…Saytların birində oxudum ki, Şuşa şəhərindəki tarixi qayaların, eləcə də binaların və ictimai əmlakın üzərinə yazılar yazılması ictimaiyyət və QHT nümayəndələri tərəfindən kəskin qınanılıb. Məsələ ilə bağlı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə və “Prioritet” SİAM İB-nin sədri Zaur İbrahimli sosial şəbəkə hesablarında etiraz bəyanatları paylaşıblar.
Bəli, kim deyir ki, Şuşanı azad edənlərin və ya orda şəhid olanların hamısının adı qədim divarlara, qayalara, cığırlara yazılsın… Amma və lakin…
Əvvəla, o yazılar əsasən 2020-ci ilin noyabrın 6-7-də olan yazılardır və o vaxt-Şuşa erməni işğalından azad ediləndə bu addım şəhidlərin, qazi və döyüşçülərin haqqı idi… O vaxt biz orda olsaydıq, nəslimizin də adını o qayalara yazardıq…
Nə isə… Problem ondadır ki, biz bu gün Bakının qədim bina divarlarında və küçələrində əcnəbi şirkət və artistlərin, şou əhlinin… reklamlarını, yazılarını görmürük, amma bir şəhidin adı gözümüzə tez girir… Çünki 44 günlük Zəfərimizdən sonra, elə bil gözümüz və zehnimiz zəifləyib… Çünki müharibə bitib axı…
Asif MƏRZİLİ






