Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan poeziyasının, eləcə də milli düşüncə tariximizin ən parlaq simalarından biri Bəxtiyar Vahabzadədir. O, geniş fəlsəfi dünyagörüşünə, milli və bəşəri özünüdərkinə, kamil sənətkarlıq məziyyətlərinə görə böyük Şərq mütəfəkkiridir. Onun yaradıcılığında poetik fikrin, bədii ifadənin fəlsəfi qayəsi bəşəri mahiyyət kəsb edir, o, heç vaxt lokal poetik cizgilərin təsviri ilə kifayətlənmir. Bu poeziyada ədəbi-bədii, ictimai-fəlsəfi, milli-mənəvi və dini komponentlər kül halında qovuşaraq, bəşəri dəyərlər xəzinəsini zənginləşdirir. Bəxtiyar Vahabzadənin poetik təfəkkürünün məğzində millilikdə bəşəriliyin, bəşərilikdə milliliyin harmoniyası ehtiva olunur.
Bəxtiyar Vahabzadə çağdaş poeziyamıza istiqlal ideyaları, mübariz ruhu, azadlıq ehtirası ilə gəlib. Böyük Vətən müharibəsinin ağır illərində bədii yaradıcılığa başlayan şair az keçmədən keçmiş ittifaq miqyasında tanınıb, əsərləri müxtəlif dillərə tərcümə olunub. Həyatın gündəlik problemlərinin dərin fəlsəfi məzmunda poetik yaddaşa gətirilməsi ədəbiyyatımızda Bəxtiyar Vahabzədənin xidmətidir. “Qız qalası”, “Sübh şəfəqi”, “Zirvələrdə bahar” kitabları ədəbiyyatımıza orijinal, novator bir sənətkarın gəlməsindən xəbər verirdi. Əsərlərinin humanizm, bəşəri ideyalar təbliğ etməsi ilə bağlıdır ki, onun yaradıcılığı sərhəd tanımır, nəinki Şərq ölkələrində, habelə Avropada, Asiyada sevilə-sevilə oxunur.
Bu əsərlərin ən səciyyəvi xüsusiyyəti haqqında düşünərkən, yadımıza, hər şeydən əvvəl “millilik”sözü düşür. Niyə “milli şeir”? Kimdir “milli şair”? Məncə, yalnız millətin adından danışan şair “milli şair” olmur. Xalqın dərd-sərini xalqla bölməyən, vətən parçalananda ürəyi parçalanmayan şairə necə “milli şair” demək olar? Bəxtiyar Vahabzadə bu haqqı əllinci illərdən “Gülüstan” poemasını yazdığı vaxtdan qazanıb. Vətənin iki yerə bölünməsinin tarixi “Gülüstan” müqaviləsi ilə başladığı kimi, ürəyi parçalanan şairin də ağrısı və hayqırtısı “Gülüstan” poeması ilə başlayıb:
Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yene “ver” dedi.
Lap yaxşı eləyib doğurdan bizə
Biri “baran” dedi, biri “xər” dedi.
Bütövlükdə o illərin poeziyasında “Gülüstan” təzə bir hadisə idi və tamamilə yeni səpkili bir şairin sənət meydanına qədəm qoyduğunu xəbər verirdi sadəcə olaraq mövcud poetik adlar siyahısına növbəti bir ad, imzalar içinə təzə imza əlavə olunurdu. Poeziyaya milli narahatlığın tərcümanı, xalqın “dərdinin dəlisi”, azadlıq, istiqlal uğrunda mübarizənin əsgəri, “vəkili” daxil olurdu:
Bilmirəm bu millətə
Vəkil etdi kim məni?!
Bu sözlər altmışıncı illrədə yazılmışdı və şairin rəsmən millət vəkili olmasına onda hələ çox qalırdı. Lakin o zamandan Bəxtiyar Vahabzadə özünü sənət mehrabında eşq, gözəllik aşiqi kimi yox, savaş meydanında istiqlal və azadlıq əsgəri hesab edir. Və poeziya da ona yalnız “İstiqlal” adlı ünvana, mənzil başına aparan cığır, yol kimi lazım olur. Daha doğrusu, millətin azadlığını milli poeziyanın böyük idealına o illərdə hamıdan çox Bəxtiyar Vahabzadə çevirir.
