-Tanınmış az tanınmışlar…-
(Firidun Şuşinski-100)
(2-ci yazı)
(Əvvəli bu linkdə: https://tezadlar.az/firidun-susinski-mir-cefer-bagirova-neriman-nerimanov-haqqinda-hansi-xahisi-etmisdir/
…Deyirlər, quşun hünəri uçuşda, atın hünəri qaçışda, alimin hünəri isə xalqın mənəvi dünyasını üzə çıxartdığı sərvətlərdə bilinər. F.Şuşinskinin də bir alim-tədqiqatçı kimi hünəri ondan ibarət idi ki, alim tarix elminin nəzəri problemlərini dərindən mənimsəməklə xalqın mənəvi dünyasına müdaxilə etmiş, çıxardığı sərvət isə musiqi tariximizin öyrənilməsi olmuşdur.
Firidun bəy köhnəlmiş yollarla addımlamağı sevməyən tədqiqatçılardan idi. Ona yaxşı məlum idi ki, musiqi tariximiz geniş şəkildə tədqiq edilməmişdir və bu sahədə bir boşluq var. Gənc tədqiqatçı bu ağır yükü çiyninə götürəndə özündə təpər tapdı, qələmini həmin səmtə yönəltdi. Çox çəkmədi ki, respublika qəzetlərində ayrı-ayrı xanəndələr, musiqiçilər haqqında məqalələr dərc edilməyə başladı. O, həmçinin radio və televiziyada xalq sənətkarları haqqında şirin, duzlu söhbətləri ilə tez bir zamanda ətrafına geniş tamaşaçı kütləsi topladı. Bununla da, F.Şuşinski musiqimizin tədqiqatçısına çevrildi. O, nəinki Azərbaycanın, hətta SSRİ-nin bir çox şəhərlərində tədqiqat işi aparmaqla musiqi tariximizin açılmamış səhifələrini vərəqləməyə başladı. O, tədqiqatla yanaşı, həmin dövrdə Azərbaycanın qəhrəman oğulları, mədəni abidələrimizin qorunub-saxlanması haqqında da mətbuatda vaxtaşırı yazılarla çıxış edirdi. Bu məqalələr “F.Məhəmmədoğlu”, “F.Hə-sənov”, “Firidun Həsənov”, “Firidun Şuşinski”, “F.Şuşinski”, “Firidun Şuşalı” “Firidun bəy Şuşalı” imzaları ilə dərc olunurdu. O, mətbuat aləmində “Şuşinski” kimi tanınsa da, ömrünün sonlarında məqalələri “Şuşalı” imzası ilə dərc edilirdi.
F.Şuşinskinin ilk kitabı 1962-ci ildə nəşr etdirdiyi “Şuşa” əsəridir. 1962-ci il Azərbaycan ədəbiyyatında mühüm bir hadisəyə çevrilən “Şuşa” kitabı çapdan çıxmışdı. Bundan sonra F.Şuşinskinin musiqi tariximiz haqqında ilk əsəri 1964-cü ildə nəşr etdirdiyi “Şərq musiqisinin peyğəmbəri” (S.Yesenin) haqqında qələmə aldığı “Cabbar Qaryağdıoğlu”dur. Əsər Azərbaycan vokal sənətinin əvəzolunmaz sənətkarı C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuşdur. Qeyd edək ki, əsər bir neçə dəfə müəllif tərəfindən çap olunmuşdur. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, bu sətirlərin müəllifi də F.Şuşinskinin C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuş kitabına müəllifin sonralar yazdığı fəsli əlavə edərək ona ön söz yazmış və “Şərq musiqisinin peyğəmbəri” adı altında nəşr etdirmişdir.
