“Atam deyirdi: nə qədər ki, Heydər Əliyev var, Azərbaycanın da prezidenti o olmalıdır…”- JALƏ CAVADOVA

Oxunma sayı: 4637

(Əvvəli müsahibənin bu linkində: https://tezadlar.az/ilham-eliyev-ata-yurdumu-isgaldan-azad-etmis-prezidentdir-ve-jale-cavadova/)

-Hətta kim inanardı ki, biz ermənisiz Qarabağda yaşaya bilərik? Yaxud, o separatçıların hamısı indi məhkəmə qarşısında büzüşüb dayanacaq…

-Bəli, bunlar tarixdir, özü də şərəfli tarixdir ki, Prezident İlham Əliyev bunu Azərbaycana yaşatdı.

-Jalə xanım, bu müsahibəni oxuyanlar məni qınayar, əgər sizə indi verəcəyim sualı və ona sizin cavabınızı görməsələr: bu da bir tarixi təsadüfdür ki, müsahibəmiz 13-17 mart 1995-ci il hadisələrinin 30 illiyi günlərinə düşüb. “OMON”çular Qarabağ müharibəsindən keçib gəlmiş döyüşçülər idi. İndi onların adları və dünyasını dəyişənlərin ruhları Qarabağdan keçir. Atanız Rövşən Cavadovun Qarabağ düşüncələrini necə xatırlayırsınız?

-Atamla bu məzmunlu söhbətimiz çox az olardı, çünki Ermənistanın işğalçılığından sonra ölkə rəhbərliyi səviyyəsində bütün diqqət cəbhəyə yönəlmişdi. Baş qaşımağa belə vaxtı olmurdu, daim cəbhədəki vəziyyətlə bağlı orda-burda olardı. Bilirsiz ki, o vaxt cənab prezident Heydər Əliyevin xarici siyasətinin mahiyyətini də torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurduna qaytarılması təşkil edirdi. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın və Qarabağdan çıxarılmış köçkün insanların sayı bir milyona dirənmişdi. Onların yerləşdirilməsi, sosial-məişət problemlərinin həlli bir nömrəli vəzifə idi. Prezidentin daxili siyasəti də buna köklənmişdi. Atam da, yadınızdadırsa, daxili işlər nazirinin müavini idi, həmçinin “OMON”un rəhbəri idi, sonra nazir vəzifəsini icra etdi. Yəni, vaxtı çox az olurdu, evə gələndə isə ilk növbədə cəbhədəki vəziyyəti soruşardıq. 1994-cü ilin Horadiz əməliyyatında da atam birbaşa iştirak etmişdi. Ondan əvvəl isə, videokadrlar var, Ağdərənin düşməndən azad olunması əməliyyatına birbaşa rəhbərlik edərək, hətta şəhərin giriş “Açar”ını döyüşçülərə təqdim etmişdi. O həmişə deyirdi ki, kaş bu işğala son qoyula, hamı qayıda öz yurduna, çıxıb gedib oturacam Laçında, fermer təsərrüfatı yaradıb orda yaşayacağam. Amma ermənilərin daim yeni əraziləri işğal etmə cəhdləri bu arzunu heçə endirirdi.

-Elə məsələlər var ki, zahirən görünüb hiss olunmur, amma ailədə hər bir problem müzakirə edilə bilir. Atanızın hakimiyyətlə münasibəti necə idi, nələri hiss edirdiniz?

-Mən sizə bir faktı xatırladım: Rəhmətlik Heydər Əliyev Naxçıvandan Bakıya gələndə, bilirsiz ki, mühafizəsini atama etibar etmişdi. Babam da danışırdı ki, ən yüksək səviyyədə ona da deyilmişdi, danışıqlar olmuşdu, Heydər Əliyevə qarşı Bakıda təxribatlar olacağı barədə söhbətlər eşidilirdi, amma belə bir vaxtda babam Bəxtiyar Cavadov atamla danışdı, bildirdi ki, cənab Heydər Əliyev mühafizəsini yalnız ona etibar edir. O dövrün videokadrlarında da var, cənab Heydər Əliyev aeroportda qarşılanır, atamın rəhbərlik etdiyi “OMON”çu mühafizəçilərin əhatəsində Bakıya gəlir. Yadımdadır ki, o dövrün siyasiləri buna görə atama qarşı soyuq münasibət bəsləyirdilər. Amma atam hər yerdə də deyirdi ki, Azərbaycanı düşmüş olduğu bu vəziyyətdən yalnız Heydər Əliyev kimi təcrübəli siyasi lider xilas edə bilər. Səhv etmirəmsə, elə sizin “Təzadlar” qəzetinə müsahibəsində də belə demişdi: “…Nə qədər ki, Heydər Əliyev var, Azərbaycanın da prezidenti o olmalıdır…”.

