadlıqdan məhrum edilir.
Həbs müddəti bitdikdən sonra Aslan bəy Səfikürdski “Azneft” sistemində hüquq məsləhətçisi işləsə də o, daim təqib edilir, ətrafındakı xoflu adamlar onda nə isə neqativ bir hərəkət axtarırdılar.
Günlərin birində Aslan bəy Səfikürdskiyə qarşı ittiham irəli sürülür. “İttiham” ondan ibarət idi ki, guya o, Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının Kollegiya üzvü vəzifəsində çalışarkən həmin Komissarlığın məsul işçisi Camo bəy Hacınski və Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Milis İdarəsinin rəis müavini Rza Qaraşarlı ilə birlikdə müsəlman eserlərin gizli komitəsini yaratmışdır. Guya Aslan bəyin sədrlik etdiyi həmin Komitə Azərbaycanın bütün qəzalarında özünün yerli təşkilatlarını yaratmış və Rusiya eser partiyasının Bakıdakı və Tiflisdəki özvləri (Osintsev və başqaları) ilə əlaqəyə girib əhali arasında antisovet ədəbiyyatlar yaymış və sovet hakimiyyətini yıxmaq üçün silahlı üsyan hazırlamaqla məşğul olmuşdur.
1925-ci ilin əvvəllərində cəzasını çəkən Aslan bəy Camo bəy Hacınski ilə birlikdə Sverdlovsk (Rusiya) təcridxanasında idi. Onları Krımın Feodosiya şəhəriə göndərmək istəyirdilər. Lakin bunu həyata keçirməyə macal olmamışdı. Cəza müddəti bitdiyi üçün həbsdən azad olunan Aslan bəy Səfikürdski Bakıya qayıdıb “Azərneft” Birliyində hüquq məsləhətçisi işləməyə başlamışdı. Ancaq daim təqiblərə məruz qalırdı. Bu təqiblərə dözməyən Aslan bəy xəstə düşmüş və uzun müddət yataqda qalmışdı. Aslan bəy Səfikürdski uzun sürən xəstəlikdən sonra 1937-ci il sentyabrın 20-də Bakıda vəfat edir.
Lakin bu zaman heç kim irəli durub onun cənazəsini dəfn etməyə cürət göstərmir. Çünki hamı hökumətdən, NKVD-dən qorxurdu.
Nəhayət, qara xəbər doğulduğu Səfikürd kəndinə çatır. Oradan atası Ağalar bəyə vaxtilə yaxın olmuş insanlar Bakıya gəlir və onu torpağa tapşırırlar.
Bu gün Aslan bəy Səfikürdskinin məzarının harada olması heç kəsə bəlli deyil. Çünki dəfndə iştirak edənlərdən bu barədə bir kəlmə belə deməmək barədə yazılı iltizam alınmışdı…
Ümumiyyətlə, A.Səfikürdskinin ədliyyə və məhkəmə-hüquq sahəsində xidmətləri ölçüyə gəlməzdir:
1) Xalqın siyasi hüquqları, o cümlədən özünütəyin hüququnun ilk təşəbbüskarı kimi çıxış edib. A.Səfikürdski hələ 1915-ci ildə Kiyevdə keçirilmiş qeyri-rus millətlərinin qurultayında ilk dəfə “Azərbaycan muxtariyyəti” məsələsini qaldırmışdı.
2) Mart soyrqırımına hüquqi qiymətin verilməsini tələb edən şəxslərdən biri olub. Zaqafqaziya Seyminnin Müsəlman Sosialistləri Blokunun lideri kimi A.Səfikürdski Bakıda 1918-ci il 31 martda müsəlman əhaliyə qarşı cinayətlərin qarşısının dərhal alınmasını və cəzalandırılmasını tələb etmişdi.
3) Məhbusların hüquqlarının müdafiəçisi kimi çıxış edir, parlamentin 1918-ci il dekabrın 25-də keçirilən iclasında siyasi məhbusların amnistiyası üzrə yaradılan 5 nəfərdən ibarət komissiyasının üzvü seçilir, bu səlahiyyətindən istifadə edərək əfvi-ümuminin kənd yerlərindən olan siyasi məhbuslara tətbiq edilməsini parlamentdə təklif edir və təklif qəbul olunur.