50-ci illərin axırında yazılan, “Şəki fəhləsi” qəzetində dərc olunan bu poema sonralar əl-əl gəzir, şüurlarda yeni bir istiqlal düşüncəsi formalaşdırır, sovet imperiyasına qarşı mübarizə, müqavimət istəyini yaradırdı. Həmin poema Azərbaycan KP Mərkəzi Komitəsinin pleniumunda kəskin tənqid olunmuşdur.
Poemada 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan müqaviləyə geniş münasibət bildirilir. Azərbaycanın Gülüstan kəndində bağlanan həmin müqavilə bir xalqın faciələrinin başlanğıcı kimi dəyərləndirilir. Şair bədnam müqavilənin yaratdığı faciələrdən bəhs edir. İki imperiya arasında bağlanan müqavilənin bir xalqı iki yerə parçalamasına kəskin tənqidi münasibət bildirilir.
Poema çox təsirli səhnə ilə başlayır. Biz burada rus və İran diplomatlarının simasını və məqsədlərini müşahidə edirik. Poemanın əvvəlində təsvir edilən hadisələr oxucunu düşündürür. Ötəri xarakter daşıyan, yığcam misralardan ibarət olan bu epizodda biz rus və İran diplomatlarının məqsədi ilə tanış oluruq. Onların Əsas məqsədi öz mənafelərinə uyğun olaraq Azərbaycanı parçalamaqdır:
Qoyulan şərtlərə biz razıyıq deyə,
Tərəflər qol çəkdi müqaviləyə.
Tərəflər kim idi? Hər ikisi yad,
Yadlarmı edəcək bu xalqa imdad?!
Xalqın həyatı, mübarizəsi, arzu və idealları ilə bağlı olan Bəxtiyar Vahabzadə yaradıcılığı bugünkü gəncliyə bir örnəkdir. Elə bir nümunədir ki, hələ bundan sonra gələn nəsillər bu ənənədən faydalanacaq, torpağı, vətəni, onun hər bucağını sevməyi böyük şairimizin əsərlərindən öyrənəcəklər. Xalq yazıçısı Mirzə İbrahimov doğru olaraq belə qeyd edir: “Bəxtiyar Vahabzadəni poetik təfəkkürün bir zirvəsindən o birinəqaldıran, söz yox ki, hər şeydən əvvəl, parlaq istedaddır. O istedad ki, qırx ilə yaxın bir müddətdə gərgin, ilhamlı bir əmək arası kəsilmədən onu müşayiət edir, onunla qaynayıb-qarışmışdır, onun üzvi bir hissəsidir. Əslinə baxanda əməyi yaxşı təşkil etmək, əməyi sevmək, əmək çəkməyi bacarmaq, bir sözlə əmək özü böyük istedaddır.Bədii yaradıcılıqda bu istedad o zaman parlayır, yaxşı ətirli meyvələr, güllər verir ki, o, yaradıcı ürəyin dərinliyində qaynayıb yetişsin, qana qarışsın, qanda yoğrulub ehtirasa çevrilsin. Bəxtiyar Vahabzadənin ildən-ilə artan, kamilləşən xüsusi gözəllik, dərin fəlsəfi məzmun ilə parlayan, genişlənən, yeni çalarlar, yeni məna dolğunluğu, bədii forma rəngarəngliyi kəsb edən yaradıcılığı belə əmək və istedadın rəmzidir”.