C.Qaryağdıoğlunun həyat və yaradıcılığı haqqında geniş monoqrafiya yazmasına baxmayaraq kitabın işıq üzü görməsindən 5-6 ay sonra Z.Səfərova imzalı bir akademik böyük sənətkar haqqında həmən adda kitab nəşr etdirir. Maraqlıdır Z.Səfərova bu kitabında F.Şuşinskidən əlavə yeni nə deyə bilər. Yalnız desə də F.Şuşinskinin fikirlərini başqa bir şəkildə yaza bilərdi. Bu əsərdən sonra bir-birinin ardınca o, “Seyid Şuşinski”, “Xan Şuşinski” monoqrafiyalarını nəşr etdirir. Nəhayət, uzunmüddətli ciddi axtarışlardan sonra Azərbaycan musiqi aləmini təhlil-tədqiq edən, az qala unudulmaqda olanları üzə çıxaran, nəinki SSRİ-də(MDB ölkələri), hətta xaricdə böyük əks-sədaya səbəb olan “Azərbaycan xalq musiqiçiləri” adlı kitabı nəşr edilir. Bu kitab barədə xalq şairi Xəlil Rza Ulutürk “F.Şuşinski bütöv bir elmi kollektivin görməli olduğu işi, çətin və şərəfli vəzifəni təkbaşına görən”, Azərbaycanın qəhrəman oğlu, akademik Ziya Bünyadov isə əsəri “böyük bir akademiyanın tədqiqat işi” adlandırmışdı.
Qeyd edək ki, Azərbaycanda muğam tariximizin ilk və son tədqiqatı Firidun müəllimin adı ilə bağlıdır. Respublikamızda elə bir musiqi tədqiqatçısı yoxdur ki, Firidun müəllim kimi sırf musiqi tədqiqatı ilə məşğul olsun. Az-çox varsa da, həmin şəxslər heç kimdən maddi kömək görməyən arxivlərdə, muzeylərdə aylarla, illərlə işləyən Firidun müəllimin yazdığı əsərlərdən bəhrələnmişlər. Həmin “tədqiqatçılar” ruhu xoş olsun deyə, Firidun müəllimin əsərlərinə istinad etdiklərini bəzi hallarda qeyd edirlər. Bu “xətir-xoşluğun” nəticəsidir ki, həmin şəxslər indiyə qədər böyük tədqiqatçının əsərlərini latın qrafikasında nəşr etdirməkdən ötrü əlaqədar təşkilatların qarşısında məsələ qaldırmamışlar.
Həmin şəxslər öz güzəranlarını xoş keçirtmək üçün min-bir yolla yüksək adlar, təqaüdlər almağa can atmışlar.
XVIII əsrdə yaşamış məşhur Fransa yazıçısı, maarifçisi, filosovu və ensiklopedist olan Deni Didro yazırdı: “Sənətkar pul haqqında düşündüyü andan gözəllik hissini itirməyə başlayır”.
Lakin Firidun müəllim yuxarıda qeyd etdiyimiz “sənətkarlardan” çox-çox uzaq idi. Müəllif təmənnasız olaraq, hökumətdən heç bir maddi yardım almadan müxtəlif şəhərlərin arxivlərində axtarışlar apararaq, əldə etdiyi nadir şəkillərlə, müdrik kəlamlarla, şeir inciləri ilə, rəvayət və əhvalatlarla kitabını zənginləşdirmişdir. O, ömrüboyu öz hesabına respublikanın rayonlarında, SSRİ-nin (MDB) müxtəlif yerlərində olmuş və oradan xalğımıza aid olan qiymətli sənədləri alıb vətənimizə gətirməklə böyük işlər görmüşdü.
F.Şuşinskinin yaradıcılığına, onun tənqidi çıxışlarına qarşı çıxanlar yeni bir üsula əl atmalı olurdular. Onu əsərlərində erməniləri “təbliğ” etdiyinə görə tənqid edirlər. Bu sənətkarlar haqqında mənimlə söhbət edən həmin şəxslər öz hislərini gizlətmirdilər. Mən özüm də arxiv sənədləri ilə tanış olanda onun fondunda kifayət qədər erməni “sənətkarları”n şəkilləri olduğunun şahidi oldum. Etiraf etməliyik ki, acı da olsa, bu, belədir.