-Bəli, həmin müsahibənin audioyazısı qəzetin arxivində durur… Jalə xanım, qayıdaq bu günümüzə: təbii ki, cəmiyyətdə hələ də belə bir fikir hakimdir ki, ola bilsin 13-17 mart hadisələrinə görə hakimiyyətin ailənizə qarşı münasibəti arzulanan formada deyil…

-Başa düşdüm. Bir məsələni qeyd edim: atamın o vaxtlar Prezident Heydər Əliyevə qarşı münasibətini yuxarıda dedim… Mən 1990-95-ci illərdə atamla bağlı baş vermiş hadisələrin daha yaxından izləyicisi olmasam da, amma anamın söylədikləri və mətbuatdan oxuduqlarıma istinadla deyə bilərəm ki, atam canı-qanı ilə Azərbaycan dövlətçiliyinə bağlı idi, siyasətdən tamamilə uzaq dururdu. Atam müharibədən keçmişdi, döyüşmüşdü. Onun Ağdərə, Horadiz, Laçın və digər döyüş bölgələrindəki əməliyyatlarda iştirakını hamı bilir, videokadrlar da yetərincə arxivlərdə var. Atamın idmana da böyük marağı var idi. Özü 10-cu Dan Qara Kəmər ustası idi. Sovet dövründə qadağan olunmasına baxmayaraq, atam 90-cı illərdə Azərbaycanda ilk dəfə karate məktəbini yaratmışdı. Həmin məktəbin yetirmələri indi də var və hamı onları tanıyır, hər biri dövlətçiliyə bağlı insanlardır.

Hətta xatırlayıram ki, o vaxtı Laçından, sonra isə Sumqayıtdan atamın deputatlığa namizədliyi verilmişdi. Atam həm də “Xudu Məmmədov” Xeyriyyə Cəmiyyəti təsis etmişdi. Məsələn, Çikaqoda simfonik orkestrimizin konserti olmuşdu, atam həmin qrupun maliyyəsini cəmiyyətin hesabına etmişdi. Eləcə də muğam ifaçılarının xarici ölkələrə səfərlərinə dəstək verirdi. Atam gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə də diqqət ayırırdı. Məsələn, o vaxt Demokratik Gənclər Birliyi adlı cəmiyyət yaradılmışdı, qurultayı da olmuşdu. İstedadlı gənclər həmişə diqqətdə olurdular.

Cəmiyyət əsasən də hərbi sursatların ruslardan alınmasında iştirak edirdi, eləcə də əsir və girovluqda olanların azad edilməsi, əsirlikdən gələnlərin müalicəsi və s. işlərə də dəstək verirdi. Məsələn, dəqiq xatırlayıram, o, Xocalıda girov düşmüş qadınların azad edilməsini təşkil etmişdi. Xocalıdan olan bir qadının bu barədə müsahibəsinə də baxmışam. Artıq indi danışmaq olar, atam dövlət səviyyəsində Əfqanıstana göndərilmişdi, ordan təcrübəli döyüşçüləri gətirmişdi Azərbaycana. Sizin “Təzadlar” qəzetində oxumuşam, o vaxt ermənilər əl-ayağa düşərək bu barədə “Vaşinqton Post” qəzetində məqalə də dərc edilmişdi. Amma bizimkilər bunu təkzib etməli olmuşdular… Deyəsən elə sizin qəzetdə verilmişdi.