Şairin bədii irsində poemaları xüsusi yer tutur.Bəzi mətləbləri, milli problemləri xırda şeir dili ilə demək mümkün olmayanda şair poemalara müraciət etmiş, incə lirizm, dramatik gərginliklə yoğrulan ölməz poemalar meydana gətirmişdir.Ağrıdan, əzabdan, hicrandan yoğrulan bu poemalar B. Vahabzadənin lirik şeirlərində qaldırdığı problemlərin davamıdır. “Gülüstan”dan başlayan bu yol “Yollar-oğullar”, “İztirabın sonu”, “Etiraf”, “Şəbi-hicran” və başqa poemalarında davam etdirildi, ədəbiyyatımızda yeni bir ədəbi zirvə yarandı. Tənqidçi Yaşar Qarayevin dediyi kimi: “Bəxtiyar ilk gündən doğma, məhrəm obrazdan və simvoldan, əriyən, şəhid olan şamdakı əzabdan və ağrıdan başlayır…”.
Hələ cavan yaşlarından şair poetik imkanlarının genişliyindən istifadə edərək poema janrına müraciət etmiş və bu sahədə nəzərə çarpacaq müvəffəqiyyət qazanmışdır. Bəxtiyar Vahabzadənin “Şəbi-hicran”, “Gülüstan”, “Ağlar-güləyən”, “Yollar və oğullar”, “Həyat-ölüm”, “Təzadlar”, “Dörd yüz on altı”. “Muğam”, “Atılmışlar”, “Mərziyyə”, “Ləyaqət”, “Şəhidlər” poemaları milli ədəbiyyatımızın əsil xəzinəsidir. İnsan xarakterlərinin hərtərəfli təsviri, hadisələrin daim dinamik inkişafda verilməsi baxımından bu poemalar xüsusi maraq doğurur.
Həyatın ən acı həqiqətlərinin etirafı olan bu poemalara görə şairin başı çox ağrıyıb.Müxtəlif illərdə sovet hökumətinin xüsusi xidmət orqanlarının yerli-yersiz suallarına cavab verməli olub. “Yollar-oğullar” poemasına görə dəfələrlə istintaqa çağrılıb. Həmin poema ilə əlaqədar incidilən şairin köməyinə Mehdi Hüseyn çatıb.Bəxtiyar Vahabzadə çox sonralar həmin günləri xatırlayaraq yazırdı ki, Mehdi Hüseyn məni evə çağırdı. Qapıda məni qucaqladı, “bizim demək istədiklərimizin hamısını sən demisən” dedi. “Yollar-oğullar” poeması Mehdi Hüseynin yaxından köməyi sayəsində nəşr olunub.
“Şəbi-hicran” poeması M.Füzulinin xatirəsinə həsr edilib. B.Vahabzadə klassik irsimizə xüsusi qayğı ilə yanaşıb, milli ədəbi ənənələrimizdən həmişə bacarıqla faydalanıb. M.Füzuli yaradıcılığı isə şair üçün müqəddəs bir məbəddir, sehr və möcüzədir. Həmin mövzuya müraciət etməsinin də səbəbi budur.
Şərq xalqlarının musiqi yaddaşı, fəlsəfi düşüncələri ilə bağlı olan “Muğam” poeması ədəbiyyatımızda yeni hadisə kimi qarşılandı. Janr etibarilə lirik poema olan bu əsərdə şairin poetik qüdrəti, fikir və hisslərinin təzəliyi diqqəti daha çox cəlb edir. Əsəri oxuyanda istər-istəməz müəllifinin idrakının genişliyinə, poetik imkanlarının hüdudsuzluğuna heyran olmamaq mümkün deyil. Burada təkcə muğam dünyasının sirlərindən bəhs olunmur. Əgər biz bu cür düşünsək, əlbəttə ki, səhv etmiş olarıq. “Muğam” poeması həyat və ölüm, insan və onun mahiyyəti haqqında dərin fəlsəfi düşüncələrin məhsuludur.