Mən dəfələrlə yazılarımda Firidun bəyin ermənilərə qarşı olan nifrətini sübutlarla göstərmişəm. Firidun bəyi bu barədə suçlayanlara bir daha xatırlamağı özümə borc bilirəm: Ermənilər əsrlər boyu xoşumuza gəlmək üçün qapımızda nökər olar, hər bir hərəkətimizə göz qoyar, öz “sadiqliklər”ini göstərmək üçün dəridən-qabığdan çıxardılar. Aydındır ki, erməni kimi yaltaq, simasız, namussuz, qeyrətsiz ikinci millət tapmaq qeyri-mümkündür. Bunu dünyanın bir çox ölkələrin tanınmış nümayəndələri etiraf etsələr də, onlar erməniləri bir alət kimi indi də əllərində saxlayırlar. Mənafeləri naminə məqamı gəldikdə onlar ustalıqla bu simasızlardan istifadə etmişlər və hazırda da etməkdədirlər. Bu baxımdan XIX əsrin əvvəllərindən həmin simasızlar “Əli rəhmi” olan Azərbaycan xalqının qəlbinə yol tapa bildilər. Onlar nəinki mədəniyyətimizin, incəsənətimizin bütün sahələrinə, hətta adət-ənənəmizə də hakim kəsildilər. Həmin illərdə Azərbaycanda bir-iki nəfər tarzənimizdən, kamança çalanımızdan başqa kim var idi? Bu xainlər nəinki XIX əsrin əvvəllərində, hətta keçən əsrin sonlarına qədər toylarımızı, şənliklərimizi musiqiçilərimizlə birgə aparar və bu yolla da pul qazanardılar. Onlar nəinki toylarımızda, hətta televiziya ekranlarında, dövlət tədbirlərində də xalqın sevimli sənətkarları ilə birgə “tüğyan” edərdilər. Onlar şəkillərini bizim sənətkarlarla çəkdirməkdən xüsusi həzz alardılar. Ermənilərə yaxşı məlum idi ki, bu çəkilən şəkillər, kinolentlərdə olan görüntülər tarixdir. Onlar gələcəkdə həmin görüntülərdən ustalıqla istifadə edəcəklərinə əmin idilər. Necə ki, etdilər.
Firidun bəyə ermənipərəst deyənlərin nəzərinə çatdırıram ki, mətbuatın, televiziyanın və yaxud respublikanın arxivlərində saxlanılan keçən əsrə aid şəkillərə baxsalar, mütləq ermənilərin yaltaq sifətləri ilə rastlaşacaqlar. Həmin şəxslər unutmasınlar ki, televiziya ekranlarında hər hansı bir sənətkardan söz açılırsa, onun ifası verilirsə, orda kamança, balaban çalan, ya da dəf vuran erməni olacaq. Məgər buna da F.Şuşinski günahkardır?
***
70-ci illərdə “armyanskie muqamı” ifadəsi mətbuatda özünə yer tapmışdı. Etinasızlıq gör nə yerə çatmışdı ki, həmin ifadəni bəzi üzdəniraq “musiqişünaslar”ımız da işlədirdilər. Firidun müəllim bu ifadə ilə qəti razılaşmırdı. O qətiyyətlə həmin ifadənin əleyhinə çıxaraq yazılarında göstərirdi ki, sənətkar milliyyətcə erməni olsa belə, o, Azərbaycan musiqisini ifa edir.
1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumundan Tahirə Kərimova kimi ermənipərəst “musiqişünasın”, Ramiz Zöhrabov kimi “alimlər”in yazılarına sərt cavabı yalnız F.Şuşinski vermişdir. Lakin ona “ermənipərəst” yarlığı yapışdırmaq istəyənlər bu məqamda ağızlarına su alıb dururdular. T.Kərimova yazırdı: “Simpoziumda Özbəkistanda təqribən iyirmi məruzə dinlənilir. Erməni musiqişünasları erməni muğamını (?!) həm nəzəri, həm də əməli surətdə nümayiş hüququna nail olurlar”.
