Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

https://tezadlar.az/firidun-susinskini-niye-hebs-etdirmek-isteyirdiler/
…F.Şuşinski “Müəllifdən” başlıqlı yazısında əsərin yazılma səbəblərini belə izah edir: “Oxuculara təqdim olunan bu kitabda son 25-30 ildə qəzet və jurnal səhifələrində çap olunmuş yazılarım və respublika televiziyası və radiosu ilə apardığım verilişlərdəki çıxışlarım toplanmışdır. Kitab bir musiqi tədqiqatçısı kimi mənim musiqi mədəniyyəti tariximizin yazılmamış səhifələri haqqında düşüncələrimi, əsasən, müasir ifaçılıq sənətinin hamını narahat edən ciddi qüsurları haqqında tənqidi mülahizələrimi əhatə edir. Mənə elə gəlir ki, milli musiqimizin müqəddəratı haqqında düşünən hər bir musiqişünasın ən ümdə vəzifəsi təkcə musiqi mədəniyyətimizin tarixini araşdırmaqla bitmir. O, eyni zamanda bir musiqi tənqidçisi kimi musiqi “cəbhə”sində baş verən və xoşagəlməyən hadisələrə öz münasibətini bildirməyə də borcludur. Buna görə də oxuculara təqdim etdiyim bu kitabda əsas yer tənqidi düşüncə və qeydlərə verilmişdir… Son illər milli musiqimizdə, ələlxüsus muğam və mahnı ifaçılığı sənətimizdə Azərbaycan musiqisinin ruhuna və köklərinə tamamilə yad olan elementlərin günbəgün artması təbii ki, bizi narahat etməyə bilməz. Televiziya və radioda, konsert salonlarında, toy məclislərində və restoranlarda səslənən qondarma mahnılara, təsniflərə, təhrif olunmuş muğamlara, oxunan şit və bayağı sözlərə qulaq asdıqca bir daha əmin olursan ki, musiqimiz müəyyən mənada öz kökündən ayrılmaq təhlükəsi qarşısındadır. Buna görə də bir tədqiqatçı-tənqidçi, daha doğrusu, bir vətəndaş kimi öz qayğı və dərdlərimi hörmətli oxucularımla bölüşmək niyyətindəyəm”.
Maraqlıdır ki, “Musiqişünasın düşüncələri” kitabının nəşri bitmədiyi, satışa çıxarılmadığı, tənqidçilər tərəfindən qiymətini almadığı bir halda, məhkəmə tərəfindən müəllifə qarşı iddia qaldırılır, kitabla bağlı məhkəmə qurulur. 995-ci ildə F.Şuşinskinin “Musiqişünasın düşüncələri” adlı kitabı 16500 tirajla nəşr olunur. Bu kitab F.Şuşinskinin ölümünə bais olur. Əsər mətbəədə çap olunan ərəfədə bir çox tanınmış xalq artistləri Nizami muzeyində olan otağa toplanır. Kitabın siqnal nüsxəsinin birini də tapıb gətirirlər. Bu ifaçıların Nizami muzeyindəki otağa toplaşmaqda məqsədi nə idi? Keçmişə boylananda məlum olur ki, F.Şuşinski 1983-cü ildə dərc etdirdiyi “Hazır kökə “xəstəsi” məqaləsində R.Hüseynov uzun-uzadı tənqid edilib.
Akademikin diktəsi ilə hər bir şikayətçi Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət edir. Məhkəmə sənədlərilə tanış olanda aydın olur ki, müraciət edənlərin ifadələri nəinki eynilik təşkil edir, hətta bir xətlə yazılmışdır. Xalq artistlərinin iddia ərizəsində göstərilir ki, F.Şuşinski kitabda onların şərəf və ləyaqətinə toxunan sözlər işlətmisdir. İddiaçılar bəzən məqsəddən kənara çıxıb 40 il Azərbaycan musiqi sənətinin əvəzsiz tədqiqatçısı olan F.Şuşinskini “ictimai-faydalı əməklə məşğul olmayan, öz-özünə musiqişünas, musiqi tədqiqatçısı adını verən ideoloji təxribatçı, mənəvi terrorçu” kimi təqdim edirlər. 200 illik bir dövrü əhatə edən Azərbaycan musiqisi və onun görkəmli nümayəndələri haqqında yazmış olduğu “Azərbaycan xalq musiqiçiləri”, Sovet dövründə uzun müddət təqiblərə məruz qalmış “Şuşa”, xalqımızın tariximizin nadir incilərindən olan “Cabbar Qaryağdıoğlu”, “Seyid Şuşinski”, “Xan Şuşinski”, “Sadıqcan” və neçə-neçə kitabların, 100-ə yaxın sənətkarları tanıtdıran, radio və televiziyada aparıcısı və verilişlərin müəllifinə bu cür haqsız damğa vurmaq nə qədər insafdandır?
Qeyd edək ki, ona Azərbaycan CM-nin o vaxtkı 121-ci maddəsinin 2-ci hissəsi və 122-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülür. Qisasçılar və məhkəmə 72 yaşlı qocaman musiqişünasın ağır xəstə olmasını nəzərə almadan prokurorun iddiasına əsasən, F.Şuşinskinin iştirakı olmadan işə baxılır. Maraqlıdır ki, ittiham olunanın hüquqlarını müdafiə edən vəkil belə bu haqsızlığa etiraz etmək əvəzinə, onların təklifi ilə razılaşır. Lakin hakimin çıxartdığı qərar heç də şikayətçilərin ürəyincə olmur. Çünki Firidun Şuşinskinin onilliklər boyunca qələmə aldığı əsərlə bağlı verilən qərarda deyilir: “Satışda olan nüsxələrin köçürülməsini onun və həmin variantda gələcəkdə nəşrinin qadağan olunmasını qərara almışdır. Cavabla razı olmadığınız təqdirdə həmin cavabı əlavə etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edə bilərsiniz. Sədr müavini: A.İ.Kabılenkova».
Göründüyü kimi şikayətçilərin düşündükləri kimi əsəri tamamilə məhv etmək yox, yalnız qərarda göstərildiyi kimi, “Musiqişünasın düşüncələri”nin müəyyən düzəlişlə nəşri barədə hökm çıxarılır. Bir də maraqlıdır ki, məhkəmə sədri nə səbəbdənsə “dəstədən” vaxtilə haqlarında yazılan tənqidi məqalələrə vaxtında niyə etiraz etmədiklərini soruş-mur. Bizə elə gəlir ki, professor Kamil Vəli Nərimanoğlunun həmin suala cavabı kifayət edir: “Rəsmi dairələrdə kifayət qədər incidilən bu bəy məğrur adam idi və onunla kəllə-kəlləyə gəlmək hər kişinin işi deyildi.”.
Lakin məhkəmənin sədri və bu “oyun”u quranlar bilmirlər ki, həmin kitabların bir hissəsinin məhv edilməsinin qarşısı alınmışdır. Həm də hal-hazırda respub-likanın ən böyük Milli Kitabxanasında “Musiqişünasın düşüncələri” kitabı qiy-mətli əsər kimi qorunmaqla yanaşı, həm də oxucuların istifadəsindədir.
***
Böyük tədqiqatçı-alim Firidun Məhəmməd oğlu Şuşinskinin ürəyi bu cür haqsızlıqlara dözə bilmədi. O, 1997-ci ildə həyatla əbədi vidalaşmalı oldu….
Aslan Kənan,
tədqiqatçı
(Xüsusi olaraq “Təzadlar” üçün)