B.Vahabzadə sirli-sehrli muğam dünyasının dərinliklərinə enərək onun idraka nüfuzunun səbəblərini üzə çıxarmağa çalışıb. Poemada hər muğamın xüsusiyyətləri, məzmun və mahiyyəti fəlsəfi dillə, poetik imkanlar çərçivəsində təhlil olunur. Eyni zamanda, şair muğamları bir-biri ilə müqayisə etməklə onların hər birinin fərdi keyfiyyətlərini bacarıqla ortaya qoyur. Bu cəhətdən “Segah” ilə “Rast”ın müqayisəsi maraqlıdır:
Dağlarda göynəyən Məcnundur segah,
Rast onun atası… nəsihət eylər,
Məcnun səhralara gətirir pənah,
Ata bu sevdanı məzəmmət eylər.
“Rast”- müdrik bir ağıl, dərin düşüncə,
Danışır təmkinlə, aramla, tək-tək.
Segah bir istəyin, eşqin dalınca
Mələyə-mələyə qaçan bir ürək.
Cəmi bu iki bənddə şairin muğamlarımızın fəlsəfi mahiyyətinə, musiqimizin dərinliklərinə nə qədər yaxından bələd olması aydın görünür. Muğamın mənasını şair burada sənət dilindən elm dilinə çevirib. “Muğam” poeması təkcə Azərbaycanın deyil, muğamın geniş yayıldığı Şərq ölkələrinin bədii sənət nümunəsidir. Şair muğamın ənənəvi xüsusiyyətlərini önə çəkmək üçün müxtəlif bənzətmələrdən, poetik imkanlardan məharətlə istifadə edib:
Nə güman eyləmisən ondakı tilsimləri sən,
“Kürü ahıyla qurutdu”, “Salı yandırdı” muğam.
Bildiyimiz kimi, B.Vahabzadə ömrü boyu şeirlərini əsasən heca vəznində yazıb. Lakin “Muğam” poemasında birdən-birə əruz vəzninə müaciət etməsi düşündürücüdür.Şübhəsiz ki, bu səbəbsiz deyil. Muğamların mətni əruz vəznində yazılıb. Buna uyğun olaraq şair yeri gələndə əruz vəznindən istifadə etməklə fikrinin oxuculara daha sərrast çatmasına nail olub. Bəxtiyar Vahabzadə daim yaradıcılıq axtarışlarını davam etdirib. Yeni forma, yeni məzmun axtarışlarında çox şeyə nail olmağı bacarıb. “Muğam” poemasını oxuyanda biz bunun həqiqət olduğunu bir daha yəqin edirik.
Gənclərin və yeniyetmələrin tərbiyəsinə, təhsilinə həsr olunan “Qiymət” poemasının lirik qəhrəmanı şair və müəllimdir. Bəxtiyar Vahabzadə əsərdə bu iki sənəti bir-biri ilə qarşılaşdırır, onların hansının üstün olmasını müəyyənləşdirməyə çalışır:
Müəllimlik – mənim günüm, həyatım,
Şairlik ən uca duyğularımdır.
Bu iki sənətin müqayisəsində B.Vahabzadə şairliyə daha çox üstünlük verir. Hətta müəllimlikdəki nöqsanlarına da şair kimi baxır, hər iki sənətdə həmişə ucada durmağa, ləyaqətini qorumağa çalışır. Poemadan görünür ki, şair öz tələbələri ilə həmişə fəxr edir. Çalışır ki, onların qiymətləndirilməsində obyektivlikdən uzaq olmasın. “Qiymət” poeması müəllimin, pedaqoqun, mütəfəkkir sənətkarın müşahidələri əsasında yazılıb. O, tələbələrinin hər birini diqqətlə izləyir, nəyə qadir olduqlarını dəqiqləşdirir, heç kəsin haqqının tapdalanmasına yol vermək istəmir:
Kimi cəsarətlə çəkir bileti,
Kimi qorxa-qorxa yanaşır mizə.
Kimi biliyindən umur qiyməti.
Kim isə güvənir mürvətimizə.