Buna cavab olaraq F.Şuşinski yazırdı: “Burda müəllifin (T.Kərimova ––A.K.) “erməni muğamı” məfhumu çox gülüncdür. Görəsən, müəllif “erməni muğamı” sözünə harda rast gəlib?! Bu, sadəcə müəllifin “Don-Kixot” gopçuluğu və yaxud dərviş bayatılarıdır.
Hələ keçən əsrin axırlarında heç kimə gizli deyil ki, qədim musiqi alətlərinə, muğamlarımıza qarşı düşünülmüş şəkildə ögey münasibət yaranmışdı. O zaman nə tanınmış muğam ifaçıları, nə muğamsevərlər, nə də ümumilikdə xalq bu özbaşınalığa bir reaksiya vermirdilər. Son anda bu qədim muğamlarımızın qorunmasına dayaq duran tapıldı. Bununla da xalq öz qədim mirasına sahib durdu. Bu qədim xəzinənin yaşamasında nəinki muğam ustaları, bütün xalqımız Mehriban xanım Əliyevaya minnətdar olmalıdır.
Maraqlıdır ki, bu təşəbbüsdən sonra “xalq artisti” adını daşıyan muğam ifaçıları “fəallaşmağa” başladılar. Müxtəlif hökumət mükafatlarına sahib oldular. Onlar hər bir muğam yarışlarının münsiflər heyətində, dövlət yığıncaqlarında iştirak etmək üçün bir-birləri ilə yarışa girdilər. Bununla da onlar muğamın təəssübkeşləri olduqlarını sübut etməyə çalışırdılar. Lakin xalqın gözü tərəzidir.
Nə yaxşı ki, muğamlarımız son günlərini “yaşayan” ərəfədə Azərbaycan Respublikasının vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva şəxsi təşəbbüs göstərərək unudulmaqda olan bu qiymətli xəzinəmizi yenidən xalqımıza qaytarmağa müvəffəq oldu. Bu təşəbbüsdən sonra həmin şəxslər indi özlərini muğamlarımızın təəssübkeşi kimi qələmə verməyə çalışırlar. Belələri muğamlarımızın təəssübkeşi yox, öz mənafelərinin təəssübkeşidirlər.
***
F.Şuşinski arxivlərdə günlərlə, həftələrlə, aylarla bəzən illərlə işləməsinə baxmayaraq, Azərbaycan televiziyasında hamının səbirsizliklə gözlədiyi “İfaçılıq sənəti” adlı verilişin aparıcısı və müəllifi kimi də dinləyicilərin qarşısına çıxmağa vaxt tapırdı. Musiqi tariximizin yorulmaz tədqiqatçısı, muğam fəlsəfəsinin yaradıcılarını xalqa çatdırılmasında əvəzsiz xidmətləri olan bir insana ögey münasibət nədən irəli gəlirdi? Nə səbəbdən keçən əsrin ortalarına qədər muğam ifaçıları və onları müşayiət edənlər haqqında məlumatımız olmadığı bir zamanda, bu boşluğu doldurmaq missiyasını üzərinə götürən və onu ləyaqətlə yerinə yetirən F.Şuşinskini yaddan çıxartdıq?!
Muğam və onun ifaçıları haqqında söhbət açılanda, böyük tədbirlər təşkil olunanda Firidun bəyi hansı səbəbdənsə tez unuduruq. Yaddan çıxartmaq istəyənlər muğamdan və onun yaradıcılarından danışanda və yaxud musiqi haqqında hər hansı bir məqalə hazırlayanda məhz F.Şuşinskiyə müraciət etmək məcburiyyətində qalırlar. Təəssüflə qeyd edək ki, həmin fikirləri, cümlələri, böyük abzasları F.Şuşinskinin yazılarından köçürsələr də, həmin yazıda öz adlarını göstərməkdən həya etmirlər.
