14 Oktyabr 2025 / 11:25

Bunları bilirdinizmi?- ÇOX MARAQLIDIR Kİ…

…Əbdüs Salam 1926-cı ildə Pakistanda anadan olub. O, 6 yaşında orta məkəbə gedib. Məktəb direktorunun ona verdiyi test tapşırıqlarını çox tez həll etdiyindən, onu birbaşa 4-cü sinfə yazırlar. Onun uşaqlıq yaşlarında oxuduğu əsas kitab “Qurani-Kərim” idi. 12 yaşında attestat imtahanlarını müvəffəqiyyətlə verərək, Pəncab universitetinə daxil olub.
Salam Laxorda Pəncab kollecini bitirdikdən sonra Kembric universitetinə daxil olur və 3 il sonra magistr diplomu alır. 1952-ci ildə, 26 yaşında “Kvant elektrodinamikası”ndan doktorluq dissertasiyası müdafiə edir.
1979-cu ildə Əbdüs Salam, Stiven Vaynberq və Şeldon Qlaşou “Elementar zərrəciklər arasında zəif və elektromaqnit qarşılıqlı təsirinin birləşmiş nəzəriyyəsini yaratdıqlarına görə” fizika üzrə Nobel mükafatına layiq görüldülər.
Nobel mükafatına layiq görülməsi xəbərini eşidən Salam dərhal məscidə getmiş və Allaha dualar etmişdir. O, Nobel nitqini müqəddəs Quranın “əl-Mulk” surəsini oxumaqla başlamış və bu surəni ingilis dilinə tərcümə etmişdir. Bu, Nobel mükafatının təqdimat mərasimində ilk hal idi ki, Qurandan sitatlar gətirilirdi.
Pakistanda olanda o, doktor Usmanidən onu Hökumət Kollecinə aparmağı xahiş edir. Usmani bildirir ki, tətil vaxtı orada heç kimi tapmaq mümkün olmayacaq. Salamın cavabı belə olur: “Mənim görmək istədiyim adam yəqin ki, orada olacaq”.
Onların maşını kollecin ərazisində texniki işçilərə yaxınlaşanda Salam maşından düşür və onların birinə yaxınlaşaraq görüşür. Doktor Usmani təəccüblə onun kim olduğunu soruşur. Salam cavab verir: “Bu Səiddir, yataqxanalara baxırdı, mən imtahanlara hazırlaşanda kimsənin mənə mane olmaması üçün qapını çöldən örtür və mənə yemək və başqa şeyləri pəncərədən verirdi.” O, Kembricdə işləyərkən mütəmadi olaraq müəllimi Canqaya pul göndərirdi.
Doktor Salam 274 təltif, mükafat və təqaüdə layiq görülmüşdü ki, bunların da əksəriyyəti pul mükafatları idi. O, pulunun demək olar ki, hamısını “istedadlı tələbələr üçün yaradılmış fond”lara və kasıblara xərcləyir, Laxordakı universitetlərə cihazlar alırdı.
O, təklif edirdi ki, məscid və mədrəsələrin nəzdindəki məktəblərin proqramlarına təkcə İslam fənlərini deyil, həm də təbiət elmlərini də daxil etməlidirlər.
İngilis Kralıçası onu İngiltərənin ən mötəbər rütbəsi sayılan “Cəngavər” rütbəsi ilə təltif etmək istəyəndə, Salam bundan imtina edir və Pakistan vətəndaşı olmasından qürur duyduğunu bildirir.
Etibar Əliyev
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!