Şair məntiqli cavablardan çox razı qalır. Çalışır ki, tələbələr müstəqil cavab versinlər. Kiminsə fikrini təkrarlamasınlar. Həmişə müstəqil olmağa çalışsınlar. Səhv etsələr də, bəziləri müstəqil şəkildə nöqsanlarını düzəltməyə qadir olsunlar:
Yanlışı zamanın özü düzəldir,
Fikri də istərəm mən əlvan-əlvan.
Özünün yanlışı min pay gözəldir,
Özgənin düzünü təkrarlamaqdan.
Tələbənin müəllimin mühazirədə dediklərini özü dərk etdiyi formada qaytarması şairi razı salır. Düşünür ki, tələbə daha da irəli getməli, hətta öz müəllimini də keçməlidir. Belə olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. Tədqiqatların birində qeyd edilir ki, “Qiymət” poemasının mərkəzində belə bir fikir durur: Böyük zəhmət, yuxusuz gecələr hesabına aldığın biliklə sənət sahibi olsan da həyatda müvəffəqiyyət qazanmaq olmaz. Şeirdə gənclik üçün böyük tərbiyəvi əhəmiyyəti olan bir məsələdən danışılır. Məktəbi başa vurduqdan sonra daim öyrənməsən, yeniliyə, tərəqqiyə can atmasan, çətinliyə qalib gəlmək üçün zəhmətə qatlaşmasan, çəkdiyin zəhmət hədər gedər, dövrümüzə layiq vətəndaş ola bilməzsən.
Şair istəmir ki, tələbə öz müəlliminə büt kimi baxsın. Çünki o da insandır. Onun da öz düşüncələri, müstəqil fikirləri var. Ola bilər ki, onun fikirləri müəyyən məqamlarda müəllimin fikirləri ilə üst-üstə düşməsin. Bu, təbii haldır. Müəllimə büt kimi baxan tələbə müstəqil düşüncədən məhrum olar:
Mənim yana-yana dediklərimi,
Sən mənə qaytardın bu gün başqa cür.
Sən səcdə qılsaydın mənə büt kimi,
Mən sonzuz olardım, şükür, çox şükür.
Bir təzə rəng verdin sən hər mətləbə,
Bu böyük zəfərdir, bu ki, dərd deyil.
Şagird ustadından neçə mərtəbə
İrəli getməsə, o şagird deyil!
Bəxtiyar Vahabzadənin hər yeni əsəri etirafdır. O, bir şair kimi, vətəndaş kimi həmişə öz nöqsanlarını etiraf edir, bu məsələdə səmimi olmağa çalışır. “Qiymət” poeması da şairin həmin silsilədən olan əsərlərinin ən nümunəvisidir. Öz səhvlərini vaxtında dərk edən, həmin səhvləri bir daha təkrar etmək istəməyən tələbələr “Qiymət” poemasında alqışlanır. Tələbəyə iki yazmaq müəllim üçün çox ağırdır. Bunun baş verməməsi üçün tələbə çalışmalı, müəllimin etimadına layiq olmalıdır. Əks təqdirdə “iki” qiyməti onun məsləkində ləkəyə bənzəyəcək:
“İkilər” hər biri qara xal kimi
Onun məsləkində qaralıb durur.
Tələbənin iki alması təkcə onun məsuliyyəti deyil. İmtahanda kəsilən tələbə olsaydı, bəlkə də bununla barışmaq da olardı. Ancaq şairin fikrincə, tələbə ilə birlikdə müəllim də imtahan verir. Əgər tələbə imtahandan kəsilirsə, nəticədə müəllim də imtahandan çıxa bilmir. Bu məqamda tələbə ilə müəllim məsuliyyəti bölüşür:
Kəsilən tələbəm deyil, yaxşı bil,
Vəzifə başında kəsilən mənəm!
Bəxtiyar Vahabzadə poeziyası əxlaq, mənəviyyat, milli və bəşəri dəyərlərə hörmət poeziyasıdır. Odur ki, bu poeziya həmişə qiymətini saxlayacaq və nəsillərə nümunə olacaqdır.
Vaqif Allahverdiyev,
ADPU-nun Ağcabədi filialının dosenti