-Bəli, bizdə bu barədə sensasion yazı dərc edildi. “Vaşinqton Post”un həmin yazısı arxivimizdə durur… Sonralar atandan soruşmuşdum ki, bu nə məsələdir bəs? Mənə Prezident Heydər Əliyevin tapşırığı ilə Əfqanıstanda olduğunu təsdiqləyən  fotoşəkilinin surətini də vermişdi, o da arxivimizdə durur…

-Yəqin bilirsiz, atamın rəhbərliyi ilə Bakıda dəfələrdə beynəlxalq səviyyəli idman yarışları da keçirilirdi. Həmin mərasimlərdə bəlkə də cənab prezidentdən savayı bütün siyasi elita iştirak edirdi…

-Yadımdadır, daxili işlər naziri Ramil Usubov, Ramiz Mehdiyev, baş nazirin 1-ci müavini Abbas Abbasov, spiker Murtuz Ələsgərov və sair nüfuzlu hökumət adamları iştirak edirdi… Prezident İlham Əliyevin də o vaxtlar belə humanitar tədbirlərin birində iştirakı yadımdadır…

-Bilirsiz, atamın yuxarı hakimiyyət üzvləri arasında belə nüfuz qazanması bəzilərinə qətiyyən sərf etmirdi. Siz onları tanıyırsınız, yəqinki mənim tərəfimdən adlarını çəkməyim bu söhbətimizin siyasi məzmunlu olduğuna dəlalət etmiş olar. Bəli, atamın prezident İlham Əliyevə böyük hörməti və sayğısı var idi. Ailəmizdə dəfələrlə belə söhbətin şahidi olmuşam. Hətta bir dəfə nənəm dedi ki, bir mötəbər ailə məclisi olacaq, İlham Əliyev də ora gələcək… Mən bəlkə də səhv edərəm, amma indiyədək cənab Prezident İlham Əliyevin atamla bağlı hər hansı sərt çıxışını və s. görməmişəm. İcazə versəniz, ürəyimdən bir fikir keçdi, onu da deyim: mən İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə Mehriban xanımla birgə səfərlərini diqqətlə izləyirəm. Cənab Prezidentin sadəliyi, qürurlu və mətin görkəmi, müəyyən ərazilərdə, bulaq başında, çay kənarında və s. gəzintilərindəki təvazökar durumu mənə atamı xatırladır. Atam da döyüş bölgəsində, yaxud döyüşçülərlə, Bakıdakı görüşlərində həmişə o təvazökarlığı göstərirdi.

Bir faktı da deyim, 44 günlük Vətən müharibəsində iştirak edən döyüşçülərin Şuşa və Laçın, Qubadlı… əməliyyatları zamanı çəkdikləri, sonradan yayımladıqları videokadrlar var ki, atamın adını çəkirlər… Biləsiniz, 44 günlük döyüşlərdə 50-yə yaxın keçmiş “OMON”çu da bələdçi kimi iştirak etmişdir. Çünki onlar o döyüş bölgələrini yaxşı tanıyırdılar… Onlar bununla da Vətənə, cənab Prezidentə, dövlətə nə qədər sadiq olduqlarını sübut etmişlər… Atam da heç bir vəzifə iddiasında olmamışdı, o prokuror oğlu idi, hər şeyi görmüşdü. Onun kitabxanasında Üzeyir bəyin (Atatürklə bağlı olan ktablar da daxil), Xudu Məmmədovun, Məmməd Arazın, Cəlil Məmmədquluzadənin, Bəxtiyar Vahabzadənin, Şahmar Əkbərzadənin… kitabları var idi. O həmişə deyirdi ki, bir partiyamız var, o da Azərbaycan partiyasıdır, Vətən partiyasıdır, hamı bu ideya ətrafında birləşməlidir. O, Türkiyə ilə dostluq və qardaşlığa xüsusi önəm verirdi.

-Siz tanınmış həkimsiniz, əvvəl Respublika Perinatal Mərkəzdə çalışırdınız… Xəstələrlə, həkim personalı ilə ünsiyyətlərinizdə sizə qarşı münasibətdə nəsə bir fərqlilik görürdünüzmü?

(Davamı var)

Asif MƏRZİLİ

Xəbəri paylaş