F.Şuşinski çəkinmədən sözü üzə deməklə yaltaqlara, musiqimizə xor baxanlara, heç bir səsə malik olmayanlara, muğamın guşələrini bilməyib, özünü muğam ustadı sayanlara qənim kəsilir, onları bu ağır, şərəfli yoldan uzaqlaşdırmağa çalışırdı. O, belə “xanəndələr”ə “muğama dürtülənlər” deyirdi. Azərbaycanın qüdrətli bəstəkarı Fikrət Əmirov yazırdı: “Mən iki Firidun tanıyıram. Birinci ziyalıların 95 faizini lağa qoyan, satira qırmancına dolayan Firidunmuzdur. İkinci Firidun alim, vətəndaş, böyük əməlpərvər musiqişünas və jurnalist qardaşımızdır. Əslində, bi iki, Firidunu bir-birindən ayırmaq olmaz”.
F.Şuşinski daim arayıb-axtaran, çətinlikdən qorxmayan, maraqlı hadisələrin mənbələrinə qədər gedib çıxan tədqiqatçı idi. Yüksək peşəkar zövqə malik olan F.Şuşinski musiqidən, xanəndədən söhbət açanda o dövrün ovqatını, koloritini yaratmaq üçün şairlərdən, tarixçilərdən, yazıçılardan tutarlı sübutlar gətirir, oxucunun xəyalında tamam başqa bir aləm canlandırmağa nail olurdu. Materialı dərindən bildiyindən o, hər hansı sənətkar haqqında ürəklə və məhəbbətlə, inamla və ilhamla danışırdı.
F.Şuşinski klassik muğam ifaçılarının izinə düşməklə bərabər, istedadlı gənclər haqqında da mətbuat səhifələrində vaxtaşırı məqalələr dərc etdirir, onları televiziyada və radioda aparıcısı olduğu verilişlərə dəvət edirdi. O,1964-cü il fevralın 27-də Habil Əliyevi müəllifi və aparıcısı olduğu “Gözəl çalğıçı” konsert-oçerkə dəvət etmiş, 1964-cü il aprel ayının 17-də isə ona həsr etdiyi “Habil segahı” məqaləsini “Azərbaycan gəncləri” qəzetində dərc etdirmişdir. Məqalə tanınmış musiqişünasın qələminin məhsulu olduğundan H.Əliyev tez bir zamanda şöhrət tapır. Həmin ilin iyun ayında H.Əliyevə “Əməkdar artist” fəxri adı verilir. Onu tez-tez xarici səfərlərə dəvət edirlər. Dövlət tədbirlərində iştirakı üçün şərait yaradılır. Bir sözlə, Habil Əliyev üçün hər yerdə “yaşıl işıq” bərq vururdu.
Heç kimə gizli deyil ki, Azərbaycanda kamança çalanların əksəriyyəti ermənilər olub. Buna görə də F.Şuşinskinin respublikamızın rayonlarından birindən yenicə gəlmiş, musiqi sahəsində hələ tanınmamış Habil Əliyevi təbliğ etməkdə məqsədi həm gənc ifaçını respublikada tanıtmaq, həm də xalqımıza məxsus olan kamanı ermənilərin əlindən almaq idi.
F.Şuşinski kamançaçalan Habil Əliyevin yaradıcılığına yüksək qiymət verəndən sonra 1979-cu ildə “Çalğı musiqimiz” adlı məqalə dərc etdirir. Məqalə müəllifi Habil Əliyevin son vaxtlar üzərində işləmədiyini qeyd edərək yazır: “…Öz şirin və yaradıcılıq fantaziyası ilə xüsusi bir məharətlə çaldığı “Segah”ı (“Habil Segahı”nı) belə, yadırğamışdır. Artıq Habilin çaldığı “Segah” 5-10 il bundan əvvəl çaldığı “Segah”a bənzəmir. Bunu yəqin Habil özü hiss edir. Habil geniş diapozonlu sənətkardır. O bütün muğamları sərbəst və asanlıqla çala bilir. Ondan yeni-yeni sənət nümunələri tələb etməyə haqqımız var. Qüdrətli sənətkarın öz məktəbi olmalıdır”.