4) Azərbaycan tarixində unikal inteqrasiya modeli olan Ədliyyə və Əmək Nazirliyi eyni qurumda birləşdirilir və öncəki kabinetlərdə əmək naziri olmuş A.Səfikürdski N.Yusifbəylinin 1919-cu il martın 14-də təşkil etdiyi kabinetdə ədliyyə və əmək naziri təyin olunur.
5) A.Səfikürdskinin göstərişi ilə Ədliyyə Nazirliyi yanında Azərbaycanda ilk dəfə olaraq hüquq elmi üzrə mükəmməl kitabxana yaradılır.
6) Azərbaycan Məhkəmə Palatası nəzdində andlı Müvəkillər Şurası yaradılır.
7) Ədliyyə və məhkəmə sistemində daha çox milli kadrların çalışmasına üstünlük verir, onların dövlət dilini bilməsini zəruri hesab edirdi.
Azərbaycanda 3 yeni dairə məhkəməsi – Şəki, Şuşa, Kürdəmir dairə məhkəmələri açılır. A.Səfikürdski deyirdi: “Xalq məhkəməyə deyil, məhkəmə xalqa xidmət etməlidir”.
9) Demokratik prinsiplərə uyğun olaraq ədliyyə və prokurorluq orqanlarının Ədliyyə Nazirliyi sistemində birləşdirilməsini təmin edir. A.Səfikürdski ədliyyə naziri, eyni zamanda Cümhuriyyətin baş prokuroru idi.
10) Ədliyyə Nazirliyi üzrə 1919-cu il 16 aprel tarixli əmrdən görünür ki, o, ədliyyə və məhkəmə sahəsində mütərəqqi islahatlar aparılmasına nail olmuş, Ədliyyə Nazirliyinin əsas vəzifələrini 3 istiqamətdə müəyyən etmişdir: a) Məhkəmələrin işlərinin yenidən qurulması. Burada əsas diqqət ölkənin bütün vətəndaşlarının qanuni hüquqlarının müdafiəsinin gücləndirilməsinə, əhalinin əmin-amanlığının və təhlükəsizliyinin təmin edilməsinə yönəldilirdi. b) Ədalət mühakiməsinin işinə geniş ictimaiyyətin, xalq kütlələrinin cəlb edilməsi. c) Seçkili məhkəmə orqanlarının əhalinin yaşayış yerlərinə yaxınlaşdırılması.
11) Korrupsiya və rüşvətxorluqla mübarizə aparan ilk nazir kimi tarixə düşüb. A.Səfikürdskinin rəhbərliyi ilə bu məqsədlə müstəqil orqan – xüsusi Təftiş İstintaq Komissiyasının yaradılması haqqında qanun layihəsi hazırlanıb parlamentə təqdim olunub və 1919-cu il iyulun 27-də bu barədə qanun qəbul edilib.
12) Azərbaycan penitensiar sistemində əsaslı islahatlar da məhz A.Səfikürdskinin zamanına təsadüf edir. Həbsxanalardakı acınacaqlı şəraitin, məhbuslarla pis rəftarın qarşısını almaq üçün Ədliyyə Nazirliyi parlamentə xüsusi qanun layihəsi, hökumətə isə Tədbirlər Planı hazırlayıb təqdim edib. Parlamentdə həmin təkliflər bəyənilir və həbsxana müfəttişliyi haqqında qanun qəbul olunur.
13) Azərbaycan tarixində ilk dəfə həbsxanalar Daxili İşlər Nazirliyindən alınıb Ədliyyə Nazirliyinə verilir, yeni struktur qurumlar formalaşdırılır, həbsxana müfəttişliyi, baş həbsxana həkimi və onun müavini vəzifələri təsis edilir.
14) Məhkəmə qərarlarının icrası işləri Quberniya idarələrindən alınaraq Ədliyyə Nazirliyinin həbsxana şöbəsinə həvalə edilir. Quberniya idarələri isə yalnız həbsxanaların tikintisi və təmiri işləri ilə məşğul olur.
Baba ALLAHNƏZƏROV,
tədqiqatçı