Musiqişünasın Xalq artisti, tarzən Ramiz Quliyev haqqında vaxtilə söylədiyi fikirlərə də nəzər yetirək. “Ramizdə son dərəcə iti barmaqlar var. Şübhəsiz, tar çalanda iti barmaqların olması ümdə şərtdir. Lakin iti barmaqlarla yanaşı, tarzəndə sanballı bilək də olmalıdır.Lakin Ramizin biləyi bir qədər zəifdir”.
F.Şuşinskinin 1984-cü ildə qələmə aldığı “Segah dəsgahı” məqaləsində Arif Babayev haqqında yazdığı sətirlərdən: “Arif Babayevin səsi olduqca zil, həm də məlahətlidir. O, gözəl “Segah” ifaçısıdır. Lakin Arifin səsinə “Çahargah”, “Hey-ratı”, “Mahur” muğamları uyuşmur. Çünki onun səsində əzəmət və mübariz ruh zəifdir. Belə bir səslə yalnız “Segah”, “Şur”, “Bayatı- Şiraz”, “Şüştər” kimi mu-ğamları oxumaq daha məqsədəuyğundur.”
Bu xeyirxahlıq qarşısında Firidun bəyə məlum deyildi ki, o, gələcəkdə hansı gözlənilməz hadisələrlə üzləşəcək. Sonralar məlum olacaq ki, bu gözlənilməz hadisə musiqişünasın qələminin iti olduğu zamanda deyil, yalnız ömrünün qürub çağında akademik Rafael Hüseynovun başçılığı ilə Firidun bəyə qarşı bir çox sənətkarlar tərəfindən haqsızlıq olacaq. Halbuki R.Hüseynovun başına toplaşmış sənətkarlar düşünməli idilər ki, nə vaxtsa F.Şuşinskinin onların inkişafında və şöhrətlənməsində kifayət qədər rolu olmuşdur.
Bu sətirləri yazanda şair-publisist Nizami Süleymanoğlunun bir ifadəsini xatırlamaq istərdim. “Əgər “Üzeyir bəy Qafqaz musiqisinin atası, Şərq musiqisinin peyğəmbəri, dünya musiqisinin şöhrətidirsə, Firidun bəy onun ən güclü davamçılarından olmaqla, Azərbaycan musiqisinin yenilməz tənqidçisi, tədqiqatçısı, tarixçisi və sözün əzəmətli mənasında dəli-divanəsiydir”.
1995-ci ildə sağlığında nəşr etdirdiyi “Musiqişünasın düşüncələri” kitabı “Şuşa” əsərindən də artıq dərəcədə F.Şuşinskini haqsız ittihamlara məruz qoymuş, hətta onu həbs olunmaq həddinə çatdırmışdı. (Bu ayrıca bir mövzudur). Qeyd edək ki, ayrı-ayrı oçerk və məqalələrdən ibarət olan bu kitabın yazılmasına o, ömrünün çoxunu sərf etmişdi. Bu yazıları tədqiqatçı ömrünün müxtəlif illərində qələmə almış və respublikanın ayrı-ayrı mətbu orqanlarında dərc etdirmişdi. O, həmçinin uzun müddət radio və televiziyada müəllifi və aparıcısı olduğu verilişlərdə kitabda gedən fikirlərini dinləyicilərlə bölüşmüşdü. Bu illər ərzində xalqımızın müxtəlif təbəqələrinin nümayəndələri tədqiqatçının oxunaqlı yazılarına və cürətli, inamlı çıxışlarına görə minnətdarlıqlarını bildirirdilər. Əgər “Şuşa”nın əleyhinə gedən yalnız ermənilər və erməni düşüncəli azərbaycanlılar idisə, “Musiqişünasın düşüncələri”nin əleyhinə gedənlər isə adını sənətkar qoyan və kitabın məhv edilməsi, müəllifini isə ağır cəzalandırması üçün dəridən-qabıqdan çıxan musiqiçilərimiz idi. Həmin şəxslər 1968-1970-ci illərdə F.Şuşinskiyə qarşı olan ermənilərdən daha sərt mövqedə durmuşdular…
(Davamı var)
Aslan KƏNAN,
Tədqiqatçı
(Xüsusi olaraq «Təzadlar» üçün)

